Qasımov Əlfi – Toy gecəsi (страница 7)
– Cavan oğlansan, belə də yemək olar?
Professor əlavə elədi:
– Mən sən yaşda olanda Göy-göldə üç yoldaşımla bir quzunu yemişəm.
Ülviyyə qara kürü ilə yağ yaxdığı yaxmacı ona tərəf uzatdı.
– Bunu səninçün düzəltmişəm, yeməlisən mütləq.
Tural ürəyində dolandırdı. «Nə mehriban insanlardır… O dayım arvadının qanacağı, bu da bunların…»
– Yaxşı, oğlum, görürəm kənd uşağına oxşayırsan. Bəs vağzalda nə əcəb? Niyə bir yerdə – zavodda, fabrikdə işə düzəlmirsən?
– Professor, müəllim, – deyə Tural ürəyini açdı. – Oxumağa gəlmişəm. Mehmanxanada yer vermədilər. Gəlib vağzalda yatdım. Səhər durub gördüm ki, pulumu cibimdən çıxarıblar. Bilmədim neyniyəm…
Professorun qanı qaraldı. Ana da, qız da mütəəssir oldular.
– Düzəlmir də bu camaat, – deyə professor gileyləndi. – Görüm ciyəri yansın sənin o pulunu çıxaranın, – ana əlavə elədi, – əlləri quruyub yanına düşəydi cibinə girən yerdə.
– Hansı instituta vermisən sənədlərini? – deyə qız soruşdu.
– Neft-kimya institutuna verəcəyəm bu gün.
– Hə, lap yaxşı. Attestat qiymətlərin necədir?
– İkicə dördüm var, qalanı beşdir.
Professor sevinclə bildirdi:
– Bərəkallah, oğlum, əhsən! Mən də teleqram almışam, imtahana çağırıblar. Nə bilmək olar, bəlkə elə kimyadan mən götürəcəm səndən imtahanı. Qətiyyən qorxub eləmə. Sözsüz girəcəksən. Bizdə sən deyən müsabiqə olmur. Lap hamısından kafi də alsan, keçərsən.
Elə bil dünyanı Turala bağışladılar. «Nə gözəl təsadüf» – deyə ürəyində dolandırdı.
– O ki, qaldı yer məsələsinə, bu saat zəng çalaram, sənə yer düzəldərlər, mənim aspirantım zavod direktorudur, elə bilirəm, sözümü yerə salmaz.
Professor qalxıb girəcəkdə, iri güzgünün qabağında qoyulmuş telefonun dəstəyini götürdü, nömrələri yığdı.
– Salam! Bəli, mənəm. Çox sağ olun, xoş gününüzə gəlmişəm… Niyə, pis olmadı… Səndən bir təvəqqəm var. Bir oğlan göndərirəm yanına, ağıllı uşaqdır, gərək yataqxanada ona yer düzəldəsən… Hə, imtahan verməyə gəlib bizim instituta. Çox sağ ol, təşəkkür edirəm.
Professor kiçik kağız parçasına nəsə yazıb Turala verdi:
– 5 nömrəli avtobusa minərsən, dayanacağı bizim evin qabağındadır, soruşarsan deyərlər. Avtobus zavodun lap yanında dayanır. İsmət xanım, – deyə arvadına müraciət elədi, – ordan 30 manat gətir ver bu oğlana. Heç adını da soruşmadım.
– Adım Turaldır!
– Tural, Tural… Qədim addır Tural, hansı əfsanəninsə qəhrəmanının adıdır. Sən də gərək bu adı doğruldasan.
– Professor, çoxdur, axı, o qədər pulu götürmərəm. 2-3 manat olsa bəsimdir. Anama tel vuraram, göndərər.
Professor üç onluğu Turalın qısaqol köynəyinin cibinə basdı.
– Mən bunu sənə borc verirəm. Beş manat sənin zəhməthaqqın, 25 manat isə borc, bildin? Nə vaxt işləyərsən, qazanarsan, onda gətirib verərsən, yaxşı? Özü də sərvaxt ol, yenə soyarlar səni.
İsmət xanım narazılıqla başını buladı:
– Kişi, o nə sözdür deyirsən?
– Ana, zarafat eləyir atam, – deyə Ülviyyə əlavə etdi.
Üçü də güldü. Turalın da tərli gözləri işıldadı, par-par yandı, pörtmüş üzü açıldı…
DAYISIZA BEŞ?
Tural avtobus dayanacağında sürücüdən professorun verdiyi ünvana necə getmək lazım olduğunu soruşdu. Sürücü maşını işə salıb:
– Əyləşin, – dedi, – elə bizim marşrutdu. Zavod Qaraşəhərdədir. Çatanda xəbər verərəm.
Avtobus düz zavodun qənşərində dayandı. Şofer qanrılıb Turala dedi:
– Cavan oğlan, çatdın!
Zavod direktorunun qəbul otağında çoxlu adam var idi. Divarın dibi ilə cərgələnən stullarda oturmuş adamlar bir-bir üstündə «Direktor» yazılmış qara meşin qapını açıb içəri keçir, beş-on dəqiqədən sonra çıxırdılar. Tural bütün bu adamları gözləsəydi, gərək axşamacan burada oturaydı
Utana-utana katibəyə yaxınlaşıb astadan:
– Bacı, – dedi, – məni professor göndərib.
Qız qarşısındakı kağıza baxıb soruşdu:
– Yoldaş Qaraxanlı?
– Bəli.
Qız stolun siyirməsindən bir zərf götürüb Turala verdi.
– Ünvan üstündə yazılıb. Məktubu komendanta verərsiniz.
Tural sevincək:
– Çox sağ olun bacı, – deyib otaqdan çıxar-çıxmaz ayaq saxlayıb əlavə elədi: – Direktor da sağ olsun!
Qız gülümsədi.
Tural yataqxanada yer alandan sonra möhkəmcə yuyunub yatdı. Səhər tezdən yataqxananın bufetinə düşüb çay içdi, sosiska yedi, sonra da sənədlərini götürüb instituta getdi. Qəbul komissiyasının otağı qarşısında o qədər tələbə var idi ki, heç deyiləsi deyildi. Növbə tutdu. Xeyli gözlədi. Növbəsi yetişəndə başını kiçik gözlükdən içəri salıb qovluğu qıza uzatdı. Qız diqqətlə hər bir sənədi gözdən keçirəndən sonra ona imtahan vərəqəsi verdi. Tural ürəkləndi:
– Bacı, olar sizdən bir söz soruşum?
– Niyə olmur, buyurun.
– Professor Qaraxanlı imtahan götürəcək?
Oğlanın bu qəribə sualından qızın xoşu gəlmədi. Acıqlı şəkildə dedi:
– Əvvəla, professor məzuniyyətdədir. İkincisi, mən nə bilim imtahan götürəcək, ya yox?
Tural bir az da irəli getdi:
– Məzuniyyətdən gəlib.
Qız bu dəfə qabardı:
– Yoldaş abituriyent, mane olmayın, görmürsünüz məni nə qədər adam gözləyir? Sənədlərinizi verdiniz, gedə bilərsiniz. Bir də məsləhət görmürəm belə yersiz sözlərinizlə kişini dilə-dişə salasınız.
Tural pərt oldu:
– Bağışlayın, bacı, çox sağ olun bacı, – deyib ürəyində özünü danlaya-danlaya küçəyə çıxdı.
Ancaq yenə başa düşmədi ki, onun qəbahəti nədir, qız niyə elə acıqlandı, professoru «dilə-dişə salmaq» nə deməkdir?
Küçə yaman bürkü idi. Asfalt döşəmə qızmışdı, ağır hava onu sıxır, nəfəsini tıncıxdırırdı. O, imtahan vərəqəsini kitabının arasına qoyub yataqxanaya yollandı. İmtahana hələ iki gün qalırdı. Kitablarını qabağına töküb mövzuları təkrarladı…
Axşamüstü hava bir qədər dəyişdi. Külək qalxdı. Dəlisov külək şəhərin üstündəki bürkünü qovur, ürəklərə sərinlik, yüngüllük gətirirdi.
Tural bir istədi, Qaraxanlıgilə getsin. İmtahan vərəqəsini göstərsin və desin ki, ilk imtahanı kimyadandır. Xahiş üçün yox, elə-belə təskinlik üçün, bir xoş, bir ümidlə söz üçün!..
Dağüstü küçəyə qalxdı. Tanış binanın pillələri qarşısında dayandı. Fikirləşdi. Qalxmağa üzü gəlmədi, ayaqları getmədi. Birdən professor deməzmi, nə sırtıq uşaqdır, hamballıq elədi, pulunu da artıqlaması ilə aldı. Üstəlik yataqxanada yer də düzəltdim. Day nə qəmiş olub yapışıb yaxamdan. İmtahan vərəqəsi verən. qızın sözləri yadına düşdü: «Professoru dilə-dişə salma». Qayıtdı. Gecədən xeyli keçənəcən oxudu, yaxşı bilmədiklərini dönə-dönə təkrarladı.
İmtahan günü tezdən institutun qapısını kəsdi. Qapı bağlı idi. Hələ heç kəsi içəri buraxmırdılar. Qapıda qollarına qırmızı sarğı bağlamış oğlanlar dayanmışdılar. Bəziləri onlara yaxınlaşır, ciblərindən nəsə çıxarıb göstərir, içəri keçirdilər. Tural öz aləmində düşündü ki, yəqin müəllimlərdir. Birdən institutun qabağında ona tanış olan «Volqa» dayandı. Professor maşından düşüb qapıya tərəf yeridi. Qapıda dayanmış oğlanlar onu görən kimi ehtiramla yana çəkildilər. Tural bir istədi özünü professorun üstünə atsın, cəsarət eləmədi. Dönüb maşına baxdı, maşındakı Ülviyyə idi. Onu gördü, maşından düşüb irəli gəldi, Tural da onun qarşısına yeridi.