Лоран Сексик – Albert Eynşteyn (страница 4)
Bir sözlə, bu böyük evdə Eynşteyn öz ikinci ailəsini tapır. Bələdiyyə məktəbində tədris metodları Münhen gimnaziyası müəllimlərinin amiranə göstərişlərindən çox fərqlidir. Burada həqiqi mənada uşaqları maarifləndirir, elm öyrədirlər. Tədris olunan nəzəriyyələrin təcrübədə təsdiqi üçün Albertin ixtiyarına müxtəlif cihazlar verilir. Bəlkə də, Albert məhz burada özünü fizik kimi kəşf edir. Riyaziyyatı həmişə başlıca məqsədi hesab etsə də, artıq yolunun başqa olduğunu anlayır. Həndəsə və cəbr bu yolda yalnız vasitədir, fikirlərini cilalamaq üçün alətdir. Albert sövq-təbii olaraq hiss edir ki, ağlını kainat sirlərinin izahına sərf etməlidir.
Məktəbin kitabxanası çox zəngindir. O hər şeyi birnəfəsə oxuyur. Böyük fiziklərin əsərlərini daha çox xoşlayır. Kainatın sirlərinin indiyə qədər necə izah edildiyini bilmək istəyir. Fizikanın yaradıcısı Aristoteli özü üçün kəşf edir. Bu yunan filosofunun onun sevimli fənni barədə yazdıqlarının hamısını oxuyur. Sonra Kopernik, Nyuton, Leybnits… Nəhayət, özünün müasirləri olan Max15, Plank16, Maksvell17, Hers18. O hər gün şər qarışana qədər bu kitabxanada elm dəryasına qərq olur.
Albertin on altı yaşı var. O, maqnit sahəsini öyrənir. Dağların arasında itib-batmış qəsəbədə yaşayan bu cavan oğlan artıq İsaak Nyutonun kəşflərinə, onun gəldiyi nəticələrə tənqidi yanaşır!
Bir il ötür. Albert bu bir ilini elmə, şəhərətrafı gəzintilərə, siyasi şüurunun yüksəlməsinə və Yost Vintelerin qızı Mariyaya həsr edir. Heç şübhəsiz bu zaman kəsiyini onun ömrünün ən gözəl dövrü hesab etmək olar.
1896-cı ilin sentyabr ayı. Sürix «Politexnikum»una qayıdış. Nəticələr onun gözləntilərini doğruldur. Albert «Politexnikum»a qəbul olunur. Bu məktəb riyaziyyat və fizika müəllimləri hazırlayır. On yeddi yaşlı Eynşteyn öz qrupunda ən gənc tələbədir. Təhsil müddəti dörd ildir. Sürixdə dolanışıq bahadır. Ana tərəfdən qohumlarının göndərdiyi pulla zorla dolanır. Valideynləri maddi cəhətdən ona kömək eləyə bilmirlər. Ailə çətin vəziyyətdədir. Germanın Milandakı müəssisəsi iflasa uğrayıb. O yalnız 1899-cu ildə özünə şəhər elektrik şəbəkəsində babat bir iş tapacaqdı. Lakin bundan cəmi üç il sonra vəfat edəcək və oğlunun hansı zirvələrə qalxdığını görməyəcəkdi…
Sürix onun Mariya Vintelerə olan sevgisinin üstündən xətt çəkir. Get-gedə məktubların arası kəsilir. Bu, Mariyanı depressiyaya salır. Ailələrin arzusu həyata keçmir. Paulina çox istəyirdi ki, Mariya onun gəlini olsun. Çünki qızın ailəsi yəhudi ənənələrinə sadiq idi. Bir də ki, yəhudilər yalnız yəhudi anadan doğula bilər. Övladlarından hansınınsa bu ənənəni pozacağı, başqa millətdən olan insanla ailə quracağı fikri Paulinanı əndişəyə salırdı. Necə yəni, Paulinanın nəvələri yəhudi olmayacaq?! O buna dözərmi? Nə etməli, həyatı proqnozlaşdırmaq mümkün deyil…
Albert təhsildən məmnundur: məktəbdəki müəllim heyəti ürəyincədir, tədrisin keyfiyyəti gələcəyin böyük aliminin tələblərinə cavab verir. Məktəbin direktoru Veber19, eyni zamanda fizika kafedrasına rəhbərlik edir. Veber şagirdinin qabiliyyətinə heyran qalıb. Albert isə onun timsalında, axır ki, arzuladığı müəllimi tapıb! Nəzəriyyələrini Veberin laboratoriyasında sınaqdan keçirəcəkdi. Təcrübə vaxtı baş verən partlayışda əlini zədələyəcək və bir müddət skripka çala bilməyəcəkdi.
Həmin dövrdə fizika bir elm sahəsi kimi artıq riyaziyyatdan ayrı tədris olunmağa başlamışdı. Albert inkişaf dövrünü yaşayan bu elmi öyrənməyə girişir. Təcrübələrə getdikcə artan marağı, həvəsi onu nəzəriyyədən uzaqlaşdırır. Riyaziyyata həvəsi sönür. O deyirdi: «Nəzəriyyəni təcrübə ilə yoxlamaq olar, ancaq təcrübədən nəzəriyyəyə aparan yol yoxdur». Albertin bu yanaşması müəllimi, riyaziyyat dahisi Minkovskini20 razı salmır. Eynşteyn sonralar «elmlərin şahı»na etinasızlıq göstərdiyinə görə peşman olacaqdı. Riyaziyyata həvəsinin qəfil sönməsi onun elmi axtarışlarını ləngidəcəkdi. Lakin nisbilik nəzəriyyəsi üzərində işləməyə başlayanda riyaziyyatla əlaqəni yenidən bərpa edəcəkdi.
«Politexnikum»da böyük dostluqların da əsası qoyulur. Avstriya sosial-demokratlarının lideri Viktor Adlerin oğlu, 1879–1960-cı illərdə yaşamış Avstriya siyasətçisi və inqilabçısı Fridrix Adler ona inqilab nəzəriyyələrini aşılamağa çalışsa da, buna nail ola bilmir. Fridrix 1916-cı ildə Avstriya baş nazirini qətlə yetirəcəkdi. Eynşteyn isə I Dünya müharibəsindən (1914–1918) sonra Adlerin vaxtından əvvəl azad edilməsi üçün düzənlənəcək kampaniyaya qoşulacaqdı.
Albert həmçinin gələcəkdə böyük tədqiqatçı kimi yetişəcək Marsel Qrossmanla (1878–1936-cı illərdə yaşamış İsveçrə riyaziyyatçısı) birlikdə Sürix institutunun yanındakı «Metropol» kafesinin ab-havasını dəyişəcək, Mikele Ancello Bessonun (1873–1955-ci illərdə yaşamış italiyalı mühəndis) şəxsində isə ən sadiq dostunu tapacaqdı.
O dövrdə Sürixdə kimlər yox idi: sürgün olunanlar, qaçqınlar, casuslar… Trotskinin21 yolu Sürixdən keçmişdi, Lenin bu şəhərdə yaşayırdı. Hər kəs burada özünü tamamilə sərbəst hiss eləyə, müxtəlif ideoloji baxışlar, dünyagörüşlər barədə azad şəkildə mübahisə apara, mühakimə yürüdə bilərdi. Bir sözlə, Eynşteyn gəlib dünyanın yolayrıcına çıxmışdı…
Mileva Mariç. Deyilənlərə görə, bu qadında gözəllik adına heç nə yox idi. Üstəlik, bir ayağını da çəkirdi. Ağırxasiyyətli Mileva həm də qısqanc və depressiyaya meyilli idi. Albertdən də üç yaş böyükdü. Milliyyətcə serb olan bu qadın fizika və riyaziyyata böyük maraq göstərirdi. Eynşteyn Milevayla 1898-ci ildə tanış olmuşdu. Heç kim onları bir-birinə yaraşdırmır: oğlan uşaqlıq illərinin əksinə olaraq indi hədsiz dərəcədə ünsiyyətcil, qız isə qapalı və utancaqdır.
Dini mənşəyinə görə xristianlığın pravoslav qoluna mənsub olan Mileva qatı yəhudi Paulinanın kabusuna çevrilmişdi. Qız gözəl, zərif olsa yenə dərd yarı idi. Üstəlik, tez-tələsik toy eləmək istəyir! Cibində siçanlar oynayan, vətəndaşlığı belə olmayan oğlan serb qaçqını ilə evlənə bilərdimi?
Paulina oğlunun Mariya Vintelerdən ayrılmasına təəssüf eləyirdi. Digər tərəfdən, Albert öz başını dolandıra bilmədiyi halda necə ailə qurmaq istəyir?
Paulina oğlunun Mileva ilə nikahının əleyhinə olduğunu gizlətmirdi. O, Alberti bu niyyətindən çəkindirməyə çalışırdı. Hətta oğlu ilə münasibətini kəsəcəyini bildirirdi. Ancaq bütün bu məzəmmətlər, təhdidlər işə yaramadı. Eynşteyn yalnız ikinci evliliyində anasının arzuladığı kimi mehriban, təmkinli, zərif və ən başlıcası, yəhudi ənənələri ilə böyümüş qadınla ailə quracaqdı. Həm də bu qadın onun qan qohumu, öz əmisi qızı olacaqdı!
Hələliksə Albertlə Mileva, nəyin bahasına olursa olsun, bir yerdə yaşamaq istəyirlər. Albert atasının köməyinə ümid bağlayır və yanılmır. German onun xoşbəxtliyinə qarşı çıxmır. Lakin 1902-ci ildə ata ürək tutmasından vəfat edir. 1903-cü il yanvar ayının 6-da isə Albertlə Mileva ailə qururlar.
Son aylar Albert məktəbdə sanki özünü idarə eləyə bilmir. Onu Münhen gimnaziyasını atmağa məcbur edən şeytan yenə içinə girib. Müəllimlərlə yola getmir, onlara rişxənd eləyir. Nəticədə müdiriyyətin qəzəbinə tuş gəlir. Professor Minkovski ilə əlaqəni müvəqqəti olaraq kəsir, Veberlə arası dəyir. Bununla belə, Eynşteyn 1900-cü ildə məzun olur və diplom alır. Ancaq Albert yeganə tələbə idi ki, ona məktəbdə qalıb müəllim işləmək təklif olunmur. Professorlardan heç kim Eynşteyni öz assistenti olaraq görmək istəmir. Veber aralarında olan xətir-hörmətə baxmayaraq ona kömək etmir. Beləliklə, Eynşteyni bu nüfuzlu məktəbin qapısından boşluğa itələyirlər.
1900-cü il: Eynşteyn – cibində qara qəpiyi belə olmayan işsizdir. Düz bir əsr sonra 1999-cu ildə isə «Taym» jurnalı onu «Əsrin adamı» elan edəcək.
Lakin hələ ki əsrin ilk günləri yaşanmaqdadır. Gələcəyin alimi çətinliklə də olsa, Şafhauzen adlı qəsəbədə repetitorluğa başlayır. Milevadan ayrılıb həmin qəsəbəyə yollanır. Orada gənc bir ingilisə riyaziyyatdan dərs deməlidir. Ancaq bir neçə aydan sonra qovulur: Alberti işə götürən şəxs onun davranışını «biabırçı», pedaqoji metodlarını isə «yarıtmaz» hesab edir.
Mileva hamilədir. O, pulları olmadığından yaşamaq üçün valideynlərinin yanına – Serbiyaya qayıdır. Eynşteynin həyatının ən müəmmalı dövrü də elə bu zamana təsadüf edir…
Çox keçmədən Mileva ilə Albertin qızları dünyaya gəlir. Adını Lizerl qoyurlar. Məktublardan hər iki valideynin sevinc hissi keçirdiyini duymaq mümkündür. Lakin Albert yeni doğulan övladını görmək, onu qucağına almaq üçün gənc ananın yanına getmir. Niyə? Eynşteyn maddi problemlərin ağırlığı altında əzildiyi bir vaxtda atalıq yükünü öz çiyninə götürməkdən qorxurdu, yoxsa başqa bir səbəb vardı? Bu sualın cavabı indiyə kimi tapılmayıb.
Albertin qızının sonrakı taleyi də naməlumdur. Körpənin uşaq evinə verildiyini deyənlər də var, iki yaşında ikən skarlatindən22 öldüyünü söyləyənlər də. Bəziləri isə onun atasından sonra həyatdan köçdüyünü iddia edirlər. Sonralar dünyaya gələn digər iki uşağını ürəkdən sevən Eynşteynin ilk övladına qarşı niyə belə laqeydlik göstərdiyini bilən yoxdur. İstənilən halda «Lizerl məsələsi» böyük alimin parlaq bioqrafiyasına kölgə salır.
Müasir dövrümüzdə az qala bütün arxivlər açılandan sonra da Albertin ilk övladı ilə bağlı müəmmalara aydınlıq gətirmək mümkün olmayıb. Lakin bir şey dəqiqdir: insan hətta dahi şəxsiyyət olsa belə, gənc yaşında ağlasığmaz işlərə yol verə bilər!