Петр Люкимсон – Səlahəddin Əyyubi (страница 3)
Dəməşqdə yəhudilərin və xristianların (əsasən, ermənilər, yunanlar, arameylər) da sayı az deyildi. Bu mənada Suriyanın indiki paytaxtı o zamanlar, müasir təbirlə desək, sözün həqiqi mənasında kosmopolit şəhər idi. Rəngarəng mədəniyyətlər, adət-ənənələr, müxtəlif dil və inanclar – bütün bunlar Səlahəddinin şəxsiyyət kimi formalaşmasında təsirsiz qala bilməzdi. Əlbəttə, şəhərin müsəlman əhalisi öz dinlərini kifayət qədər yüksək tuturdular; bununla belə, başqa dinlərlə də maraqlanırdılar. Qəhvəxanalarda hər kəs öz fikrini azad şəkildə ifadə edə bilir, din başda olmaqla müxtəlif mövzularda saatlarca qızğın müzakirələr gedirdi. İslamda haram buyurulduğundan şərab şəhərin, sadəcə, xristian məhəllələrindəki meyxanalarda verilirdi. Bu meyxanalara gedənlər eyni zamanda şeirdən, musiqidən həzz alırdılar. Yeri gəlmişkən, bu cür ab-hava həmin vaxt müsəlman Şərqindəki böyük şəhərlərin çoxu üçün xarakterik idi. İnsanlar bu cür məkanlarda olduqca azad, sərbəst idilər: qorxub çəkinmədən həm hakimiyyət nümayəndələrini, həm də dini liderləri tənqid edə bilirdilər.
O dövrün bir çox görkəmli şairlərinin şeirlərində belə Şərq intibahının ab-havası aydın şəkildə duyulmaqda idi. Bu həmin ab-havadır ki, Səlahəddinin xarakterinə və dünyagörüşünə əhəmiyyətli dərəcədə təsir göstərmişdi.
Gələcəyin qüdrətli sərkərdəsi Dəməşqdə təhsilini daha da artırmışdı. Xüsusilə dini savadı çox yüksək idi, üstəlik, böyüdükcə dini şövqü daha da gücləndi, hətta arada fanatizm həddinəcən çatdı. Lakin tədricən onun həyata baxışları püxtələşdi, poeziyaya marağı və həvəsi artdı. Hətta xristian məhəllələrindəki meyxanalara da getməyə başladı. İndi o, varlı və nüfuzlu ailələrdən çıxmış Dəməşq gənclərinə xas həyat tərzi keçirirdi. Eyni zamanda hərb sənətinin incəliklərini öyrənir, atasının şəhərətrafındakı at tövləsinə tez-tez baş çəkir, cins atları minib çapırdı.
Bu yerdə bir az əvvələ qayıdıb deyək ki, Səlahəddinin 11 yaşı olanda onun həyatını başdan-başa dəyişən bir hadisə baş vermişdi. Böyük qardaşı Şahinşah qəfildən xəstələnmiş və dünyasını dəyişmişdi. Onun İzəddin və Təkiyəddin adında iki oğlu qalmışdı. Qaydalara görə, Nəcməddin Əyyubun varisi onun ortancıl oğlu Turanşah olmalı idi. Lakin Nəcməddin belə qərara gəldi ki, Turanşah vəliəhd olmaq üçün lazımi keyfiyyətlərə malik deyil. Ona görə də vəliəhdlik Səlahəddinə keçdi.
Böyük oğlunun ölümündən bərk sarsılan Nəcməddin Əyyub o vaxtdan kiçik oğluna xüsusi qayğı göstərməyə başladı. Tez-tez onunla şəhərətrafına çıxır, tabeçiliyindəki kəndlərə baş çəkir, müxtəlif mövzularda söhbətlər edərdi. Bütün bunlar Səlahəddin üçün, bir növ, həyat dərsləri idi. Atası oğluna dünyanın hər üzünü öyrətməyə çalışır, bununla onu böyük işlərə hazırlayırdı.
1152-ci ildə 14 yaşında ikən Səlahəddin öz əmisi Şirkuhun tövsiyəsi ilə Hələbə getdi. Orada özünə torpaq aldı. İki il sonra onun bir vuruşmada iştirak etdiyi bildirilir, lakin həmin döyüş barədə heç bir ətraflı məlumat yoxdur. Bircə o bəllidir ki, bu vuruşmada Səlahəddin elə bir hünər göstərməyib. Sonra isə Dəməşqə qayıdıb.
Dəməşq qaynayır
Bu o vaxt idi ki, Nəcməddin Əyyub Dəməşq hakimi Unar Müanəddinin xidmətində idi. Müanəddin yaxşı bilirdi ki, əsas düşmənlərindən olan İmadəddin Zəngi ilə Nəcməddini dostluq münasibətləri birləşdirir. Eyni zamanda onu da bilirdi ki, Nəcməddinin qardaşı Şirkuh İmadəddin Zənginin oğlu Mahmud Nurəddinin (1116–1174) baş sərkərdəsidir.
Buna baxmayaraq Nəcməddin Dəməşq hakiminə sədaqət andı içmişdi və Unar Müanəddin də ondan sonra Dəməşqin müdafiəsini təşkil etməyi Səlahəddinin atasına etibar eləmişdi. Yəqin, belə fikirləşirdi ki, Nəcməddin içdiyi sədaqət andını heç vaxt pozmaz.
Səlahəddinin atası üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməkdə idi. O, şəhərin müdafiəsini hərb elminin qaydalarına uyğun şəkildə gücləndirir, daha da möhkəmləndirirdi.
Bəli, taleyin hökmü iki qardaşı fərqli cəbhələrə atmışdı. Onlar əvvəl-axır üz-üzə gələcəkdilər. Bəs bir-birinə əl qaldıracaqdılarmı, qılınc çəkəcəkdilərmi? Bunu zaman göstərəcəkdi.
Qeyd etmək lazımdır ki, 1146-cı ildə İmadəddin Zənginin ölümündən sonra ətraf əraziləriylə birlikdə Mosul onun böyük oğlu Seyfəddinin, Hələb isə kiçik oğlu Mahmud Nurəddinin ixtiyarına keçdi. Atasının həlak olduğu ilk günlərdən Mahmud Nurəddin Şirkuhu daim öz yanında görmüş, onun dəstəyini, köməyini hiss etmişdi.
Məsələ burasındadır ki, Nurəddinin hakimiyyətə gəlməsi olduqca gərgin hadisələrlə bir vaxta düşdü. Onlardan biri xüsusilə diqqət çəkir: belə ki, Edessanın məğlub hakimi qraf İoslen şəhəri geri almağı bacarmışdı. Bununla da Zənginin qazandığı ən böyük nailiyyətin üzərindən faktiki olaraq xətt çəkilmişdi. Nurəddinlə Şirkuh anlayırdı ki, Edessanın əldən çıxması müsəlmanlara ağır zərbədir. Odur ki İoslenə şəhərdə güclənmək, möhkəm müdafiə yaratmağa imkan verməmək üçün dərhal hərəkətə keçdilər. Bu birgə yürüş uğurla nəticələndi: müsəlman süvariləri hələ şəhərə girmədən qraf qaçdı. İoslenin tərəfdarları qılıncdan keçirildi. Bu ildırımsürətli qələbə Nurəddinin şöhrətini bütün Suriyaya yaydı. Şirkuhun dəstəyi ilə Nurəddinin mövqeləri get-gedə güclənir, nüfuzu günbəgün artırdı. Nəticədə Dəməşq hakimi ilə münasibətlər belə yoluna qoyuldu, hətta Hələb hakimi Unar Müanəddinin qızıyla nişanlandı.
1147-ci ildə II Səlib yürüşü başladı. Lakin bu yürüş alman və fransız cəngavərlərinin öz aralarında çəkişməsi üzündən tam məğlubiyyətlə başa çatdı.
II Səlib yürüşü zamanı xaçlılar güclü müdafiəyə malik Dəməşqi də mühasirəyə almışdılar. Axı bu şəhərin ələ keçirilməsi onlara zəngin qənimət vəd edirdi. Ancaq Nəcməddin Əyyub şəhərin müdafiəsini çox gözəl təşkil etmişdi. Digər tərəfdən Unar Müanəddin vəziyyətin ciddiliyini nəzərə alıb Zəngi qardaşlarını köməyə çağırmışdı. Həmçinin o, saxta qızılların köməyi ilə Qüds kralı III Balduini öz tərəfinə çəkmişdi. Nəticədə cəmi dörd gün sonra xaçlılar Dəməşqin mühasirəsindən imtina etməli oldular.
Bundan sonra isə hadisələr çox sürətlə inkişaf etdi: 1148-ci ildə Unar Müanəddin qarın yatalağı xəstəliyindən dünyasını dəyişdi. Dəməşqdə hakimiyyət onun qanuni varisi on altı yaşlı Abak Mücirəddinə keçdi. Fəqət yaşının azlığına baxmayaraq Abak eyş-işrətə, kef-damağa çox meyilli idi. Dəməşq kimi bir şəhərin hakimliyinə onun nə ağlı, nə təcrübəsi, nə də istedadı çatışırdı. Atasının yerinə keçən kimi vergiləri artırdı, xoşu gəlmədiyi hər kəsi edam etdirməyə başladı. Bununla da Dəməşqin həm kübar, həm də sadə təbəqəsini özünə qarşı qaldırdı.
Belə bir vaxtda Nurəddinin şöhrəti isə get-gedə artmaqda idi. Onun haqda sadə, vicdanlı və islam inanclarına sadiq biri olduğunu deyirdilər. Əslində, bu deyilənlərdə heç bir şişirtmə yoxdur: atasından fərqli olaraq Nurəddin nəinki özü şərab içirdi, hətta əsgərlərinə də bunu qadağan eləmişdi. Hələbdə bir-birinin ardınca ruhani məktəblər tikdirir, eyni zamanda sadiq sərkərdəsi Şirkuhla birgə Qüds və digər müqəddəs torpaqları xaçlılardan azad etmək üçün planlar qururdu. Onların fikrincə, bu planı həyata keçirmək üçün öncə Misirdən Suriyaya qədər böyük bir ərazi nəzarət altına alınmalı idi. Hələb onsuz da Nurəddinin əlində idi. Qalırdı Dəməşq və Mosulu tutmaq; yalnız bundan sonra Misir barədə düşünmək olardı.
Beləliklə, Mahmud Nurəddinin ordusu iki dəfə Dəməşq qapılarında zühur etdi. O hər dəfə məqsədinin şəhər əhalisini firəng özbaşınalıqlarından qorumaq və onlara qarşı vuruşmaq üçün müsəlman qüvvələrini birləşdirmək olduğunu söylədi. Lakin hər ikisində də Abak Qüds kralı III Balduini köməyə çağırdı. Bu isə Dəməşqin müsəlman əhalisinin kəskin narazılığına səbəb oldu. Tezliklə Mahmud Nurəddinin adamları belə bir şayiə yaydılar ki, şəhəri onlara təslim etmək istəməyən Abakın yaxın ətrafı dar ayaqda Dəməşq hakiminin özünü aradan götürmək istəyir. Nəticədə gənc hökmdar ən sadiq adamlarını edam etdirdi, böyür-başında bir nəfər də inanılmış adamı qalmadı. Ancaq qəribədir ki, Abak Nəcməddinə toxunmamışdı. O, əvvəlkitək şəhərdə qalabəyi idi.
Hadisələrin sonrakı gedişində Nəcməddinin oynadığı rol barədə tarixçilərin fikri müxtəlifdir. Lakin bir məsələ çox az şübhə doğurur ki, Dəməşqin Mahmud Nurəddinə təslim edilməsində həlledici rolu məhz şəhərin qalabəyi oynamışdı. O, qəti olaraq bu fikirdə idi ki, nəyin bahasına olursa olsun, müsəlmanların bir-birinin qanını tökməsinə yol verilməməlidir. Görünür, Dəməşqi mühafizə edən əsgərləri də buna inandıra bilmişdi…
Beləliklə, 1154-cü il aprelin 18-də Nurəddinlə Şirkuh növbəti dəfə Dəməşq qapılarına yaxınlaşdılar. Abak kömək üçün yenidən III Balduinə üz tutdu. Ancaq Qüds kralı yardıma gecikdi. Aprelin 25-də Mahmud Nurəddinin əsgərləri heç bir müqavimətə rast gəlmədən Dəməşqin qala divarlarına dırmaşdılar. Elə buradaca – qala divarlarının üstündə Nəcməddinlə Şirkuh görüşüb qucaqlaşdılar.
Şəhər əhalisi Nurəddini Dəməşq qapısının girişində sevinclə qarşıladı. Nurəddin camaatın gözündəki ədalətli və mərhəmətli hökmdar obrazına xələl gətirməmək üçün Abaka toxunmadı. Hətta ona qarşı çox səxavətli davrandı: ailəsini və var-dövlətini götürüb şəhəri tərk etməsinə icazə verdi.
Nəcməddin isə tezliklə Nurəddinin əsas məsləhətçisinə çevrildi və onun yaxın çevrəsinə daxil oldu.
Ən maraqlısı isə o idi ki, Dəməşqin yeni hakiminin ətrafında Nəcməddinlə yanaşı, onun oğlu və varisi 26 yaşlı Səlahəddin də vardı.