18+
реклама
18+
Бургер менюБургер меню

Карло Коллоди – Pinokiyo (страница 5)

18

Beləcə, Pinokkio, Axsaq Tülkü və Kor Pişik yola düzəldilər. Axşama yaxın «Qırmızı Xərçəng» meyxanasına çatdılar. İçəri keçib üçü də bir masa arxasında əyləşdilər. Pinokkio dostlarından az yedi. Bütün fikri-zikri qızıl sikkələrin yanında idi.

Şam yeməyindən sonra Axsaq Tülkü meyxana sahibindən özüylə dostu Kor Pişiyə və Pinokkioya iki ayrı otaq sifariş elədi:

– Yolumuz uzundur, bir az gözümüzün acısını alaq. Gecəyarısı bizi oyadarsınız ki, səyahətimizə davam edək.

Meyxana sahibi:

– Baş üstə, senyorlar, – deyib Tülküylə Pişiyə göz vurdu. Bu o demək idi ki, sizin nə demək istədiyinizi yaxşı başa düşdüm.

9

Pinokkio gün ərzində çox yorulduğundan yerinə uzanan kimi yatmışdı. O, yuxuda üstündə qızıl sikkələr bitmiş ağaca əlini yenicə uzatmışdı ki, qapı taqqıltısına oyandı. Gələn meyxana sahibi idi. Gecəyarısı olduğunu xəbər vermək istəyirdi.

Axsaq Tülküylə Kor Pişik iki saat əvvəl çıxıb getmişdilər. Məgər Pişiyə xəbər gəlmişdi ki, böyük balasının pəncəsi donub və o, ölüm təhlükəsiylə üz-üzədir.

Dostları sabah dan yeri ağaranda onu Sehrli Talada gözləyəcəkdilər.

Pinokkio cibindən bir sikkə çıxarıb dünənki naharın pulunu verdi. O, meyxanadan çıxanda hər yer zülmət qaranlıq idi. Birdən Taxta Oğlancığaz kötüyün üzərində zəif bir işıq gördü, bu, balaca bir böcək idi.

Pinokkio soruşdu:

– Sən kimsən?

Balaca həşəratın səsi sanki quyunun dibindən gəlirdi:

– Mən Danışan İşıldaböcəyin kölgəsiyəm. Sənə bir məsləhətim var. Elə indicə evə qayıt və cibində qalan dörd sikkəni atana ver. Sən gedəndən bəri o, durmadan ağlayır. Hə, bir də, səni asan yolla, bir göz qırpımında varlandıracaqlarını vəd edənlərə əsla inanma. Belələri ya axmaqdırlar, ya da fırıldaqçı. Yadında saxla, öyüd-nəsihət dinləməyən uşaqlar gec-tez peşman olurlar.

– Yenə boş-boş danışırsan. Səni dinləməyə nə vaxtım var, nə də həvəsim. Gecən xeyrə qalsın, İşıldaböcək.

– Xeyrə qarşı, Pinokkio. Özünü xəta-bəladan və soyğunçulardan qoru!

Bunu deyib Danışan İşıldaböcək qəfildən qeybə çəkildi. Ətraf yenidən zil qaranlığa büründü.

Bu zaman Pinokkio arxadan kolların arasında yarpaqların xışıldadığını eşitdi. Geri çevriləndə kömür çuvallarına bürünmüş iki qorxunc fiqur gördü. Barmaqlarının ucunda yeriyən bu fiqurlar onu izləyirdilər. Pinokkio düşündü ki, onlar soyğunçulardır. Başqa yer tapmadığından əlindəki dörd sikkəni dilinin altında gizlətdi. Qaçıb aradan çıxmaq istəyirdi ki, qulağının dibində səs eşitdi:

– Ölmək istəmirsənsə, pullarını bura ver!

Pinokkio cavab verə bilmədi, çünki sikkələri dilinin altında gizlətmişdi. Üz-gözünü bürüşdürüb əl-qol hərəkətləri etməyə başladı. O bununla soyğunçuları inandırmaq istəyirdi ki, cibində bir qəpik də yoxdur.

Hündürboylu soyğunçu dedi:

– Pullarını bizə ver, yoxsa səni öldürəcəyik.

Digər soyğunçu onun dediyi son sözü təkrarladı:

– …öldürəcəyik.

Pinokkio çarəsizliklə qışqırdı:

– Yalvarıram, mənə toxunmayın. Atama yazığınız gəlsin, o mənim yoxluğuma dözə bilməz!

Bu sözləri deyəndə ağzındakı sikkələr göründü.

– Demək, pulları ağzında gizlətmisən, yaramaz. Tez onları yerə tüpür! – bunu deyib soyğunçulardan biri Pinokkionun burnundan, digəri çənəsindən yapışdı. Bəstəboy soyğunçu cibindən iti bıçaq çıxarıb Pinokkionun dişlərini aralamaq istədi. Lakin Taxta Oğlancığaz ildırım sürəti ilə onun əlini tutdu. Soyğunçunun ətini dişləyib yerə tüpürəndə təəccübdən Pinokkionun matı-qutu qurudu – yerə düşən pişik pəncəsi idi!

Taxta Oğlancığaz soyğunçuların əlindən çıxıb qaçmağa başladı. Soyğunçular isə onu qarabaqara izləyirdilər.

Xeyli qaçandan sonra Pinokkio yaxınlıqda bir ev gördü. Qapını döydü.

Pəncərədən mavi saçlı bir qız göründü. Pinokkio ona yalvardı:

– Ey gözəl qız, qapını aç. Mənə yazığın gəlsin!..

Mavi saçlı qız qapını açanadək bayaqdan bəri Pinokkionu izləyən qarətçilər bıçağı onun böyrünə dirədilər. Xoşbəxtlikdən Taxta Oğlancığaz möhkəm ağacdan hazırlanmışdı, bıçaq ona dəyən kimi parça-parça oldu.

Qarətçilərdən biri dedi:

– Aydındır, onu asmaq lazımdır!

Digəri təkrarladı:

– Asmaq lazımdır!

Soyğunçular Oğlancığazı sürüyə-sürüyə meşəyə apardılar, əlini-qolunu bağladılar, boynuna ip keçirib ağacdan asdılar. Sonra yamyaşıl otların üzərində oturub onun canını tapşıracağı anı gözlədilər. Beləcə, üç saat keçdi, soyğunçular gözləməkdən yoruldular. Axırda ayağa qalxıb istehza ilə Pinokkioya dedilər:

– Görüşənədək! Sabah biz bura qayıdanda sən ölmüş olacaqsan.

Onlar gedən kimi tufan qopdu. Külək Pinokkionu oyana-buyana yırğalamağa başladı. İlgək Taxta Oğlancığazın boğazını sıxır, ona əzab verirdi. Az qalırdı nəfəsi dayansın. Gözləri qaralmışdı. Ölümün yaxında olduğunu duysa da, ümidini itirmirdi. Düşünürdü ki, ona kömək əli uzadacaq xeyirxah bir adam mütləq tapılacaq…

Lakin bir müddət sonra Pinokkio bu ümidini itirdi, gözlərini yumdu, ölümün gəlib çatmasını gözlədi, çox keçmədən isə tamam hərəkətsiz vəziyyətdə qaldı…

10

Taxta Oğlancığaz meşədə qalsın, sizə kimdən deyək, mavi saçlı gözəl qızdan. Bu mavi saçlı qız min ildən artıqdır ki, meşənin kənarında yaşayırdı, adı da Xeyirxah Pəri idi.

O, Pinokkionun yalvarışını eşidib qapını açmağa gedəndə soyğunçular artıq Taxta Oğlancığazı meşəyə qaçırmışdılar. Xeyirxah Pəri qapını açıb oğlanı kandarda görməyəndə təəccübləndi. Bir müddət sonra pəncərəyə yaxınlaşanda isə şimal küləyinin ağacdan asılmış bədbəxt Pinokkionu o tərəf-bu tərəfə yellədiyini gördü. Qızın Oğlancığaza yazığı gəldi. Üç dəfə əl çaldı, bu işarədən sonra qanad çırpıntısı eşidildi, iri bir Şahin pəncərəyə qondu.

– Əmrinizdəyəm, Xeyirxah Pəri!

– O Böyük Çinar Ağacından asılan Taxta Oğlancığazı görürsən? Ora uç, öz güclü dimdiyinlə onu ilgəkdən qurtar və astaca otların üzərinə qoy.

Şahin «Baş üstə!» dedi, dərhal qanadlanıb havaya qalxdı və iki dəqiqə sonra geri qayıtdı.

– Necə buyurmuşdunuzsa, elə də elədim, Xeyirxah Pəri!

– O, sağdır?

– Sağdır. Boğazını ilgəkdən xilas edəndə ah çəkdi. Düzdür, səsini güclə eşitdim, ancaq çox keçmədi ki, özünə gəldi. Dedi ki, indi özünü yaxşı hiss edir.

Pəri bu dəfə çəpik çaldı və pudel cinsindən gözəl bir it peyda oldu. O, adam kimi iki ayağı üstə yeriyirdi. Pərinin əmriylə pudel fayton götürüb meşəyə yollandı. Böyük Çinar Ağacına yaxınlaşdı, otların üzərində meyit kimi hərəkətsiz uzanmış Pinokkionu yavaşca qaldırıb faytona mindirdi və Pərinin evinə gətirdi…

Xeyirxah Pəri ətrafdakı ən yaxşı həkimləri çağırdı. Ona öz əliylə dərmanlar içirdi. Pinokkio əvvəl-əvvəl ərköyünlük edir, həbləri içmək istəmirdi. Lakin Xeyirxah Pəri, axır ki, onu yola gətirə bildi.

Pinokkio tezliklə sağaldı. O özünü çox gümrah hiss edirdi. Taxta oğlancığazların belə bir üstünlüyü var: onlar az-az xəstələnir və çox tez sağalırlar.

Xeyirxah Pəri Pinokkionun otaqda keçi kimi atılıb-düşdüyünü görüncə dedi:

– Demək, dərmanlar sənə kömək elədi?

– Əlbəttə, onlar məni həyata qaytardı.

– Bəs niyə onları içmək istəmirdin?

– Biz uşaqlar beləyik, xəstəlikdən çox dərmandan qorxuruq.

– Ayıb olsun! Uşaqlar bilməlidirlər ki, həkimlərin məsləhət gördüyü dərmanları içmək onları nəinki xəstəlikdən xilas edir, lap elə ölümdən qoruyur.

– Düzdür! Gələn dəfə bu qədər tərslik eləməyəcəyəm!

Bundan sonra Xeyirxah Pəri Oğlancığazdan başına gələnləri soruşdu. Pinokkio da hər şeyi bircə-bircə, bizim sizə nəql etdiyimiz kimi danışdı. Onu diqqətlə dinləyən mavi saçlı qız xəbər aldı:

– Bəs indi qızıl sikkələr haradadır?

– Onları itirmişəm.

Lakin Pinokkio yalan deyirdi, qızıl sikkələr cibində idi.

Yalan danışan kimi Taxta Oğlancığazın onsuz da uzun olan burnu bir az da uzanmağa başladı.