Карл Генрих Маркс – KAPİTAL. Siyasi iqtisadın tənqidi (страница 6)
Məsələn: 40 arşın kətan nəyə «dəyər»? İki sürtuka. Burada sürtuk növlü əmtəə ekvivalent rolu oynadığına görə və istehlak dəyəri olan sürtuk kətanın qarşısına dəyər cismi kimi çıxdığına görə, kətanın müəyyən dəyər kəmiyyətini ifadə etmək üçün müəyyən miqdar sürtuk olması kifayətdir. Buna görə də iki sürtuk 40 arşın kətanın dəyər kəmiyyətini ifadə edə bilər, lakin öz dəyərinin kəmiyyətini, sürtukların dəyər kəmiyyətini heç vaxt ifadə edə bilməz. Dəyər tənliyində ekvivalentin həmişə ancaq müəyyən miqdar məlum şey, müəyyən istehlak dəyəri formasında olması faktını səthi anlamaq Beylini yanlış yola salmış və öz sələf və xələflərindən bir çoxları kimi, onu da dəyər ifadəsində ancaq miqdar nisbəti görməyə məcbur etmişdir. Həqiqətdə əmtəənin ekvivalent formasında dəyərin heç bir miqdar müəyyənliyi yoxdur.
Ekvivalent formanı araşdırarkən nəzərə çarpan birinci xüsusiyyət ondan ibarətdir ki, istehlak dəyəri öz əksliyinin, dəyərin təzahür forması olur.
Əmtəənin natural forması dəyərin forması olur. Lakin no nota bene [yaxşıca nəzərə alın]: B əmtəə (sürtuk, yaxud buğda, yaxud dəmir və i. a.) üçün bu quid pro quo [birinin yerinə başqasının meydana çıxması] yalnız həmin əmtəə ilə hər hansı bir A əmtəənin (kətanın və i a.) əlaqəyə girdiyi dəyər nisbəti daxilində, ancaq nisbət çərçivəsində baş verir. Heç bir əmtəə özünə ekvivalent nisbətində ola bilmədiyinə görə və, deməli, öz təbii görünüşünü öz dəyərinin ifadəsi edə bilmədiyinə görə, başqa bir əmtəəyə ekvivalent nisbətində olmalı, yaxud başqa bir əmtəənin təbii görünüşünü özünün dəyər forması etməlidir.
Məsələ daha aydın olsun deyə, bunu əmtəə cisimləri özlüyündə, yəni istehlak dəyərləri kimi ölçülərkən istifadə olunan ölçülərin timsalında göstərək. Fiziki cisim olan qənd kəlləsinin müəyyən ağırlığı, çəkisi vardır, lakin heç bir qənd kəlləsi onun çəkisini bilavasitə görmək və ya hiss etmək imkanı vermir. Buna görə də biz çəkisi əvvəlcədən müəyyən edilmiş olan bir neçə dəmir parçası götürürük. Qənd kəlləsinin cismani forması kimi, dəmirin də cismani forması özlüyündə götürüldükdə, əsla ağırlığın təzahür forması deyildir. Bununla belə, qənd kəlləsini ağırlıq kimi ifadə etmək üçün biz onu dəmirlə çəki nisbətinə gətiririk. Bu nisbətdə dəmir ağırlıqdan başqa heç bir şeydən ibarət olmayan bir cisimdir. Buna görə də dəmirin miqdarı qəndin çəkisi üçün ölçüdür və qəndin fiziki cisminə nisbətdə ancaq ağırlıq təcəssümüdür, yaxud ağırlığın təzahür formasıdır. Dəmir ancaq çəkisi axtarılan qəndin və ya başqa bir cismin onunla əlaqəyə girdiyi nisbət daxilində belə bir rol oynayır. Əgər hər iki cismin ağırlığı olmasaydı, onlar bu nisbətə girə bilməzdi və bunlardan biri digərinin ağırlıq ifadəsi ola bilməzdi. Biz onları tərəzinin gözünə qoyduqda, yəqin edərik ki, ağırlıq olmaq etibarı ilə onların hər ikisi həqiqətən bir-birinin eynidir və buna görə də müəyyən proporsiyada götürüldükdə, onların çəkisi bir olur. Dəmirin cismi çəki ölçüsü olmaq etibarı ilə, qənd kəlləsinə nisbətdə ancaq ağırlığı təmsil etdiyi kimi, bizim dəyər ifadəmizdə də, sürtukun cismi kətana nisbətdə ancaq dəyəri təmsil edir.
Lakin bənzəyiş buradaca bitir. Qənd kəlləsinin çəki ifadəsində dəmir hər iki cisimdə olan təbii xassəni, yəni ağırlığı təmsil edir, kətanın dəyər ifadəsində isə sürtuk hər iki şeyin təbii olmayan bir xassəsini: onların dəyərini, xalis ictimai bir cəhəti təmsil edir.
Əmtəənin, məsələn, kətanın nisbi dəyər forması onun dəyər varlığını onun cismindən və bu cismin xassələrindən tamamilə fərqli bir şey kimi, məsələn, «sürtukabənzər» bir şey kimi ifadə etdiyinə görə, artıq həmin ifadənin özü göstərir ki, onun arxasında müəyyən bir ictimai münasibət gizlənir. Ekvivalent forma isə buna lap əks xarakter daşıyır. Axı bu forma məhz ondan ibarətdir ki, müəyyən əmtəə cismi, məsələn, sürtuk, özlüyündə müəyyən bir şey dəyəri ifadə edir, deməli, lap öz təbiəti etibarı ilə dəyər formasına malikdir. Doğrudur, bu ancaq elə bir dəyər nisbəti çərçivəsində doğru ola bilər ki, orada kətan, əmtəə sürtuk əmtəəyə bir ekvivalent münasibətində olsun25. Lakin müəyyən bir şeyin xassələri onun başqa şeylərə olan münasibətindən meydana gəlməyib belə bir münasibət daxilində ancaq aşkara çıxdığı üçün elə görünür ki, sürtukda ağırlığı və ya istiliyi saxlamaq qabiliyyəti olduğu kimi eynilə ekvivalent forma, başqa əmtəələrə bilavasitə mübadilə olunmaq qabiliyyəti də guya əzəldən vardır. Kobud burjua baxışlı bir iqtisadçının qarşısına ancaq hazır şəkildə – pul kimi çıxdıqda onu heyrətə salan ekvivalent formanın müəmmalılığı da buradan irəli gəlir. Onda iqtisadçı qızıl ilə gümüşün mistik xarakterindən yaxasını qurtarmağa çalışaraq, bunların yerinə öz parıltısı ilə gözləri az qamaşdıran əmtəələr qoymağa və vaxtı ilə əmtəə ekvivalenti rolu oynamış adi əmtəələrin adlarını getdikcə daha artıq bir həvəslə sadalamağa başlayır. O heç ağlına da gətirmir ki, artıq ən sadə dəyər ifadəsi: 20 arşın kətan = 1 sürtuka ifadəsi ekvivalent formanın sirrini açmağa imkan verir.
Ekvivalent xidməti görən əmtəənin cismi həmişə abstrakt insan əməyinin təcəssümü kimi meydana çıxır və eyni zamanda da həmişə müəyyən bir faydalı, konkret əməyin məhsuludur. Beləliklə, bu konkret əmək abstrakt insan əməyinin ifadəsi olur. Məsələn, sürtuk ancaq abstrakt insan əməyinin təcəssümü olan bir şeydirsə, onda faktik surətdə bu sürtukda təcəssüm edən dərzi əməyi də abstrakt insan əməyinin təcəssümü formasından başqa bir şey deyildir. Kətanın dəyər ifadəsində dərzi əməyinin faydalılığı bu əməyin paltar hazırlanmasında və, deməli, – insan hazırlanmasında26 deyildir, elə bir şey istehsal etməsindədir ki, bunda biz dərhal dəyəri görürük, yəni kətanın dəyərində maddiləşmiş əməkdən əsla fərqlənməyən əmək birkintisi görürük. Belə bir dəyər güzgüsü hazırlamaq üçün dərzilik özündə ümumiyyətlə insan əməyi olmaq kimi öz abstrakt xassəsindən başqa heç bir şeyi əks etdirməməlidir.
Dərzilik formasında, həmçinin toxuculuq formasında, insan iş qüvvəsi sərf olunur. Deməli, bu hər iki fəaliyyət insan əməyi olmaq kimi ümumi bir xassəyə malikdir və bəzi müəyyən hallarda, məsələn, dəyər istehsalında bunlar ancaq həmin nöqteyi-nəzərdən götürülməlidir. Bunda mistik heç bir şey yoxdur. Lakin əmtəə dəyərinin ifadəsində məsələ başqa şəkil alır. Məsələn, kətanın dəyərini toxuculuğun öz konkret formasında deyil, insan əməyi olmaq kimi özünün ən ümumi keyfiyyəti ilə yaratdığını ifadə etmək üçün toxuculuğa dərzilik, – kətanın ekvivalentini yaradan konkret əmək abstrakt insan əməyi təcəssümünün əyani forması kimi qarşı qoyulur.
Beləliklə, ekvivalent formanın ikinci xüsusiyyəti ondan ibarətdir ki, burada konkret əmək öz əksliyinin, abstrakt insan əməyinin təzahür forması olur.
Lakin bu konkret əmək, dərzilik, burada fərqlərdən məhrum olan insan əməyinin sadəcə ifadəsi kimi meydana çıxdığına görə, o başqa bir əməklə, kətandakı əməklə bərabərlik formasına malik olur; buna görə də o, əmtəə istehsal edən hər bir başqa əmək kimi, xüsusi əmək olduğuna baxmayaraq, hər halda bilavasitə ictimai formada olan əməkdir. Məhz buna görə də həmin əmək başqa əmtəəyə bilavasitə mübadilə oluna bilən bir məhsulda ifadə olunur. Beləliklə, ekvivalent formanın üçüncü xüsusiyyəti ondan ibarətdir ki, xüsusi əmək öz əksliyinin forması olur, yəni bilavasitə ictimai formada əmək olur.
Bir çox təfəkkür formaları ilə, ictimai formalarla və təbii formalarla yanaşı olaraq ilk dəfə dəyər formasını təhlil edən böyük tədqiqatçıya müraciət etsək, ekvivalent formanın hər iki son xüsusiyyəti bizim üçün daha aydın olar. Mən Aristoteli nəzərdə tuturam.
Aristotel hər şeydən əvvəl tamamilə aydın göstərir ki, əmtəənin pul forması sadə dəyər formasının ancaq daha da inkişafıdır, yəni bir əmtəə dəyərinin hər hansı başqa bir əmtəə dəyərində ifadəsinin daha da inkişafıdır; o deyir:
«5 yataq = 1 evə»,
«eynilə o deməkdir» ki:
5 yataq = filan qədər pula
Daha sonra, o başa düşür ki, bu dəyər ifadəsini ehtiva edən dəyər nisbəti özü də evlə yatağın keyfiyyətcə eyniləşdirildiyini bildirir və fərqləri hiss edilən bu şeylərin mahiyyətləri arasında belə bir eyniyyət olmasaydı, bunlar bir-birinə ortaq ölçülü kəmiyyətlər nisbətində ola bilməzdi.
O deyir: «Bərabərlik olmadan mübadilə ola bilməz, ortaq ölçü olmadan isə bərabərlik ola bilməz». Lakin o burada çətinlikdə qalıb dayanır və dəyər formasının təhlilini daha davam etdirmir. «Lakin həqiqətdə mümkün deyildir ki, bu qədər müxtəlif şeylər ortaq ölçülü olsun», yəni keyfiyyətcə bərabər olsun. Belə bir bərabərləşdirmə şeylərin əsil təbiətinə ancaq yabançı ola bilər, deməli, ancaq «əməli tələbatı ödəmək üçün süni bir üsul» ola bilər.
Beləliklə, Aristotel öz təhlilini davam etdirə bilməməsinin səbəbini özü bizə göstərmiş olur, bu, dəyər anlayışının olmamasıdır. Yataqların dəyər ifadəsində yataqlar üçün evin təmsil etdiyi bərabər cəhət, yəni ümumi substansiya nədən ibarətdir? Aristotel deyir ki, belə bir şey «həqiqətdə mövcud ola bilməz». Nəyə görə? Ev yatağın qarşısına bərabər bir şey kimi çıxır, çünki ev bunların hər ikisində – həm evdə, həm də yataqda olan həqiqətən ümumi cəhəti təmsil edir. Bu isə insan əməyidir.
Lakin əmtəə dəyərləri formasında bütün əmək növlərinin bərabər və, deməli, eyni əhəmiyyətə malik insan əməyi kimi ifadə olunması faktını Aristotel dəyər formasının özündən aşkara çıxara bilməmişdi, çünki yunan cəmiyyəti qul əməyinə əsaslanırdı və buna görə də onun təbii bazisi insanların və onların iş qüvvəsinin bərabərsizliyi idi. Bütün əmək növləri ümumiyyətlə insan əməyi olduğundan, onların bərabərliyini və eyni əhəmiyyətə malik olmasını, – dəyər ifadəsinin bu sirrini yalnız o zaman açmaq olar ki, insanların bərabərliyi ideyası xalqın beynində artıq möhkəm kök salmış olsun. Bu isə ancaq elə bir cəmiyyətdə mümkündür ki, orada əmtəə forması əmək məhsulunun ümumi forması olsun və, deməli, əmtəə-sahibləri olaraq insanların bir-birinə münasibəti hakim ictimai münasibət olsun. Aristotelin dühası özünü məhz bunda göstərir ki, o, əmtəələrin dəyər ifadəsində bərabərlik münasibətini kəşf edir. Yalnız onun yaşadığı cəmiyyətin tarixi çərçivəsi ona «həqiqətdə» bu bərabərlik münasibətinin məhz nədən ibarət olduğunu aşkara çıxarmaqda mane olmuşdur.