18+
реклама
18+
Бургер менюБургер меню

Нодар Думбадзе – Mən, nənəm, İliko və İllarion (страница 6)

18

– Mənim bir yaxşı təklifim var! – deyə İliko əlini qaldırıb söz aldı. – Dostlar, biz yenə əsas mətləbdən uzaqlaşdıq: idarəni harada quraşdıraq?

– Təklifin nədir?

– Bəlkə, idarəni heç sökməyə dəyməz? Yığışıb hamılıqla sədrə maşın alaq?

– Yox, yaxşısı budur ki, hər səhər onun evinə iki igid göndərək, sədrimizi qolları üstündə idarəyə gətirsinlər!

– Başımızda oturduğu bəs deyil, hələ bir qollarımızın da üstündə gəzdirək?

– Bir təklif də var. Bizim sürücü hanı?

– Buyur, İliko!

– Artıq dörd təkərin varsa, onları idarənin altına qoyub sədrin istədiyi yerə dığırladaq.

Zalda qəhqəhə qopdu. Sədr çaşıb qaldı.

– Yaxşı, nə qərara gəldik? – iclasın sədri soruşdu.

– Təklifim var! – deyə öz cəsarətimdən özüm qorxdum.

– Danış, yaramaz! – deyə iclasdakılar hay-küy saldılar.

– Mən…təklif edirəm: təzə sədr seçək!

Tam sakitlik çökdü. Dizlərim əsirdi. Mənim ümumi iclasda etdiyim təklif yekdilliklə qəbul olundu.

– Nəhayət, ağıllı bir adam tapıldı! Zuriko olmasaydı, hələ səhərə kimi buradaydıq! – deyə İllarion alnımdan öpdü.

Yapıncı, uzunboğaz çəkmələr və corablar

Bu il qış sərt gəlmişdi. Soyuq bizim otağın dəlmə-deşiyindən içəri dolurdu. Nənəm əvvəlcə dəlmə-deşikləri əsgi-üsgü ilə, sonra mənim dəftərlərimdən cırdığı kağız-kuğuzla tıxadıqdan sonra otaq bir az isindi.

…Nənəmlə buxarının yanında oturmuşduq. O, hansısa nağılı danışa-danışa ona qulaq asdığıma əmin olmaq üçün arabir gözaltı mənə baxırdı. Birdən eyvanda ayaq tappıltısı eşidildi.

Pəncərədən boylandım. İliko və İllarion eyvanda üst-başlarının qarını çırpırdılar. Qapını açıb, onları içəri dəvət etdim.

– Axşamınız xeyir! – İllarion salam verib, təptəzə xizəkləri küncə tulladı.

– Xizəklər haradandır, İllarion? – deyə soruşdum.

– Səhər məktəbə necə gedəcəksən, zırrama! Sənə gətirmişik…

İllarionu qucaqlayıb tüklü, soyuq üzündən öpdüm…

Nənəm buxarının qabağında süfrə açdı. İllarion:

– Nahaq yerə əl-ayağa düşmə, Olqa, vallah, axı biz elə-belə söhbətə gəlmişik! – dedi.

– Kef sizindir, yığışdıra bilərəm! – nənəm dedi.

– Sən istəmirsənsə, rədd ola bilərsən! Başqalarının əvəzinə danışma! – deyə İliko bağırdı.

İllarion almanı dişinə çəkib sözə başladı:

– Bu gün poçtalyon yanıma gəlmişdi, Gerasimin oğlunun ölüm xəbərini gətirib. Dedi ki, mən ona xəbər verə bilmərəm. Məndən xahiş etdi…

– Ah, yazıq Gerasim! – deyə nənəm ağladı…

– Yazıq Kerçdə həlak olub. Kəndimizə gələn yeddinci ölüm xəbəridir… – İllarion davam etdi.

– Gerasimə xəbər verdin?

– Nə danışırsan? Kişi saatbasaat oğlunun qayıdacağını gözləyir, mənim heç dilim gələr?

– Ay Allah, o yırtıcı Hitlerə cəza ver! – nənəm ağlayırdı.

– Bəs indi nə etmək istəyirsən? – deyə soruşdum.

İllarion məktubu cibindən çıxardıb xeyli baxdı, sonra əyilib oda atdı. Alov İllarionun üzünü işıqlandırdı. Onun qırxılmış üzündə iki damla göz yaşı göründü.

– Oğlan sağdırsa, gec-tez gələr, yox, ölübsə, qoy bədbəxt ata gözləsin. İnsanı yaşadan ümiddir.

Bu zaman kənd təşviqatçısı Georgi Vaşakidze gəldi.

– Gəlmək olar? Bağışlayın ki, belə vaxtsız gəlmişəm.

– Buyurun! – nənəm onu içəri dəvət etdi.

İllarion soruşdu:

– Təzə nə xəbər var? Cəbhədə işlər necədir?

– Pis deyil. Düşmənin hücumunun qarşısı alınıb, Hitlerin ildırım sürətli müharibə planı iflasa uğrayıb! – təşviqatçı birnəfəsə danışdı.

– Biz bu barədə bir ay əvvəlki qəzetlərdə oxumuşuq.

– Sizinlə ciddi işim var. Qulaq asın! Vətənimiz təhlükədədir: xain düşmən bizim azadlığımızı qanlı pəncələri ilə boğmaq istəyir! Şanlı Ordumuz faşist işğalçılarına sarsıdıcı zərbələr endirir!

– Qəzetdəkiləri sözbəsöz əzbərləmisən ki! – İliko onun sözünü kəsdi, – açıq söylə görək nə istəyirsən?

Təşviqatçı pərt oldu.

– Əsgərlərə hədiyyələr yığırıq. Bəlkə, sizin də köməyiniz dəyə… – deyib rahat nəfəs aldı.

– Belə de də, oğlum, yoxsa bizimçün başlamısan Adəm və Həvvadan danışmağa, – deyə nənəm gülümsədi.

– Bazar ertəsi bizim kəndin adından cəbhəyə bir vaqon hədiyyə yollanacaq. Əgər bir şey tapsanız, bura, Olqanın yanına gətirin. Sabah bizim uşaqlar gəlib apararlar.

Təşviqatçı sağollaşıb getdi.

Biz uzun-uzadı düşündük. İliko sükutu pozdu:

– Qapının dalında asılmış yapıncımdan başqa, nəyim var ki?! Zurikela, dur onu bura gətir!

Təəccüblə İlikoya baxdım.

– Nədir? Mən yapıncı geyməsəm, dünya dağılar? Onsuz da yazın gəlməsinə az qalıb! Yapıncını bura gətir!

Eyvana çıxıb tez yapıncını gətirdim. Bu təptəzə yapıncını İliko göz-bəbəyi kimi qoruyur, ona bürünür, hətta İllarionu əl dəyməyə qoymurdu.

– Küncə qoy… Uşaqlar gələndə verərsiniz, – İliko yapıncıya baxmadan dedi.

– Bilirdim ki, sənin ürəyin qızıldır! – deyə İllarion qurcalandı və birdən sıçrayıb otaqdan çıxdı.

– Mən bu yekəburunun hara qaçdığını bilirəm! – deyə İliko gülümsədi, – indi mənim acığıma bütün evini alt-üst edəcək! Onsuz da lütün biridir, heç nəyi yoxdur!

Bir azdan İllarion qayıtdı, özünün yeganə təzə, uzunboğaz çəkmələrini İlikonun yapıncısının yanına qoydu…

O gecə nənəm yatmadı. Üstündə yatdığı döşəyi söküb yununu daradı. Gözlərim yaşla doldu, naməlum əsgər haqqında düşünürdüm. O əsgər haqqında ki, bu soyuq qış gecəsi nənəm əlləri əsə-əsə onun üçün yun corab toxuyurdu…

Ədəbi gecə

1942-ci ilin qışıdır, almanlar Moskvaya yaxınlaşıblar. Biz, həmişəki kimi, İlikogildə soba qırağında oturub isinirik. İllarion Sovet Məlumat Bürosunun xəbərini oxuduqdan sonra qətiyyətlə bildirir:

– Hitlerin kitabı bağlandı! Almanlar Moskva altındadırlar, bir addım da irəliləyə bilmirlər!

– Bəs ikinci cəbhə haqqında nə xəbər var?