Qənimət Əlisaoğlu – Həbsxana (страница 7)
Kameramızda belə bir gərginlik yaranmışdı. «Çefirşik» özü də vəziyyətin gərginliyini başa düşürdü; çölə göndərdiyi, «qonets»lər hamısı boş qayıdır, nəticə əldə edilmirdi. Axşama məhkəmə prosesi planlaşdırıldı. «Mitropolit»65 mən, iclasçılar Adil və Bəxtiyar, prokuror Cəfər, vəkil Əzizalı təyin olundu.
Axşama kimi nə domino oynanıldı, nə söhbət aparıldı. Üzlərdəki cüzi təbəssüm də yoxa çıxdı. Daxilən hamı döyüşə hazırlaşan əsgər hissi keçirirdi. Nəticə acınacaqlı da ola bilərdi: hakim mən olsam da, müşahidəçilər, əsasən də tələbkarlar çox pis mövqe, daha doğrusu, türmə qaydası üzrə ədalət mövqeyi tutmuşdular. İmkanlı yoldaşlardan hər hansı biri onun borclarını ödəməyi üstünə götürsə, Rauf «fuflo» ləqəbi ilə «zona» gedəcək, yox əgər bu borc pul şəkilində də ödənilməsə, digər, yəni natura ilə ödəniş forması seçiləcəkdi.
Ağır və üzücü məhkəmə prosesi «yazı» ilə yekunlaşmalı oldu. Rauf buna da şükür etməli idi.
Yüz il bir damın altında bir kəslə yaşasan da onu tanıya bilməzsən. İnsan özü böyüklükdə, özü ağırlıqda bir sirr bağçasıdır. İkicə saat əvvəl qabaq-qabağa oturub çörək yediyi yoldaşı indi öz əli ilə parçalamağa hazır olan insan övladları verdikləri hökmün icrasını tələb edirdilər. Qana susamış məhbuslar üçün, bəlkə də, bu bir əyləncədən çox özünüdərk və ya özünütərk idi. Yazılmayan qanunların hər bəndinə dəqiqliklə əməl edən «zek» bu prosesi xüsusi səliqə, xüsusi maraqla aparır.
Bığın kişilik nişanəsi olduğunu israr edənlərdən türmədə bığını uduzanlar da olur. Sizcə bığı elə sadəcə olaraq qırxırlar, yaxud onu öz sahibinə qırxmağı məcbur edirlər?
Yox! Təntənəli surətdə hamam günü təyin olunur, təzə mələfə, təzə dəsmal, təzə lezva, təzə sabun… Hər şey yalnız təzə olmalıdır, hamı bu səhnəni müşahidə edir – istəyən də, istəməyən də. Bığı qırxılan sakitcə dayanmalı, dəllək rolunun ifaçısı tələsmədən, hətta, vaxtı uzada-uzada işləməlidir. Gülməyə, hətta, zarafat etməyə də icazə verilir.
Hökmə görə Raufun qulağının tanası iki yerdən çərtilməli idi. Şamil boğçasından təzə məhrəba çıxardı. Yod da tapıldı, pambıq da. Hamı «nara»nın ikinci mərtəbəsinə çıxıb dövrələmə oturdu. Ətə işləyən lezvanın xırçıltısı eşidildi, qan nazik xətt üzrə axıb ağ məhrəbanın üstünə töküldü. Əzazilliyı ilə seçilən Şamil beşinci damlaya kimi səbirlə gözlədi (şərtə görə üç damla da kifayət idi), sonra yodlanmış pambığı Raufun qulaq tanasına yapışdırdı.
KARSER
18 mart. Sayca üçüncü müstəntiq Mirzoyev nəhayət ki, bu lənət qapısı arxasında, bir dəfə də olsa, mənimlə görüşmədən, dərdimi, günahımı soruşmadan, şahidlərlə üzləşdirmədən ittihamnamə ilə bərabər Sarkisyan familiyalı bir vəkil də tapıb təşrif buyurdu Bayıl türməsinə və vəkili təntənəli surətdə təqdim etdi:
– Bu yoldaş çox qabiliyyətli vəkildir. İçəridə olduğunu nəzərə alıb, onu sənə vəkil yazmışam.
Ağır maddə ilə cinayət məsuliyyətinə cəlb edilənləri məhkəməyə vəkilsiz göndərə bilmərik. Qayda belədir. İstəsən də, istəməsən də. Kişinin tapşırığıdır. İndi isə… bu sənədlərə qol çək. Hər şey həll olunub. Sənə açıq deyirəm: mübarizə aparmağın xeyri yoxdur. Əvvəla bu dörd divar arasında əlindən heç nə gəlməz, ikincisi də ki, Müzəffər qol çəkən kağız geri qayıtmır. Hara yazırsan yaz, mənasızdır. Çalış hakimi gör, bəlkə güllə vermədi. Bilirsən də… Bura Azərbaycandır, Vaşinqton yox!
İttihamnaməni imzalamaqdan imtina edib, Mirzoyevlə bərabər Sarkisyanın da himayədarlığına ehtiyacım olmadığını bildirdim. O da bunu gözləyirmiş kimi Sarkisyanla qol-qola girib gülə-gülə getdi, məni isə 39-a qaytardılar.
Müstəntiq yanından qayıdan «zek» adətən yoldaşlara izahat verir, istintaqın gedişindən danışır. Mən də ətraflı məlumat verdim. Vəziyyətimin ağırlığını özüm də başa düşürdüm, yoldaşlarım da. Axşama kimi müzakirə edib bir qərara gələ bilmədik. Kamerada ən vacib məsələnin üstündən bir gecə ötürsə, o, öz əhəmiyyətini itirmiş olur. Sabah daha təzə, az maraq doğuran olsa da, daha isti iş meydana çıxır, çıxmasa da, baş qarışdırmaq üçün düşünüb bir şey tapırlar.
Yerimdə uzanıb bütün keçmişimi, sabah və dünənimi bir daha araşdırdım. Qəribədir ki, çöldə, azadlıqda olanda adam öz səhvlərini görmür, yaxud görməyə imkan tapmır. Burda isə…
Otuz beş il ömür yaşamışdım. Və bu otuz beş ildə ölçüyə gəlməz, sayıbilinməz səhvlər buraxmış, həm də bu səhvləri düzəltmək üçün bir addım belə atmamışdım. Keçən hər ildə, ötən hər ayda, itirdiyim günlərin hər birində bağışlanılmaz səhvlər!
Danışığımda səhv!
Yazdığımda səhv! Hətta, məhəbbət yolunda atdığım addımlarım da səhv!
Səhvən doğulmuşdum, səhvlərlə yaşamışdım… Öz ətrafımı belə görməyi bacarmamışdım.
Sabah necə olacaqdı?
Əgər ədalət qələbə çalsa, məhkəmə mənim xeyrimə həll olunsa, çıxandan sonra körpələrimin üzünə necə baxacaqdım?
Ədalət qələbə çalacaqdımı?
Çətin, çətin ki, mən bu dörd divar arasından çıxa bilim.
Çətin ki, aprel ayına təyin olunacaq məhkəmədən salamat qurtarım.
Güman ki, «smertnik»lər korpusuna düşənlərdən biri də mən olacaqdım.
Ona görə də hər şeylə xudahafizləşmək lazım idi.
İrili-xırdalı bütün səhvlər üçün özüm-özümü cəzalandırmalı, cəza növünü özüm düşünməli, hökmü özüm verib, icrasına da özüm başlamalıyam. Məhkəmə prosesinə qədər bütün tanış-bilişlərlə vidalaşmalı, qarşımda günahkar olanları bağışlamalı, qarşısında günahkar olduqlarımdan üzr istəməliydim. İntiharın ən optimal, on ağır yolunu seçməli, özüm-özümə verdiyim cəzadan razı qalmalı idim! Bütün günahlarımın əvəzində cismani əzab çəkməli, bununla da təskinlik tapmalı, dünyadan rahat köçməli idim!
Bəlkə də həyatımda ilk dəfə xudbinlik xəstəliyindən uzaqlaşıb kamera yoldaşlarımın aqibətini düşündüm. Elə addım atmalıydım ki, məndən sonra heç kimi günahkar bilməsinlər.
Fəaliyyətə Novruz bayramından sonra başlamaq qərarına gəldim. Təbiətən konkretlik sevən adam idim və konkret qərarlar qəbul etməyi xoşlayırdım. Elə həmin gecə qərar qəbul etdim və öz qərarımdan o qədər razı qaldım ki, sabah əhval-ruhiyyəmin yaxşılaşmasına, duzlu zarafatlarıma yoldaşlarım təəccübləndilər də!
İlk zarafat hamımızın hörmət etdiyimiz Əliağa kişinin ilk nidası ilə başlandı. O, adəti üzrə yerindən duranda «Ya Allahın adı» deyib üzünü göyə tutdu. Mən də mənəvi çıxış yolu tapıb sakitləşdiyimdən Əzizalı ilə başladığım zarafatı burda təkrarlayıb:
– Özü lazım deyil? – deyə soruşdum.
– Özü də lazımdır.
– Çatdıraram özünə, arxayın ol!
Əzizalı da yerindən qalxıb söhbətə qoşuldu:
– Ona söz çatdıra bilirsənsə, soruş gör səni niyə 39-a salıb?
Mən də söz altında qalmadım:
– Soruşmuşam! Deyir, Əzizalının Ali məhkəməyə, respublika prokurorluğuna ərizələrini yazmaq üçün!
«Proqulka»dan sonra domino oyunu əvəzində öz yerimə qalxıb müxtəlif ünvanlara «ksiva»lar yazmağa başladım. İki ünvana – atama və Mirzə İbrahimova66 xüsusi məktub yazdım. Mirzə İbrahimova yazdığım məktubu yoldaşlarımın müzakirəsinə verdim. Məktub çox böyük əks-səda doğurdu, 38-ci kamerada da bu məktubu oxuyub yüksək qiymətləndirdilər və göndərilməsini vacib saydılar. «Nazor» Qadirə 10 re verib məktubun sifarişlə göndərilməsini xahiş etdik.
Dustağın qəribə psixologiyası var: özü özünə illüziya qurur, oturub da onun sonunu gözləyir. Biz də bu məktubdan çox şey, heç olmasa, Mirzə müəllimin əks-sədasını beş-altı gün gözlədik, bu müddət ərzində onu neçə yol oxuduq, sətir-sətir müzakirə etdik. Özümə tətbiq edəcəyim cəza tədbiri də bu məktubun cavabından asılı olaraq dəyişə bilərdi. Ancaq… Mirzə müəllimin yadına bizmi düşürdük?!
Və nəhayət, 23 mart 1985-ci il səhər saat 8 tamamda…
Əvvəlcə məktub barədə.
««O gün gələcək!»67. Mən də deyirəm «O gün gələcək!», hardasa yaşıl ağacın altında uzanıb, dünyaya iynə deşiyindən baxan bir sərxoş da! Müstəbid də gözləyir o günü, müştəbeh də. Şirin avazıyla bizə «layla» çalan müğənni də, doğru da, yalan da gözləyir o günü. Zəiflər də o gündən əlini üzməyir, güclülər də. Öz kommunist əxlaqı ilə başda oturan başbilən də, illər boyu əzizləyib gəzdirdiyi partbileti əlindən alınan məhbus da deyir:
«О gün gələcək»!
Siz «bir balaca gərgin vəziyyət yarananda… təbəssümləri dərhal çəkilib gedən çox adam görmüsünüz». Ona görə də güman etmək olar ki, özünüz belə xislətdən uzaqsınız və mənim yazdıqlarımı təbəssümlə oxuyacaqsınız. Həm də yazdıqlarımın hər üç cümləsindən biri Sizin olduğu üçün oxumalısınız!
Hələ 16 yaşım olanda Sizin «MƏNİ İNSAN ÖMRÜNÜN UZUNLUĞU YOX, ONUN MƏNASI MARAQLANDIRIR» kəlamınızı şüar kimi qəbul etmiş, illər keçdikcə yaradıcılıq nailiyyətlərinizlə fərəhlənmiş, ondan qidalanmış, nəhayət, bu günə gəlib çatana kimi çırpınmış, məhz bu dəm, bu an oxuduqlarımla gördüklərim arasındakı uçurumun nəhəngliyinə təəccüblənmiş, ondan heyrətə gəlmişəm!
Əcəba, necə olur ki, «İRAN İNQİLABINI İNKİŞAF ETDİRMƏYƏ QOYMADILAR» deyə təəssüflənirsiniz, ancaq inqilabın qələbəsindən sonra getdikcə tənəzzülə uğrayan Sovet qanunlarını qorumağa çalışmırsınız?
Necə olur ki, min verstlik məsafədən «BU GÜN İRANDA, AZƏRBAYCANDA VƏ GÜRCÜSTANDA ON MİNLƏRLƏ MÜTƏRƏQQİ, NAMUSLU VƏTƏN ÖVLADLARININ QANI TÖKÜLÜR, YENƏ AZAD FİKİRLƏR BOĞULUR, YENƏ ZİNDANLAR ON MİNLƏRLƏ ADAMLA DOLUR» deyib yana bilirsiniz, ancaq burada, Sizdən iki kilometrlik məsafədə yerləşən Bayıl zindanında müasir istibdadın qurbanı olan iki min millət balasının halına acımayırsınız? Niyə iranlıların «ÇOXMU SÜRƏCƏK BU ƏMƏLLƏR?» sualına «MƏZDƏK, BABƏK, KOROĞLU, SƏTTƏRXAN, ŞEYX MƏHƏMMƏD, XOSROV RUZBEH, QAZI MƏMMƏD TARİX KİTABININ SƏHİFƏLƏRİNDƏN BAŞ QALDIRIB – YOX!» – deyə bilir, ancaq Siz, mənim bir ideal kimi inanıb, yazdıqlarıma səcdə etdiyim xalq yazıçımız öz yumşaq kreslosundan qalxıb, səhər günəşinin qabağını kəsənlərə özünü göstərmir, məhbuslar ordusunun «Çoxmu sürəcək bu zülm?» sualıma «Yox!» deyə cavab vermək istəmirsiniz? Bacarmırsınız, yoxsa şəxsiyyətinizə sığışdırmırsınız?