реклама
Бургер менюБургер меню
Məmməd Əvəzoğlu
Последние
Михаил Шолохов - İnsanın taleyi
Михаил Шолохов - İnsanın taleyi
Şoloxov yaradıcılığının ən səciyyəvi cəhəti realizmdir. Həyat həqiqətlərinə sadiq qalmaq, həyati mürəkkəbliyin və eyni zamanda zənginliyin bədii təhlilini vermək, yalandan uzaq olmaq Şoloxov istedadının tərkib hissəsidir. Şoloxov realizminin daxilində yüksək emosional təsir gücünə malik işıqlı və həzin romantika vardır. Bu romantika onun yaratdığı bədii sürətlərin daxili aləmindədir. Bunun bariz nümunəsi onun qələmindən çıxmış “İnsanın taleyi” povestidir. Bu povestdə yazıçı müharibə dövrü yaradıcılığının daha populyar nümunəsini yaradaraq, sovet hərbi əsirlərinin probleminə ilk dəfə toхunur. Povest müharibənin insana təsiri və insani hisslərdən bəhs edir. Əsərin qəhrəmanı sadə bir rusdur. Müharibə başlanana qədər bu şəxs ailəsi ilə birgə firavan yaşamışdır. Sonradan müharibəyə yollanmış və təsadüflər nəticəsində sağ qala bilmişdir. Onun başına çoxlu bəlalar gəlmişdir. Dünyalar qədər sevdiyi və fəxr etdiyi oğlu Qələbə günü-9 may tarixində həlak olmuşdur. Lakin o yenə də sarsılmamış, ayaqda durmağı bacara bilmişdir. Şoloxov sanki bu əsərində insanın necə əzəmətli və ölümsüz olduğunu sübuta yetirməyə çalışmışdır. Müharibə bitdikdən sonra o, tanımadığı bir uşağa onun atası olduğunu söyləyir və uşağı hədsiz dərəcədə sevindirir.Bundan sonra uşağa oğulu kimi yanaşır və qulluq edir. Həqiqətən də, müharibə kimi ağır bir şəraitdən Sokolov (qəhrəman) kimi xoş niyyət və insani hisslərə malik insanlar sağ çıxa bilərlər.
Miraslan Bəkirli - Mübariz
Miraslan Bəkirli - Mübariz
İbrahimov Mübariz Ağakərim oğlu 1988-ci il fevralın 7-si Biləsuvarın Əliabad kəndində anadan olub.1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.Təsdiq edilməmiş versiyalara görə, 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında döyüşdə qəhrəmancasına həlak olur.Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.
Əli Səbri - Bir mühacirin notları
Əli Səbri - Bir mühacirin notları
Adətən olduğu kimi, üstündən çox illər keçəndən sonra, artıq Siyamək də həyatda olmayanda, kitab haqqında əks-sədalar gəlməyə başladı: “o kitab yaxşı kitab idi” deyənlər oldu. Söhbət bunda deyil. Bir şəxsiyyət kimi Siyaməki və yazmış olduğu əsəri mənim üçün qiymətli edən eyni zamanda onun öz ideallarına sədaqəti idi. Biz öz ideallarımızı uşaq yaşlarımızda oxuduğumuz kitablardan alırıq, onlarla yaşayırıq və həyat yollarının hansısa kilometrində, müxtəlif səbəblər üzündən bu yükdən özümüzü azad edirik, onları asanlıqla yarı yolda buraxırıq, Siyamək kimi insanlara rast gələndəsə həyatdakı ülvi missiyamız yada düşür, birdən cin vurmuş kimi ayılırıq, ey dadi-bidad deyirik, iradəmiz çatarsa yenidən özümüzdə güc toplayıb yarıda buraxdığımız o yola davam edər, əks halda məişətin amansız girdabında məhv olub gedərik. Bu mənada Siyamək qurtarıcı insan idi, öz həyatı və ölümüylə güclü bir məsaj buraxaraq ideallarına sona qədər sadiq qalmanın mümkün olduğunu çatdırırdı bizə. Siyaməkin özəlliyi də bunda idi, öz ideallarına maksimum sadiq olmasında. Norveç Krallığında vətəndaşlıq almışdı, işi-gücü vardı, maddi sıxıntısı yox idi, onun yerinə kim olsa həyatı maksimum qamarlamağa çalışardı, ancaq o, yeri, göyü, insanları sorğulamaqdan əl çəkmirdi, özünü deyil, öz millətini deyil, bütün insanlığı düşünürdü, dünyadakı ədalətsizlik onu narahat edirdi, israrla əbədi cavabsız suallara cavab axtarırdı. Yazmış olduğu “Norveç dəftəri – Bir mühacirin notları” kitabının əsas məğzi də bundan ibarət idi: “Norveç cəmiyyətini quran böyük ideya insanları hardadır, uzun illər bu ölkənin hər yerini dolaşdım, ancaq o düşüncənin daşıyıcılarına rast gəlmədim.” Siyaməkin müşahidəsinə görə Norveçlilər həftənin beş gününü işləyən, bu günlər ərzində qazanmış olduqları pulları qalan iki gündə eyş-işrətə, əyləncəyə xərcləyən, əsla yüksək ideallarla yaşamayan insanlar idi. Öz ifadəsilə desək “yarımoyanmış” bir millətin aydını olaraq bu məsələlər onu düşündürürdü. Quzey Azərbaycandan bir çox insanla əlaqəsi vardı, ilk dəfə Bakıya gələndə artıq bir kitabın müəllifiydi. Buranın az-çox düşüncə sahibi saydığı adamlarıyla görüşmüş, xəyalında qurmuş olduğu ideala uyğun insanları sanıram burada da tapmamışdı. 2012-ci ildə, intihar etdiyi gün mən təsadüfən Ankaradaydım. Bəlkə də son günlərində biri-birimizə yaxın olan yerlərdən keçmişik, fərqində olmamışıq. Siyaməki xatırlamağım səbəbsiz deyil. Ola bilər bu şanlı qardaşımız həyatda ideal insanlara rast gəlmədi, ancaq o özü bir ideal oldu. Bəzən belə də olur, insan ölümüylə özünə dəyər qazandırır, özünə qıymaqla Siyamək ümumən həyatın ədalətsizliyinə qarşı olduğunu, sona qədər bu ədalətsizliklə barışmadığını, bütöv, bölünməz bir həyat yaşadığını sübut etdi. Bizim eyş-işrət düşkünü, pul hərisi, vəzifə, karyera, şan-şöhrət maraqlısı yazar və şairlərimiz Siyaməkin işıqlı xatirəsilə müqayisədə nə qədər miskin görünürlər? – bunu siz deyin. “Bir mühacirin notları”nın təkrar-təkrar çap olunacağına, Siyaməkin bu yeganə övladının əbədi yaşayacağına inanıram. Siyaməkin adı tarixdən silinib gedə bilməz, getməməlidir…Rasim Qaraca.