Qılman İlkin – Bakı və bakılılar (страница 3)
Şamaxıdan sonra Şirvanın ikinci böyük şəhəri Bakı idi. Onun dövrəsinə çəkilmiş birinci hündür hasar Şirvanşah II Mənuçəhrin dövrünə aiddir. Şəhər divarlarından birinin təmiri zamanı tapılmış kufi yazılı daş bunu sübut edir. Daşda yazılmışdı ki, bu hasar 1120-1160-cı illərdə Şirvanşah II Mənuçəhr tərəfindən çəkilmişdir. Şəhərin ikinci alçaq divarı isə daha sonrakı illərə aiddir. 1191-ci ildə Qızıl Arslan Şamaxını zəbt etdikdə Şirvanşah I Axsitan Şirvanşahların paytaxtını Bakıya köçürür. Qala içərisində yaşayan əhalinin xariclə əlaqəsi yalnız iki darvaza vasitəsilə saxlanırdı. Bu darvazalardan biri şimal tərəfdə olub Şamaxı darvazası adlanırdı. O biri isə qalanın cənubundakı Salyan darvazası idi. Salyan darvazası dağlara tərəf açıldığı üçün bəzən Dağlıq qapısı da adlanırdı.
Şirvanşah I Xəlilullanın dövründə qala içərisində inşaat böyük vüsət almışdı. Şəhərin ən yüksək bir yerində, təpənin üstündə Şirvanşahlar sarayı tikildi. Şəhərin ansamblına divanxana, dərviş məqbərəsi, məscid, hamam da daxil idi. Saray dörd tərəfdən hasar içərisinə alınmışdı. 1683-cü ildə Bakıda olmuş alman səyyahı Engelbert Kempfer Şirvanşahlar sarayının tikilişinə heyran qalaraq yazırdı: "Şəhərin yuxarı hissəsində gözəl bir saray vardır ki, bu Şah sarayı adlanır. Saray qayanın üstündə, doğrudan da əzəmətli tikilmişdir… Sarayın qapısına bir-birilə üzbəüz oturmuş iki şir şəkli həkk olunmuşdur. Onların başları üstündə başqa bir heyvan başı da həkk olunmuşdur, elə bil dəvə başıdır".
Kempferin təsvir etdiyi şəkil hal-hazıradək şəhərin şimal darvazaları üstündə durur. Lakin Kempfer şirlərin arasındakı heyvan başını dəvə başına oxşatmaqda yanılmışdı. Belə öküz başı Bayıl körfəzində tapılmış daşların üstündə də həkk olunmuşdur. Bundan başqa hazırda şəhərin Ostrovski (indiki S. Vəzirov) küçəsində 59 nömrəli qədim bir evin qabağından keçərkən diqqət yetirsəniz, fasadda həkk olunmuş iki şirin arasında da öküz başı rəsm edildiyini görə bilərsiniz. Buradan məlum olur ki, iki şir arasında öküz başı vaxtı ilə Şirvanşahların gerbi olub.
Kempfer daha sonra yazırdı: "Bakı şəhəri demək olar ki, düzbucaqlı şəklindədir. Ancaq bir tərəfi daha uzundur. Hər tərəfi min addım, bəlkə də artıqdır. Şəhərin bir tərəfi limandır. O biri tərəfi isə (indiki Ə. Əliyev küçəsi tərəf – Q.İ.) dənizə baxır. Qalan tərəfləri isə daş kimi möhkəm torpaqda qazılmış xəndəklərlə əhatə olunub. Şəhər bir-birindən on beş addım aralı olan iki divar içərisindədir. Divarlarda çoxlu yarım dairəvi bürclər vardır. Divarın yuxarısı diş-dişdir. Şimal tərəfdəki darvazanın üzərinə dəmirdən üz çəkilmişdir".
Kempferdən xeyli sonra 1824-cü ildə Bakıda olmuş Kazan şəhərinin professoru İ. Berezin bu təsvirləri sanki təsdiq edərək yazırdı: "Bakı qalası, doğrudan da iki cərgə hasar arasına alınmışdı. Dəniz tərəfdə isə divar yalnız bir cərgədir. Qaldırılan körpüsü vardır və yaxşı müdafiə olunur. Cənub-qərb tərəfdə isə şəhərin ətrafında təpələr ucalır. Bakı qalasının qurudan keşikçi bastionları olan iki darvazası vardır: Şimal-şərqdə, şəhərə daxil olduğum Şamaxı darvazası və cənub-qərb tərəfdə Dağlıq darvazası. Mən bu qapıdan keçib, qəbiristanlığa getmişəm. Dəniz tərəfdən isə bir neçə kiçik girişlər vardır".
Berezinin Dağlıq qapısı adlandırdığı darvaza Salyan darvazasıdır. Keçmiş İnqilab bağına açılan darvaza. O zaman bu darvaza keçmiş Pionerlər sarayının, göz xəstəxanasının yerləşdiyi qəbiristanlığa açılırdı. Buna görə də Berezin qəbiristanlığa məhz bu darvazadan gedə bilərdi. Şamaxı və Salyan darvazaları içəri tərəfdən hasar boyu salınmış yolla birləşmişdi. Bu yolla piyadalar və arabalar hərəkət edirdi. Həmin yol indiki Sabir küçəsidir. Divarlar hər iki tərəfdən dənizə tərəf yenirdi. Lakin sahildə yalnız içəri hündür hasar sahil tərəfdən şəhəri dövrələyir, ikinci alçaq divar isə sahildən dənizin içərilərinə tərəf uzanırdı. Beləliklə qala dəniz tərəfdən yalnız bir hasarla dövrəyə alınmışdı. Burada qaladan sahilə açılan üç qapı vardı.
XII əsrdə Şirvanşahlar artıq Bakı limanında böyük hərbi donanmaya malik idilər. Axsitan IV David, daha sonra gürcü şahı III Georgi ilə daimi hərbi-siyasi əlaqədə idi. Onun köməyi ilə Axsitan Dərbənd tərəfdən Şirvana hücum edən köçəri qıpçaqların hücumunu dəf etmişdi. 1175-ci ildə Bakı yaxınlığında, təxminən Mərdəkan və Şüvəlan tərəfdə Axsitan 73 gəmi ilə hücuma keçən rusların hücumunun qarşısını ala bilmiş və onları geri oturtmuşdu.
Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və Şamaxı şəhərlərində olduğu kimi Bakıda da kustarlıq və peşəkarlıq çox inkişaf etmişdi. Burada kətan, ipək və yun parçalar, dəmir məmulat və sairə hazırlanır və Azərbaycandan keçən, Şərqin və Avropanın ticarət mərkəzlərini birləşdirən karvan yolları və dəniz vasitəsilə başqa ölkələrə ixrac olunurdu. Şəhərdə çoxlu culfa, dəmirçi, boyaqçı, dülgər, başmaqçı, dəbbaq, dulusçu və dərzi yaşayırdı.
Şirvanşahlar dövründə şəhərləri şah tərəfindən təyin edilmiş əmirlər idarə edirdi. Əslində əmirlər böyük feodal idilər. Şəhərdə məscidlər və başqa binalar tikdirir və şəhərdən xaricdə, xüsusilə Xəzər dənizinin kənarlarında mühafizə əhəmiyyətli qalalar inşa etdirirdilər. Hazırda bəzi tikililərin üstündəki yazılı daşlarda belə əmirlərin adlarına rast gəlmək olar. Əmirlərdən başqa şəhərlərdə bir sıra yüksək vəzifəli məmurlar da vardı ki, bunlara Şirvanşahlar tərəfindən yüksək adlar verilmişdi. Məsələn, belə adlardan biri sədr idi. Sədrlər adətən hakim orqanlara yaxın adamlardı. Bəziləri hətta iri feodallar idi. Onlar vəqf və başqa işlərlə məşğul olurdular. Məscid tikdirmə hüququna malik idilər. Məsələn, Bakıda 1308-1309-cu illərdə tikilmiş Giley məscidinin kitabəsində sədr Əbubəkr oğlu Əminəddinin adına rast gəlmək mümkündür. Rəis adətən iri tacirlərə və kustarçılıq sexlərinin başçılarına deyirdilər. Qoşun hissəsinin baş komandanı süpehsalar adlanırdı. Onlar da iri feodallardı və müdafiə əhəmiyyətli qalalar tikdirə bilirdilər. Məsələn, Mərdəkandakı XIII əsr abidəsi dairəvi qalanı süpehsalar Kəkli oğlu İshaq tikdirmişdi. Süpehsalar Şirvanşahlar dövlətində ən yüksək hərbi vəzifə idi.
SƏFƏVİLƏR VƏ TÜRKLƏR BAKIDA
Şirvanşah I Xəlilullanın oğlu Fərrux Yasar hakimiyyəti dövründə Səfəvilər Şirvan üzərinə hücuma keçərək, ölkəni təzədən əsarət altına aldılar. Hələ bundan qabaq 1460-cı ildə Səfəvi sərkərdələrindən şeyx Cüneyd Şirvana basqın edərkən I Xəlilulla tərəfindən öldürülmüşdü. Bundan təxminən iyirmi il sonra da şeyx Cüneydin oğlu şeyx Heydər vuruşmada Fərrux Yasar tərəfindən qətl edilmişdi. Azərbaycanı birləşdirmək və vahid Azərbaycan dövləti yaratmaq məqsədilə Şirvan torpaqlarına hücum edən Şah İsmayıl babasının və atasının intiqamını almağı da unutmurdu. 1500-cü ildə Gülüstan yaxınlığında Fərrux Yasar qoşunları ilə Şah İsmayılın qızılbaşları arasında qızğın döyüşlər getdi. Bu döyüşlərdə Fərrux Yasar məğlub olaraq öldürüldü. Bundan sonra Şah İsmayıl Şirvanın qala və şəhərlərini zəbt edərək, çoxlu qənimət ələ keçirdi. 1501-ci ildə isə qızılbaşlar Bakı üzərinə hücuma keçdilər.
Bu, baharın xoş günlərindən birində idi. Bakının işğalı üçün Şah İsmayıl özünün iki bacarıqlı sərkərdəsini göndərmişdi. Bunlar Məhəmməd bəy Ustaclu ilə İlyas bəy Xunuslu idi. Onlar şəhər divarlarına yaxınlaşanda donuxub qaldılar. Uca qalın divarlar boyu uzanan xəndəklər, üzərinə dəmir çəkilmiş darvazalar hər iki sərkərdəni çox düşündürdü. Belə möhkəm qalanı almaq çox çətin idi. Şah İsmayıl isə qalanın alınmasını tələsdirirdi. Hələ Şirvanşah Fərrux Yasarın dövründə Bakı, Mahmudabad və Salyanın idarə edilməsini kürəkəni Qazıbəyə həvalə etmişdi. Şah İsmayılın qoşunları Bakıya yaxınlaşanda Qazıbəy təsadüfi olaraq şəhərdən çıxmışdı. Lakin onun olmaması bakılıları zərrə qədər də sarsıtmadı. Onlar qalanın möhkəmliyinə arxayın olaraq, şəhəri qəhrəmanlıqla müdafiə etməyə başladılar. Ərzaq və silah ehtiyatları da kifayət qədər vardı. Ərinin qalada olmadığını düşmənə bildirməmək üçün Qazıbəyin arvadı özü müdafiəyə başçılıq etməyə başladı. Düşmənin qalaya bir-birinin dalınca olan həmlələri heç bir nəticə vermirdi. Bakılılar mərdliklə müdafiə olunurdular. Vəziyyəti belə gördükdə Səfəvilər bu mərd qadının yanına elçi göndərdilər. Qazıbəyin arvadı elçini sarayda deyil, qala divarının yanında qəbul etdi.
Cənabınızı eşidirəm, – deyə qarşısında durmuş qırmızı çalmalı elçini qəzəblə süzdü.
Böyük şahın fərmanını sizə çatdırmaq istəyirəm.
O nə fərmandır elə? – qadın istehza ilə soruşdu.
Fərman budur ki, təslim olasınız.
Kifayətdir. – Qadın əlini çırpdı. – Bizə təslim olmağı təklif edənlərə cavabımız ancaq birdir. – Bunu deyib, ətrafında toplaşmış müdafiəçilərə müraciətlə əlavə etdi. – Aparın.
Hələ özünə gəlməmiş elçinin başı dərhal vurulur. Qadının bu hərəkəti Şah İsmayılın sərkərdələrini bərk qəzəbləndirir və təzədən qalaya basqına başlayırlar. Ancaq bu da bir nəticə vermir. Bu dəfə şəhərin darğası şəhər müdafiəsinin başçısı yanına gəlir. Onu yola gətirməyə çalışaraq, qalanı təslim etməyi məsləhət görür. Darğanın da başı bədənindən ayrılır. Şah İsmayıl qalanın alınmadığını eşidib, köməyə təzə qüvvələr göndərir. Yenə də heç bir şey çıxmadığını görəndə özü Bakıya gəlməyə məcbur olur. Onun rəhbərliyi altında qızılbaş əsgərlər qala divarının altından gecəli-gündüzlü lağım atmağa başlayırlar. Qalanın bir tərəfi uçur. Yalnız bu zaman əhali təslim olmaq qərarına gəlir. Şəhərin görkəmli və ağsaqqal adamlarından 70 nəfəri əyinlərinə kəfən taxaraq, qılıncları boyunlarından asılı halda əllərində Quran şəhər darvazalarından çıxıb, Şah İsmayılın yanına gəlirlər. Tarixçilərin yazdıqlarına görə, Şah İsmayıl onların günahından keçir, şəhərdən yalnız qan bahası olaraq, min tümən pul alır. Şah İsmayılın ürəyi bununla da soyumur. O, babasını öldürmüş Şirvanşah I Xəlilullanın sümüklərinin Şirvanşahların türbəsindən çıxarılıb, yandırılmasını əmr edir.