реклама
Бургер менюБургер меню

Mikayıl Müşfiq – Mən şirin ləhcəli bir bülbüləm / Seçilmiş əsərləri (страница 13)

18
Hökumət, əmr eylə, ürəklər dəyişsin. Onsuz da genişlik mədəni hücumda… Bütün xalq bu yolda etməli iştirak. Nərəmiz salınca aləmə səs-səda, Göylərin yaxası olmalı çaki-çak. Qalmasın bu yerdə keçmişin kölgəsi, Gecənin yerində sökərkən al şafaq. Bu hücum çağırsın hücuma hər kəsi, Bu günçün türkülər söyləsin hər dodaq! Dəyişib batini məscidin, kilsanın, Kürsüdə oxunsun əsrimin xütbəsi. Çatlasın ürəyi Musanın, İsanın, Əhmədin, buddanın tıxansın nəfəsi! Öyləcə papaq da, öyləcə çadra da Atılsın, onlara edəlim əlvida. Ən uzaq dənizdə, ən məchul qarada Yapılsın bu hücum, çınlasın bu səda! Hücum et kitaba, hücum et dəftərə! Çalğıçı, gecikmə, nəğməni sən də çal! Çal, havan yayılsın yerlərə, göylərə, Çünki bu əsrimiz istiyor qalmaqal!

BİR GÖRÜNÜŞ

Çıxmışam bir dağa, qarşımda Bakı Qaynayır, çünki deyil ruha ilıq. Çınlar hər yanda dərin bir səs-küy, Duyulur hər küçədən bir çığlıq. Hara baxsan, görəcəksən itilik, Yaşayış çalxalanır, bir su kibi. Üzlər almazlı, baxışlarsa çəlik, Nəşədir getdiyi yoldan tələbi. Dün bu yerlərdəki karvan yerini Ediyor yolçu tramvaylar əvəz; Boğuyor ölgün azan səslərini O ağızdan iti radyodakı səs. Bir tərəfdən göyə qalxan hər ev Gülüyor boynubükük külbələrə. Sən də, şair, bu uçan aləmi sev! Nəşəli gözlərini dikmə yerə! Raylar üstündə gəzən atlara baq, Sən də onlar kimi çap, dönmə geri! Dala baxmaqda nə var? Çırpınaraq Hər ufaq damla diyor: – Qoş iləri! Hələ qarşımda Xəzər çalxalanır, Qıl nəzər, gör nə köpüklənməsi var! Dalğalar sanki bəyaz quşlardır, Dəniz üstündə qanadlanmışlar. Üfqün altında xəfif bir yelkən, Ah, bu, bir incə xəyaldır, bir əməl, Bir vapor səslənərək titrərkən Qamçılar beynimi bir duyğulu əl. Çıxmışam bir dağa, qarşımda Bakı Qaynayır, çünki deyil ruha ilıq. Çınlar hər yanda çəlik bir səs-küy, Duyulur hər küçədən bir çığlıq.

KÜLƏKLƏR

Hər səhər, hər axşam, hər axşam, hər səhər Çox zaman sərsəri küləklər bixəbər Bir yaxın dost kimi qapımı döyərlər, Küləklər, küləklər, bəstəkar küləklər, Dünyanı dolaşan bəxtiyar küləklər! Bəziniz qorxulu, bəziniz qorxusuz, Bəziniz duyğulu, bəziniz duyğusuz, Bəziniz uyqulu, bəziniz uyqusuz, Küləklər, küləklər, ey sərin küləklər, Sizdə var qoxusu hər yerin, küləklər!