18+
реклама
18+
Бургер менюБургер меню

Лазарь Лагин – Qoca Xəttabıç (страница 2)

18

– Xoş gəlir, lakin işdi, birdən gözə görünsən, çox nəzərə çarpacaq. Ondan sonra hər kəs səninlə maraqlanacaq. İndi gəl bu işin altından çıx görüm, necə çıxırsan!

Bir neçə dəqiqədən sonra qəhrəmanımız qoca Xəttabıçın qolundan tutaraq Kostılkovlar ailəsinin yeni mənzilindən çıxdı. Xəttabıçın əynində gözəl, təzə pencək-şalvar, naxışlı köynək və həsir şlyapa var idi. O bircə şeyi, yəni ayaqqabısını dəyişməyə razı olmamışdı. Ayağında üç min illik döyənək olduğunu söyləyib dikburun məstlərini dəyişməmişdi. Bunlar elə gözəl məstlər idi ki, yəqin, vaxtilə xəlifə Harun əl-Rəşidin sarayındakı ən modabaz adamı da heyran qoyardı…

Beləliklə, Volka ilə qoca məktəbə çatıb imtahanın keçiriləcəyi sinif otağına gəldilər. Xəttabıç dərhal qapı arxasına keçib dayandı. Bir qədər sonra:

– Kostılkov Vladimir! – deyə imtahan komissiyasının oturduğu masada təntənəli şəkildə elan edildi.

Volka könülsüz olaraq masaya yaxınlaşdı və eyni əhvali-ruhiyyə ilə imtahan biletini çəkdi. O, “Yerin forması və hərəkəti” mövzusunda danışmalı idi.

– Di yaxşı, başla görək, – deyə komissiya üzvü istidən taqətini itirmiş halda söylədi və tərli üzünü dəsmal ilə sildi. – Yerin forması və hərəkəti barədə nə danışa bilərsən?

Bu zaman qapı arxasında dayanan qoca Xəttabıç sualı eşidib sakitcə nəsə pıçıldadı. Elə həmin vaxt Volka hiss etdi ki, hansısa naməlum qüvvə onu iradəsinə zidd olaraq danışmağa məcbur edir:

– Ey mənim çox hörmətli müəllimim, – bunu deyən kimi oğlanı soyuq tər basdı. O, Xəttabıçın pıçıldadıqlarını qeyri-ixtiyari təkrarlamağa başlamışdı. – Sizin icazənizlə, Yerin kənarlarına toxunan büllur günbəzin adını mütləq qeyd etməliyəm.

– Dayan, Kostılkov, dayan! – deyə komissiya üzvü olan coğrafiya müəllimi təəccübləndi. – Bu nə baş-ayaq cümlələrdir! Bir də ki, göyün bərk, büllur qübbə olması və Yerin kənarları haqqında sözlərinizi necə başa düşək: məcazi, yoxsa hərfi mənada?

Qoca Xəttabıç divarın o biri tərəfindən səsləndi: “Həqiqətən!”. Volka isə tamamilə boş-boş danışdığını hiss eləsə də, qeyri-iradi cavab verdi:

– Sözün əsl mənasında, ey müəllim!

Oğlan bu cür danışmaq istəmirdi, lakin bunun əksinə olaraq sözlər öz-özünə onun ağzından uçub gedirdi.

Volkanın yuxulu olduğunu və sayıqladığını düşünən şagirdlərdən biri – Seryoja tez pıçıldadı:

– Obrazlı şəkildə, Volka, obrazlı şəkildə!

Ancaq oğlan sinif yoldaşına əhəmiyyət verməyib yenidən, özü də bu dəfə daha ucadan və aydın formada dedi:

– Sözün əsl mənasında, əlbəttə.

– Bu nə deməkdir? Sənin fikrincə, səma bərk günbəzdir?

– ”Bərk” – deyə Volka qırıq səslə cavab verdi və göz yaşları yanaqlarından aşağı axdı. Oğlan nə qədər çalışsa da, iradəsini toplaya və düz-əməlli cavab verə bilmirdi.

– Deməli, Yer kürəsinin bitdiyi bir yer var?

– Belə bir yer var, – deyən qəhrəmanımız artıq ayaqlarının da taqətdən düşdüyünü hiss eləməyə başladı.

– Bəli… – deyə imtahan komissiyasının üzvü geri çəkilib maraqla Volkaya baxdı, lakin sözünün ardını da gətirmədi, ani susub yenidən dilləndi: – Yaxşı, bəs Yerin forması haqqında nə deyə bilərsiniz?

Qoca Xəttabıç yenə dəhlizdə nəsə mızıldandı. Bundan sonra Volka bir daha qeyri-ixtiyari danışmağa başladı:

– Yer kürəsi, ey müəllimlərin ən layiqlisi, düz disk şəklinə malikdir və hər tərəfdən əzəmətli çay – Okean tərəfindən yuyulur. Yer altı nəhəng filin üzərində dayanır. Fillər isə öz növbəsində böyük bir tısbağanın üstündə qərar tutublar. Dünya bax belə işləyir, ey nəcabətli müəllim!

Bu zaman qoca Xəttabıç gizləndiyi yerdə Volkanın sözlərini bəyənərək başını tərpətdi, əllərini bir-birinə sürtdü.

Sinfə isə gərgin sükut çökmüşdü, ən güləyən uşaqlar belə, mat-qutu qurumuş halda gözlərini döyürdülər.

– Xəstələnmisən, Volka? – komissiya üzvü olan müəllim soruşdu. Sonra isə qayğıkeşliklə əlini Volkanın alnına qoydu.

– Təşəkkür edirəm, ey müəllimlərin ən hörmətlisi, – deyə Volka öz iradəsizliyindən, gücsüzlüyündən bezmiş halda cavab verdi. – Allaha həmd olsun, tam sağlamam.

Bu cavabdan sonra müəllimin səbri lap daraldı və onun qolundan tutaraq sinif otağından çıxardı.

– Evə get, Volka. Nə vaxt özünü yaxşı hiss eləsən, onda gələrsən, yenidən imtahan edərəm.

Volka sinifdən çıxan kimi Xəttabıç onu qarşıladı. Qoca, torağay kimi şən idi, özündən çox razı görünürdü.

– Səninlə fəxr edirəm, mənim gənc ustadım! Öz biliyinlə müəllimlərini və sinif yoldaşlarını heyran qoydun, elə deyil?

– Heyran qoydum! – deyə Volka kinayə ilə dilləndi, dərin bir köks ötürdü və qocaya acıqla baxdı.

Xəttabıç isə hələ də özündənrazı halda gülümsəyirdi…

4

İmtahan zamanı baş verənlərə görə bərk üzülən Volkanın halı pis idi, evə getmək istəmirdi. Onu belə görən qoca Xəttabıç da nəyinsə səhv olduğunu hiss etdi. Üç saat boyunca o, çay sahilindəki skamyada qəmgin-qəmgin oturan xilaskarına müxtəlif əhvalatlar danışdı. Ancaq Volkanın eyni açılmadı. Birdən oğlan xatırladı ki, anası ona kino bileti üçün pul vermişdi. Coğrafiya imtahanından dərhal sonra kinoya getməli idi.

– Bura bax, qoca, – deyə Volka canlandı, – gəl kinoya gedək!

– Sözləriniz mənim üçün qanundur, ey Volka ibn Alyoşa, – Xəttabıç cavab verdi. – Amma mənə bir yaxşılıq et və de görüm, bu kino nə olan şeydir?

Volka təəccübləndi: hər bir uşaq kinonun nə olduğunu bilir, ancaq bu qoca bilmir?!

– Gedərik, görərsən, – oğlan dedi.

Kinoteatrın girişindəki kassanın üstündən “On altı yaşına çatmayan uşaqlar içəri buraxılmır” sözlərinin yazıldığı lövhə asılmışdı. Volkanın yenidən kefinin pozulduğunu görən Xəttabıç təşvişlə soruşdu:

– Sənə nə olub, ey yaraşıqlı kişilərin ən yaraşıqlısı?

Volka hirslə cavab verdi:

– Günorta seansına gecikmişik. İndi isə, içəri yalnız on altı yaşından yuxarı olanları buraxırlar. Heç bilmirəm neyləyim…

Xəttabıç əsəbi halda dedi:

– Bəs mən nə üçün lazımam! Bir an belə keçməyəcək ki, bizi içəri buraxacaqlar.

“Qoca lovğaya bax da!” – Volka əsəbi halda fikirləşdi. Birdən onu gördü ki, sağ əlində iki bilet var.

– Yaxşı, gedək, – sevindiyindən, az qala, atılıb düşmək istəyən Xəttabıç dedi: – Gedək. İndi onlar səni buraxarlar.

– Yəqin bilirsən, buraxarlar?

– Sənin parlaq gələcəyinin olduğunu bildiyim kimi, bunu da bilirəm.

Qoca bunu deyib Volkanı yaxınlıqdakı divardan asılmış güzgünün yanına apardı. Güzgüdən Volkaya heyrətdən ağzı açıla qalmış və qıpqırmızı, çil-çil üzünü saqqal basmış bir oğlan baxırdı…

5

Kefi kökəlmiş Xəttabıç oğlanı pilləkənlərlə ikinci mərtəbəyə, foyeyə sürüklədi. Qüssədən keyləşmiş qəhrəmanımız sürətlə uzanmaqda davam edən saqqal və bığını əlləri ilə səylə örtürdü. Nəzarətçi onu görüncə sərt şəkildə dilləndi:

– Oğlan, bəyəm bilmirsən ki, on altı yaşına qədər…

Lakin Volka qeyri-iradi olaraq əllərini çənəsindən ayırdı və nəzarətçi udqunub bu dəfə yumşaq tərzdə:

– Buyurun, vətəndaş, keçin! – dedi və qorxudan titrəyən əlləri ilə biletin nəzarət talonlarını qopardı.

Tamaşaçılar zalda caz orkestrının ifasına qulaq asdılar. Seansın başlamasına hələ on beş dəqiqə var idi.

Volkanın köhnə dostu və sinif yoldaşı olan Jenya Boqorad zalın girişində dayanmışdı. O, on dörd yaşından çox böyük görünən dolğun, kök bir oğlan idi. İndi isə təklikdən darıxırdı və çox istəyirdi ki, yanında bir həmsöhbət olsun, o da bugünkü coğrafiya imtahanında Volka Kostılkovun heyrətləndirici rəftarından danışsın. Di gəl, tərslikdən ətrafda bircə nəfər də tanış adam yox idi!

Jenya foyeyə çıxmağa qərar verdi. Bəlkə, bəxti gətirdi, bir tanış adama rast gəldi. Pilləkənin meydançasında başında həsir şlyapa, ayağında naxışlı məst olan bir qoca ona elə toxundu ki, az qaldı yıxılsın; həmin qoca bir oğlanın əlindən tutub arxasınca çəkib aparırdı. Bu oğlan kim olsa yaxşıdır? Volka Kostılkovun özü! O nədənsə əlləri ilə üzünü tutmuşdu.

– Volka! – Jenya dostunu çağırdı.

Lakin belə görünür ki, Volka onunla rastlaşmağına heç sevinmədi. Əksinə, özünü elə apardı ki, guya ən yaxın dostunu tanımırdı. Bundan sonra özünü orkestrə qulaq asan tamaşaçıların içinə vurdu.

– Məni görmək istəmirsə, heç lazım da deyil! – deyə Jenya küsüb bufetə sarı getdi ki, bir stəkan su içsin. Buna görə də insanların, dostu və yanındakı qəribə qocanın ətrafında toplaşdığını görmədi. O qayıdıb Kostılkova tərəf keçməyə çalışanda isə artıq gec idi. Volka və qoca Xəttabıç saysız-hesabsız insandan ibarət sıx bir divarla əhatə olunmuşdu. İzdiham artmaqda davam edirdi. Kreslolarını taqqıldadan adamlar səhnənin qarşısındakı yerlərini tərk edib gedirdilər. Tezliklə orkestr boş stulların qarşısında çalmağa başladı.

– Zəhmət olmasa, deyin, nə olub? – Jenya dirsəkləri ilə camaatı itələyə-itələyə soruşdu. Lakin heç kim ona cavab vermədi. Hamı, utandığından sir-sifəti od tutub yanan Volkaya doğru qaçırdı. Oğlan foyenin bir küncündə çöməlib oturmuşdu.

Bu zaman kinoteatrın direktoru özü asayişi bərpa etmək qərarına gəldi və boğazını arıtlayıb ucadan çığırdı:

– Vətəndaşlar, xahiş edirəm, dağılın! Nə olub, məgər saqqallı uşaq görməyibsiniz nədir?

Direktorun bu sözlərini eşidən adamlar nəinki dağılışdılar, əksinə, saqqallı oğlana tamaşa etmək üçün daha böyük maraqla Volkaya doğru yüyürdülər. İzdihamı görən oğlan yavaşca pıçıldadı: “Vay dədə!” Sonra isə ikrahla Xəttabıça baxdı. Qoca nəyinsə yenə də səhv olduğunu başa düşüb özünü narahat hiss edir və nə edəcəyini bilmirdi. Handan-hana dilləndi: