Лев Толстой – Hacı Murad (страница 3)
Belə bir vaxtda Şamilin yanından adam gəlib ona kağız gətirdi. Şamil yazırdı ki, Əhməd xanın əlindən qurtarmaqda, onu öldürməkdə Hacı Murada kömək eləməyə hazırdır. O həm də bütün Avarıstanı Hacı Muradın ixtiyarına verməyi boyun olurdu.
Hacı Murad çox götür-qoy eləyəndən sonra Şamilin şərtinə razı oldu. O gündən də vaxtaşırı ruslarla döyüşə girdi. O, çox vaxt qəfildən hücüm edir və həmişə də uğur qazanırdı. Hacı Murad misilsiz cürəti ilə bütün Qafqazda ad qazanmışdı.
Şamillə ara soyuyur
Şeyx Şamillə Hacı Murad heç vaxt dost olmamışdılar. Şamil bir yandan Hacı Muraddan qorxurdu, bir yandan da onsuz keçinə bilmirdi. Ruslarla döyüşmək üçün Şamilə Hacı Murad kimi adam hava-su kimi lazım idi. Hacı Muradın isə Şamilə qoşulmaqda məqsədi düşmənlərindən intiqam almaq idi.
Onların arasındakı soyuqluğu bir təsadüf daha da artırdı. Bir dəfə Hacı Muraddan soruşdular:
– Şamildən sonra imam kim olacaq?
Hacı Murad birbaşa cavab verdi:
– Kimin qılıncı itidir, o!
Bu sözləri İmam Şamilə çatdırdılar. Şamil Hacı Muradın dediklərini pis yana yozub ondan yaxasını qurtarmaq fikrinə düşdü. Amma istəyini açıq-aşkar həyata keçirə bilmirdi. Çünki Hacı Murad təzədən rusların tərəfinə keçsəydi, Şamil üçün daha da təhlükəli olardı. Ona görə imam başqa tədbirlərə əl atmağa başladı. O, Hacı Muradı daha qorxulu səfərlərə göndərirdi. Beləcə, ümid eləyirdi ki, bu səfərlərin birində Hacı Muradın başına pis bir iş gələcək. Bu səfərlərdən biri də Tabasarana yürüş idi.
Hacı Murad isə bütün gedər-gəlməz yollardan sağ-salamat, əlidolu qayıdırdı. O, Tabasaran səfərindən min qoyun, üç yüz də atla döndü. Ancaq İmam Şamil buna qane olmadı, dedi ki, tapşırığı yaxşı yerinə yetirməyib. Bunun ardınca o, Hacı Muradın naibliyini əlindən aldı, əmr elədi ki, qızıl pulları da göndərsin. Hacı Murad Şamilə min qızıl göndərdi, ancaq imam buna da qane olmadı. Müridlərini göndərib Hacı Muradın bütün var-yoxunu əlindən aldı, özündən də yanına gəlməyi tələb elədi.
Hacı Murad bilirdi ki, Şamil onu öldürəcək, ona görə də imamın yanına getmədi. İmam Şamil müridlərini Hacı Muradı tutmaq üçün göndərdi. Amma Hacı Murad da asan ələ keçən adam deyildi, müridlərlə atışa-atışa aradan çıxdı.
Mahkəndə gizli səfər
1851-ci ilin soyuq bir noyabr axşamı Hacı Murad Mahkənd adlı çeçen auluna girdi. Aul təzək tüstüsünə bürünmüşdü.
Müəzzinin zil azan səsi yenicə kəsilmişdi. Təmiz dağ havasında arı şanı kimi bir-birinə sıxılmış daxmaların həyətinə girən mal-qaranın böyürtüsü, qoyun-quzunun mələşməsi, uzaqdan-uzağa söz güləşdirən kişilərin hay-küyü, bulaq başındakı arvad-uşağın səsi aydın eşidilirdi.
İmam Şamilin naibi, igidlikdə ad qazanmış Hacı Muradı hamı tanıyırdı. Həmişə bir yerə gedəndə yanınca xüsusi bayraq götürərdilər, ətrafında onlarca igid mürid at oynadardı. İndisə yanında vur-tut bircə müridi vardı. Hacı Murad üz-gözünü başlıqla sarımışdı, bərk-bərk büründüyü yapıncının altından tüfənginin ucu görünürdü. O, bacardıqca gözə girməməyə çalışır, rast gəldiyi adamları iti qara gözləriylə ehtiyatla nəzərdən keçirirdi.
Aulun ortasında Hacı Murad atını dar bir döngəyə sürdü. Dağın ətəyində qazılmış ikinci daxmaya yetişib oyan-buyana göz gəzdirdi. Daxmanın dəhlizində kimsə görünmürdü. Amma damda, tüstü bacasının arxasında kürkə bürünmüş bir kişi uzanmışdı. Hacı Murad qamçının sapı ilə onu tərpədib astaca səslədi. Kürkün altından qoca bir kişi qalxdı. Kişinin başında gecə papağı, əynində kirdən işıldayan cırıq arxalıq vardı. Qocanın kirpiksiz gözləri qızarıb bulaşmışdı. O, göz qapaqlarını bir-birindən aralamaq üçün gözünü tez-tez qırpırdı. Hacı Murad “salaməleyküm” deyib üzünü açdı.
Qoca Hacı Muradı tanıyıb:
– Əleyküməssalam, – dedi, dişsiz ağzını açıb gülümsədi.
Sonra bir əlini yerə, o birini arıq dizinə söykək verib qalxdı, taxtadaban başmaqlarını ayağına keçirdi. Qırışıq kürkünü tələsmədən geydi. Dama söykənmiş nərdivanla dalı-dalı aşağı düşdü. Hörmət əlaməti kimi bir əliylə Hacı Muradın atının cilovundan, o biri əliylə sağ üzəngisindən yapışdı. Ancaq tez atdan yerə sıçrayan qıvraq mürid qocanı kənarlaşdırıb güclü əlləri ilə üzəngini özü basdı.
Hacı Murad atdan düşüb yüngülcə axsaya-axsaya dəhlizə keçdi. Bu vaxt qapı açıldı. İçəridən on dörd-on beş yaşlı bir oğlan uşağı çıxıb qara gözlərini təəccüblə gələnlərə zillədi. Qoca onu buyurdu:
– Qaç məscidə, atanı çağır.
Sonra o, Hacı Muradı qabaqlayıb daxmanın yüngül qapısını cırıltı ilə açdı. İçəri qapıdan ortayaşlı arıq bir arvad çıxdı. Onun əynində göy çaxçur1 vardı, sarı köynəyinin üstündən qırmızı bəşmət2 geymişdi. Qucağında yastıq, bir də döşəkçə vardı.
– Xoş gəlmisiniz, – deyib o, Hacı Muradı salamladı. Sonra daxmanın yuxarı başında qonağa oturmaq üçün yer düzəltməyə başladı.
Hacı Murad dilləndi:
– Allah oğlanlarını saxlasın.
O, yapıncısını, tüfəngini, qılıncını çıxarıb qocaya uzatdı. Qoca onları alıb ev yiyəsinin silahı ilə yanaşı divardan asdı.
Hacı Murad belindəki tapançanı düzəldib arvadın yerə saldığı döşəkçəyə tərəf getdi. Çərkəzi çuxasının ətəyini geri atıb əyləşdi. Qoca yalın ayaqlarını altına yığıb onunla üzbəüz dizi üstə oturdu. Gözlərini yumdu, əllərini qoşalayıb sifətinə yaxınlaşdırdı, astadan dua oxumağa başladı. Hacı Murad da onun kimi elədi. Duadan sonra ikisi də salavat çevirdi.
Hacı Murad qocadan soruşdu:
– Təzə nə xəbər var?
– Elə bir xəbər yoxdur, – qoca ölgün qırmızı gözlərini Hacı Muradın üzünə yox, sinəsinə zillədi. – Olsa, oğlum bilər.
Hacı Murad duydu ki, onu maraqlandıran məsələdən qocanın xəbəri var, ancaq danışmaq istəmir. Ona görə də başını yavaşca tərpədib daha heç nə soruşmadı.
– Elə ürəkaçan bir şey yoxdur, – qoca sükutu pozdu, sözünü üstüörtülü demək istədi. – Dovşanlar baş-başa verib məsləhətləşirlər ki, qartalları necə qovaq. Qartallar da onlara aman vermir, birini orda, birini burda parçalayırlar. Keçən həftə ruslar qonşu aulun ot tayalarını yandırıblar. Allah onların bəlasını versin!
Bunu deyib qoca hiddətlə xırıldadı.
Hacı Muradın müridi içəri girdi. Qüvvətli ayaqlarını torpaq döşəmədə geniş ata-ata səssiz, qıvraq addımlarla divara yaxınlaşdı. Yapıncısını, tüfəngini, qılıncını çıxarıb divardakı mıxlara keçirdi.
Qoca müridi göstərib Hacı Muraddan soruşdu:
– Bu kimdir?
Hacı Murad cavab verdi:
– Mənim müridimdir. Adı Eldardır.
Qoca:
– Lap yaxşı, – deyib Eldara Hacı Muradın yanında yer göstərdi.
Eldar bardaş qurub oturdu, mülayim baxışlarını söhbət eləyən qocaya zillədi. Qoca sözlərinə davam etdi:
– Keçən həftə aulun cavanları iki rus əsgəri tutdular. Birini öldürdülər, o birini Şamilin yanına göndərdilər.
Hacı Murad qocanın söhbətini fikri dağınıq halda dinləyirdi. O, tez-tez qapıya baxır, bayırdan gələn hər şaqqıltıya qulaq verirdi. Nəhayət, dəhlizdə ayaq səsləri eşidildi, sonra qapı cırıldadı, ev yiyəsi Sado içəri girdi.
Sado qırx-qırx beş yaşlı, qarasaqqal, uzunburun bir adam idi. Gözləri onu çağırmağa qaçan, indi də atası ilə içəri girib qapının yanında oturan oğlunun gözləri kimi qara idi. Sado ayaqqabılarını qapının yanında çıxardı. Tükü getmiş papağını peysərinə itələyib Hacı Muradla üzbəüz çöməlib oturdu. Sonra gözlərini yumub əllərini üzünə yaxınlaşdırdı. Dua oxuyub, salavat çevirib danışmağa başladı:
– Şamil əmr verib ki, Hacı Muradın ya dirisini, ya ölüsünü ələ keçirmək lazımdır. Şamilin göndərdiyi adamlar dünən qayıdıblar. Camaat da onun sözündən çıxmağa qorxur. Odur ki ehtiyatlı olmaq lazımdır. Amma nə qədər ki canımda can var, mənim evimdə heç kəs qonağıma dəyib-dolaşa bilməz. Dərd çölün dərdidir. Bu barədə fikirləşmək lazımdır.
Hacı Muradın yeni planı
Hacı Murad vəziyyəti çox yaxşı başa düşürdü. O, Sadoya diqqətlə qulaq asır, razılıqla başını tərpədirdi. Sado sözünü qurtaranda Hacı Murad dilləndi:
– Yaxşı. İndi ruslara bir adamla kağız göndərmək lazımdır. Mənim müridim gedər, amma onun bələdçisi olmalıdır.
Sado:
– Qardaşım Batanı göndərərəm, – deyib oğluna sarı döndü. – Batanı çağır gəlsin.
Oğlan yay kimi açılıb yerindən sıçradı. Qollarını yelləyə-yelləyə otaqdan çıxdı. Az sonra o, qarabuğdayı, qıçları gödək, cılız bir çeçenlə qayıtdı. Çeçenin əynində ora-burası süzülmüş, qollarının ağzı didik-didik olmuş sarı çuxa vardı. Qıçlarına geydiyi qara meşin boğazlıqlar aşağı sürüşüb qırışmışdı. Hacı Murad onunla salamlaşıb artıq söz işlətmədən qısaca soruşdu:
– Mənim müridimi rusların yanına ötürə bilərsənmi?
Bata cəld, həm də gülümsəyə-gülümsəyə dedi:
– Niyə ötürmürəm, lap yaxşı ötürərəm. Mənim qabağımda heç kəs dura bilməz. Başqası, ola bilsin, söz də verər, gedər də, di gəl ki işin içindən bir şey çıxmaz. Amma mən bacararam.
Hacı Murad:
– Yaxşı, çəkdiyin zəhmətin müqabilində bu qədər alacaqsan, – deyib üç barmağını göstərdi.
Bata başını tərpədib anladığını bildirdi, sonra dedi:
– Mənim üçün pul qiymətli deyil. Mən namus yolunda sənə qulluq eləməyə həmişə hazıram. Səni bu dağlarda tanımayan yoxdur. Ruslara necə divan tutduğunu hamı bilir.
Batanın sözləri doğru olsa da, Hacı Muradın onu dinləməyə vaxtı yox idi. Ona görə də dilləndi:
– Yaxşı. İpin uzunu, sözün qısası!
Bata razılaşdı:
– Düz buyurursunuz, danışmaram.
Hacı Murad sözünə davam elədi:
– Arqunun burulduğu yerdə, sıldırımla üzbəüz meşənin içindəki talada bir cüt ot tayası var, görmüsənmi?
– Görmüşəm, – Bata inamla cavab verdi.