Пеями Сафа – Yalnızıq (страница 6)
Takaş kababının önündə birdən-birə susan Bəsim pərəstiş hissi ilə dolu bir səssizlik içərisində idi. Ət və yuxa ağzında əriyərək başgicəlləndirici dərman halına gəldikdən sonra mədəsinə deyil, qəlbinə gedirmiş kimi ona böyük eşqlərin sərxoşluğunu bəşx edirdi. Xidmətçi onun önündə sarı xallı bəyazlıqdan başqa heç nə qalmadığını görüncə yemək dolu qabı sol çiyninin üstündən uzatdı. Qaşlarını çatan Bəsim üçün günün ən ciddi anlarından biri idi. Qabını yenidən ağızbaağız doldurduqdan sonra etiraf etdi:
– Mən bu kababa aşiqəm.
Çılpaq bir qadının üstünə sərilmiş atlas yorğan kimi kababların üstündə parlayan yuxanın kəhrəba sarısını iştahlı baxışlarla yaladıqdan sonra əlavə etdi:
– Dünyada bundan daha gerçək eşq yoxdur. Yerdə qalan hər şey ədəbiyyatdır.
Məfharət gözucu Səmimə baxırdı. Ağabəyi çox yorğun görünürdü. Zərif və tutqun üzündə qaşları, gözləri, ümumiyyətlə, bütün cizgiləri kədərli idi. Kölgələnmiş gözlərinin ağıllı parıltısı hiss edilmədiyi üçün onu yalnız geniş, gərgin, aydınlıq və möhtəşəm alnı çirkin görünməkdən xilas edirdi.
Məfharət bu dəfə də Səlminə tərəf baxdı. Qızının da gözləri Səmimə zillənmişdi. Lakin şübhə üçün əsas vermirdi. Bəsim danışdığı zaman bütün süfrənin diqqətini özünə çəkən Səmimin müxtəlif mənalar verən xəfif qımıldanışı və susqunluğu Məfharəti qardaşının sözlərindən daha çox düşündürürdü.
Aydın da ikidəbir gözlərini böyük dayısının üzünə dikir, diqqətlə qulaq asırdı. Lakin rəngi qaçmış üzündə hələ də ağrı çəkdiyi hiss edilirdi.
– Başın yenə də ağrayır? – anası soruşdu.
Aydın gözlərini qırpmaqla təsdiqlədi. Barmaqlarını alnına tərəf aparıb geri çəkdi.
Səmim də ona baxırdı.
Uşaq astadan, az qala, pıçıltı ilə:
– Çox ağrayır, – dedi.
Bir narahatlıq xərçəngi sərt cizgilərə çevrilərək qaniçən ayaqlarını Məfharətin üzünə sancdı. Səmim başını bir az uzadaraq Aydını süzürdü.
– Nə olub? Soyuq dəyib, bəlkə?
Bəsim isə bu arada xidmətçiyə tərəf dönüb:
– Bəlkə, bu səhərki zeytunlara bir dəvətnamə göndərək ki, süfrəyə buyursunlar, – dedi.
Məfharət ağabəyinə cavab verdi:
– Xeyr. Riyaziyyat imtahanına hazırlaşır. Dünən gecə gec yatıb. Səhər də tezdən qalxıb. Hələ də ara vermədən çalışır. İstəmirəm. Qoy sinifdə qalsın. Elə deyilmi, ağabəy? Sən də de, rica edirəm.
Səmimin kədərli səsi təsdiq etdi:
– Təbii. Riyaziyyat insanın sağlamlığı qədər vacib deyil. Hətta insanların yüzdən doxsanına heç lazım olmur.
Bəsim ablasına işarə edərək:
– Zeytunları həbsə məhkum etməyin zülümdür. Şkafın açarını verərsənmi? – soruşdu.
– Bəsim, çox xainsən.
– O zeytunlardan ikicə dənəsini yesin, baş ağrısından əsər-əlamət qalmayacaq…
– İndi zarafatın yeridirmi?
– Qaş-qabağını sallamaqla baş ağrısı müalicə edilirmi? Açarlar hardadır, söylə.
– Bufetin sol gözündə.
Bəsim Səmimə tərəf döndü:
– Mən də elə bunu deyirəm də… – dedi, – insanların yüzdə doxsan doqquzuna riyaziyyat ancaq alış-veriş edərkən lazım olur… Onun kimsəyə xeyiri yoxdur. Lakin nə çarə! Təhsil deyilən şey həyatımızda on beş ildən artıq davam edən xəstəlikdir və məktəbdən qaçmaqdan başqa əlacı yoxdur.
Məfharət yerindən qalxdı, oğluna yaxınlaşdı və əlini onun alnına qoydu.
– Qızdırman var elə bil. Qalx, uzan istəyirsən. Yemək də yemirsən. İştahan yoxdur. Sonra yeyərsən, qalx.
Ana-oğul otaqdan çıxdılar. Heç danışmayan Səlmin dalğın baxışlarla bir müddət Aydının ardınca baxdıqdan sonra mızıldandı:
– Dünən də rəngi boğulmuşdu elə bil.
Bəsim önünə qoyulan zeytun qabına barmağını uzadaraq saydı:
– Bir, iki, üç, dörd… On bir… İndi hamısını yeyərəm. On birdən on çıxsan, sıfır qalar. Mənə elə bu qədər hesablama yetər.
Səmim qarşısına baxırdı. Birdən-birə yeməyi saxlayıb siqaret yandırdı. Səlmin də iştahsız idi.
Bir az sonra Məfharət gəldi və xəbər verdi: Aydının qızdırması 36, 8-dir.
– Çox qorxuram, – dedi. – İbrahim bəyin qızı beləcə miningit olmuşdu… Yəni… İmtahana çalışarkən.
Bəsim ağabəyinə baxdı:
– Semiranyada da məktəblər belədirmi?
Səmim ayağa qalxdı, eyvana tərəf iki addım atdı və baxçaya baxaraq cavab verdi:
– Orada məktəb yoxdur.
– Nədir, insanlar analarından alimmi doğulurlar?
Səmim qardaşına tərəf çevrildi və gülümsədi. Əlləri pencəyinin cibində idi. Süst halda dayanmışdı… Başı yüngülcə önə və sola doğru əyilmişdi. Ala gözlərinin şübhə və diqqət qarışıq cəsur, qürurlu baxışı incə dodaqlarının ətrafındakı şirin gülüşün verdiyi təvazökarlı hissini bir az da yumşaltmışdı. Onun istənilən şeyi başa salmağa razı olduğunı hiss etdirən bu halı insanda maraq oyadır və yaranmış səssizlik içərisində bütün diqqətləri öz üzərinə çəkirdi.
Qəhqəhə çəkib başını buladıqdan sonra, nəhayət ki, cavab verdi:
– Simeranyada hər səviyyədən olan insanlar üçün oxu salonları, laboratoriyalar, atelyelər, musiqi, teatr, kino və idman evləri var. İnsanlar hər yaşda bu cür məşğuliyyətləri davam etdirə bilirlər. Maraqlandıqları mövzu ilə bağlı özləri etüd hazırlayır və bunu öyrənirlər. Uşaqlar və gənclərə araşdırma metodlarını tədris edən bələdçi-müəllimlər var. Bunların vəzifələri öyrətmək deyil, öyrənmənin yolunu göstərməkdir. Çünki Simeranya pedaqogikası insanın bütün həyatı boyu öyrəndiyi şeyləri ancaq özü istədiyi zaman və öz tədqiqatları nəticəsində mənimsədiyini bilir. Köhnə dünyada, yəni Simeranyaya görə bugünkü dünyamızda məktəblərdə uşaqlara və yeniyetmələrə öyrədilən şeylərin müəyyən edilmiş qabiliyyət və ehtiyacları təmin etmədikcə həyatda heç bir işə yaramadığı başa düşülüb. Orada klassik məktəbdən əsər qalmayıb. Sinif, kürsü, dərs proqramı, nitq söyləyirmiş kimi dərs keçən müəllim və professorlar yoxdur. Diplom verilmir.
Bəsim bağırdı:
– Bravo! Lakin bunlar bizim dünyamız üçün qeyri-adi nəzəriyyələr deyil. Russodan bəri bütün yeni düşüncə sahibləri belə deyirlər də…
– Burada nəzəriyyə olan şey orada artıq həyata keçib.
Məfharət soruşdu:
– Necə olur axı, başa düşə bilmirəm. Sinifsiz, dərssiz, diplomsuz…
Böyük qardaşının yerinə Bəsim cavab verdi:
– Kifayət qədər bəsit məsələdir. İş həyatından daha böyük məktəb, təcrübədən daha böyük dərs, ehtiyacdan daha böyük müəllim, maraqdan daha böyük ustad, müvəffəqiyyətdən daha böyük diplom olarmı? Dünyanın və Türkiyənin indiki zamanda heç bir böyük zəngin adamı Ticarət Məktəbinin məzunu olmayıb. Bəziləri yazıb-oxumağı belə bilmirlər. Məşhur Amerika milyarderlərindən kimisi kundura rəngsazı, kimisi mağaza süpürgəçisi, kimisi də poçtalyon idi. Bizim Qaramanlı milyonerlərinin arasında ilk məktəb təhsili görən neçə adam var? Bir fikirləş… Sizə dünyaca məşhur bir yəhudi zəngini ilə bağlı əhvalatı danışmamışammı? Amerikada, anadan olduğu gün onun şərəfinə verilən ziyafətdə həmin bu milyoner ona vurulan təbrik teleqramını katibəsinə oxutdurarkən dəvət olunanlar qarşısında etiraf edir ki, oxumağı bilmir. Orada olanlar arasında Amerika sənayeçilərindən biri soruşur:
– Oxumaq bilməsəniz də, bu qədər uğur qazanmısınız… Əgər bilsəydiniz, görün necə olardı?!..
Yəhudi zəngin gəncliyində işsiz qaldığı haqda danışır. Tövsiyə məktubu əldə edib hamamxanaya üz tutduğunu, lakin oxumaq bilmədiyi üçün orada boş olan iş yerinə – katibliyə təyin olunmadığını da dedikdən sonra:
– Oxumaq bilsəydim, indi, aranızda olmaq şərəfinə nail olmazdım. Çünki hələ də hamamxanada katib işləyirdim! – deyir.
Bəsim ablasına doğru bir addım ataraq əlavə etdi:
– Bizim kimi miras sahibi olanlar üçün oxumaq bacarığı gecələr kitab mütaliə etmək, gündüzlər isə boşboğazlıq edərək özünü ağıllı göstərmək üçün lazımdır. Lakin yoxsulların bütün fəlakətləri əlifbadan başlayır.
Səlmin böyük dayısına baxdı. Səmim qıza tərəf çevrildi:
– Məncə, əsas məsələ mədəniyyət və ixtisasla bağlı bütün məlumatları ehtiyac və istedada görə hazırlamağın yolunu insana göstərməkdir. Bunun bütün mövcud vasitələrini ona təqdim etməkdir. Tədris proqramlarının əzici yükü altında əldən düşən uşaqların fərqli ehtiyac və istedada sahib olduqları nəzərə alınmalıdır. Tələbə dərs hazırlamaqdan və imtahana hazırlaşmaqdan öz şəxsi araşdırmalarına vaxt və enerji ayıra bilmir. Halbki ona əsl mədəniyyəti də, məsləklə bağlı məlumatları da bu şəxsi araşdırmalar verə bilər.
Məfharət soruşdu:
– Kiçik yaşlarda da mı?
– Təbii ki… Ömrü ən uzun olan vərdişlər elə kiçik yaşlardan başlayır da… Uşaq ikən Qalatada ayağıyalın dolaşıb siqaret satan Səfəroğlunun sonradan varlı sahibkarlar cərgəsinə qatılmasının səbəbi istehlakçının ehtiyaclarını hələ uşaq yaşlarından müşahidə etməyi öyrənməsindədir… O elə həmin illərdə bu ehtiyacları təmin etmək haqqında düşünməyə başlayıb. Məktəbə getsəydi, bu təcrübə və müşahidələrin hamısından məhrum qalardı.
Səlmin soruşdu:
– Bu məsəlı Simeranyada necə həll edilir bəs?