Решад Нури Гюнтекин – Çalıquşu (страница 6)
– Heç düşünmürsünüz ki, belə bir diqqətsizliyin yetişmiş kiçik xanıma zərəri dəyə bilər?
Onun məqsədini çox yaxşı başa düşdüyüm halda, gözlərimi guya təəccüblə iri-iri açıb dedim:
– Nə üçün əfəndim?
Qoca əlini günəşin yandan düşən işığına tutub diqqətlə mənə baxır və gülürdü:
– Məsələn, sizi oğluma almaqdan çəkinə bilərəm.
Mən də gülüb:
– O cəhətdən sığortalıyam, bəy əfəndim. Düzü, dinc bir qız olsam da, almazsınız, – dedim.
– Nədən bilirsiniz?
– Çünki mənim ağaca çıxmaqdan, gilas çəyirdəyi atmaqdan çox-çox böyük nöqsanlarım vardır… Əvvəla, varlı deyiləm… Eşitdiyimə görə, varlı olmayan qıza çox da meyil edən olmaz… Sonra gözəl də deyiləm… Və mənə elə gəlir ki, bu yoxsulluqdan daha böyük bir nöqsandır…
Bu sözlər qoca bəyi çox əyləndirmişdi.
– Siz çirkinsinizmi, qızım? – deyə soruşdu.
Mən üz-gözümü turşudub dedim:
– Nə deyirsiniz deyin, mən özüm necə olduğumu bilirəm. Heç qız da belə olarmı? Uzunboy, sarısaç, mavi, yaxud yaşıl gözlər lazımdır…
Bu qoca bəy, görünür ki, vaxtı ilə bir az dəcəlmiş… Qəribə bir baxışla və dəyişik bir səslə dedi:
– Ah, yazıq balam, məgər sən gözəlliyin nə olduğunu anlayan, özünün nə olduğunu başa düşən bir yaşdasanmı? Hər nə isə… Sizin adınız nədir, deyin görək?
– Çalıquşu…
– Bu necə addır?
– Bağışlayın, məni məktəbdə belə çağırırlar… Əsl adım Fəridədir. Özüm kimi yupyumru, zəriflikdən uzaq bir ad.
– Fəridə xanım… Əmin olun ki, sizin adınız da özünüz kimi gözəldir… Kaş oğluma sizin kimi bir qız tapa biləydim…
Bilmirəm nədən bu kübar tövrlü, mehriban səsli adamla çərənçilik etmək xoşuma gəlirdi.
– O halda, ona da gilas ata biləcəyik, – dedim.
– Əlbəttə, əlbəttə… Ona nə şübhə…
– İndi icazənizlə sizə bir neçə gilas verim. Məni əfv etdiyinizi isbat üçün bunları mütləq almalısınız… İkicə dəqiqə gözləyin…
Bir mışovul çevikliyi ilə budaqlara dırmaşmağa başladım. Qoca qonşu əllərini gözlərinə tutub çığırırdı:
– Ay aman, budaqlar cırıldayır… Mən bais olacağam… Yıxılacaqsınız, Fəridə xanım!
Mən bu təşvişə fikir verməyib söyləyirdim:
– Narahat olmayın… Yıxılmağa o qədər öyrəşmişəm ki… Məsələn, yaxında olsaydınız, gicgahımda bir yara izi görərdiniz. Bu elə bir izdir ki, bütün başqa gözəllikləri tamamlayır.
– Aman, qızım, yıxılarsınız!..
– Qurtardım, əfəndi, qurtardım… Bəs bunları sizə necə verəcəyəm? Tapdım, əfəndim, ona da çarə tapdım…
Önlüyümün cibindən yaylığımı çıxartdım, gilasları onun içinə qoyub düyünçə kimi bağladım.
– Yaylıq sarıdan heç nigaran qalmayın… Hələ burnumu silməmişəm… Lap tərtəmizdir… İndi rica edirəm, onu yerə salmayıb tutasınız. Bir… iki… üç…
Qoca qonşu gözlənilməz bir çevikliklə gilas dolu yaylığı tutdu.
– Çox təşəkkür edirəm, qızım, – dedi. – Bəs mən indi yaylığınızı necə qaytaracağam?
– Ziyanı yoxdur… Sizə hədiyyəm olsun.
– Bu necə olar?
– Nə üçün olmasın? Lap yaxşı olar.
Başqa bir şey də var… Mən bir neçə gündən sonra pansiona qayıdacağam… Bizim məktəbdə bir adət vardır… Qızlar tətil günlərində gənc oğlanlarla sevişirlər, məktəb açılanda isə bunu bir-birilərinə danışırlar… Mən belə şeyləri bacara bilmədiyim üçün yanlarında həmişə xəcalətli qalırdım.
Üzümə bir şey söyləməyə cəsarət edə bilmirlər, amma yəqin ki, dalda mənim axmaqlığımla əylənirlər… Bu səfər mən də bir şey elədim… Məktəbə getdiyim zaman, gizli bir sirrim varmış kimi, başımı aşağı əyib düşünəcək, qəmgin-qəmgin gülümsünəcəyəm. Onlar deyəcəklər: «Çalıquşu, səndə bir iş var?..» Mən əzilə-əzilə deyəcəyəm: «Xeyr… Nəyim olacaq?» İnanmayacaqlar, məni sıxışdıracaqlar… Onda mən də: «Çox yaxşı, elə isə… Amma and için ki, heç kəsə söyləməyəcəksiniz», deyəcəyəm və bir yalan uyduracağam.
Necə yalan?
Sizinlə tanış olmağım bu yalanı asanlaşdırır. Deyəcəyəm ki, «divarın üzərindən sarışın, uzunboy bir oğlanla eşqbazlıq etdik…» Əlbəttə, ağsaçlı deyə bilmərəm. Həm də siz kiçiklikdə yəqin ki, sarışın olmuşsunuz… Yoldaşlarımın xasiyyətini bilirəm. «Nə danışdınız?» – deyə soruşacaqlar. And içib deyəcəyəm ki, «mənim gözəl olduğumu söylədi». Əgər desəm ki, «mən də ona yaylıq içində gilas verdim», təbii ki, yaxşı düşməz… Deyəcəyəm ki, «gül verdim…» Ancaq bu da olmazdı… Gülü yaylıq içində vermək adət deyildir… Deyərəm: «Yaylığımı bağışladım», qurtarıb gedər.
Bir az əvvəl bir-birimizlə davalaşmağa azca qaldığı halda, indi qoca qonşu ilə gülüşür, ayrılanda bir-birimizə əl edirdik…
O ilin yayında ağaca çıxmaq azarı üstündə başıma bir iş də gəldi.
Aydın bir avqust gecəsi idi. Köşkə bir xeyli qonaq gəlmişdi. Bunların arasında Nəriman adlı iyirmi beş yaşlarında bir dul qadın vardı. Onun hərdənbir öz gəlişi ilə köşkü şərəfləndirməsi mühüm hadisə hesab olunardı.
Dünyada özlərindən başqa heç kəsi bəyənməyən xalalarımdan tutmuş, maymaq xidmətçi qızlara qədər, hamı bu qadına hayıl-mayıl olmuşdu.
Nərimanın guya çox sevdiyi əri bir il əvvəl ölmüşdü. Odur ki, həmişə qara geyərdi. Ancaq mənə elə gəlirdi ki, qara paltar bu qadının sarışın üzünə yaxşı yaraşmasaydı, bu matəm çox davam etməyəcəkdi, o paltarlar dəmdəsgahı ilə birlikdə zibilliyə atılacaqdı.
Nəriman məni də it-pişik kimi tumarlaya-tumarlaya ələ almağa çalışırdı. Ancaq nədənsə mən ona isinişmirdim. Aramız xeyli soyuqdu. Mənə göstərdiyi nəvazişlərə etinasız yanaşırdım.
Soyuqluğu hələ də davam etdirdiyimə baxmayaraq, indi boynuma almağa məcburam ki, Nəriman yaman gözəldi. Onun ən bəyənmədiyim cəhəti həddən artıq ədabaz olması idi. Yalnız qadınlar arasında olanda, yenə bir təhəri vardı, amma bir kişi gələn kimi Nərimanın üzü dəyişər, səsi, qəhqəhələri, baxışları bambaşqa olurdu. Sözün qısası, bu qadın mənim saman altından su yeridən məktəb yoldaşlarımın daha da fəndli-feyilli bir nümunəsi idi.
Ərindən söz düşəndə, bu qadın: «Mənim üçün daha həyat qurtardı» deyə sifətinə yalandan elə qəmginlik verərdi ki, lap zəhləm gedərdi. O belə edəndə mən əsəbiləşib deyərdim: «Qabağına fərli bir kişi çıxsın, onda görərik».
Bizim köşkdə Nərimana tay-tuş olacaq heç kəs yox idi. Dəymədüşər Nəcmiyyəni insan saymaq, təbii ki, doğru olmazdı. Xalalarım saçları-başları ağarmış qoca qadınlardı. Arabir onun-bunun qeybətini etməkdən başqa danışmalı söhbətləri də yox idi. O halda, o halda!..
Mən bu Nərimanın köşkə dadanmasının səbəbini başa düşmüşdüm. Yəqin ki, bizim sarsaq xalaoğlunu gözaltılamışdı. Evlənmək üçünmü? Güman etmirəm. Otuzu haqlayan bir dul qadının iyirmi yaşında bir gənclə evlənmək istəməsi həyasızlığın son dərəcəsi olardı… O belə bir həyasızlıqdan çəkinməsə də, inanmıram ki, mənim vasvası xalalarım öz balalarını belə sarsaq bir quzğuna qapdıracaq qədər kor olsunlar?
O halda, o halda?..
O haldası-filanı varmı? Bu xoşbəxt dul qadın öz zövqünə, öz xəyallarına nökərçilik edən yeni bir qismət ovlayana qədər bizim xalaoğlu ilə vaxt keçirəcək, könlünü əyləndirəcəkdi…
Kamrana sarsaq dedim, amma bu acığımdandır… Həqiqətdə isə o, yerə baxan, ürəkyaxan, yaman hiyləgər sarı bir əqrəbdir. Nərimanla danışarkən, guya bir şey bildirməmək istəyir, bu isə mənim gözümdən qaçmırdı.
Uşaqlarla boğuşanda da, öz-özümə ip üstündən atılanda da, yerə uzanıb oyun kartları ilə fal açanda da gözlərim həmişə onlarda olardı…
Xalaoğlum günlərin birində o qadının pəncəsinə düşəcəkdi… Arabir heç nəyi görmürəmmiş kimi onların yanlarından keçirdim… O saat səslərini alçaldırdılar… Ya da söhbəti dəyişdirirdilər. Deyəcəksiniz ki, «nə istəyirlər eləsinlər, sənə nə?» Heç elə şey olar? Kamran düşmənim də olsa, xalam oğludur… Heç istəyərəmmi ki, hansı yuvanın quşu olduğu bilinməyən bir qadın onun əxlaqını pozsun?
Nədən danışırdım?.. Bəli, aydın bir avqust gecəsi idi. Qonaqlar köşkün önündəki eyvanda, lüks lampasının işığında – hərçənd ona ehtiyac yox idi – oturub danışır-gülüşürdülər.
Nərimanın musiqi notaları kimi ölçülüb-biçilmiş ahəngli qəhqəhələri sinirlərimə toxunduğu üçün mən ordan uzaqlaşıb, bağçanın bir bucağında ağacların qaranlığına çəkilmişdim.
Bağçanın lap o biri başında, budaqlarının bir qismi qonşunun bağçasına sallanmış qoca çinar vardı. Biçarə ağacın işə yarayan bir meyvəsi olmadığına baxmayaraq, mən bu yekə ağacı sevirdim. Onun yoğun və yastı budaqlarının üstündə rahat-rahat gəzmək olurdu. Mən tez-tez bu budaqlara çıxıb gəzər, ya da oturardım.
O gecə də elə etdim. Ağacın xeyli uca bir budağına çıxıb oturdum.
Bir az sonra qulağıma yüngül ayaq səsi, ardınca da yavaş qəhqəhə səsi gəldi.
O saat gözlərimi açdım, qulaqlarımı şəklədim: nə görsəm yaxşıdır? Xalaoğlum o xoşbəxt dul ilə bərabər mənə sarı gəlir…
Tilovuna balıq yaxınlaşdığını görən bir balıqçı kimi bütün diqqətimi topladım. Oturduğum yerdə bir səs çıxarmaqdan yaman qorxurdum. Amma bu, boş bir qorxu idi…
Onlar o qədər özlərində-sözlərində deyildilər ki, oturduğum yerdə təbil də çalsaydım, yəqin ki, duymayacaqdılar. Nəriman öndə gedirdi. Xalaoğlum ərəb qulu kimi dörd-beş addım geridə idi. Hasardan keçib yollarına davam edə bilməyəcəklərinə görə, oturduğum ağacın altında durdular.
Gəlin balalarım, gəlin, quzularım!.. Sizi mənim yanıma Allah özü göndərmişdir… Bir azdan sonra görüşərik… Bu gözəl aylı gecədən sizdə unudulmaz bir xatirə buraxmaq üçün bacardığımı əsirgəməyəcəyəm.
Elə bu arada bir cırcırama cırıldamağa başladı.