18+
реклама
18+
Бургер менюБургер меню

Исмаил Шихлы – Hekayələr (страница 8)

18

Elə bil nəfəsim darıxdı. Yaxamı açdım. İstədim papiros eşəm, ancaq şinelimin cibi boş idi. Bəlkə, çıxıb gedim, yolpulum varkən geri qayıdım? Sonra bilet almağa da bir şeyim olmayacaq. Bakıya gələndə bilet almaq üçün ayırdığım pulu xərcləmişdim. Üç gün bundan əvvəl çörəyə verməli olmuşdum. Yaxşı ki, saatım vardı. Sözün düzü, onu satmağa əlim gəlmirdi. Yadigar idi. Uzun cəbhə yollarını birlikdə sona vurmuşduq. Mən onun çıqqıltılarında həm ölümümü gözləmişdim, həm səadətimi. Elə bilirdim onun çıqqıltısı dayansa, mənim ürək döyüntüm də dayanacaq. Ancaq o, bircə dəfə də çıqqıltısına ara vermədi. Mənimlə birlikdə Şərqi Prussiyada, Friş-Qaf körfəzində qələbəni qarşıladı, yaylım atəşlərinin şahidi oldu. İndi ondan ayrılmağa məcbur idim. İki gün əvvəl ürəyim çırpına-çırpına dükana girdim, saatımı girov qoydum. Qolumdan açanda barmaqlarımın əsdiyini hiss etdim. Bayıra çıxanda dükan- dan aralana bilmədim, dükançının onu stolun siyirməsinə qoyduğunu gördükdən sonra sakitləşdim. Arxayın idim. Çünki onun yerini bilirdim. Saatım başqasının əlinə düşməmişdi.

Çörəyin qalığını qəzetə büküb cibimə qoydum. İndi yadıma düşdü ki, köhnə məktəb və cəbhə yoldaşım Vahid məni yataqxanada gözləyir. İki gün bundan əvvəl küçədə tapışmışdıq. Onu orduya institutdan aparmışdılar. Öyrəndim ki, yaralandıqdan sonra geri qayıtmış və yenidən oxumağa başlamışdır.

Əl çəkmədi. Məni zorla yataqxanaya apardı. "Bir çanaq əriştəm var, – dedi, – qurtarana qədər yeyəcəyik. Aspiranturaya qəbul olunana qədər də mənim yanımda, yataqxanada qalacaqsan. Mən komendant-zad tanımıram. Əsgər çörəyi, əsgər şineli şərikli olmalıdır".

…O biri imtahanlara girmək istəmirdim. Ancaq Əzizənin sözü yolumu kəsirdi. "Meydandan qaçan adamlardan xoşum gəlmir. İllah da kişilərdən". Professor da məni məzəmmətləyirdi, Vahid də danlayırdı. Əzizə də ki elə bil qanlıbıçaq olmuşdu, həmişə də məni qabağa salırdı. Elə professor da ona tərəf dururdu:

– Cəbhəni gərək əvvəlcə cəbhəçi yarsın. Qızları qabağa salmazlar.

İkinci imtahandan da, üçüncüdən də eyni qiymət aldıq. Bütün imtahanlarda hiss edirdim ki, Əzizə məndən sonra cavab verəndə çalışırdı mənim səviyyəmdən yüksəyə qalxmasın. Cıdırda rəqibini ötmək istəməyən süvari kimi atının cilovunu çəkib sürətini azaldırdı.

Vəziyyətdən necə çıxacağımı aydınlaşdıra bilmirdim. Bilmirdim ki, imtahanlar qurtardıqdan sonra müəllimlərəmi, yoxsa Əzizəyəmi təşəkkür edim.

Əzizə mənə yaxınlaşdı. Əlimi sıxdı:

– Səndən incimirəm. Görünür, müharibə sənin əsəblərini də, özünü də, hislərini də kobudlaşdırıb. Mənim sənə qarşı olan qayğı və nəvazişimin mahiyyətini də başa düşə bilmədin. Dördillik müharibə biz qızları ən azı beş-on il qocaldıb. Axı mən qardaşımı itirmişəm. Heç bilirsənmi bacı üçün qardaş dərdi nə deməkdir? Bəlkə, mən səndən qardaşımın ətrini duymaq istəyirdim?!

O, əlini üzünə tutdu. Mən özümə gələnəcən bayıra çıxdı.

…Əmri divardan asmışdılar: "Hərbi xidməti nəzərə alınaraq üstünlük verilsin". Kağızı divardan qopartdım. Ovcumda əzişdirib içəri girdim. Aspirantura müdirinin gözləri iriləndi və o, yerindən qalxıb divara qısıldı.

– Əmri dəyişdirin!

– Nə üçün? Biz ki sənə üstünlük vermişik.

– Mənə üstünlük yox, vicdan və ədalət lazımdır.

Ovcumda əzişdirdiyim kağızı stolun üstünə atdım. Qapını çırpıb çıxdım. Bir də gözümü açanda gördüm ki, evdəyəm. Bakıdan birbaş kəndə gəlmişəm.

On gündən sonra atamla məsləhətləşib başqa rayona təyinat almaq üçün Bakıya, nazirliyə getməyə hazırlaşdığım zaman bir teleqram aldım: "Professor üç gündür səni axtarır. Əlavə yer alıb. İkimizi də qəbul ediblər. Təcili gəl. Gözləyirik.

Sənin rəqibin".

ZƏRBƏ

O, kənara çəkildi. Sol döşünün altından başlayan ağrının şiddətlənib kürəyinə verdiyini hiss etdikdə başa düşdü ki, yenə ürəyinin sancısı tutdu. Sifətindəki dəyişikliyi ətrafdakılara sezdirməmək üçün yönünü pəncərəyə çevirdi. Hər ehtimala qarşı yanında gəzdirdiyi dərmanı çıxarıb dilinin altına qoydu. Özünü elə göstərdi ki, guya pəncərədən harasa baxır.

O, son vaxtlar heç belə sarsılmamışdı. İclaslarda olmuş, elmi müzakirələrdə iştirak etmiş, haqlı-haqsız tənqidlər eşitmiş, hətta ondan böhtan və yalan dolu imzasız məktublar da yazmışdılar. Elə hal da olmuşdu ki, dünən dərs deyib yetirdiyi, qolundan tutub ayağa qaldırdığı, indi isə elmi dərəcəsi və vəzifəsi olan tələbələrinin bəzisi açıqcasına onu haqsız yerə əsəbiləşdirmişdi. Bütün bunlara dözmüşdü. Ancaq bugünkü kimi gözlənilməz və ağır zərbə almamışdı. Özü də dərs ilinin başlanğıcında, yoldaşları ilə görüşüb onların yeni dərs ilini təbrik etdiyi vaxtda.

Foyedə dayanmışdılar. Yay tətilindən qayıdan tələbələr onları əhatə etdilər. Gülə-gülə, sevinə-sevinə müəllimlərlə görüşdülər. Ancaq bir nəfər hamı ilə salamlaşdı, müəllimlərə bir-bir əl verdi, Ümid müəllimə yaxınlaşanda isə əlini geri çəkdi. Tələbələr təəccüb etdilər, müəllimlərin bəziləri özünü görməzliyə vurdu. Ancaq iş-işdən keçmiş, sərrast zərbə sövər yerdən dəymişdi.

Tələbə böyük bir iş görmüş kimi əllərini ciblərinə salıb uzaqlaşdıqda yoldaşları onu araya aldılar:

– Utanmırsan, Salman?

– Nədən utanmalıyam?

– O kişi sənə nə qədər yaxşılıq eləyib, bu da "sağ ol"undu"?

– Nə yaxşılıq eləyib?

– Bir semestr sənə cibindən təqaüd verib.

– Mənə nə? İmtahanda kəsməyəydi, canı çıxıb pul da verməyəydi.

Bunu hamı eşitdi. Salman elə bil qəsdən belə edir, mümkün qədər ucadan danışırdı.

Dərman Ümid müəllimin ürəyinə soyuqluq gətirdi. Bu sərinlik ürək nahiyəsinə keçdi və elə bil onun nəfəsi genişləndi, köksünü ötürürmüş kimi sinəsini qabardıb ciyəri dolusu hava aldı. O hiss etdi ki, ürəyindəki sancı azalır, rəngi yavaş-yavaş özünə gəlir. Qəribə idi: "Doğrudan da, Salman niyə belə etdi? Bəlkə, mən haqsızam?" Ümid müəllim ani fikrə getdi. Olub-keçənləri aydınlaşdırmağa çalışdı…

Bileti çəkəndə Salmanın əlləri titrədi. Tələbəyə yaraşmayan enli, bir az ucları şiş bığının örtdüyü qalın dodağı səyridi. Rəngi əvvəlcə qaraldı, sonra ağarıb kətan kimi oldu. Bileti sezilmədən geri atıb təzəsini götürmək istədi. Müəllimin baxdığını görüb dayandı. İcazə istəməli oldu.

– Dəyişmək olarmı?

– Buyur, ixtiyarın var.

İkinci bileti çəkdi. Elə bil əli qızarmış dəmirə toxundu. Diksinib geri atdı. Gözünü yenidən Ümidin üzünə zillədi. Bu dəfə lal baxışları ilə üçüncü bileti çəkməyə icazə istədi. Ümid dinmədi. Qanunsuz olsa da, başının işarəsi ilə razılıq verdi. Salmanın üzü gülümsündü. Bununla da müəllimin ürəyiyumşaqlığından, mərhəmətindən razı qaldığını bildirdi. Bu dəfə bileti çəkib arxaya getdi. Kağız-qələm çıxardı. Gah telini sığalladı, gah alnını qırışdırdı, gah da qoyun-qoltuğunu eşələdi. Ümid onun nə axtardığını başa düşsə də, tələbəsinin bütün hərəkətlərini görsə də, dinmədi. Hadisənin nə ilə qurtaracağını səbirlə gözlədi.

Uşaqlar bir-bir cavab verdilər. Salman tərpənmədi. Ondan sonra bilet çəkənlər qabağa düşdülər, o özünü görməzliyə vurdu. Sağı-solu boşaldı. Otaqda bir müəllim qaldı, bir də çoxdan cavab verib Salmanı gözləyən sinif yoldaşları. Deyəsən, axır ki, vəziyyəti başa düşdü. Ləngiməyin mənasızlığını görüb ayağa durdu, könülsüzcəsinə Ümidin qarşısında oturdu. Susdu. Yazdıqlarını o üz-bu üzə çevirdi, cibdə gəzdirməkdən qat kəsmiş kağızları sığalladı.

– Buyur.

– Birinci sualım… bilirsinizmi, müəllim, mənim bəxtim yoxdur, həmişə imtahanda bilmədiyim suallar düşür.

– Bildiklərindən danış.

– Çox sağ olun, bu saat, qoyun yadıma salım.

Salman nəyi isə xatırlamağa çalışdı. Ümid onun çirkli köynəyinə, düyün yeri işıldayan qalstukuna, döş cibləri şişmiş pencəyinə baxdı. Salmanın təqaüdlə dolandığını yəqin etdi və çalışdı ki, onu çətinə salmasın. Bəlkə, elə doğrudan da çaşıb, imtahanın zəhmi ağırdır. Deyirlər, hətta imtahan adı gələndə Napoleon da titrəyirmiş.

– Tapşırılan əsərlərdən oxuduğun varmı?

– Bəli, müəllim, hamısını oxumuşam.

– Bir-ikisinin adını de…

– Birinin adı bu cürdür… qalın kitabdır. Bir az dayanın…

– Heç yerə getmirəm, fikirləş.

Salmanın alnında tər göründü. Ümid gözünü yayındırıb arxada oturan uşaqlara baxdı. Ani olaraq fikirləşdi ki, görəsən, Salman qəbulda müsabiqədən necə keçib? Axı bir yerə beş ərizə var idi. Əgər öz gücü ilə daxil olubsa, bəs mənə niyə elə cavab vermir? İnanmıram ki, kiməsə rüşvət verə, axı vəziyyəti, deyəsən, yaman ağırdır? Bəlkə, kimsəsizin biridir? Bəlkə, əri əsgərlikdən qayıtmayan, cavan ikən dul qalmış və ömrünü-gününü yeganə balasına, ərinin yadigarına həsr etmiş yazıq bir ananın göz dikdiyi təkcə övladıdır?

– Yaxşı, bala, – Ümidin səsi daha da yumşaldı, uşaqlara elə gəldi ki, müəllim bu saat durub Salmanın başını sığallayacaq, – ürəyin istəyən mövzunu seç, danış.

Salman dəsmal çıxarıb tərini sildi. Bir-iki dəfə öskürdü. Ümid sevindi ki, deyəsən, tələbəsi özünə gəldi, indicə cavab verəcək, onun da qiymətini yazanda ürəyi ağrımayacaq. Qəribə xasiyyəti vardı. Bəzən yoldaşları, lap elə özü də özünü danlayırdı ki, niyə əziyyət çəkirsən, bilmir – "pis"ini yaz getsin, özün də papağını yan qoy, gəz. Elə gərək fikirləşəsən? Evə gəlirsən – əsəblərin gərgin, dindirəni acılayırsan, xəlvətə salıb dərman içirsən, gecə də gözünün yuxusu qaçır. Ya da bildi-bilmədi, hamısına qiymət yaz getsin. Tələbə də səndən razı qalsın, qohumları da. Dekan da razı qalsın, kafedra müdiri də, elə rektorluq da. Axı hamıya faiz lazımdır. Elə lap nazirlikdə də əvvəlcə mənimsəmə faizi ilə maraqlanırlar. İmtahanda səndən kəsilən olmasa, yaxşı müəllim kimi hər yerdə təriflənəcəksən. Oxumurlar, cəhənnəmə oxusunlar, dünyanı sən ha düzəltməyəcəksən? Bəsdir, az donkixotluq elə.