Камиль Султанов – Ömər Xəyyam. GAH (страница 4)
Oxuculara təqdim edilən kitabın müəllifləri Ömər Xəyyam – alim, şair, insan barədə məlum olan fikirləri maksimum dərəcədə ümumiləşdirməyə çalışmışlar. Kitabda şairin rübailərindən gətirilən nümunələr bir neçə meyarla müəyyən olunur. Ən əvvəl Ömər Xəyyamın həyatı və onun dövründə bu və ya digər hadisələrlə xronoloji cəhətdən bağlı olan rübailər seçilmişdir. İkincisi, onun fəlsəfəsi, riyazi risalələri və ruhuna görə digər nəsr əsərləri ilə əlaqədar olan rübailərə xüsusi diqqət yetirilmişdir. Nəhayət, rübailərin qəti olaraq seçilməsi linqvistik prinsiplərə müvafiq şərtlənmişdir, yəni ədəbiyyatşünaslar bütövlükdə Ömər Xəyyamın qələmindən bu rübailərin çıxmasına qarşı öz fikirlərini bildirməmişlər.
Biz belə bir mövqedən çıxış etmişik ki, Xəyyam bir şəxsiyyət və şair kimi yalnız öz dövrünün – coşqun və qəddar, məkrli və qeyri-sentimental dövrün kontekstində başa düşülə bilər. Bu və ya digər tədqiqatçılar nə qədər istəsələr də Ömər Xəyyamı sadələşdirmək, XX əsrin bu və ya digər standartlarına uyğunlaşdırmaq olmaz. O doğulmuş və öz dövrünün kontekstində yaşamışdır, lakin əlbəttə, bu o demək deyildir ki, o öz əsrinin qulu olmuşdur. Xəyyam öz əsrindən çıxa bilmişdir, eyni zamanda o XI və XII əsrlərin oğlu olaraq qalmışdır.
Ömər Xəyyam… Bu ad hələ gələcək nəsilləri də narahat edəcəkdir. Rübailərdə, həmçinin onun riyaziyyat və astronomiyaya aid əsərlərində, fəlsəfi risalələrində əks olunmuş Xəyyam dünyası – hər bir düşünən insanın rast gəldiyi və həyatı boyu özünə məxsus şəkildə hər kəsin cavab tapmağa ça-lışdığı üzüntülü sual və müəmmaları olan bir dünyadır. Dörd sətir o qədər yığcam verilir ki, planetimizdə yaşayan milyonlarla oxu-cu fikir və hisslərində əmələ gələn dönüş anlarını Ömər Xəyyamla birlikdə düşünür və başqasının dərdinə şərik çıxır.
I FƏSİL
HƏQİQƏT HA=QQINDA QƏRİBƏ ARZU
1048 – 1066
Yaradıcı şəxsiyyətlərdə özlərinin daxili dünyalarına diqqət çox zaman erkən vaxtlardan başlayaraq oyanır. Valideynlər onları ya həvəsləndirir yaxud hər halda onlarda qeyri-adi qabiliyyətlərin və bacarıqların yaranmasına mane olmurlar. Uşaq vaxtı bu adamlara yaşıdlarına nisbətən böyük müstəqillik verilirdi. Valideynləri ilə onların nə çox sıx, nə də həddən artıq soyuq münasibəti var idi.
Çadırçı İbrahimin arvadı Fatimə dördüncü gün idi ki, doğuşqabağı ağrı çəkirdi. Bütün bu müddət ərzində usta İbrahim gözlərini yummadan evin ətrafında gəzişirdi. Onun qurumuş dodaqları biixtiyar olaraq «Allah birdir, Məhəmməd isə onun rəsuludur» sözlərini təkrar edirdi. Sifətinin kəskin cizgiləri, çuxura düşmüş gözləri – bütün hər şey ustanın uzun müddət yeməyə əl vurmadığını göstərirdi. İndi yemək vaxtı deyildi.
Onun Fatiməsi üçüncü dəfə doğurdu. İbrahimin yarı canı onun yanında idi. Yazıq qadın, doğrudanmı onun bətni Allah tərəfindən lənətlənmişdir. Yox, inanmaq olmur.
İbrahimin hər şeyi – nadir olduğu qədər də gəlirli sənəti, xoşbəxt Nişapur şəhərində hörməti, köhnə, gildən qayrılmış evi var idi, doğrudur, İbrahim birinci uşaq doğulduqdan sonra yenidən ev tikəcəyinə and içmişdi. Hər bir firavan yaşayan insan kimi onun da emalatxanası, hətta paxıllığını çəkənlər və düşmənləri var idi. Allah-taala bir cəhətə görə onu məğmun etmişdi: Nişapurda hörməti olan usta hələ atalıq sevincini dadmamışdı. Artıq onun yaşı qırxı keçmişdi. Bundan əvvəlki iki uşağı anadan ölü doğulmuşdu.
İbrahim arvadına heç nə deməmişdi, ancaq burnunun üst hissəsindəki qırışlar getdikcə dərinləşirdi. İldən-ilə ərinin artmaqda olan dərdini hiss edən Fatimə də (yaşına görə xeyli cavan idi) arıqlamış və vaxtından qabaq qocalmışdı. Üçüncü dəfə onun bətninə uşaq düşdükdə, o gecələr çox vaxt göz yaşı içində oyanır, qorxu içində uşağın ürəyinin vurub-vurmamasına qulaq asırdı.
İndi doğuşun dördüncü günü idi…
İbrahimin evindən və emalatxanasından başqa içindən arx axan bağ-bağçalı böyük bir həyəti də vardı. Sənətkarlarda, hətta dövlətlilərdə belə bu cür həyət-bacaya həmişə rast gəlmək olmur. Daş təpələrinin ətəyində salınmış Nişapur şəhərində məhsuldar torpaqlar çox deyildi. Belə torpaqlar əsasən varlı və adlı-sanlı adamlara verilirdi. Onlar bu torpaqlarda çox bahalı evlər tikir, xallı marallar və tovuz quşları gəzən, sərin havası olan bağlar salırdılar. Kasıblara isə dağətəyi sahələrdən istifadə etmək qalırdı.
İbrahim, öz dörd oğlu ilə düz bir il dağın döşündəki sahəni daşlardan təmizləyən, qayanı parçalayan, ora torpaq daşıyan bir qoca tanıyır. Nişapurun ətrafında belə süni əkin yerləri az deyil. Dağdan axıb gələn su hələlik hamıya çatır. Buna görə də ətrafda kəndlər çox, Xorasanın başqa yerlərinə nisbətən yaşıllıq sıx idi.
İbrahim çox da varlı deyildi ki, tacirlərlə bəhsləşə bilsin. Ancaq buna baxmayaraq o düzənlikdə, sözün əsl mənasında torpaqda yaşayırdı. Bu işdə ən əvvəl onun əcdadları «günahkardırlar».
Onun üçün həsəd ediləsi bir peşəni irs qoyub getmişdilər. Çadır hamıya gərəkdir. Ömürlərinin böyük bir hissəsini qışın soyuğunda və yayın qızğın çağında bazarda keçirən tacirlərə xüsusilə lazımdır. O, Nişapurda rabade1 adlı yerdə yaşayır, bura hələ lap qədimdən Böyük dördkünc meydan adlanır.
İbrahim yaşadığı yerə görə böyük qürur hissi keçirirdi. İş bundadır ki, bazarın abadlaşdırılmasına nə az, nə çox, yüz min dinar xərcləmiş şəhər idarəsinin rəisi Əbu Əli əl-Həsən ibn Məhəmməd ibn əl Abbas Mikalinin sifarişinə əsasən onun hazırladığı çarsu bütün meydanın üstünə çəkilmişdi. Belə sərfəli sifarişi yerinə yetirdikdən sonra, İbrahim həyət ala bilmişdi.
Başqa bir vaxtda o bu zaman gərgin əməkdən sonra məmnuniyyətlə bir-iki saat oğurlayardı ki, qayışını çəkib qaş qaralandan quşların səsinə həzz alaraq qulaq assın, əncir və qoz ağaclarının, xurma kollarının ciyərləri dolduran tündkəskin ətrindən nəşələnsin. Hər halda İbrahimin qəlbində yəqin ki, əkinçi olan uzaq əcdadı yaşayırdı. Əgər o kasıbların çörəyi olan arpa yaxud kətan və buğda əkirdisə, usta xurmaya, qoza, üzümə üstünlük verirdi.
Əcdadlar… Bu söz atası, Samanilər dövründə yaşamış babaları barədə xatirələri oyatdı. İbrahim ana babasını, onun öz həyatı haqqında danışdığı hekayətləri yaxşı yadında saxlamışdı. Onun babası Samanilər sülaləsi dövlətinin çiçəkləndiyi və varlı olduğu vaxtı görmüşdü. Nişapur bazarlarında kimlərə rast gəlmək mümkün deyildi. Babasının hekayətləri o qədər rəngarəng idi ki, onlar uşaq beyninə əbədi həkk olunmuşdu.
Budur, dolu bədənli bizantlılar zərxaradan tikilmiş paltarlarda öz malları ilə gəlmişlər. Varlı bir müştəri onlara yaxınlaşıb mücrüləri açmağı xahiş edir. Mücrülərin qapağı bir göz qırpımında açılır, varlı müştəri heyrətini gizlədə bilməyərək, qeyri-iradi geri çəkilir. O, gözlərini qıyır. Gözləri rənglərin qarışığından qamaşır. Zərif işlənmiş vəsfəgəlməz gözəllikdə olan zərgərlik məmulatları qarşısına səpələnir. Burada üzərinə zümrüd düzülmüş qızıl qolbaqlar, mirvari boyunbağılar, oyuq-oyuq, bölünmüş minalı qaş-daşlar var idi. Uzaq şimal ölkəsindən solğun bənizli ruslar da bura gəlmişdilər. Onlar çəlləklərdə kəhrəba rəngli bal, xovlu dərilər gətirmişdilər.
Ticarət qızğın gedirdi. Kiprdən gəlmiş yaşlı kişi və onun yanında durmuş cavan həmkarı iri torpaq sahibkarlarına, dehqana fil sümüyündən hazırlanmış mücrünü satırdı. Mücrü onun çox xoşuna gəlirdi, yanında o qədər pulu var idi ki, o sahibi qarışıq bütün çadırı belə ala bilərdi. Ancaq bazarın qanunları başqadır, buna görə də o hamını cəlb edir. Bütün maraq da ondadır ki burada qiyməti aşağı salmaq olar. O, nifrətedici tərzdə gülümsünərək mücrüsünü bir qədər dala qoyur. Alver başlanır. Hər üçü əl-qol atır, farsca, yunanca çığırır. Tezliklə qarşılıqlı razılıq əsasında sövdələşirlər.
Amma adi sənətkar olan İbrahimin babasının ailəsi heç də yaxşı yaşamırdı. Hökmdarın və onun əhatəsində olanların acgözlüyünün hədd-hüdudu yox idi. Müxtəlif vergilər şəklində xalqdan toplanmış yeni-yeni gəlirlər xəzinəyə axırdı. Həqiqət haradadır? Nə üçün biri kasıb, başqası varlı olur?
Qərmətilər hərəkatının əsasını qoyanlar öyrədirlər ki, yeddinci peyğəmbərin – Mehdinin zühur etməsini gözləyin, o yer üzərində ədaləti bərpa edəcək, hələlik isə icmalara torpaq, bütün sahələrdə hamıya bərabərlik veriləcək. Qərmətilərin bu şüarı bu təriqətin bayrağı altına bir çoxlarını, o cümlədən İbrahimin babasını da cəlb etdi. Əmir Nuh onları qəddarcasına cəzalandırdı, amma onun babası edamdan qaça bildi.
Lakin Samanilər dövrü başa çatmaq üzrə idi. Vaxtilə qüdrətli bir dövlət içi boş müqəvvaya çevrilərək, özünün son günlərini yaşayırdı, türklərin zərbələri altında məhv olurdu. Ah, təşəxxüslü Samanilər bilsəydilər ki, onların döyüşçü qulu, qulamı gələcəkdə hansı rol oynayacaqdır, onlar bu döyüşçünü necə də nifrətlə Alp Təkin adlandırardılar. Merkuri2 tacirlərinin himayədarlığı altında yaşamağa öyrənən, öz saraylarının cah-cəlalı, naz-neməti və kölgəli bağlarında çimən Samanilərin sonuncu nümayəndələri hərbi işi muzdla tutulmuş adamlara tapşırmışdılar. Onlar isə silah gücünə tez bir vaxtda özlərinə sərvət yığaraq, artıq öz növbəsində, zəifləmiş sülalənin hakimlərinə qarşı yuxarıdan aşağı baxmağa başlayırdılar.