Мир Джалал Пашаев – Bir gəncin manifesti (страница 1)
Mir Cəlal
Bir gəncin manifesti
PROLOQ
Bağçalar dərəsinin sağ tayında cənuba doğru uzanıb gedən və təzəcə şumlanan əkin yerləri məxmər kəmər kimi dağları qucmaqda idi. Zəmilərdən qalxan nəmli torpaq qoxusu yenicə açılan bənövşə, quzuçiçəyi ətrinə qarışaraq havaya bir təzəlik, mülayimlik gətirmişdi. Səhər soyuğundan sonra yumşalan hava hələ də narahat kimi tutulub-açılmaqda idi. Buludlu göy intizar çəkən bir qəlb kimi çırpınır, bir an da eyni vəziyyətdə qalmırdı. Cida boyu qalxan günəş cənuba axan müxtəlif biçimli, müxtəlif şəkilli, əlvan buludlar arxasında gah çıraq kimi yanır, gah köz kimi sönür, gah kəhrəba kimi saralır, gah sədəf kimi parıldayırdı.
Karvan-karvan ötən qalın seyrək buludlar ardınca nəsə bir aydınlıq, bir parlaq gündüz olacağı yəqin idi. Aşağılarda, dərənin qovuşan yerlərində isə baş-başa verən söyüd, qələmə, qarağac, vən, iydə, zoğal ağacları küləyin səmtinə doğru can atmaqda, sanki kökdən çıxıb haralara isə getmək arzusunda idilər.
Dağlardan axıb, səhraları aşıb gələn sel suları isə elə şaqqıldayırdı ki, eşidənlər dəhşətdən diksinir, göy gurladığını, ildırım çaxıb qaya uçduğunu, sar üstünə qartal şığıdığını güman edirdilər.
Dağın döşündə belini əyərək xışının əlcəyinə güc vura-vura cüt sürən bir cavan, ucaboy çarıqlı oğlan, səhərdən bəri nəfəs almadan sürüb qaraltdığı yerlərdən qalxan buxara, torpaqlara enib yem axtaran quşlara baxıb həzz alırdı. Sel sularının şaqqıltısı onun diqqətini cəlb etdi. Bir an belin düzəltdi, dönüb aşağılara baxdı.
O, bir aşıb-daşan, qoca ağacları kötüyü ilə alıb aparan qəhvəyi sulara, bir də buxarlanan şum torpaqlara göz yetirir, dərindən köks ötürərək düşünürdü: «Ah, bunda, dünyanın bu nemətlərində mənim də bir barmaq payım olaydı. Heç olmasa çox yox, bir çərək yerim, bir çanaq suyum olaydı, Necə əkər, necə becərər, necə bəslərdim. Mənim də qapım çuval dolusu taxıl, evim təknə dolusu çörək görərdi. Mən qabarlı əllərimi qulağıma qoyar, sinəmin sazına toxunub mahnı çağırardım:
Cavan oğlan sanki göylərə səpdiyi, yaz küləyinə verdiyi mahnıları ilə sinəsini boşaltdı, özündə bir yüngüllük duydu. Nəzərlərini dağdan-kövşəndən yığaraq yenə öz işinə, xışın əlcəyinə güc verib cüt sürməyinə davam etdi. Zəmini başa getməmişdi ki, birdən-birə torpağın işıqlandığını, hər yerdən kölgələrin çəkilib getdiyini duydu. Sanki bir anda kimsə, hansı bir qüvvə isə buludları qovub üfüqləri gümüş kimi təmizlədi. Cavan cütçü başını göyə qaldıranda günorta yerinə qalxan günəşin bütün gücü və əzəməti ilə dayandığını gördü. Sanki bayaq oxunan mahnılardakı həsrət və arzuları günəş eşitmişdi. Ona görə, məhz ona görə dünyaya, hər şeydən əvvəl bu zəhmətli kövşənlərə, cütçülər yurduna həmişəlik və ümumi bir aydınlıq gətirmişdi. Gətirmişdi və hərarətli şüaları ilə adamları, hər kəsdən əvvəl gənc sinəsi həyat həsrətlərindən yanan bu rəncbəri xəbərdar etmək istəmişdi. Cavan oğlana elə gəldi ki, günəş göylərin yuxarı qatından enib gəlmiş, lap ona yaxınlaşmışdır. Səssiz, isti və nurlu baxışları ilə o ancaq bir şey deyir:
– Salam! Salam!
Cavan oğlan elə bil müqəddəs bir sima qarşısında dayanmışdı, özünü itirdi. Əlini yenicə tük gəlmiş üzünə çəkib salavat çevirdi, qamaşan gözlərilə təkrar-təkrar günəşə baxdı: Cütçü yanılmamışdı. Bu ilki bahar heç bir zaman görünməmiş olan ayrı bir bahar idi. Bu ayrı bir həyat, ayrı bir səfa, ayrı dünyadan xəbər verən, milyonların ürək arzularını duyan, oxşayan, oyadan və çiçəklədən bir bahar idi. Cütçü elə bil günəşdən qüvvət, qüdrət aldı, arzuları həqiqətə çevrildi, sevincindən bərk qışqırdı:
– Ay dünya!
Qışqırdı və var qüvvəsini gündən bərkiyən tunc biləklərinə yığaraq torpaqları qaldırmağa, yerin bağrını sökməyə başladı. Deyəsən o, yer üzünə, insanlara, bütün dünyaya yayılan bu şad xəbəri bütün məxluqata, bütün kainata, yerin yeddi qatına da çatdırmaq istəyirdi:
– Qalxın, günəş gəlir! Səadət günəşi!
BİRİNCİ FƏSIL
TƏHQİR
– Düş sənə deyirəm!
– Karsan?
– Sənin tutundur?
– Düş deyirəm, düş o budaqdan.
–…Ehsan ağacıdır…
– Düş aşağı, uzun danışma, ağzın yekə olar!
Ağaməcid bunu deyib altdan-yuxarı, Bahara sarı elə tünd və acıqlı baxdı ki, az qaldı uşağın bağrı yarılsın.
Bahar Ağaməcidin üzünü görmədi. O, gündə muncuq kimi işıldayan, qara, dolu və şirin tut dənələrini ağzına qoyur, sanki danışmağa macal tapmırdı. Ancaq səsindən, təhərindən bildi ki, Hacı oğlunun axırıncı sözləri qəti bir əmrdir.
Bahar anlayırdı ki, bunu cavabsız qoymağı bacarmayacaqdır: ya bu saat dinməz-söyləməz tut ağacından düşməli, ya da hərifin üzünə dik durub bozarmalıdı. «Düşmürəm».
Baharın bunu deməyə haqqı varmı?
Əlbəttə, var!
Çünki yaşıl budaqları ilə ətrafa sərbəst qol-qanad atan qocaman tut ağacı Ağaməcidin deyil, heç kəsin deyil, ehsanlıqdır. Kəndin ortasında, kim bilir, nə vaxt və hansı xeyirxah qocanın əkib-yetişdirdiyi bir ağacdır. Meyvəsini hər il uşaqlar və quşlar yeyir.
Bahar, Ələs bəyin quzusunu otarırdı. Çörəyi özündən, ayı yarım çanaq buğdaya quzuçu durmuşdu. Vədəbaşı ağası ondan razı qalsa, bir cüt çanaq da bağışlayacaqdı.
Bahar bu gün lap ac idi. Səhər anasının qənaətlə verdiyi bir parça çörək onu yarımqarın eləmişdi. Yamacda yemlik tapmadı, hava da qızdı. Quzular otdan çəkildi, başlarını yerə dikə-dikə bir-birinə sığınaraq kölgəlik axtarır, toplaşırdılar. Bahar quzuları yaxın bağçaya, yatağa qaytardı, özü qaçıb ehsanlıq tuta çıxdı. İndi də Əbülfət nəvəsi Ağaməcid gəlib onu düşürmək, o çıxdığı budağa özü çıxmaq istəyir.
Bahar inadında dura bilərmi?
Dura bilməz!
Əbülfət uşağı adamın atasını yandırar: Ağaməcid bilirsən kimdir? Hacı oğludur!
Bahar bu acı həqiqəti uşaq ağlı ilə dərk etmişdi. Amma nədənsə, ağacdan düşmək istəmirdi. Nədənsə o, gücünə yox, haqqına güvənmək istəyirdi. Hacı oğlu olmasa da, nökər olsa da, yetim olsa da tut ağacından düşmək istəmirdi.
Ağaməcid acıqlı-acıqlı, cəld yuxarı dırmaşdı:
– Demirəm düş, ay dul arvadın oğlu?
– Düşmürəm!
– Necə?!
Baharın cavabı Ağaməcid üçün gözlənilməz idi. Hirsi başına vurdu, başından yekə danışan bu yoluq gədəni sanki parçalamaq üçün tələsdi:
– Necəəə?..
Ağaməcid ayağını yuxarı budaqlara qoyub dırmaşdıqca, Bahar da uşaq cəldliyi ilə budaqdan-budağa dırmaşırdı. Onun ayaqlarının zərbindən budaqlar əyilir, ağac yırğalanır, tutlar tökülürdü. Bahar quş kimi yüngül, cəld və zirək idi. Ağaməcid nərmənazik idi. Uca və nazik budaqlara ayaq basmağa cəsarət etmirdi. Əlini atmaq üçün rahat və münasib yer axtarırdı. O, addayana qədər Bahar başqa budağa ötürdü.
Onlar ağac başında təngişənəcən qovalaşdılar. Ağaməcid bərk hirslənmişdi. Söyürdü, qan-tər içində hərdən yerə baxıb sanki Baharın başına çırpmağa daş axtarırdı. Bahar fürsət tapdıqca tutdan dərib yeyir, suyunu Ağaməcidin ağ və təmiz paltarına damcıladıb altdan-altdan gülürdü. Axırda Ağaməcid təngişdi, çəkilib bir budaqda dayandı:
– Gəl, öt aşağı, dəymərəm.
– Aldadırsan!
– Dəymərəm, atam canı!
Bahar düşüb gəldi. Ağaməcid oturan ayaq budaqdan ötəndə hərif girəvəyə salıb onun çiynindən bərk bir təpik vurdu.
– Adam oğlu deyilsənmi?!
Baharın sözü ağzında qaldı; ayağı budaqdan üzüldü, cəld əlini ağaca atdı, budaqdan sallana-sallana qaldı. Ağaməcid bir da vurmaq istəyəndə Bahar onun ayağından, topuq bəndindən yapışdı. Budaq şaraqqıltı ilə qırıldı, hər ikisi gurumbultu ilə yerə gəldi. Ağaməcid əvvəl yazıq-yazıq zarıdı, sonra qışqırdı. Bahar ağrıyan ayağını tutub ufuldadı. Qalxmaq istəyəndə Ağaməcid onun üstünə cumdu. Çılpaq başına vurmaq üçün Baharın papağını götürüb bir tərəfə atdı. Bahar əllərini qabağa verib qorunurdu. Ağaməcid döyməmiş əl çəkmək istəmirdi. Bahar onun yaxasından bərk-bərk yapışdı. Ağaməcid dartınanda yaxası bez kimi cırıldı. Kimsə qəfildən Baharı qulaqladı:
Nə cürətlə ona sataşırsan, a qodux?!