18+
реклама
18+
Бургер менюБургер меню

Пеями Сафа – Yalnızıq (страница 9)

18

Yaxınlaşır. Yerimdən qalxıram. Başını aşağı salaraq, gözlərini qarşısına dikərək əyləşir. Baxışlarım ona zillənib. Bu fərq iki cinsin təbiəti, yoxsa hislərimizin dərəcəsi ilə bağlıdır? Görüş anının ilk müəmması budur”.

“Üzümə baxır. Gözləri həm boşdur, həm də müxtəlif mənalarla dolmuş kimi gülümsəyir… Lakin bu da dəqiq deyil. Gec gəlməsini gündəlik həyatın bəsit maneələri ilə izah edərkən səsinin təbiiliyi aramızdakı münasibəti adi ruh təmaslarının sadəliyi içinə salır”.

***

– Aman, Bəsim!

– Qoy görək… İmkan ver oxuyaq da… Bir neçə dəqiqə içində aləm bir-birinə qarışır. Qəzetdə Üçüncü Dünya müharibəsinin başladığını oxusam, bəlkə də, abim qədər həyəcan hiss etmərəm. Sən heç aşiq oldunmu, abla?

– Təbii ki, oldum… Fazilə dəli kimi vurulmuşdum.

– O zaman bu cür həyəcan keçirmisənmi heç?

– Aaaa… Əlbəttə… eynilə… eynilə… Axşamlar evə gələcəyi saatlarda mən də belə olurdum…

– Çox qəribədir....

***

“– Necəsiniz?

– Mersi, siz?”

***

– Abla, mən qalib gəldim.

– Niyə?

– Bir-birlərinə “siz” deyirlər. Ağabəyim Səlminlə belə rəsmi danışmır.

– Əşşi, o elə-belə, …

– Xeyr, əfəndim.

– Vallah, billah, naz xatirinə elə danışıblar… Mən ərimə hər kəsin içində “sən” deyərdim, tək qalanda isə “siz”… Rəsmiyyət hər kişinin qürurunu oxşayır… Həm də onu hərəkətə gətirir… Aradakı məsafəni çoxaldır.

***

“– Dünən gecə gözümə yuxu getmədi.

– Niyə?

– Yaşıl məsələsinə görə…

– Yaşıl?

– Xatırlamadınızmı? Maşının yaşılını bəyənməmişdiniz.

– Xatırladım.

– Yaşıl rəngi heç vaxt sevməmisiniz?

– Sevmirəm.

– Səkkiz ay əvvəl isə sevirdiniz.

Kiprikləri çırpındı.

– O yaşıl başqa… Badamı ilə tirşe10 arasında bir tondur. Çox sevirəm onu, amma maşındakı yaşıl deyildi”.

“İzah mükəmməldir, – gülümsədim. Dünən gecə bu nüansı nə üçün qaçırmışdım? İçimdəki müxalifətin oyunudur bu… Qəlbə qarşı çıxan bu müxalifətin ağıldan və qürurdan qaynaqlandığı düşünülür. Məncə, bu, qəlbin özünümüdafiəsidir. Sevgilidə qeyb olmamaq üçün nifrət etməyə səbəb axtarır, tapa bilmədikdə də özü yaradır. Bax beləcə, özünü aldatdığını anlayınca utanır və ona daha çox bağlanır. Öz yalanlarını özünə bağışlaya bilməyən qəlbin özünə verdiyi cəza…”

“Aşiqlərə bir xəbər vermək istəyirəm. Qəlbin bütün məsələləri yalnız qəlbdə həll edilir. Çünki bir hissin öhdəsindən yalnız başqa hiss gələ bilər. Ümidsiz eşqin əks zəhəri nifrətdir. Fikirlər isə yalnız bu müqavimət hislərini yaradan təhrik və təlqin ünsürləridir”.

***

“Əlini öpdüm.

– Bəlkə, sevgilinin böyük təsiri altında olduğumuz üçün, yaxud bəlkə də… Onunla danışarkən sürətlə dəyişən təsir məqamları içində diqqətimizi yalnız bir nöqtə üzərində cəmləşdirdiyimiz üçün qavaraya bilmədiyimiz təfərrüat ondan ayrılar-ayrılmaz yeni bir məna işığı altında görünməyə başlayır.

Onu yaşadığı küçənin tinindən ötürüb geri qaydarkən birdən-birə xatırladım: səkkiz ay əvvəl sevdiyim yaşıl rəngin bir nümunəsini ona göstərmək üçün axtararkən gözlərim əlindəki şeir kitabının üz qabığına sataşmışdı. Daha doğrusu, orada əks olunmuş çizgiyə… Bu, badamı ilə tirşə arasında bir ton deyildi. Maşının rəngi ona daha yaxın olardı… O da o vaxt zövqümü dəstəkləmişdi.

Bunu xatırlayınca məsələ daha əhəmiyyətli rəng qazandı… Az qala, bütün düşüncələrimi qəsb etdi. Başa düşdüm ki, kipriklərinin çırpındığı an içində ildırım sürətilə işləyən yalan industriyasının bu “ton” izahını dərhal axtarıb tapıb. Ürəyimdə kədər uğultuları baş qaldırdı. Qatarda yanımda əyləşmiş Ələddin bəyin danışdığı əhvalatları…

***

– Mən uddum, abla, mən uddum. Bax, qızı küçənin tinində qoyub. Özü isə qatara minib. Deməli, fərqli yerlərdə yaşayırlar.

– Səlminin bəzən İstanbulda, həftələrlə yengəsinin yanında qaldığını yadından çıxarırsan axı… Təbii ki, məhz o zamanlarda görüşməyə üstünlük verəcəklər.

– Sənin öhdəndən gəlmək mümkün deyil. Qərarını vermisən də artıq… Oxuyaq, görək nə olur.

***

“Artıq dinləmirdim. İzah edərkən niyyətim yaxşı olsa belə, məni incitməmək üçün dediyini güman etdiyim bu yalan şübhələrimi daha da artırırdı… Yalan sevdası vardı ürəyində… Bu isə ən qorxunc inamsızlıqdan belə betər idi. Onun söylədiyi yalanın bir rəng vasitəsilə gizlədildiyindən əmin olmaq mümkün deyildi. Aramızdakı bütün fikir və zövq münaqişələrini xatırlamaq lazım gəlirdi.

Lakin Ələddin bəy nə dərəcədə diqqətli olduğumu anlamaq üçün danışdığı əhvalatların mənə olan təsirini arayan suallar verirdi. Kəndə çatana qədər onun məni rahat buraxdığı çox qısa anlar içində bu münaqişələrdən bəzilərini xatırladım. Lakin onlar haqqında çox düşünə bilmədim. Evə gəlincə süfrədə Bəsimin boşboğazlıqları və Məfharətin son günlərdə məni həddindən artıq göz dustağı edən və bir an belə gözdən qoymayan baxışları rahat düşünməyimə imkan vermədi. Yeməkdən sonra otağıma çəkildim”.

“Bu dəftərdəki ilk xatirələrimi oxudum. Onların arasında diqqətimi çəkən birinin üzərində dayandım. Bir yaz axşamı, Möhürdardan dənizi seyr edərək Kadıköy istiqamətində gəzərkən onunla birlikdə alçaq səslə bir musiqi mızıldanmışdıq. O vaxt bir neçə anlıq dayanmış: “Ah, nə gözəldir!” – demişdi. Onda mən bu həyəcanın sol tərəfimizdəki dənizdə salxımlanan qürubun narıncı rəngindənmi, söylədiyimiz havadanmı gəldiyi haqda xeyli fikirləşdim. Amma heç bir şey soruşmadım. Təxminən on gündən sonra – xatirələrimə, adətən, bir tarix yazmıram – boğazda bir dəfə də gəzdiyimiz zaman bu havanı yenə də dodaqaltı mızıldandım… Bax bu məqamda ondan heç gözləmədiyim bir diqqətsizlik gördüm. O, bu duyğu dolu anları məhv edən əhəmiyyətsiz bir şey soruşdu. Mən də Möhürdardakı həyəcanının daha çox qürub mənzərədən qaynaqlandığı qənaətinə gəldim. O vaxtlar kiçik bir kədər hissi ilə diqqətimi çəkən bu detalı yanlış mənalandırdığımı anladım. Yaşıl məsələsi qədər olmasa da, hər halda, bu da bir hiss yalanına bənzəyirdi”.

“Bu seriyaya daxil olan aldanmalardan ibarət bir ümid boşluğu və təhlükələr haqda düşünməyə başlayınca getdikcə içimdə daha da dərinləşən kədər hissi ilə çarpayıma uzandım. Onunla iki gün sonra görüşəcəkdik. Onun izahını tələb edən ehtiyac hissinin iki saat belə dözməyə səbri yox idi. Evə zəng vurmaq haqqında düşünürdüm. Əgər dəstəyi özü qaldırmasa idi, başqaları səsimi tanıyacaqdılar”.

***

– Gördünmü, Bəsim? Mən sənə demədimmi? Səlminin yengəsinin də evində telefon var.

– Yalnız oradamı telefon var?