Карлос Руис Сафон – Marina (страница 2)
Pişiyin boz bədəni də yavaş-yavaş göründü. Dişlərinin arasında hələ də ölümlə mübarizə aparmağa çalışan sərçəni sıxmışdı. Pişiyin boynunda gümüş zınqırov vardı. O, bir neçə saniyə üzümə baxdı, sonra bağın barmaqlıqları arasından sivişib sərçəni axırıncı səfərə apardı.
Özündənrazı ovçu məni heyran etmişdi. Tüklərinin təmizliyinə və zınqırovuna görə, pişiyin yiyəsi vardı. Bəlkə də, bu evdə köhnə Barselonanın ruhlarından başqa da kimsə yaşayırdı? Yaxınlaşıb soyuq barmaqlıqlardan tutdum. Sərçənin damcı-damcı tökülən qanı vəhşi bağın içərilərində itirdi. Bu qırmızı mirvariyə oxşayan qan damcıları pişiyin haralardan keçdiyini göstərirdi. Yenə udqundum. Daha doğrusu, cəhd elədim. Ağzım qurumuşdu. Qanım dəli kimi gicgahlarımda atırdı, elə bil mənim fikir vermədiyim nəyisə bilirdi. Yapışdığım qapı barmaqlığının aralandığını hiss etdim. İçəri girəndə ay fontandakı daş mələklərin üzünü işıqlandırırdı. Elə bil yerimə mıxlanmışdım, hərəkətsiz dayanıb heykəllərə baxırdım. Mənə elə gəlirdi ki, bu saat daş heykəllər canlanıb canavar caynaqlı, ilan dilli iblislərə çevriləcək. Amma belə şey olmadı. Dərindən nəfəs alıb getmək lazım olduğunu öz-özümə təkrarladım, başqasının evini kəşf etmək lazım deyildi. Lakin yenə də bir başqası yerimə qərar verdi. Hardansa fortepianonun müşayiət etdiyi opera ariyası eşidildi. Qrammafon oxuyurdu. Ömrümdə belə gözəl səs eşitməmişdim.
Melodiya mənə tanış gəldi, amma harda eşitdiyimi heç cür yadıma sala bilmədim. Musiqi səsi evdən gəlirdi. Səs gələn tərəfə getməyə başladım. Qalereyanın yarıaçıq qapısından işıq süzülürdü. Birinci mərtəbədəki pəncərənin qabağında oturub mənə baxan pişiyin gözlərini gördüm. Qapıya yaxınlaşdım. Mən yaxınlaşdıqca oxuyan qadının səsi güclənirdi. İçəridə yüzlərlə şam yanırdı. Onların şüası qrammafonun qızılı trubasında əks edirdi, qrammafon valı fırlandıqca musiqi sədaları ətrafa yayılırdı. Heç nə fikirləşmədən içəri girib qrammafonun qoyulduğu stola tərəf getməyə başladım. Stolun üstündə balaca yumru əşya da vardı, yaxınlaşanda bunun cib saatı olduğunu gördüm. Saatı götürüb şam işığında baxmağa başladım. Əqrəbləri tərpənmirdi, sferblatı da çatlamışdı. Məncə, saat qızıldan idi, yaşı da indi içində olduğum evin yaşından az olmazdı. Bir az qabaqda – buxarının qabağında üzü buxarıya qoyulmuş böyük kürsü vardı, kürsünün arxasını görürdüm, buxarının üstündə isə yağlı boyayla ağ paltarlı qadın çəkilmiş böyük tablo asılmışdı.
Rəsmdəki qadının dibsiz, boz gözlərindəki kədər bütün zala hakim kəsilmişdi.
Birdən gözləmədiyim bir şey oldu. Kürsüdən siluet durub mənə tərəf döndü. Uzun saçları vardı, çaylaq daşına oxşayan gözləri yarıqaranlıqda parıldayırdı. Uzun, ağ əllərini mənə tərəf uzatdı. Qorxudan özümü itirdim, qapıya tərəf qaçmağa başladım, qrammafona ilişib yerə saldım. Valı cızan qrammafon iynəsinin səsini eşitdim. Bayaqdan eşitdiyim həlim səs cəhənnəm naləsinə döndü. Bağın içində qaçdıqca o əllərin paltarımdan yapışdığını hiss edirdim. Qorxudan dəli olacaqdım. Qapıdan çıxıb bircə saniyə də itirmədən qaçmağa başladım, böyrümdə ağrı hiss edənə qədər qaçdım. Çətinliklə nəfəs alırdım. Bədənimi soyuq tər basmışdı. Ətrafa baxanda internatın otuz metrliyində olduğumu gördüm.
Mətbəxin yanındakı qapıdan içəri girdim, bu qapıya nəzarət olunmurdu. Otağıma çıxdım. Birazdan axşam yeməyinin vaxtı idi. Alnımın tərini sildim, ürəyim də yavaş-yavaş sakitləşdi, adi ritmlə döyünməyə başladı. Özümü tamamilə yaxşı hiss eləməyə başlayanda kimsə barmaqlarının ucuyla qapını döydü.
– Oskar, yemək vaxtıdır, – qapının dalından Seqi müəllimin səsi gəldi, onun şagirdlərə qanun-qaydanı xatırlatmaqdan xoşu gəlmirdi. Elə indi də səsində narazılıq hiss olunurdu.
– Bu dəqiqə gəlirəm, padre, – dedim.
Tez məktəb pencəyimi geyinib otağın işığını söndürdüm. Pəncərədən Barselonanı aydınladan dolunay görünürdü. Ancaq indi qızıl cib saatını əlimdə tutduğumun fərqinə vardım.
İkinci fəsil
Sonrakı günlər qızıl saatı özümlə gəzdirirdim. Gecələr də balışımın altında gizlədirdim. Qorxurdum birdən kimsə görər, harda tapdığımı soruşar. O suala cavab verə bilməyəcəkdim. “Çünki sən onu tapmamısan, oğurlamısan”, – iç səsim mənə belə deyirdi. Bilmirəm nə üçünsə, iç səsim Perri Meysonun dublyorluğunu edən aktyorun səsinə oxşayırdı. Hər gecə səbrlə yoldaşlarımın yatmağını gözləyirdim, onlar yatan kimi sərvətimi nəzərdən keçirtməyə başlayırdım.
Gecənin səssizliyində, lap ay işığında saata baxırdım. Birinci qənimətimə hər baxanda duyduğum həzzi heç bir günah hissi susdura bilməzdi. Saat ağır idi, deyəsən, təmiz qızıldan hazırlanmışdı. Şüşə siferblatı çatlamışdı, çox güman, yerə düşmüşdü, ya da zərbəyə tuş gəlmişdi. Yəqin, elə onda da mexanizm sıradan çıxmışdı, əbədiyyətə qədər dayanan əqrəblər yeddiyə iyirmi üç dəqiqə işləmişi göstərirdi.
Saatın arxa tərəfinə yazı həkk olunmuşdu:
Yəqin, çox bahalı saat idi, bunu fikirləşəndə vicdanım təzədən sızıldamağa başladı. Üstəlik, arxasındakı yazını görəndə özümü həm də xatirə oğrusu kimi hiss edirdim.
Yağışlı cümə axşamı günü sirrimi bölüşmək qərarına gəldim. İnternatdakı ən yaxşı dostum əsəbi xarakterli oğlan idi, ona “şef” deməyimizi tələb edirdi, amma bu ləqəbin onun əsl adına aidiyyatı yox idi. Anarxist şair ruhuna malik idi və elə hazırcavab idi ki, istənilən adamın səsini kəsə bilərdi. Çox arıq idi, bir kilometr radiusunda “mikrob” sözünü eşitsəydi, elə bilirdi infeksiyaya yoluxub. Bir dəfə ensiklopediyada “ipoxondrik” sözünü tapdım, üzünü köçürdüb Şefin yanına getdim.
– Yəqin ki, bilmirsən, amma sənin bioqrafiyan Kral akademiyasının lüğətində var, – dedim.
Şef yazıya baxandan sonra kinli-kinli məni süzdü.
– Sən get “A” hərfindəki “axmaq” sözünü aç, görəcəksən ki, aramızdakı tək məşhur mən deyiləm.
Həmin gün nahardan sonrakı dincəlmək vaxtında Şeflə qaranlıq akt zalına düşdük. Əsas dəhlizdə dalımızca sürünən minlərlə kölgə ayaq səsimizdən diksindi. İki işıq zolağı tozlu səhnəyə düşürdü. Biz bu işıqlı yerdə, üzü yarıqaranlığa gömülmüş kreslolara tərəf oturduq. Yağış damcıları pəncərə şüşələrinə çırpılırdı.
– Hə, – Şef dedi, – de görək, bu həngamə nə üçündür?
Sakitcə saatı cibimdən çıxardıb ona uzatdım. Şef təəccüblə qaşlarını qaldırıb saata baxmağa başladı. Bir neçə saniyə saatın ora-burasına baxandan sonra mənə qaytarıb maraqla baxmağa başladı.
– Nə fikirləşirsən? – soruşdum.
– Fikirləşirəm ki, bu, saatdır, – dedi, – German kimdir?
– Zərrə qədər də anlayışım yoxdur.
Atılmış malikanədə başıma gələnləri ətraflı danışmağa başladım. Şef diqqət və səbrlə axıracan mənə qulaq asdı. Sözümü qurtarandan sonra bir müddət fikirləşdi, elə bil nəsə deməmişdən qabaq yaxşıca götür-qoy etmək istəyirdi.
– Deməli, sən saatı oğurlamısan, – dedi.
– Məsələ bu deyil, – deyə etiraz etdim.
– Məncə, German sənin kimi fikirləşmir, – Şef müəyyən mənada haqlı idi.
– Bəlkə də, o, çoxdan ölüb? – əminsizliklə dedim.
Şef buxağını sildi.
– Görəsən, cinayət məcəlləsində üstündə xatirə yazısı olan saatı oğurlamaq üçün nə yazılıb? – dostum soruşdu.
– Mən oğurlamaq istəmirdim, – deyə etiraz etdim. – Hər şey o qədər tez baş verdi ki, özümdən asılı olmadı. Saatın məndə olduğunu görəndə artıq gec idi. Mənim yerimdə sən olsaydın, sən də belə edərdin.
– Sənin yerində mən olsaydım, ürək tutmasından ölərdim, – Şef dəqiqləşdirdi, o iş adamı deyildi, danışmağa pərgar idi. – Sənin ağlın çaşıb, hansısa pişiyə görə yad evə soxulursan. Heç bilirsən o pişikdən hansı mikroblar keçə bilərdi sənə?
Bir müddət susub yağışın səsinə qulaq asdıq.
– Yaxşı, – Şef dedi. – Olub daha. Yəqin ki, bir də ora getmək istəmirsən.
Gülümsədim.
– Tək yox.
Dostumun gözləri az qaldı hədəqəsindən çıxsın.
– Yox, dostum! Ağlına da gətirmə.
Elə həmin gecə dərsdən sonra mətbəxin yanındakı qapıdan sivişib malikanəyə aparan yola çıxdıq. Yağış yolun ortasında göllənmişdi, hər yerə xəzəl səpələnmişdi. Buludlu göyüzü elə bil şəhəri təhdid edirdi. Şefin halı özündə deyildi, həmişəkindən daha çox ağarmışdı. Malikanəyə yaxınlaşdıqca qarnıma sancı dolurdu. Ətrafda qulaqbatırıcı sükut hakim idi.
– Məncə, qayıtsaq, daha yaxşı olar, – dostum addımlarını yavaşıdıb dedi.
– Sən qorxaq dovşansan.
– Dovşanları düzgün qiymətləndirmirsən. Onlar qida zəncirində vacib yer tutur.
Birdən külək əsməyə başladı, zınqırovun səsini bizə çatdırdı. Şefin dili topuq vurmağa başladı. Pişiyin sarı gözləri bizi güdürdü. Birdən o, ilan kimi fısıldayıb belini qabartdı. Belinin tükləri biz-biz dayandı. Pişik bir neçə gün qabaq sərçəni parçalayan dişlərini ağardıb fısıldadı. İldırım bir anlıq hər tərəfi aydınlatdı. Şeflə bir-birimizə baxdıq.
On beş dəqiqə sonra internatın həyətində, kilsənin qabağındakı çəmənlikdə, skamyada oturmuşduq. Saat gödəkçəmin cibindəydi. Əvvəllər onun belə ağır olduğunu bilmirdim.
Həftənin axırına qədər internatın ərazisindən çıxmadım. Şənbə günü səhər yuxuda qrammafon səsi eşidib oyandım. Günəşin ilk şüaları pəncərədən görünən Barselonanı, evlərin damlarını, anten meşəsini qırmızı rəngə boyayırdı. Çarpayıdan durub saatı götürdüm, bütün həftə ərzində saat fikirlərimi məşğul etmişdi. Saatla bir-birimizə baxdıq. Nəhayət, qərara gəldim ki, ancaq absurd hadisələrlə üzləşəndə nədənsə şübhələnirik. Bu axmaq vəziyyətdən qurtulmaq lazımdır, saatı qaytarmalıyam.