18+
реклама
18+
Бургер менюБургер меню

Имран Касумов – Uzaq sahillərdə (страница 2)

18

Ober-leytenant kinayə ilə gülümsündü.

Əsgər yanındakı qızla birbaş jandarmlara tərəf yeriyirdi. Onlar jandarmlara çathaçatda ober-leytenant əsgərin qabağını kəsdi.

Əsgər təqsirkar bir ifadə ilə gözlərini döyərək qeyri-ixtiyari əllərini yanına saldı. Lakin artıq gec idi. Zabit onu danlamağa, söyməyə başladı. Hətta jandarmlar təəccüblə bir-birinə baxıb ayaq saxladılar. Zabit get-gedə qızışır, özündən çıxır, deyirdi ki, iki saatdır onu axtarır, o isə vəzifəsini unudub Triyestin restoranlarında veyillənir, əxlaqsız qızlarla gəzir. Lap axırda isə əlavə elədi ki, onu ancaq kötəklə işləməyə məcbur etmək olar.

Əsgərin yanındakı qız qorxusundan divara tərəf sıçradı və yaxındakı tini burulub gözdən itdi.

Əsgərin yanağı səyriyirdi. O kəkələyərək nə isə deməyə çalışırdı, lakin zabitin yağdırdığı yeni söyüşlər onu bu mənasız cəhddən əl çəkməyə məcbur etdi.

– Bəsdir yanağını dartdın, axmaq! – zabit qışqırdı. – Əminəm ki, səni döyüş meydanında yox, meyxanada pivə parçı ilə vurub şikəst ediblər. Hələ utanmaz-utanmaz döşündə xaç nişanı gəzdirir. Atasının əziz xatirəsinə görə onu, sadəcə, «Körpə» adlandırıram. Heç təsəvvür eləyə bilmirəm ki, eses zabitinin belə axmaq bir oğlu ola bilər. Marş, dalımca!..

Körpə çantasını çiyninə atıb onun dalınca getdi. Feldjandarmların rəisi çeçələ barmağı ilə qaşının arasını qaşıdı: «Lənət şeytana, bu zabiti belə hirsli vaxtında saxlasan, sənə də ağzından çıxanı deyər».

Rəis əllərində çamadan vağzala tərəf gedən iki əsgəri dayandırıb onların sənədlərini yoxlamağa başladı.

Ober-leytenant ilə Körpə beşmərtəbəli qədim bir evə yaxınlaşdılar. Keçmişdə yerli əhalinin fəxr etdiyi bu gözəl bina indi «Döyçe soldatenhaym» adlanırdı.

Ober-leytenant və onun əsgəri «Döyçe soldatenhaym»a girəndə qarşı səkidəki slovenli bir qarı onlara tərəf baxaraq tüpürdü: «Ah, kaş bu ev başınıza uçaydı. Siz olmasaydınız, mənim Mitrim sağ qalardı. Sizi görüm lənətə gələsiniz, cəlladlar!»

O qədər də böyük olmayan vestibüldən3 yuxarı zərli məhəccərli geniş pillələr qalxırdı. Pillələrin hər iki tərəfindəki mərmər sütunlar, tavandan asılmış büllur çilçıraqlar par-par parıldayırdı.

Yuxarıdan musiqi səsləri eşidilir, xörək ətri gəlirdi. Balacaboylu bir zabit tapança qayışını açıb paltarasana ilişdirməyə çalışırdı. Xörəkpaylayan qadınlar onun yanından ötərək o tərəf-bu tərəfə vurnuxurdular. Nişastalanmış ağ önlüklər və krujeva onlara təntənəli bir görkəm verirdi. Hamısı alman idi. Bu evə ancaq almanlar girə bilərdilər.

Ober-leytenant və Körpə birinci salonun açıq qapısı qarşısında dayandılar. Bura əsgərlərin və kiçik zabitlərin yeməkxanası idi. Hiss olunurdu ki, onlar hələ təzə-təzə yığışmağa başlayıblar. Bir neçə əsgər patefonun yanında dayanıb mahnıya qulaq asır, zarafatlaşıb gülüşürdülər.

Birdən əsgərlər gözlərini onlara zilləmiş ober-leytenantı gördülər. Hamısı farağat durdu.

Zabitin sifəti daş kimi ifadəsiz idi. Əsgərlər xeyli müddət yerlərində donub-qaldılar, səslərini çıxarmadılar. Nəhayət, ober-leytenant onlardan gözünü çəkib üçüncü mərtəbəyə qalxan pillələrə tərəf yönəldi. Körpə əsgərlərə göz vurub öz zabitinin dalınca getdi.

Üçüncü mərtəbədə sakitlik idi, salonun qapısından tünd-qəhvəyi rəngli ağır pərdələr asılmışdı. Zabit etinasız bir hərəkətlə pərdəni aralayıb içəri baxdı. Sonra salona girdi.

O, stolların arasında gəzir, sanki yüksəkrütbəli zabitlərin xörək yeyəcəkləri stolların səliqə-sahmanını yoxlamaq istəyirdi.

– Körpə! – zabit əsəbi səslə əsgəri çağırdı. – Bu dəsmallar xoşuma gəlmir, çox kobuddur!

Körpə zabitin nəyə işarə etdiyini dərhal başa düşüb çiynindəki çantanı yerə qoydu, oradan bir dəstə dəsmal çıxartdı.

Onlar tez-tələsik stollardakı dəsmalları dəyişdirib salonu tərk etdilər.

– Körpə, yeməkdən qabaq əllərini yumaq istəmirsən? – ober-leytenant koridorun o biri başını göstərdi.

Koridorun o başındakı qapılardan birinin üstünə «Yalnız zabitlər üçün» sözləri yazılmışdı.

Körpəyə rast gələn mayor əvvəlcə onu dayandırıb qapıya vurulmuş lövhəni göstərmək istədi. Sonra nədənsə fikrindən daşındı. Bu iyrənc şəhərdə Otto fon Şultsun işi onsuz da başından aşırdı. Vaxtını intizam haqqında boş söhbətlərə sərf etmək istəmədi. Fon Şults özünü daha ciddi işlərdən ötrü qorumalıdır…

Mayor alçaqtavanlı holla4 girdi. Bir neçə zabit piştaxtanın qabağına yığılıb yeməkdən qabaq vermut içirdi.

Balkon qapısının yanında qırmızı peysər qoca polkovnik dayanmışdı. O, əlindəki qayçı ilə siqarın ucunu kəsirdi.

Şults alışqanı yandıraraq onun siqarına yaxınlaşdırdı.

Polkovnik diqqətlə mayora baxdı, onun qaşları təəccüblə yuxarı dartıldı.

– Fon Şults?

Şults yüngülcə baş əydi.

– Hm… – polkovnik gülümsündü. – Mən sizi hələ bığsız kadet5 olduğunuz vaxtdan xatırlayıram. Əgər səhv etmirəmsə, sizinlə atanızın malikanəsində görüşmüşdük. Hafizəm məni çox nadir hallarda aldadır. Triyestə çoxdan gəlmisiniz?

– Xeyr, təzəcə gəlmişəm.

– Yəqin ki, fövqəladə səlahiyyətlə gəlmisiniz?

– Xeyr, bu dairədə partizan hərəkatını yatırmaq işləri üzrə gestapo6 rəisinin müaviniyəm.

– Nə etmək olar! Uğur olsun! – və mətləbə heç dəxli olmadan əlavə etdi: – Sizin rəhmətlik atanız çox yaxşı general idi, bəli, çox yaxşı!

O, baş barmağını kitelinin yaxasına keçirib dabanları üstə dönərək bufetə tərəf yönəldi.

Polkovnikin ötəri dediyi bu tərif mayor fon Şultsu qəzəbləndirdi. O bu sözləri deməklə generala hörmətini bildirməkdən ziyadə, belə bir hörmətli zatın oğlunun, qədim pruss7 nəslinin nümayəndəsi olan fon Şultsun hərbi karyera seçməkdənsə, polisdə xidmət etdiyinə təəssüflənirdi…

Şults bu dəqiqə böyük məmnuniyyətlə qəliz bir söyüş söyərdi… Nə olar, insanın cəmiyyətdə tutduğu mövqe poqonlarındakı ulduzların sayı ilə təyin edilmir!

Yemək vaxtı yaxınlaşırdı. Zabitlər yavaş-yavaş holldan salona keçməyə başladılar. Şults da onların ardınca tələsdi.

Qoz ağacından hazırlanmış naxışlı qutunun içindəki saat ikini göstərəndə yüksəkrütbəli zabitlər almanlara xas olan dəqiqliklə stolların dalında öz yerlərini tutmağa başladılar. Salondakı kiçik orkestr səsləndi, xörəkpaylayan qadınlar səssizcə o baş-bu başa yüyürüşdülər. Salon zarafat-gülüş səsləri və papiros tüstüsü ilə doldu. Ober-leytenantla əsgər içəri girdilər.

Ober-leytenant yaxındakı stollardan birinin boş olduğunu görüb Körpəyə dalınca gəlməyi işarə etdi.

Ağır çanta əsgərə mane olurdu. O, çantanı çıxarıb stolun altına qoydu və yerini rahatladı.

– Bura zabitlər üçündür, – arıq xörəkpaylayan qadın Körpəyə tərəf əyilib pıçıldadı. – Aşağı mərtəbəyə enin.

Ober-leytenant nəzakətlə etiraz etdi:

– Qoyun bunu zabitlər özləri həll etsinlər.

Arxadan kimsə bağırdı:

– Qalx!

Körpə diksinib yerindən elə sıçradı ki, altındakı stul aşdı. Salondakı zabitlərdən bir neçəsi səs-küy eşidib ayağa durdu.

Ober-leytenant yerindən tərpənməyib arxayın nəzərlərlə uzun, sarıbəniz, yağlanmış saçları laklı qadın ayaqqabısı kimi parıldayan kapitana baxırdı.

– Sənin burada nə işin var?! – kapitan qəzəblə qışqırdı.

Körpənin rəngi qaçdı, yanağı yenə də səyriməyə başladı.

– Bu nədir? – kapitan yenə də bağırıb onun üstünə yeridi. – Nə ağız-burnunu əyirsən!

Bu vaxt ober-leytenant sakit və arxayın bir hərəkətlə ayağa qalxdı.

– Cənab kapitan, əlbəttə, yanağın səyriməsi əsgər üçün o qədər də yaxşı bir şey deyil, lakin bu əsgəri reyxsmarşalın özü təbrik etmişdir.

– Anlamıram! – kapitan təkəbbürlə ober-leytenantı süzdü.

Ober-leytenant sözünə davam etdi:

– O məni ölümdən xilas etmişdir. Rus mərmisi yaxınlıqda partlayan zaman bədəni ilə məni qorudu. Özü isə yaralandı. O əsl qəhrəmandır.

– Lakin bu ona burnunu bizim xörək qablarına soxmaq ixtiyarı vermir. Əgər sizin həyatınızı xilas etmişsə, onu istədiyiniz meyxanada qonaq edə bilərsiniz.

Kapitan stulunu çəkib onların stolunun arxasında əyləşdi. Ober-leytenant Körpəyə baxıb gülümsündü və heç bir şey olmayıbmış kimi onun çiyninə vuraraq dedi:

– Nə olar, Körpə, görünür, bu salonu tərk edib aşağıya enməlisən… Gedək, gedək… Yanağın yaman dartılır. Birdən aşağıda da səni incidərlər, – o, başı ilə əsgərə dalınca gəlməsini işarə etdi. Sonra kapitana dönüb yumşaq bir tövrlə sözünü bitirdi: – Cənab kapitan, mən bu dəqiqə qayıdıram.

Onlar salondan çıxandan sonra kapitan yaxındakı stolun dalında əyləşən sinəsi ordenlərlə bəzənmiş qoca polkovnikə müraciət etdi:

– Gördünüz bu cırtqozu?!

– Onunla ciddi danışmaq pis olmaz, – polkovnik cavab verdi. – Yeməkdən sonra mən onunla haqq-hesab çəkərəm.

– İcazə verin, bunu mən edim. Onun iştahasını necə pozmaq lazım olduğunu mən yaxşı bilirəm. Özü də burada onun üçün yer saxlayıram…

Musiqi çalındı, təbilin gurultulu səsləri altında kürəyi açıq, parıltılı uzun paltar geyinmiş bir qadın qaçaraq salona girdi. O, ilan kimi qıvrılaraq rəqs edir və xırıltılı bir səslə oxuyurdu. Zabitlər Körpənin stəkana qoyduğu dəsmallarla əllərini silərək bu yarımçılpaq qadını alqışlamağa hazırlaşırdılar.

Birdən salona qarışıqlıq düşdü… Qoca polkovnik dəsmalın üstündə yazılar gördü. Əzilmiş kağızı hamarlayıb çeşməyini taxdı, yazını oxuduqdan sonra qəddini düzəltdi. Ucadan əmr verdi: