Мамед Эмин Расулзаде – Azərbaycan şairi Nizami (страница 6)
Bununla bərabər obyektiv olaraq onu da qeyd etmək lazımdır ki, Nizami düşünən azərbaycanlılar tərəfindən büsbütün unudulmamışdır: məsələn, 1910-cu ildə Gəncə Dram Cəmiyyəti dahi həmyerlisini yada salıb onun xaraba türbəsini təmir etmək üçün bir kitabça çap edərək könüllü şəkildə vəsait toplamaq təşəbbüsündə olmuşdur. Şərqşünas A.Krımskinin qeyd etdiyi68bu hadisə ilə bərabər mötəbər gəncəlilər, eşitdiyimizə görə, həmin məqsədlə bir neçə min manatdan ibarət olan bir məbləğ də toplamışlar.
Milli istiqlal dövründə də Nizami haqqında düşünüldüyünü müasir formada bir heykəl layihəsinin mövcud olması haqda Azərbaycan hökumətinin sabiq xarici işlər nazirinin müavini Adil xan Ziyadxanın çap olunmuş bir xatirəsindən xəbər tuturuq69. Heyif ki, hadisələr bu layihənin yerinə yetirilməsinə imkan vermədi.
Halbuki Nizami həm azərbaycanlılıq, həm də türklüyə təsəvvür olunacağından daha ciddi, çox və səmimi düyünlərlə bağlıdır. Azərbaycan vətəndaşları kimi türk milliyyətinin də şairlə yaxından maraqlanması üçün təbii və həyati səbəblər vardır.
Azərbaycan hökmdar və şahlarının ehtiram və lütfkarlığını görüb, kitablarını onların adına bağlayan bir şairin Azərbaycan vətənpərvərliyində oynayacağı mənəvi rolun kiçik olmayacağı aşkar bir həqiqətdir. Hansı mənəvi varlıq və tarixi iftixar Azərbaycana Nizami xatirəsindən daha yüksək və dünyaya şamil olan bir dəyəri təmin edə bilər?
Nizami kimi bir mədəni dəyəri hansı azərbaycanlı vətənpərvərlik ənənəsi çərçivəsindən kənara çıxara bilər? Hansı yurdsevər və şüurlu bir azəri türkü Nizami ilə öyünməyə bilər?!70
Nizami azərbaycanlıların yalnız məmləkətçilik deyil, milli duyğularını da oyandıracaq bir şəxsiyyətdir. Bu şəxsiyyətlə təkcə azərbaycanlılar deyil, bütün türklərin öyünmələri gərəkdir. Dilinin farsca olmasına rəğmən heç bir şairdə türklük Nizamidə olduğu qədər ideallaşdırılmış deyildir.
Kitabımızın müəyyən bölməsində təfsilatı ilə təkrar edəcəyimiz
Onun yaşadığı zaman və şəraitdə dilin əhəmiyyəti yox idi; əhəmiyyətli olan hissiyyat idi. Hiss baxımından isə Nizaminin türklüyünü isbat edən dəlillər bir deyil, minlərcədir.
X
NİZAMİYƏ BORCUMUZ
Azərbaycanın bu böyük oğluna can və ürəkdən bağlanmaq, ona aid maddi və mənəvi xatirələri Vətən və milləti birləşdirən bir müqəddərat kimi mənimsəmək, əsərlərini diqqət və ehtiram ilə öyrənmək, yaratdığı ədəbi tablo və timsalları müasir sənətin texnika vasitəsilə yenidən canlandırmaq, möcüzəli sənətindəki bütün incəliklərin zövqünə varmaq, yüksək ruhundakı böyüklük və dərinliyin həqiqi ölçülərini bilməyə çalışmaq, varlığın sirlərini araşdıran hikmət və fəlsəfəsini qavramaq, bir sözlə, öz zamanında anlaşılmadığından şikayət etdiyi “türkcə”sini anlamaq – budur vətənpərvər Azərbaycan ziyalılarının və milliyyətçi türklərin vəzifəsi!
Bu vəzifədən üzərimizə düşən hissəsini öz bacarığımız daxilində hazırladığımız və müharibə vaxtının yaratdığı çətinliklər, mövzu ilə bağlı qaynaqların hamısını əldə edib nəzərdən keçirə bilməməyimiz, nəticədə, istədiyimiz kamillik və dolğunluğa nail olmayıb, bizi qane edə bilməyən bu səhifələrin Nizaminin yubileyinə hədiyyə edilməsində başlıca məqsəd türkdilli gənc nəsildə Azərbaycanın bu böyük şairinə qarşı bir maraq oyatmaqdan ibarətdir.
Kitabımızın bu məqsədə nail olduğunu bilmək bizim üçün bir sevinc qaynağı olacaqdır.
BİRİNCİ BÖLÜM
NİZAMİ KİMDİR?
I
NİZAMİNİN TƏRCÜMEYİ-HALI
Çöldən, dərədən bütün ərənlər,
Lütf ilə mənə salam edərlər.
Qalsam eyi, gər ila nəhayət,
Qəbrim qılınır mənim ziyarət.
Nizami
Nizami Azərbaycanın qədim paytaxtlarından olan Gəncədə doğulub, yaşayıb və dəfn edildiyi üçün Gəncəli Nizami mənasında işlədilən Nizamiyi-Gəncəvi adıyla tanınmışdır71.
Nizami “nami-müstəar” deyilən götürmə bir addır, əski sözlə desək, təxəllüsdür. Şairin əsl adı İlyasdır. Atası Müəyyəd oğlu Yusifdir. Anası şairin özünün qeyd etdiyi kimi “Rəiseyi-Kürd” olub, Gəncədə yaşamış Azərbaycan kürdlərindən olan bir ailənin qızı olmuşdur. Onun adı məlum deyil72. Qaynaqlarda qeyd olunmamışdır. Şairin ləqəbi Nizaməddin, künyəsi Əbu-Muhəmməddir.73
Əski dövrlərdə yaşamış Şərqin bir çox məşhur şəxsiyyətləri kimi Nizaminin də nə doğulduğu, nə də öldüyü tarix dəqiq məlum olmadığı üçün həmin tarixlər yalnız təxmini olaraq təyin edilir. Şair 1141-ci ildə (hicri 535-ci il) anadan olmuşdur.
Nizami hələ uşaq ikən atasını, sonra isə anasını itirmişdir. O da tarixin bir “Dürri-yetimi”dir74. Bu yetimin tərbiyə və bəslənməsini dayısı Xacə Həsən öz üzərinə götürmüşdür.
“Leyli və Məcnun” poemasının müqəddiməsində şair atası ilə anasından sonra dayısını da itirməyindən böyük kədərlə söhbət açmışdır.
Bəzi təzkirələrdə qeyd olunduğu kimi Nizami dayısının himayəsinə tək deyil, öz qardaşı Qivami Mütərrizi ilə birlikdə keçmişdir. Bəzi rəvayətlərə görə bu Mütərrizi Nizaminin qardaşı deyil, ya xalası oğlu, ya da əmisi oğlu imiş. Necə olursa-olsun, uğradıqları fəlakətə baxmayaraq gənclər öz zamanlarına görə yüksək təhsil almış və yaxşı yetişmişlər. Mütərrizinin öz parlaq qəsidələri ilə klassik ədəbiyyatda önəmli yer tutması da dediklərimizi təsdiq edir. Onun Azərbaycan atabəylərindən Qızıl Arslana yazdığı qəsidə, qəsidə ədəbiyyatında şah əsər sayılmaqdadır75.
Nizaminin yüksək təhsil alması onun əsərlərindən və müasirləri tərəfindən ona “Həkim” (böyük, bilici, müdrik –
Şairin musiqi aləmində geniş biliyə malik olduğunu Barbədin Xosrov Pərvizə çaldığı otuz mahnının ustalıqla hərəsini bir beytlə təsvir etdiyindən, ədəbiyyat sahəsində olan dərin məlumatını “Kəlilə və Dimnə”nin təmsillərinin qırxını qırx beytə sığışdıra bildiyindən, İslam elmlərinin dərinliklərinə vardığını Quran, hədis, İslam peyğəmbərinin tərcümeyi-halı və onun haqqındakı rəvayətlərdən bol-bol iqtibaslarından, astronomiya aləmində böyük mütəxəssis olduğunu isə Məcnunun ulduzlara öz vəziyyətini şərh etməyindən öyrənirik. Həkimliyin, təbabətin mahiyyətini şair iki kəlmə ilə izah edir: “Nə az ye, nə də çox…”76.
Əsərlərinə yazdığı müqəddimələrdən məlum olur ki, Nizami qədim dillərdən pəhləvi, nəsturi, yəhudi dillərini də bilirmiş. O, öz poemaları üçün topladığı materialları adi və geniş yayılmış sadə qaynaqlardan deyil, qeyd edilmiş qədim dillərdəki məxəzlərdən dəqiq araşdırmalar vasitəsilə əldə etdiyini bizə anlatmışdır.
Nizaminin dövründə İslam cəmiyyəti bir tərəfdən şiəlik və sünnilik məzhəbləri arasında gedən mübarizə, o biri tərəfdən isə sufilər və şəriətçilər arasındakı mübahisələr içərisində çalxalanırdı. Nizami Allaha inanan, Peyğəmbərə bağlı dindar və sadiq bir müsəlman idi. O, İslam cəmiyyətini parçalayan məzhəb və firqələrin apardığı mübarizənin fövqündə duran, dar fanatizm, səbirsizlik və təmkinsizlikdən uzaq kamil bir təbiət və əxlaq sahibi idi. O, “İmam Əliyə böyük məhəbbət bəslədiyi kimi Ömərə sevgidən də xali deyildi”77.
Din sahəsində göstərdiyi bu müvazinəti o, fikir sahəsində də göstərirdi. Bir sufi sifətiylə sufiliyə çox yabançı olmadığı kimi tərki-dünyalıq istəyən dərvişlərə də özünü bağlamamışdı. İsrafdan və dünya nemətlərindən sui-istifadədən, bəd əməllərdən və hər cürə düşkünlüklərdən özünü qorumaqla bərabər o, həyatı sevirdi və həyat sevgisində özünəməxsus bir gözəllik tapırdı, gözəl yaşamağı ürəkdən diləyirdi.
Sufilikdəki seyr və süluk təhsilini kimdən alması, hansı şeyxlər tərəfindən irşad və hidayət edilməsi barədə şairin özü susub, bir söz deməmişdir; yalnız bəzi rəvayətlərdə onun Şeyx Əxi Fərrux Reyhani və ya Əxi Fərəc Zəncanidən dərs alması qeyd olunur78. Tədqiqatçıların bir qismi Nizaminin sufi olmasını qəbul etməsələr də, onun sufiyanə həyat keçirməsi barədə bütün alimlər həmrəydirlər. O, yalnız şair deyil, eyni zamanda yüksək səviyyəli müdrik, bilici və şeyx kimi tanınmışdır.
Nizaminin müəllimləri sayılan, adları yuxarıda çəkilmiş Əxi Fərrux və ya Əxi Fərəc haqqında təzkirələrdə və tərcümeyi-hal kitablarında heç bir müfəssəl məlumat yoxdur. Yuxarıda qeyd olunduğu kimi şairin öz əsərlərində də bu xüsusda heç bir xəbər yoxdur. Bu çatışmazlıq nəticəsində şairin mənəvi şəxsiyyətinin həqiqətdə hansı qaynaqdan ilham almış olduğunu göstərmək çətindir.
Müəllimləri sayılan şeyxlərin adlarındakı “Əxu” və ya “Əxi” komponentlərindən məna çıxaran bəzi müəlliflər Nizaminin ustadı olan şeyxin “Əxilik” təriqət və cəmiyyətinə mənsub bir mürşid olduğunu təxmin etməkdədirlər. “Əhli-fütüvvət” də deyilən bu əxilik cəmiyyəti üzvlərinin nə kimi fikir cərəyanını təmsil etmiş olduqlarını tədqiq edib incələmək dolayısı ilə də olsa, Nizaminin hansı və nə kimi ictimai və fəlsəfi bir məktəbə mənsub olduğu haqda bizə qəti olmasa da bir təsəvvür verə bilər.