Мамед Эмин Расулзаде – Azərbaycan şairi Nizami (страница 2)
Bunlardan bir neçə önəmlisini burada qeyd etmək istərdik. Beləliklə, Şərq İslam mədəniyyətinin hər sahəsində Azərbaycanın tutmuş olduğu yerlə bağlı ümumi bir təsəvvür yaranar.
Hicrətdən sonra 421-ci ildə (miladi X əsr) doğulmuş Xətib Təbrizi9 ərəb ədibləri və dilçiləri arasında çox önəmli bir mövqe sahibidir. O, ərəb ədəbiyyatının əsas kitablarından bir çoxunu şərh etmiş və aydınlatmışdır.
Hicri 458-ci ildə vəfat etmiş (X əsrdə yaşamış) Mərzban oğlu Əbülhəsən Bəhmənyar “müəllimi-əvvəl” Əbu Əli Sinanın böyük şagirdlərindən biridir. O, ustadının fəlsəfəsini davam etdirmişdir. Əsərləri Avropa dillərinə də çevrilmişdir10.
Hicri VI əsr münəccimlərindən Fəridəddin Şirvani otuz illik əməyin məhsulu olan astronomik təqvimləri ilə məşhurdur11.
VIII əsrdə yaşamış Bakılı Əbdürrəşid ərəb coğrafiyaçıları arasında dəyərli bir müəllif kimi tanınır12.
Yenə VIII yüzillikdə yaşamış Əbdülqadir Marağayi musiqidəki biliyi, bu sahədə yazdığı əsərləri və etdiyi yeni ixtiraları ilə tanınmışdır.
IX əsrin tanınmış təbiblərindən Şirvanlı Şükrüllah öz ixtisası ilə yanaşı başqa elmlərə aid əsərləri ilə də məşhurdur13.
Türküstan fatehi Əmir Teymurun tarixini yazan Nizaməddin Şam-Qazani14 də azərbaycanlıdır.
Memarlıq, kaşı sənəti, nəqqaşlıq və gözəl yazı (xəttatlıq-kalliqrafiya) kimi sənətlərdə də azərbaycanlı sənətkarların yüksək səviyyəli əsərlərinə Təbrizdə, Ərdəbildə, Naxçıvanda və Bakıda indi də rast gələ bilirik.
Təbrizdəki Göy məscidin15 kaşıkarlıq sənəti baxımından qazandığı şöhrət uçuntuları üzərində araşdırmalar aparan mütəxəssislər tərəfindən yekdilliklə təsdiq olunur. Naxçıvanda Azərbaycan Atabəylərinin tikdirdikləri Möminə xatun türbəsi16 yüksək səviyyəli bir sənət abidəsidir. Azərbaycan memarlarından S.Ə.Dadaşov və M.Ə.Hüseynovun “Bakı akropolu” dedikləri Şirvanşahlar zamanından qalma “Şaşal”17 üstündəki saraya aid binalardan ən məşhuru “Divanxana”nın ağ daş üzərində işlənmiş oymaları və tikilişindəki memarlıq özünəməxsusluğu ilə zövq və sənət əhlini heyran qoymaqdadır18.
XIV əsr şairi Arif Ərdəbili Şirvanda şah Axsitandan qalma bir qaladan bəhs edir ki, divarlarında qoyulmuş incə quruluşlu gözəl heykəllərdən fontan şəklində sular axarmış. İstər bunları, istərsə də Bakıdakı memarlıq abidələrini birnəfəsə təsvir edən şair “Fərhad oğulları”nın bu əsərlərinə, gerçəkdən, heyrətləndiyini bildirir19.
İran nəqqaşlığının ən məşhur ustadı Kəmaləddin Behzadın müəllimi Pir Seyid Əhməd təbrizlidir. Bu şəxs ilxanilərdən rəssamlıq və sənətkarlıqla yaxından ilgilənən Əbu Səidin zamanında yetişmiş Əhməd Musa, Əmir Dövlətyar, Şəmsəddin, Pir Əhməd Baqi-Şimali kimi məşhur Azərbaycan rəssam və nəqqaşlarındandır20. Teymurilərdən Hüseyn Bayqaranın zamanında Heratda Əlişir Nəvainin himayəsi və nəzarəti altında çalışmışdır. “Teymurilər dövrü miniatürçülüyü” adı ilə məşhur nəqqaşlıq məktəbinin yaradılmasında rolu olmuşdur21. Həmin məktəbin bəlli ustadlarından, əski əlyazmalarını nəfis əsərləri ilə bəzəyən məşhur miniatürçülərdən Ağa Mirək də təbrizlidir22. Nəvainin zamanında Heratda çalışmış təbrizli məşhur rəssamlardan biri də Sultan Məhəmməddir. Bu şəxs sonradan oğlu Məhəmməd ilə birlikdə Səfəvilərin xidmətinə keçmişdir23. Sultan Üveys Cəlari ilə oğlu Sultan Əhməd öz dövrlərinin sayılıb-seçilən rəssamlarından olmuşlar24. Təbrizli Əbdülhəy rəssam Sultan Üveysin tələbəsi və oğlu Əhmədin ustadıdır ki, sonradan Teymur tərəfindən Səmərqəndə aparılmışdır. Azərbaycanlılardan nəqqaş Xacə Qiyasəddin, rəssamlar Kəmali və Mirzə Əlinin adları da tanınır. İlxanilər dövründə əvvəlcə daha çox çinlilər və uyğurların işi olan nəqqaşlıq və rəssamlıq sonradan azərbaycanlı türklərin əlinə keçmişdir25.
Başda Seyrəfi26 olmaqla Şərqin bir çox tanınmış xəttatları Azərbaycanda yetişiblər. Bunlardan Teymurun katibi olmuş Əmir Bədrəddinin əlilə yazılmış fərman və münşəat (
Baburilərdən (Moğollardan –
Osmanlı sultanları tərəfindən Bursa ilə İstanbulda tikdirilmiş memarlıq abidələrində də azərbaycanlı türk sənətkarların əsərlərini tapmaq mümkündür30. Məsələn, Bursadakı məşhur “Yaşıl came”nin kaşılarının çox mühüm bir qismi təbrizli ustalar tərəfindən düzəldilmişdir31.
Mücərrəd elmlər və maddi sənətlər sahəsi ilə yanaşı azərbaycanlıların təsəvvüf, fəlsəfə və ümumiyyətlə, fikir dünyasında Şərq İslam mədəniyyətinə son dərəcə önəmli faydası olmuşdur.
Sufiliyin şəxsiyyəti mübhəmliklər və mistik əfsanələrlə əhatələnmiş piri və Cəlaləddin Ruminin ilham qaynağı olmuş Şəms32 təbrizlidir. Eyni məktəbin klassik sirlərini izah edən məşhur “Gülşəni-raz” müəllifi Şeyx Mahmud Azərbaycanın Şəbüstər qəsəbəsində doğulmuşdur33. Yenə sufilərin tanınmış şəxsiyyətlərindən, hürufi təriqətinin məşhur banisi Şah Fəzlullah Nəimi34 də azərbaycanlıdır. Xəlvətilərin tanınmış mürşidlərindən şirvanlı Seyyid Yəhya Bakıda məscid, mədrəsə və dərgah sahibi olmuş və orada da dəfn edilmişdir.
İranın məşhur didaktik şairi Sədi öz “Bustan”ında bakılı Baba Kuhidən35 iqtibas etmişdir.
Eyni zamanda Şeyx Sədi çağının tanınmış mürşidlərindən Şeyx Hümam Təbrizidən36 də faydalanmışdır.
Səlcuqilər və onlardan sonra İlxanilər zamanında Azərbaycanın ayrı-ayrı şəhərlərində İslam elminin hər sahəsində böyük alimlər yetişmişdir. İlxanilər zamanında Azərbaycanın tarix, coğrafiya, heyət (astronomiya –
Ədəbiyyat sahəsinə gəlincə Azərbaycanın rolu daha böyük bir ölçüdədir.
Azərbaycan türklərinin klassik türk ədəbiyyatına Nəsimi, Həbibi və nəhayət, Füzuli kimi tanınmış və böyük simalar verdikləri məlumdur37. Azərbaycanlıların klassik İran ədəbiyyatındakı payları da önəmli bir dərəcədədir.
Azərbaycan başda gəncəli Nizami olmaqla İran ədəbiyyatına bir sıra məşhur adlar bəxş etmişdir. Bunlardan Xaqani Şirvani, Fələki Şirvani, Mücir Beyləqani, Əbülüla Gəncəvi və başqalarını qeyd edə bilərik.
Bunlar XII yüzilliyin şairləridir. Hələ onlardan əvvəl XI əsrdə şair və filosof Qətran Təbrizi vardır ki, o zamankı Azərbaycan hökmdarlarının həyat və fəaliyyətini nəzmə çəkmişdir.
Həmin dövrlərdə fars dili müsəlman Şərqində ədəbi və rəsmi bir dil hökmündə idi. Fars olmayanlar da əsərlərini bu dildə yazırdılar.
Amma təkcə bu dövrlərdə deyil, daha sonrakı əsrlərə aid İran şairləri arasında da Əhməd ibn Məhəmməd Təbrizi (XIV əsr)38, Qasım Ənvar (XV əsr)39, Sadıq Əfşar (XVI əsr)40 və Saib Təbrizi (XVII əsr) kimi İran ədəbiyyatının ön sıralarında yer alan bir çox azərbaycanlıları görürük. Bunlardan təbrizli olduğuna, xüsusilə, öyünən Saib41 fars ədəbiyyatının sonuncu ustadlarından ən qüdrətlisi kimi tanınır.
Çağdaş İran ədəbiyyatında da Azərbaycan türkü olan ədiblərin rolu önəmlidir. Bunlardan “Kitabi-Əhməd”in müəllifi Əbdürrəhim Talıbzadə, “Səyahətnameyi-İbrahim bəy”in müəllifi Hacı Zeynalabdin Marağayi və “Əxtər” qəzetinin yazarı Məhəmməd Tahir kimi simaları qeyd edə bilərik.
IV
TÜRK HAKİMİYYƏTİ ALTINDA FARS ƏDƏBİYYATI
XVIII əsrdə fransız olmayan avropalı yazıçılar da əsərlərini fransızca yazmışlar. Ümumiyyətlə, bu dil o çağlarda Avropanın böyük bir hissəsində ümumi idarə, elm və ədəbiyyat dili olmuşdur.
İslam Şərqində biz bu olayın bir bənzərini görürük: miladi X əsrlə XIII əsr arasında İslam Şərqi üçün fars dili ümumi bir dövlət və ədəbiyyat dili olmuşdur. İranlı, yəni fars olmayan müəlliflər belə elmi və ədəbi əsərlərini bu dildə yazmışlar. Zamanın bu tələbinə, xüsusilə, türk ziyalıları uymuşlar. Beləcə onlardan qalan əsərlər də təbiidir ki, yazdıqları dilə görə İran və fars ədəbiyyatı xəzinəsinin malı olmuşdur.
“Encyclopedie de L’Islam”da İran ədəbiyyatı haqqındakı məqaləsində Y.Bertels bu fikrə əsaslanaraq belə yazmışdır:
“Ön Asiyanın siyasi inkişafı yeni İran dilini, yəni farscanı danışıq dilləri farsca olmayan millətlər və xalqlar üçün ədəbi dil səviyyəsinə qaldırmışdır. Fars dili bu xalqlar üçün XVIII əsr Avropasındakı fransızca kimi yüksək hakim sinfi dili olmuşdur. Buna görə yeni İran ədəbiyyatını sözün geniş mənasında yalnız fars ədəbiyyatı kimi götürmək doğru olmaz. Bu ədəbiyyat İranın olduğu kimi Hindistanın, Orta Asiyanın, qismən Türkiyənin və Əfqanıstanın da ədəbiyyatıdır).
Görünür ki, İran ərəb istilasından yalnız siyasi cəhətdən qurtulmaq üçün deyil, mədəni baxımdan dirilmək və yüksəlmək üçün də türk qüvvət və zəkasından böyük ölçüdə faydalanmışdır.
Fars ədəbiyyatı yalnız türk saraylarında işlənməklə və türk xaqanlarının himayəsini görməklə qalmamış, eyni zamanda türk millətindən olan şairlər tərəfindən də yaradılmışdır.
Tarixin bizə qəribə görünən bu olayı İslam Şərqinin mədəni inkişafını düzgün anlamaqdan ötrü üzərində xüsusi dayanılmalı bir mövzudur.