Qasımov Əlfi – Toy gecəsi (страница 2)
Tural susdu. Zivər xanımsa söhbəti davam etdirmək fikrində idi:
– Başında bir şey var?
– Nə bilim Zivər xala, başdı da.
– Attestatında qiymətlərin necədir?
– Cəmi ikicə dənə dördüm var.
– Qalanları hamısı üçdür, eləmi?..
– Yox, beşdir hamısı.
– Onda pis deyil başın… Bir də rayon yeridir də, dördləri, beşləri sağa-sola paylayırlar. Rayonun «dördü», «beşi» şəhərin «ikisi», «üçü»… Oğlum, ürəyinə toxunmasın, başqası olsaydın deməzdim. Qarikin qohumu – mənim can-ciyərim, nə təfavütü, yayın bu istisində özünə əziyyət vermə, instituta girmək halva döyül səninçün. Ya gərək kalan pulun ola, ya da dayın.
«Dayı»nın sözaltı mənasını başa düşməyən Tural sevincək dedi:
– Elə ona görə Qərib dayımın yanına gəlmişəm, dayna.
– Əvvəla, Qarik burda yoxdur, ezamiyyətə gedib, 15 gündən sonra gələcək. Lap burda olsaydı da qoymazdım onu belə işlərə qarışa. Kişini dilə-dişə salma sən canın, qoy bir parça çörəyimizi rahat yeyək.
Tural pərt oldu. «Bu arvad niyə qızışdı görəsən? Mən nə dedim, axı?» Deyəsən onun dilxor olduğunu Zivər xanım da hiss elədi. Astadan, özü ilə danışırmış kimi mızıldandı:
– Mənə deyən gərək, sənə nə düşüb, niyə qarışırsan xalxın işinə… Özün bilərsən, bala!
Zivər xanım ayağa qalxdı. Tural onun qəfil ayağa qalxmasına belə məna verdi: «söhbətimiz bitdi, gedə bilərsən». Əslində isə Tural getməyə yox, qalmağa gəlmişdi. Özü də böyük ümidlə. Belə fikirləşirdi ki, dayısı arvadı, lap Tərgülün özü onun gəlişinə çox sevinəcək, «nə yaxşı qohumumuz var, – deyəcəklər, – maşallah, ağıllı-başlı oğlandır, oxumaq istəyir, çox yaxşı. Qərib dayısının canı sağ olsun, nə lazımsa, kömək eləyər. O da gələcəkdə bizim arxamız, havadarımız…»
Zivər xanımınsa ürəyindən başqa hisslər keçirdi: «Yoxam də bu rayonluların xasiyyətinə. Üz verdin, astar istəyəcəklər səndən. Qariklə də neçə dəfə sözümüz olub bu rayonluların üstündə. Bircə kərəm qanmırlar ki, şəhər evi mehmanxana deyil! Gəlmisən, çox yaxşı, pay-pülüş gətirmisən, çox sağ ol. Gəlib görüşdün, hal-əhval tutdun, day çıx get də, nə yerini təzədən rahatlayırsan, çayı çaya calayırsan, kəndin əhvalatlarını, intriqalarını dil qəfəsə qoymadan danışırsan. Yazıq Qarik də neyləsin, mədəni adamdır, ağzına su alıb qulaq asır. Lap elə deyək ki, söhbətlərin əladır, ağzından da dürr tökülür. Heç olmazsa, danışıb yorulandan sonra (özün də görürsən ki, Qarikin gözləri yumulur) dur çıx get xaraba mehmanxanaya da! Nə dikmisən gözünü divana? Ölmüşdü Zivər xanım sənin o aylarla hamam üzü görməyən bədəninçün, həftələrlə yuyulmayan, tər iyi verən tuman-köynəyinçün təptəzə yataq açsın, sonra da bir həftə yorğan-döşəyi eyvanda günə sərsin ki, iyi-qoxu çəkilə… Yox, adam imanını yandırmaz, rayonluların qanacaqlıları da var aralarında. Bir də görürsən zəngi basdı, qalxıb qapını açdın, o da çamadanı yavaşcadan içəri sürüşdürdü, utana-utana da dedi: «Zivər xanım, sizə əziyyət olsa da boşaldın bunu, çamadanı aparım gərək, bu boçonkadakı konyakı da tökün balona, hayıfdır, xarab olar. Qərib dayıya da deyin ki, filankəs gəlmişdi». Hə, bax beləsinə varam! Yoxsa, irişə-irişə keçir içəri, keçməyi cəhənnəm, əyləşir də, əyləşməyi cəhənnəm, gözləyir ki, ona yemək-içmək versinlər, yeyib-içməyi cəhənnəm, baxırsan ki, gözlərini zilləyib divana, qətiyyən getmək fikrində deyil. Burda cin vurur də başıma. Az qalıram gətirdiklərini də vızıldadım eyvandan yerə… İndi də bu! Qadam belə qohuma da, onun gətirdiyi zir-zibilə də!»
Zivər xanım gözünün ucu ilə, ikrahla zənbilə baxdı, eyvana çıxıb qayıtdı. Əlində də ucunacan sarınmış uzun bir ağac vardı. Döşəməyə sarımtıl maz sürtüb başladı döşəməsiləni parketin üstü ilə sürüşdürməyə.
Tural fikir verib gördü ki, onun ayaq izləri olan yerləri Zivər xanım necə hirslə, necə hikkəylə silir. Sonra stolun altını sildi, bir neçə dəfə, qəsdənmi, ya təsadüfdənmi döşəməsiləni Tural oturan stulun qıçına vurdu. Tural bunu öz aləmində belə yozdu: «Tarapp! – yəni qalx ayağa! Turupp! – yəni dur get!»
Turalınsa getməyə yeri yox idi. İlk dəfə idi ki, Bakıya gəlmişdi. Heç yeri tanımırdı. Lap onu qovsaydılar da, gərək dözəydi.
Birdən Zivər xanım başını qaldırıb soruşdu:
– Yəqin mehmanxanada yer almısan, eləmi?
Tural bu sualı qətiyyən gözləmirdi. Bilmədi nə cavab versin. Qəfil şillə tutan adamlar kimi bir anlığa fikrini cəmləşdirə bilmədi:
– Nə? Yer? Hə, almışam, əlbəttə, almışam.
Əvvəlki sual bəs deyilmiş kimi, Zivər xanım dübarə soruşdu:
– Hansı mehmanxanada?
– Hansında? Hə, dəniz qırağında var ha, bax orda.
Zivər xanım qara çəkilmiş, tük kimi nərmə-nazik qaşlarını dartaraq daha dərinə getdi:
– Balam, orda nə əcəb sənə yer veriblər? Orda xaricilər… Nə bilim, vallah.
«Tez, lap tez, bax elə bu dəqiqə buradan getməliyəm. Lap elə bu dəqiqə», fikirləşən Tural ayağa qalxdı. Kitab dəftərini yığdığı zənbili götürdü. Ayaqqabılarını ayağına keçirdi, bağları sallana-sallana otaqdan çıxarkən:
– Sağ olun, Zivər xala, – dedi, – bağışlayın, əziyyət verdim.
– Boy, gedirsən? Bir az əylənsəydin, xörək hazırlardım səninçün.
– Çox sağ olun, gedim bir az dərslərimə baxım.
Tural qapının ağzında çəkməsinin bağını ilməklədi.
Üç-dörd pillə düşməmişdi ki, Zivər xanım onu səslədi:
– Zənbilin qaldı, axı.
Tural başını yuxarı qaldıraraq:
– Onu sizə gətirmişəm, Zivər xala, – dedi, – üç kilo qoyun ətidir, bir az da yarpaq. Anam dedi ki, dayın tənək dolmasını çox istəyir.
Zivər xanım əlində murdar əski tutubmuş kimi qəzeti, qanlı zənbili Turala tərəf uzatdı.
– Çox sağ olsun anan, lazım deyil. Anana deyərsən ki, dayımgil qoyun əti yemirlər.
Əlacsız qalan Tural zənbili Zivər xamımın əlindən aldı. Qəhərlənmişdi, gözləri dolmuşdu. Onu təhqir eləmişdilər. Anasını təhqir eləmişdilər. Gətirdiyi payı geri qaytarmışdılar. O, zənbili qeyzlə qarşısına çıxan ilk zibil yeşiyinə atıb ağladı. Hönkür-hönkür ağladı. Üzünü divara çevirdi ki, yoldan keçənlər onun ağladığını hiss eləməsinlər…
Tural birtəhər özünü ələ aldı. Uşaqlıq elədiyi, körpə kimi hönkür-hönkür ağladığı üçün özünü danladı: «Lap səfehəm, e. Elə bil dünya dağılıb, altında qalmışam. Gedərəm mehmanxanaların birində yer alaram, gərək elə mütləq Qərib dayımgildə qalaydım?»
Tural ürəyində «Qərib dayım» sözünü bir də təkrar elədi. «Amma, gərək Zivər xala anamın adını çəkməyəydi. Özü də birtəhər dedi ey: Anana deynən ki, Qərib dayımgil qoyun əti yemirlər! Görəsən doğrudanmı yemirlər qoyun ətini? Nəyi pisdir bu qoyun ətinin? Qəssabdan xahiş eləyib dolmalıq almışdım, özü də od qiymətinə… Gərək heç dayımgilə getməyəydim… Eh, səpə güvəndiyim dağlar…»
SÖYÜD AĞACI ALTINDA DÜŞÜNCƏLƏR
Bu fikirlər içərisində tanımadığı küçələrlə üzü hara gəldi gedən Tural birdən, elə bil, ayıldı. Yan-yörəsinə baxdı. Uca binalar, adam axınları, maşın axınları… «Vay dədəm vay, bu qədər də maşın olar? Lap kinolardakı kimidir. Mən kinoya baxanda elə fikirləşirdim ki, maşınları bir-birinin dalına düzüb, sonra çəkirlər kinoya. Day demə, doğrudan da bu qədər maşın varmış küçələrdə. Elə bil gəlin köçürürlər».
O, əlindəki ala-bəzək ağacı ilə maşınlara yol göstərən milis işçisinə yaxınlaşdı. Milis işçisinin ağacını yuxarı qaldırması ilə maşın karvanının dayanması bir oldu.
– Yoldaş nəçənnik, bu yaxınlarda qəstin var?
Milis işçisi avtomat kimi şaqqıldadı:
– Bu küçədən sağa burulursunuz, 25 addım gedəndən sonra sol əldə iri binadır.
– Çox sağ olun.
Tural, milis işçisinin isnad verdiyi binanı tapdı. Binanın qabağında iri hərflərlə «Mehmanxana» sözü yazılmışdı. Sevindi. İçəri keçdi. Gözü taxta lövhədəki yazıya sataşdı. «Yer yoxdur», – sözlərini oxuyub dilxor oldusa da ümidini üzmədi. «Bəlkə elə-belə yazıblar, bəlkə dərdimi deyim, deyim ki, qalmağa yerim yoxdur. Yəqin yazıqları gələr, yer verərlər».
– Bacı, – deyə qarşısındakı kağıza nə isə yazan qadına müraciət etdi, – qalmağa yerim yoxdur, bəlkə…
Qadın barmağını «Yer yoxdur» sözləri yazılmış lövhəyə uzadaraq yazı-pozusuna davam elədi.
Tural boş kreslolardan birində əyləşib ümidsiz halda fikirləşməyə başladı. «Neyləyim? Hara gedim?»
Elə bu zaman görkəmindən kənd adamına oxşayan şişman bir kişi içəri girib bayaq barmağı ilə «Yer yoxdur» lövhəsini göstərən qadına yaxınlaşdı. İri qarnını taxtaya dirəyib başını kiçik gözlükdən içəri salaraq qadına tərəf əyildi, nəsə pıçıldadı. Sonra əlini cibinə atıb pasportunu çıxartdı, arasına bir iyirmibeşlik qoyub qadına uzatdı. Qadın kimə isə eşitdirmək istəyirmiş kimi ucadan dilləndi:
– Bəs, bayaqdan niyə demirsiniz, sizin ki, bronunuz var! Yarım saat fırlanıb gəlin, Yeriniz hazır olar.
Quralı fikir götürdü: «Görəsən bu «bron» nə deməkdir? Onu kim verir, kimlərə verirlər bu bronu?»
Şişman kişi razılıq edib çıxdı. Özünü güclə çəkib aparan yekəpər bir qadınla, arıq, uzun bir kişi içəri girdi. Yer verən qadına yaxınlaşdılar. Qadın bayaq Turala «Yer yoxdur» lövhəsini necə göstərmişdisə, onlara da eləcə göstərdi. Kişi yanındakı qadına müraciətlə:
– Cana, – dedi, – sən burda, kresloda əyləş, mən görüm neylirəm.
Kişi liftə minib yuxarı qalxdı, aradan beş dəqiqə keçmədi ki, əynində ağ xalat olan bir qadınla qayıtdı. Kişi arvadının (Bəlkə də heç arvadı deyildi, nə bilmək olar?) yanına gəldi, qadınsa yer verən arvadın yanına getdi. Nə barədə gülə-gülə danışdılar. Sonra xalatlı qadın göz vurub kişini pilləkənin altına çağırdı. Kişi pasportları çıxarıb ona verdi, şad xəbərlə kresloda yayılmış qadının yanına qayıtdı: