Rüstəm Behrudi – Şaman duasından dar ağacına (страница 15)
Deyərəm nə üçün, səbrini gəl bas.
–Yurd boyu kəhər at oynadanların
Atası kim olub?
–Bizans, ərəb, fars…
O Uzun Həsənin əksi gözümdə,
Dolaşdı ər kimi bu yurd boyunca…
Halalı, qadını kim oldu?!
–Yad qızı,
Oturub ağlayım, dilim, doyunca.
Allah, dahimi də yad qadın doğub,
Müqəddəs dilimin ruhun qırıbdı.
Görən Nizamini, ya Xəqanini
Anası nə dildə danışdırıbdı?
Mənim ocağımı kim yandırdı, kim?
Evimin qadını yad qadın idi.
Oğlumun anası dilimi bilmir,
Özüm də, oğlum da özgələrindir.
Yad qadın nazına yenən millətin,
Başına nə gəlir, nə gəlir azdı.
Babək öz oğlunun xəyanətini
Yad eldən aldığı qadına yazdı…
Bildi ki, xəyanət o qandan gəlir,
Oğul mənim deyil, dedi: – yaddı, yad.
Niyə bacarmırıq tövbə eyləyək,
Yoxsa unutmuşuq bu dərsi, ustad?!
…Böyük Britaniya… London civarı…
Gətrilib yedəkdə qarabağ atı.
Duyub yadlığını bu at madyanın
Gözəl madyanlardan uzaqda yatır.
Hardasan, Oğuzun müqəddəs ruhu?!
Gəl, məni təmizlə, kədər, ey kədər!
Yadla bir yastığa baş qoyanların
Qeyrəti yoxmudur – kəhər at qədər?!
…Gərək Dədə Qorqud, Güntəkin babam,
Təzədən üz tutam yazına indi.
Ata kitabların unutduğumdan
Əsirəm yad qadın nazına indi.
Hansısa bir namərd hökmdar deyib,
Bugünkü məqsədin deyib çox qısa:
“–Tutduğu oba, yurd tutanın deyil,
Qadını o yerə varmayıbdısa”
Düşmənim evimdə gəzir mələktək,
İçimdən yıxacaq məni lap sabah.
Heç kim siyasəti bu cür ağılla
Həqiqət donuna bükəmməz, Allah!…
Heç kim tablaşammaz bu dərdə, heç kim,
Bəs bizi yaşadan nə sirmiş, nə sir?!
Nə yaxşı mənə dost kağız-qələm var,
Nə yaxşı önümdən adamlar keçir.
Durub soruşuram: – Adın? Cavab yox…