18+
реклама
18+
Бургер менюБургер меню

Hüseynqulu Sarabski – Köhnə Bakı (страница 3)

18

A kosa-kosa, gəlsənə,

Gəlib salam versənə,

Çömçəni doldursana,

Kosanı yola salsana.

A uyruğu, uyruğu,

Saqqalı it quyruğu.

Kosam bir oyun eylər,

Qurdunu qoyun eylər.

Yığar Şabran düyüsün,

Mahmudun toyun eylər.

Novruz-novruz bahara,

Güllər-güllər nahara,

Bağçamızda gül olsun,

Gül olsun, bülbül olsun.

Bal olsun, həm yağ olsun,

Evdəkilər sağ olsun!

Verənə oğul versin,

Vermiyənə qız versin,

Xanım dursun ayağa,

Kosanın payın versin.

Mərmər hovuzun dörd qırağında

Bülbüllər oxur şax budağında,

Hər nə istəsəm, xudadan allam,

Dəllək dükanın yadına sallam.

Dəllək dükanı bütün Çırağban,

Məclisə gedər əlində qəlyan.

Qurbanın olum yaşıl çuxalı,

Dərbəndlisən, yoxsa buralı.

Bu nəğmə ilə qaytağı oynayan kosa “Kosa mürd” söylənildikdə yerə uzanar, beləcə, aşağıdakı sual-cavab başlanardı:

– Kosa, haradan gəlmisən?

– Qubadan.

– Nə gətirmişdin?

– Qax, qoz.

– Qax, qozu neylədin?

– Satdım.

– Pulunu neylədin?

– Arvad aldım.

– Bəs arvadı neylədin?

– Döydüm, öldü!

Kosanın bu cavabı üzərinə yenə xor halında aşağdakı sözlər oxunardı:

Başın sağ olsun, kosa,

Canın sağ olsun, kosa.

Arşın uzun, bez qısa,

Kəfənsiz ölməz kosa.

Sonra uşaqlar iki dəstəyə ayrılar, birinci dəstə aşağıdakı sözləri oxuduqca ikinci dəstə bu sözləri təkrar edərdi:

Bazarda üzüm,

Mələk salmanı.

Nimçəyə düzüm,

Mələk salmanı.

Bir ala gözüm,

Mələk salmanı.

Bazarda dibçək,

Mələk salmanı.

Al, suyun içək,

Mələk salmanı.