18+
реклама
18+
Бургер менюБургер меню

Рэй Дуглас Брэдбери – Hekayələr (страница 2)

18

– Neyləyirsən? – mən kağızın üzərində yazarkən arxadan yaxınlaşan Bill Arno soruşdu.

Klarissa Mellin də onun yanındaydı. O öz mavi gözlərini mənə zilləmiş və elə bil ağzına su almışdı. Tez kağızı gizlətdim.

– Heç nə, – dedim.

Üçlükdə yolumuza davam elədik. Ətrafda uşaqlar qaçdı-tutdu, gizlənpaç oynayır, top əvəzinə konserv bankası çiləyirdilər. Mən Billə tərəf çevrilib dedim.

– Bir, bəlkə, iki ildən sonra artıq bu oyunlardan məhrum olacağıq.

Bill qəhqəhə çəkib söylədi:

– Yox bir! Görəsən, bizə kim qadağa qoyacaq ki?!

– Onlar, – cavab verdim.

– “Onlar” deyəndə kim? – Bill soruşdu.

– Fərq eləməz, – cavab verdim. – Bax görərsən.

– O-o-o, – Bill uzatdı. – Deyəsən, başın xarab olub!

– Heç nə anlamırsan! – çığırdım. – Biz oynayır, atılıb-düşürük, onlarsa heç sezmədiyimiz halda elə edirlər ki, sonda başqa cür düşünək, başqa cür hərəkət edək. Nəhayət, budur, gözəl günlərin birində oynamağın daşını atır və özün də bütün vaxtını müxtəlif şeylər üzərində baş sındırmağa və təlaşlanmağa sərf edirsən!

Üzüm alışıb-yanırdı, yumruqlarımı sıxmışdım. Hirs təpəmə vurmuşdu. Bill geri çevrilib qəhqəhə içində uzaqlaşdı. Kimsə “Anni, hər şey bitib, hər şey bitib” oxuya-oxuya əlindəki topu qonşu evin damından o tərəfə atdı.

Bütün günü səhər yeməyi yemədən və nahar etmədən veyillənmək olar; bəs şam yeməyi? Kirimişcə masa arxasına keçəndə qarnım quruldayırdı. Aşağı, dizlərimə baxır və əsməcənin qarşısını almaq üçün onları əllərimlə bir-birinə sıxırdım. Görək kim daha güclüdür!

Atam düşdüyüm vəziyyətə sanki anlayış göstərməyə çalışdı.

– Məcbur eləmə, qoy masa arxasından dursun, – yemədiyimi görüb anama söylədi. Üstəlik, ona göz də vurdu. – Sonra yeyər.

Bütün axşamı başqa uşaqlarla birgə şəhərimizin isti küçələrində, birmərtəbəli kərpic evlərin həyətində keçirdim; artıq hava qaralırdı, bizsə gurultu salan konserv bankalarını çiləyir və ağaclara dırmaşırdıq.

Axşam saat onda mətbəxə keçəndə inad etməyin mənasız olduğunu anladım. Soyuducunun qapısına aşağıdakı qeyd yapışdırılmışdı: “Ürəyin istədiyi qədər ye. Atan”.

Soyuducunu açan kimi içəridəki buzlu hava və qırov basmış yeməyin qoxusu məni vurdu. Qızardılmış toyuq əti “gəl-gəl” deyirdi. Bir tərəfdə kərəviz, digər tərəfdə cəfərinin arasından boylanan çiyələk.

İndi neçə əlimin olduğuna belə vara bilmirdim. Deyəsən, onlar lap çox idi. Lap elə məbədlərdə sitayiş olunan hind allahları sayağı. Birində pomidor var, o biri bananı qamarlayıb. Üçüncüsü – çiyələyi! Dördüncü, beşinci, altıncıda – zeytun, turp, pendir tikəsi!..

Yarım saatdan sonra dizləri üztə unitazın qarşısında çökmüşdüm. Ağzımı açıb əlimdəki qaşığı müqavimət göstərən dilimə, boğazıma basırdım – dərinə, daha dərinə…

…Yataqda uzananda az əvvəl acgözlüklə yediyim yeməkdən yaxa qurtardığıma sevinirdim və arabir qusuntumun acı dadı ağzıma gələndə diksinirdim. Əsməcə içində, boşalmış, yenidən aclıq keçirən birisi təki uzanmışdım, amma bu dəfə yemək üçün həddən artıq zəif idim…

Ertəsi gün də çox əzginiydim, bənizim solmuşdu; bu halım anamın diqqətindən yayınmadı.

– Əgər bazar ertəsi yaxşı olmasan, – o söylədi, – həkimə gedərsən.

Şənbə günü idi. Bu gün ürəyin istəyən qədər çığıra bilərdin və müəllimlərin gümüşü zınqırovları səni susmağa məcbur eləməyəcəkdi; bu gün “Elita” kinoteatrındakı uzun zalın qaranlığında, işıqlı ekranda ağ-qara nəhəng fiqurlar hərəkət edirdi; bu gün uşaqlar böyüyən varlıqlar deyil, sadəcə, uşaqlardı.

Küçədə ins-cins gözə dəymirdi. Əvvəllər səhərlər başqa uşaqlar kimi dəmir yolu boyunca addımladığım halda, – qızmar günəş uzandıqca uzanan bu paralel metal zolaqları yalın ayağı yandıra biləcək qədər isidirdi, – indi karıxmış halda hara gedəcəyimi belə bilmirdim. Beləcə, günorta saat üçdə yarğana gəlib çatanda orda artıq heç kəs yox idi: bütün oğlanlar və qızlar kinoteatrda oturub limonlu nabat sümürürdülər.

Yarğan mənə hələ heç vaxt bu qədər əzəli, köhnə, yaşıl və yalqız gəlməmişdi – əcaib hislər keçirdim. Axı onu heç vaxt belə sakit görməmişdim. Ağaclardan üzüm gövdələri sallanmışdı, çayın suyu xırda daşların üzərindən axıb gedirdi, lap yuxarıda, ağaclardasa quşlar cəh-cəh vururdular.

Kolların arxasında daldalanaraq, ara-sıra dayanaraq və sonra yenidən yoluma davam edərək yalnız məktəblilərə tanış olan cığırla aşağı düşürdüm. Körpüyə yaxınlaşanda qarşı tərəfdən Klarissa Mellinin mənə tərəf gəldiyini gördüm. O, evə qayıdırdı və qoltuğunda bir neçə balaca bağlama vardı. Utana-utana salamlaşdıq.

– Burda neyləyirsən? – qız soruşdu.

– Elə-belə gəzirəm, – cavab verdim.

– Tək?

– Aha. İndi uşaqların hamısı kinodadır.

Qız addımlarını yavaşıtdı, sonra soruşdu:

– Səninlə gəzmək olar?

– Əlbəttə, – dedim. – Gedək.

Biz yarğan boyu getdik; o, iri maşın kimi uğuldayırdı. Hər şey donub-qalmışdı, heç nə tərpənmirdi. Təkcə çəhrayı cırcıramalar suyun üzərində ora-bura uçuşurdular.

Biz cığırla irəliləyirdik və bəzən Klarissanın əli əlimə toxunurdu. Mən yarğanın nəm, mülayim ətrini və Klarissanın naməlum, xoş qoxusunu hiss edirdim.

Biz cığırların çarpazlaşdığı yerə gəlib çatdıq.

– Bax o ağacda ötən il çadır qurmuşduq, – ona söylədim.

– Hansı? – Klarissa haranı göstərdiyimi görmək üçün lap yaxınıma gəldi. – Görmürəm.

– Bax orda, – titrək səslə dilləndim və yenidən göstərdim.

O isə sakitcə məni qucaqlayıb özünə tərəf çəkdi. O qədər karıxdım ki, az qala qışqıracaqdım. Sonra qızın titrək dodaqları məni öpdü, qollarım bilaixtiyar onun belinə dolandı, mən səssiz qışqırığımda boğuldum.

Sükut üzərimizdə yaşıl günbəz şəklini almışdı. Çay elə həminki təki şırıldayırdı. Nəfəsim kəsilmişdi.

Hər şeyin bitdiyini bilirdim. Məhv olurdum. Bu dəqiqədən etibarən yalnız və yalnız toxunuşlar, yeməli təamlar, dil, cəbr və məntiq, hislər və jestlər, öpüşlər və qucaq- laşmalar – çənginə almış burulğan məni lap dərinə apa- rırdı. Həmişəlik məhv olduğumu bilirdim və peşman deyildim. Amma əslində, peşman idim – həm ağlayır, həm gülürdüm və heç nə eləmək mümkün deyildi, yalnız onu qucaqlamaq və sonunu düşünmədən fədakarcasına, bütün ruhumla, cismimlə sevmək istəyirdim.

Bundan belə də valideynlərimə, məktəbə, yeməyə, kitabda yazılanlara qarşı müharibə apara bilərdim, amma dodaqlarımdakı bu şirinliyə, qollarımın arasındakı bu istiliyə, bu yeni qoxuya qarşı çıxmaq heç cür mümkün deyildi.

– Klarissa, – onu qucaqlaya-qucaqlaya, göz yaşları içində çiyninin üzərindən baxır və pıçıldayırdım: – Klarissa, Klarissa!

YAĞIŞ ZAMANI GƏLDİ

Mehmanxana səhrada qurumuş sümüyü xatırladırdı. Günəş amansız yandırır və damı bərk qızdırırdı. Gündüz bürküsünün hənirtisi gecələr otaqları uzaq meşə yanğınının qoxusu təki bürüyürdü. Hətta qaranlıq düşəndən sonra da mehmanxanada uzun müddət işıqları yandırmırdılar, çünki o, bürkünü yada salırdı. Cidd-cəhdlə sərinlik axtarışına çıxan mehmanxana sakinləri zülmətdə divarları əlləməyə üstünlük verirdilər.

Bu axşam hotel sahibi mister Terl və onun yeganə kirayənişinləri olan mister Smitlə mister Fermli, – hər ikisi təbiətcə quru tütün yarpağından fərqlənmirdi; əslində, həm də tütün iyi verirdilər, – hoteli əhatələyən uzun şüşəbənddə oturmuşdular. Onlar cırıldayan yelləncək-kürsüdə yırğalanaraq od kimi havanı udur və donub-qalmış bürkünü hərəkətə gətirməyə çalışırdılar.

– Mister Terl, sərinləşdirici bir cihaz alsaydınız, əcəb yaxşı olardı…

Mister Terl heç gözlərini də açmadı. Nəhayət, uzun fasilədən sonra cavab verdi.

– Haradan pul tapım?

Hər iki kirayənişin utandığından azacıq qızardı; çünki iyirmi il idi ki, mehmanxanada yaşayır və bunun müqabilində mister Terlə bir qara qəpik də olsun vermirdilər. Araya yenidən sükut çökdü. Mister Fermli qüssə içində ah çəkdi.

– Bəlkə, hamımız bu lənətə gəlmiş istinin əlindən münasib bir şəhərə qaçaq?

– Bu ilan mələyən yerdə ölü mehmanxana əldə eləmək kimin nəyinə gərəkdir ki? – mister Terl cavab verdi. – Yox, burda qalıb yanvarın iyirmi doqquzunu gözləyəcəyik.

Yelləncək-kürsülərin cırıltısı kəsildi. İyirmi doqquz yanvar… Burda, həqiqətən, yağışın yağdığı gün…

– Onda lap az qalıb, – ovcunun arasında sarı ay təki parıldayan cib saatına baxan mister Smit söylədi.

Daha iki saat doqquz dəqiqə və beləcə, həsrətində olduqları iyirmi doqquz yanvar gəlib çıxacaq. Göydəsə bir dənə də olsun bulud yox idi.

– Ağlım kəsəndən yanvarın iyirmi doqquzu həmişə yağış yağıb. – Səsinin yoğun yerinə salmasına təəccüblənən mister Terl susdu. – Əgər bu il bircə gün geciksə belə, ondan ötrü Allahı lənətləyən deyiləm.

Mister Fermli qurumuş dodaqlarını yaladı və şərqdən qərbə doğru dəyişən baxışlarını uzaq dağlara sarı dikdi.

– Maraqlıdır, görəsən, qızıl qızdırması buralara qayıdacaq?..

– Burda daha qızıl-zad yoxdur, – mister Smit cavab verdi. – Ən pisi odur ki buralardan yağışın da ayağı kəsilib. O nə sabah yağacaq, nə biri gün, nə də o biri gün. Heç ilboyu da yağan deyil.

Üç qoca bomboş səmada deşik açan, günəştək parlaq aya baxırdı. Yelləncək-kürsülər yenidən cırıldamağa başladı.

Səhər mehi mehmanxananın suvağı qopmuş divarından asılmış təqvimin bürküdən burulmuş vərəqlərini xışıldatdı.

Çiyinbağılarını sümüklü çiyinlərindən aşıran üç qoca ayaqyalın aşağı düşüb günəşdən qıyılmış baxışlarını boş üfüqə zillədi.