18+
реклама
18+
Бургер менюБургер меню

Гарриет Бичер-Стоу – Tom dayının daxması (страница 2)

18

“Tom dayı” yalnız uşaqlar və yeniyetmələrin deyil, həm də böyüklərin kitabıdır. Amma yenə təəssüflənirəm, yaşıdlarım kimi mən də bu ölməz əsəri uşaqlıq və yeniyetməlik çağlarında oxuya bilməmişəm.

Hidayət 1991

I FƏSİL

OXUCU “HUMANİST” ADAMLA TANIŞ OLACAQ

Soyuq fevral günlərinin birində Kentukki* ştatının P. şəhərində zəngin bəzədilmiş qəşəng yemək otağında iki centlmen stol arxasında əyləşmişdi, masanın üstünə bir şüşə şərab qoyulmuşdu. Otaqda xidmətçi gözə dəymirdi və onlar bir-birinə yaxın oturub, görünür, hansısa çox vacib bir məsələni müzakirə edirdilər.

Münasib olsun deyə, biz onların hər ikisini centlmen adlandırdıq. Lakin, əslində, onlardan biri bu anlayışa tam uyğun gəlmirdi. O, yöndəmsiz, kobud üzlü, törə, şişman bir adam idi. Sırtıq ədaları nəyin bahasına olursa-olsun, cəmiyyətin yüksək dairələrinə soxulmağa can atan aşağı zümrə adamı olmasından xəbər vərirdi. Geyimi çox bayağıydı: alabəzək jileti və naşılıqla bağlanmış xallı göy yaxalığı onun ümumi görkəmini yaxşı tamamlayırdı. Yoğun, cod barmaqlarını qaşlı üzüklərlə bəzəmişdi. Qızğın söhbət edəndə iri, rəngbərəng breloklar düzülmüş uzun qızıl saat zəncirini, özündən razı halda, əlində oynadır və bu cingiltidən xoşhal olurdu.

Bu adamın söhbətində də nəzakətdən, ədəb-ərkandan əsər-əlamət yox idi, nitqi elə qaba ifadələrlə süslənmişdi ki, tam təfərrüata varmağa çalışmağımıza baxmayaraq, burda onlardan nümunə gətirə bilməyəcəyik.

Onun həmsöhbəti mister Şelbi əsl centlmen təsiri bağışlayırdı, evin cah-calalı isə göstərirdi ki, sahibləri nəinki puldan korluq çəkmir, əksinə çox böyük var-dövlət içində ömür-gün sürürlər.

Qeyd etdiyimiz kimi, masa arxasında əyləşən kişilər ciddi bir söhbətlə məşğuldular.

– Mən istərdim ki, bu işi elə bu cür yoluna qoyaq, – mister Şelbi dedi.

– Xeyr, belə görürəm, deyəsən, mən sizinlə heç cür alver edə bilməyəcəyəm! Dil tapa bilmirik, mister Şelbi, qətiyyən dil tapa bilmirik.                                           Qonaq konyak dolu badəni qaldırıb işığa tutdu.

– Müsaidənizlə, Heyli! Tom bu pula dəyər. Onu başqa zəncilərə tay tutmayın: etibarlı, namuslu, fərasətli zəncidir. Mənim təsərrüfatım onun nəzarəti altında saat kimi işləyir.

– Namusludur, axı, bu zənci namusluluğudur, – Heyli badəsinə konyak süzüb irişdi.

– Xeyr! Onun düzlüyünə, namusuna heç bir şəkk-şübhə ola bilməz. Tom xeyirxahdır, ağıllıdır. Mömin bir zəncidir. O, dörd il əvvəl kilsəyə qəbul olunub; elə o vaxtdan mən ona hər şeyi etibar edirəm: pulu, evi, atları. O mənim təsərrüfatımda hər yerdə sərbəst gəzib dolaşır. Bir dəfə də olsun, onun təmizliyinə və sədaqətinə şübhə etmək ağlıma gəlməyib.

– Çoxları danışır ki, guya Yer üzündə əslində mömin zənci yoxdur, ancaq, məncə, bu doğru deyil, – Heyli etimadla dillənib əlini yellədi. – Bu il Orleana apardığım sonuncu dəstədə biri vardı. Dini mahnılar oxudu, ləzzət elədi! Sanki ibadət mərasiminə düşmüşdük! Özü də elə üzüyola, elə başıaşağı zənciydi ki… Ondan pis qazanmadım. Bir nəfərdən ucuz qiymətə almışdım, biçarə bütün var–yoxunu dəyər-dəyməzinə satmağa məcbur olmuşdu, xalis gəlirim altı yüz dollar oldu. Əlbəttə! Mal əgər yaxşı maldırsa, möminliyi də qiymətli keyfiyyətdir.

– Arxayın ola bilərsiniz, Tom bu sarıdan, doğrudan, qiymətlidir, – mister Şelbi dedi, – Bir özünüz fikirləşin, keçən payız onu Tsinsinnatiyə bir iş üçün göndərmişdim, ordan mənə beş yüz dollar gətirməliydi. Gedəndə ona dedim: “Tom! Sənə inanıram, xaçpərəstə inandığım kimi inanıram. Bilirəm ki, sən öz ağanı aldatmazsan”. Və o qayıdıb yenə evə gəldi. Bəzi əclaflar olub, istəyiblər dilə tutsunlar onu: “Tom, gərək qaçıb gedəydin Kanadaya!”*. “Yox, bacarmaram, – Tom cavab verib, – ağam mənə inanır”. Mən bunu sonradan bildim. Sözün düzü, Tomdan ayrılmaq mənimçün çox ağırdır. O mənim bütün borclarımın ödənci kimi getməlidir, azca insafınız olsa, Heyli, haqq–hesabı bitmiş hesab edərsiniz.

– İnsaf məndə bizim tacir qardaşımıza lazım olan qədərdir, daha doğrusu, çox azdır, – Heyli zarafata saldı, – Dostlarınsa qulluğunda həmişə hazıram. Lakin siz məndən həddən artıq güzəşt tələb edirsiz, həddən artıq! O, kədərlə köks ötürüb, yenidən badəsinə konyak süzdü.

– Yaxşı, siz nə təklif edirsiniz, Heyli? – mister Şelbi narahat sükutdan sonra soruşdu.

– Sizdə Torna əlavə oğlan, ya qız uşağı tapılmazmı?

– Hm, xeyr, olanımız budur. Ümumiyyətlə isə, bu işə məni çıxılmaz vəziyyət vadar edir. Öz zəncilərimi satmaq mənimçün olduqca xoşagəlməz bir işdir.

Bu vaxt qapı açıldı və otağa üç-beş yaşlarında qəşəng kvarteron** oğlan uşağı daxil oldu. Çox sevimli məxluq idi. Qara ipək saçlarının zərif burumları zənəxdanlı üzünü haşiyələmişdi. İşıqlı, iri qara gözləri yumşaq, uzun kirpiklərin arasından maraqla böyür-başına baxırdı. Əyninə yaxşı oturan, qırmızı-sarı şotlandkadan tikilmiş paltarı onu xüsusilə qəşəng göstərirdi. Hər halda, bir ürəksizlik, cəsarətsizlik hiss olunsa da, ədalarındakı məzəli qətiyyət, onun hamının qayğısına öyrəşməsindən və ərköyünlüyündən xəbər verirdi.

– Ey, qaraca! – Mister Şelbi fışqırıqlayıb onu çağırdı və bir üzüm salxımı tulladı. – Tut!

Uşaq sahibkarın qəhqəhələri altında ona atılan payın dalınca götürüldü.

– Bir bura gəl, görüm, qaraca, – mister Şelbi səsini qaldırdı.

Oğlan ona tərəf qaçdı. Ağa uşağın buruq saçlarına sığal çəkdi, çənəsini qıdıqladı.

– Necə oxuyursan, rəqs edirsən, bir göstər görüm centlmenə. Uşaq melodiyanı qollarıyla, ayaqlarıyla və bütün bədəninin məzəli, oynaq hərəkətləriylə müşayiət edərək, aydın, zil səslə şıltaq bir zənci mahnısı oxudu.

– Əhsən! – Heyli ona bir portağal dilimi ataraq qışqırdı.

– İndi isə göstər, görək, Kaco əmi yeli tutanda necə yeriyir? – Mister Şelbi dilləndi.

Oğlanın plastik bədəni bir andaca dəyişdi: o donqarlanıb kədərlə üz-gözünü büzüşdürdü və ağasının əl ağacını götürərək, sağa-sola tüpürə-tüpürə, qocalarsayağı axsaya-axsaya otaqda o baş-bu başa gəzinməyə başladı.

Centlmenlər uğundular.

– İndi də, qaraca, Elder Robinson babanı yamsıla görüm, o, zəbur surəsini necə oxuyur?

Uşağın koppuş sifəti uzandı və o, son dərəcə ciddi bir görkəm alaraq burnunda dua melodiyasını zümzümə eləməyə başladı.

– Əhsən, əhsən! – Heyli ucadan səsləndi. – Bu uşağın parlaq gələcəyi var. Bilirsinizmi nə var? – O, birdən mister Şelbinin çiyinlərini şappıldatdı. – Verin bunu mənə, Tomun üstündə – vəssalam! Bununla da haqq-hesabı çürüdək.

Bu əsnada qapı səssizcə aralandı və otağa iyirmi beş yaşlarında kvarteron qadın daxil oldu.

Gözlərini qadından çəkib oğlana baxmaq kifayətdi ki, onun bu uşağın anası olduğunu yəqin edəsən. İri qara gözlər, uzun kirpiklər, qapqara, ipək, dalğalı saçlar eynən oğlanınkı idi.

– Nə lazımdır, Eliza? – Ağa soruşdu. Qadın ayaq saxlayıb tərəddüdlə ona baxdı.

– Bağışlayın, ser, mən Harrini axtarıram.

Oğlan anasına sarı yüyürüb, ətəyinə yığdığı qəniməti ona göstərdi:

– Odur, apara bilərsən, – mister Şelbi dedi. Qadın uşağın əlindən tutub tələsik otaqdan çıxdı.

– Lənətə gələsən, şeytan! – Vəcdə gəlmiş qul alverçisi mister Şelbiyə sarı döndü. – Orleanda belə gözəldən əməlli-başlı qazanmaq olar! Sizin bu gözəldən heç də artıq olmayan qadınları gözlərimin qabağındaca min dollara satırdılar.

– Mən Elizanı satmaq fikrində deyiləm, – mister Şelbi ötkəmliklə dilləndi və söhbəti dəyişmək üçün təzə şərab şüşəsi çıxarıb ağzını açdı, Heylidən onu xoşlayıb–xoşlamadığını soruşdu.

– Əladır, ser! Birinci növ! – Qul alverçisi cavab verdi, sonra ədayla mister Şelbinin çiyinlərini şappıldadaraq əlavə etdi: – Yaxşı, bu gözəl üçün nə qədər istəyirsiniz? Sövdələşək? Qiymətinizi deyin.

– O satılmayacaq, mister Heyli, – Şelbi dedi. – Lap qızıl da versəniz, mənim arvadım ondan ayrılan deyil.

– E-e, qadınlar həmişə belə deyirlər, çünki qızılın qiymətini anlamırlar. Bu pullara nə qədər saat, dəvəquşu lələyi, cürbəcür bər-bəzək almaq olar? Bunu başa salanda isə o saat sözlərini geri götürürlər.

– Bu barədə heç danışmağa dəyməz, Heyli. Yox, dedimsə qurtardı, baş tutan iş deyil, – Şelbi qətiyyətlə təklifi rədd etdi.

– Yaxşı, heç olmazsa, oğlanı verin, – qul alverçisi təkid elədi. Özünüz görürsüz ki, mən qiymətə görə çənə-boğaz eləmirəm.

– O sizin nəyinizə lazımdır, axı? – Şelbi ucadan səsləndi.

– Mənim bir dostum var, o bu cür qanışirin oğlan uşaqları alır. Uşaqlar böyüyüb boya-başa çatır, o da aparıb bazarda satır. Bunlar əlbəttə, bəzək əşyasından başqa bir şey deyillər, onları çox vaxt lakeyliyə götürürlər. Qiyməti isə bahadı, ancaq varlılar ala bilir. Lakin o vaxt ki, qəşəng bir lakey qapını qonaqların üzünə açır, məclisə qulluq eləyir, bu, bilirsiz sizin ziyafət salonlarınıza necə əvəzsiz bir zinətdir?! Belələrindən yaxşı gəlir götürmək olar, bu şeytan balası da elə zirək, elə xoşavazdır ki, lap xas maldır.

– Mən onu satmaq istəməzdim, – mister Şelbi fikirli-fikirli dilləndi. – Məsələ burasındadır ki, ser, bir humanist adam kimi, mən uşağı anasından ayıra bilmərəm.

– Belə de! Əlbəttə, mən sizi başa düşürəm. Hərdən qadınlara baş qoşmayasan gərək. Doğrudur, göz yaşları, nalə-şüvən ağırdır! Çox ağırdır! Ancaq, ser, mən işi elə düzüb qoşaram ki, bunlarsız ötüşərik. Siz qadını bir günlüyə, ya bir həftəliyə başqa yerə yollayın, bununla da hər şey sakitcə, səssiz-səmirsiz öz yoluna düşəcək. Evə qayıdanda isə, artıq iş-işdən keçmiş olacaq. Arvadınız ona sırğa bağışlar, təzə paltar, ya da nəsə xırda-xuruş bir şey verər, bununla da o təsəlli tapıb ovunar.