Кнут Гамсун – Nağıllar Diyarına Səyahət (страница 2)
Peterburqdan yola çıxandan 15 saat sonra nəhayət ki, yol yoldaşlarım ayağa dururlar. Artıq biz Moskvadayıq.
II Bölüm
Bu günə qədər dünyanın beşdə dördündə olmuşam. Hər yerdə olmamışam əlbəttə, Avstraliyada heç olmamışam, ancaq bu geniş dünyanı kifayət qədər gəzib çox şey görmüşəm. Buna baxmayaraq Moskva Kremlinə tay ola biləcək heç bir şey görməmişəm. Gözəl şəhərlər çox görmüşəm və hesab edirəm ki, Praqa və Budapeşt ən gözəllərdəndir; ancaq Moskva əfsanəvidir. Yeri gəlmişkən, rusların özlərinin də belə dediyini eşitmişəm: Maskva. Amma bunun doğru olub-olmadığını bilmirəm.
Arabaçı Spassk darvazalarının qarşısında qozlada dönərək papağını çıxarır, bizə də həmin şeyi etməyi təklif edir. Bu qaydanı çar Aleksey qoyub. Papaqlarımızı çıxarırıq, digər piyadalar da qapıdan başıaçıq keçir, arabaçı irəli sürür. Biz Kremldəyik.
Moskvada böyüklü-kiçikli 450 kilsə var, zəng qüllələrinin hər birində zənglər çalınanda milyonluq şəhərin üstündə hava titrəyir. Kremlin yüksək nöqtəsində bütün əzəməti ilə şəhəri görmək mümkündür. Yer üzərində belə bir şəhərin olduğunu təsəvvür etmirdim; hər yanda yaşıl, qırmızı, qızılı rəngdə qüllə və günbəzlər ucalır. Bu qızılı və göy rənglər xəyallarımı tünd rəngə bürüyür. Aleksandrın heykəlinin yanında dayanıb, sürahidən tutub uzaqlara baxırıq, bu anda nə desəm artıqdır, sadəcə gözlərimiz yaşarır.
Sağ tərəfimizdə topxananın qabağında Çar Topu qoyulmuşdur. Onun nəhəngliyi lokomotiv korpusunu xatırladır. Ağzının diametri düz 1 metr, mərmisi isə 1 tondur. Oxumuşam ki, ondan istifadə olunub, ancaq dəqiq tarix deyə bilmərəm, üzərində tarix kimi 1586-cı il yazılıb. Moskvalılar çox döyüşüb müqəddəs şəhərlərini dəfələrlə müdafiə ediblər. Digər bir yerdə torpağın üzərindəki kilsə zənginin yanında qənimət kimi götürülən yüzlərlə top nəzərə çarpır. Hündürlüyü 8 metrə yaxın olan Çar Zənginin içinə 20 nəfər yerləşər. Uspenski kilsəsi Kremlin yüksək nöqtəsində yerləşir.
Yer üzündə ən çox qiymətli daş-qaşa malik kilsə olsa da, bu kilsə elə də böyük deyil. Çarların tacqoyma mərasimi burada keçirilir. Qızıl, gümüş, hər tərəfdə qiymətli daş-qaş, ornamentlər, yerdən qübbəyə qədər mozaika, yüzlərlə ikonalara, patriarxların təsvirləri, İsanın surətləri, nəqqaşlıq. Kilsənin azca boş qalan bir güşəsi var ki, hər yeni çar kilsəyə hədiyyə etdiyi öz dəyərli daşını oraya bərkidir. Orada yeni çarların daşlarını gözləyən balaca bir boş hissə qalıb. Hal-hazırda divarlarda brilyantlar, zümrüdlər, sapfir və yaqutlar bərq vurur.
Kilsə gözətçisinin göstərdiyi daha bir neçə xırda şey də oradadır. Mömin moskvalılar fərqli səcdəgahların qabağında dua edirlər, ruhani səslə bunun İsanın cübbəsinin bir parçası olduğunu, şüşənin altındakı mıxın İsanın çəkildiyi çarmıxdan əldə edildiyini, ağzı bağlı yeşikdə isə Müqəddəs Məryəmin paltarının bir hissəsinin qorunduğunu izah edirlər. Böyük məmnuniyyətlə ruhaniyə və qapının ağzında dayanan dilənçilərə pul verib, kilsəni bu hekayələrə valeh olaraq tərk edirik.
Nəyisə şişirtdiyimi hiss etmirəm. Kilsə haqqındakı xartirələrimdə bir sıra yanlışlıqlar olması mümkündür, çünki orada olarkən heç bir zaman görmədiyim bu qeyri-adi sərvətə o qədər heyran olmuşdum ki, yerində qeydlər aparmaq yadıma düşməmişdi. Hər yan parlayırdı, bəzi yerlərdə zəif işıq müəyyən detalları görməyimə mane olurdu. Ancaq kilsə olduqca zəngin bir sərvət idi. Bahalı bəzək-düzəyin bolluğu həmişə xoş təsir bağışlamır, xüsusilə də divarlarda olan iri, ağır çar daş-qaşı mənasız və zövqsüz gəlirdi mənə. Sonralar papaqlarında bircə brilyant qaş olan farsları (yazıçı Bakıda yaşayan farsdilli xalqların nümayəndələrini nəzərdə tutur) görəndə isə mənə xoş təsir bağışladı.
Puşkinin heykəlinə baxdıq, bir neçə kilsəni, bir-iki sarayı, Qranovit palatasını, Tretyakov qalereyasını və bəzi muzeyləri ziyarət etdik. Moskvanı 450 pilləli Böyük İvan zəng qülləsindən seyr etdik. Şəhərin böyüklüyünü və bənzərsizliyini məhz buradan görmək lazımdır.
Dünya necə də kiçikdir. Bircə günün içində Rusiyanın mərkəzində ola-ola kapitan Tavasşternlə rastlaşıram.
Yola çıxma zamanımız müəyyən olunub. Bir gün gec getmək üçün yalvarmaq mənasızdır, hələ burada görməli o qədər şey var ki. Moltken belə bu şəhərdə başını itirib, o yazır: Moskva elə şəhərdir ki, “onu təsəvvür etmək olsa da, həqiqətdə görmək heç vaxt mümkün deyil”. Amma o özü də Moskvanı Böyük İvan qülləsindən seyr edib.
Mehmanxananın qapısı qarşısında dayandıqda qəfildən gödəkçəmin düyməsinin boşaldığını hiss edirəm. Onun ən vacib düymə olduğunu düşündüyümdən çəkib bağlamaq istəyirəm, amma lap pis olur. Əlbəttə, iynə-sap götürmüşəm, sadəcə hansı çamadanda olduğunu dəqiq bilmirəm. Məsələ də elə burasındadır. Qısacası, şəhərə dərzi tapmaq üçün yollanıram.
Getdikcə gedirəm. Rusca dərziyə nə deyildiyini bilmirəm, ancaq fincə bilirdim, Finlandiyada bir ildə artıq sərbəst danışırdım, burada isə yox. Küçələri 15 dəqiqə fırlandıqdan sonra kimin oturub tikiş tikdiyini görmək ümidi ilə dükan pəncərələrindən içəri boylanıram, ancaq bəxtim gətirmir.
Bir qapıda yaşlı bir qadın dayanıb. Bir söz demədən yanından ötüb keçmək istəyirəm, amma o, nə isə deyir, başı ilə salam verib tərpənən düyməmi göstərir. Mən başımla təsdiq edirəm: problem elə budur ki, düyməm boşalıb və dərzi axtarıram. Ona dərzi axtardığımı işarələrlə başa salıram. Başını tərpədən qadın qabağa düşüb göstərməyə başlayır. Bir neçə dəqiqə yol gedirik və qadın bir qapının qarşısında dayanır. Burada binanın yuxarısını göstərərək məni tək qoymaq istəyir və özündən razı şəkildə başını endirir. Cibimdən gümüş pul çıxarıb qadına göstərirəm və mənimlə birlikdə pilləkənləri qalxmasını istəyirəm. O ya bunu başa düşmür, ya da səhv başa düşür, ona görə də qalxmaq istəmir. Bu halda özüm birinci gedib arxamca onu da aparmaq istəyirəm. Düşünürəm ki, onun köməyi olmasa, dərzini bu böyük binada axtarıb tapmaq ağlasığmazdır. Gümüş pulu yenidən göstərib arxamca gəlməsi üçün işarə edərək özüm pilləkənləri qalxıram. Bu anda o qəribə şəkildə gülsə də, arxamca gəlir, ancaq gəlsə də başını bulayır. Qoca kələkbaz!
Elə birinci qapının qarşısında dayanıb barmağımla işarə edib sualdolu baxışlarla ona baxıram. Bu zaman həqiqətən də dərzi axtardığımı başa düşür, gülümsəməsini saxlayır, məsələnin nə yerdə olduğundan məmnun halda qabağa düşərək təşəbbüsü ələ alır. Ən yuxarı mərtəbəyə qalxıb üzərində bir neçə qəribə hərf yazılan karton lövhə olan qapını döyür. Bir kişi qapını açır. Qadın gülə-gülə uzun-uzadı bir şey danışıb məni ona təhvil verir; bu müddətdə qadınla mən bayırda idim, kişi isə qapının arxasında dayanmışdı. Sonda, kişi düyməni tikdirməkdə fikrimin ciddi və qəti olduğunu anladıqda, çünki, tikiş ləvazimatlarımı tapa bilmirəm, qapını taybatay açır. Qadına pul verəndə qəpiyə baxaraq başı ilə razılıq edir və məni general, ya da knyaz adlandırır. Bir daha təzim edərək pilləkənlərlə aşağı düşür.
Dərzinin otağındakı əşyalar bir stol, iki stul, divan və bir ikonadan ibarətdir, divarlardan dini məzmunlu rəsmlər asılıb.
Döşəmədə iki uşaq oynayır. Göründüyü kimi dərzinin arvadı evdə yoxdur, ata uşaqlarla təkdir. Mən uşaqların başını sığallayıram, onlarsa mənə göy gözləri ilə baxırlar. Dərzi düyməni tikən zaman uşaqları ilə dost oluram, onlar oynadıqları qırıq kasanı göstərərək mənlə danışırlar. Mənsə əllərimi bir-birinə vurub kasanın əla olduğunu bildirən görkəm alıram. Onlar bir çox şey axtarıb tapır və daşıyıb yanıma gətirirlər, biz başlayırıq döşəmənin üstündə ev tikməyə.
Düymə hazır olduqda soruşuram: – Nə qədər?
Dərzi bir şey desə də anlamıram.
Bildiyimə görə, dərzilərdən düymənin tikilməsinin neçəyə başa gəldiyini soruşduqda onlar bir şey lazım olmadığını deyirlər. Yaxud da nə versəniz olar. Bu, bir fənddir. Qiymət vermək özümə qalsa, düymə mənə baha başa gələcək. Özümü qraf kimi göstərib çox ödəməli olacağam. Ancaq dərzi açıq, dürüst şəkildə 25 öre tələb edib ala bilər; əgər özüm verməli olsam, 50 ödəməliyəm. İndi bu rus dərzi də “Nə versəniz olar.” deyərək fənd işlədir. Mən Rusiyadakı qiymətləri haradan bilim? Bu isə onun vecinə deyil.
Mən barmağımı sinəmə dayayıb əcnəbi olduğumu bildirdim. O gülümsünərək başını tərpətdi və cavab verdi.
Mən də təkrar etdim.
O, bu dəfə daha ətraflı cavablasa da, “qəpik” sözünü tələffüz etmədi.
O zaman yenidən özümü qraf kimi tanıtmalı oldum. Adi vətəndaş kimi istənilən qədər səyahətə cəhd etmək olar, amma heç bir əhəmiyyəti olmayacaq.
Küçəyə çıxıram və mehmanxanaya konkada qayıtmaq istəyirəm. Bir qədər gedəndən sonra konduktor yaxınlaşıb nəsə deyir. Böyük ehtimalla haraya getdiyimi soruşur deyə düşünürəm; mehmanxananın adını deyirəm. Vaqondakılar məzəmmət dolu nəzərlərlə mənə baxmağa başlayır, konduktor isə uzağı – əks tərəfi göstərir, yəni ki, mən tamamilə əks istiqamətə gedirəm, mehmanxana isə oradadır. Məcburən düşürəm.
Küçədə gəzişərkən insanların bir binaya daxil olaraq ikinci mərtəbəyə qalxdıqlarına diqqət yetirirəm. Deməli, orada baxmalı nəsə var. Mən də binaya girirəm. Pilləkəndə kimsə mənə nəsə deyir. Mən papağımı çıxarıb gülümsünürəm. Bu anda o da gülümsünür və birlikdə gedərək məni qapını açıb içəri buraxır.
Bura restorandır, içəridə yığıncaq var. Həmin adam məni təqdim edir, ətrafdakılara nəsə deməyindən mənimlə pilləkəndə necə qarşılaşdığını izah etdiyini anlayıram. Mənsə hər kəsə təzim edib iri pasportumu çıxarıram. Ancaq ondan heç kimin başı çıxmır. Adımın harada yazıldığını göstərib filankəs olduğumu deyirəm. Onlar yenə heç nə anlamır, ancaq hər şeyin qaydasında olduğunu zənn edərək məni alqışlayır. Sonra bir nəfər səhnəyə yaxınlaşıb musiqi sifariş edir. Orqan qəfildən çalmağa başlayır. “Bu, sənin şərəfinədir!” deyə fikirləşirəm və ayağa durub ətrafa təzim edirəm. Özümdən asılı olmayaraq kefim açılır, şərab istəyirəm, birlikdə içməyə xeyli adam yığılır. Zalda Moskvaya əcnəbi gəldiyi barədə şayiə dolaşmağa başlayır mənlə bağlı, odur ki, fransızca danışan bir nəfər tapıb gətirirlər; ancaq düşünürəm ki, işlər rusca da pis deyildi, hələ bir də fransız dilini o qədər də yaxşı bilmədiyimə görə bu tapılan adam heç ürəyimcə olmadı. Lakin biz ona da şərab süzüb yanımızda oturtduq.