Фрэнсис Элиза Ходжсон Бёрнетт – Balaca lord (страница 2)
Elə bu vaxt qapı açıldı və qulluqçu Meri içəri girdi. O, çox həyəcanlı görünürdü, üzünün rəngi də avazımışdı.
– Balaca, gəl evə gedək. Anan səni gözləyir, – Meri dedi.
Sedrik dərhal kətildən yerə hoppandı.
– Əzizim istəyir ki, mən onunla gəzməyə çıxım? – uşaq soruşdu.
Meri cavab vermədi. Onlar cənab Hobbsla sağollaşıb dükandan çıxandan sonra Sedrik üzünü Meriyə tutub dedi:
– Sənə nə olub? Özünü yaxşı hiss eləmirsən? Hava çox istidir deyə beləsən?
– Yox, balaca, mənə heç nə olmayıb, – Meri dilləndi.
Sedrik daha ondan heç nə soruşmadı. Fikirləşdi ki, yəqin, evə çatanda anası hər şeyi ona izah eləyər.
Evə yaxınlaşanda həyətdə bir faytonun dayandığını gördü. Qapını açıb içəri girdilər. Anası qonaq otağında kiminləsə söhbət eləyirdi. Meri onu ikinci mərtəbədəki otağına aparıb əl-üzünü yudu, təzə paltarını geyindirdi, saçlarını daradı. Bundan sonra Sedrik pilləkənləri düşüb qaçaraq qonaq otağına gəldi. Arıq, yaşlı bir centlmen anası ilə üzbəüz kresloda oturmuşdu. Missis Errol oğlunu görən kimi özünü onun üstünə atdı.
– Ah, Seddi! (Anası onu nəvazişlə belə çağırırdı.)
– Əzizim! – Sedrik anasını qucaqlamağa, öpməyə başladı.
Arıq, uzun centlmen kreslodan qalxıb uşağı başdan-ayağa diqqətlə süzəndən sonra dilləndi:
– Deməli, balaca lord Fauntleroy sənsən!
2
Növbəti həftəni Sedrik təşviş içində keçirdi. Əvvəla, anası ona qəribə bir əhvalat danışdı. Özü də uşaq yaxşı başa düşsün deyə həmin əhvalatı düz üç dəfə təkrarlamalı oldu. Dedi ki, o gün qonaq otağında gördüyü uzun, arıq kişi vəkil Hevişemdir. Onu İngiltərədən Amerikaya babası göndərib. Sən demə, Sedrikin indiyə kimi üzünü görmədiyi babası qraf imiş! Əgər Sedrikin böyük əmisi atdan yıxılıb ölməsəydi, balaca əmisi isə Romada qızdırma xəstəliyinə düçar olub vəfat etməsəydi, babası dünyasını dəyişəndən sonra onlar da qraf olacaqlarmış! Ancaq əmiləri həyatda deyillər. Beləliklə, qoca qraf vəfat edərsə, onun bütün mirası və zadəgan titulu Sedrikin atasına keçməlidir. Lakin kapitan Errol da artıq bu dünyadan köçdüyünə görə vərəsəlik hüququ Sedrikə keçir. Bununla belə, qoca qraf hələ ki sağ olduğundan oğlan lord Fauntleroy titulunu daşıyacaq. Babası öləndən sonra isə qraf olacaqdı.
Oğlan anasının danışdıqlarını eşidəndə bərk həyəcanlandı.
– Əzizim, – o, anasına dedi, – mən qraf olmaq istəmirəm! Axı mənim dostlarımdan heç biri qraf deyil!
Lakin belə məlum oldu ki, bundan qaçmaq mümkün olmayacaq…
Həmin axşam oğlan anası ilə birlikdə açıq pəncərənin qarşısında oturub məhəllələrindəki kasıb daxmalara tamaşa eləyirdi. Sedrik əlləri ilə dizlərini qucaqlamışdı. Uşaq həmişə nə barədəsə fikirləşəndə belə eləyirdi. Sifəti istidən pörtmüşdü. Baş verənləri anlamağa çalışırdı.
– Seddi, məncə, baban haqlıdır, – kədərli-kədərli pəncərədən çölə baxan missis Errol dilləndi. – Atan da belə olmasını istəyərdi. Mən buna imkan verməsəm, xudbinlik eləmiş olaram. Böyüyəndə özün hər şeyi başa düşəcəksən…
– Axı mən cənab Hobbsdan, dostlarımdan ayrılmaq istəmirəm! Bu şəhərdən getsəm, onlar üçün çox darıxaram…
Ertəsi gün Sedrikin babası Dorinkort qrafının şəxsi vəkili olan cənab Hevişem yenidən onlara təşrif buyurdu. O, qoca qrafın tapşırığı ilə Sedriki İngiltərəyə aparmaq üçün gəlmişdi. Vəkil oğlanı dilə tutaraq deyirdi ki, əgər getməyə razılıq versə, böyüyəndə çoxlu var-dövləti, dəbdəbəli qəsrləri, geniş bağları olacaq. Ancaq bütün bunlar Sedriki maraqlandırmırdı. Onu daha çox cənab Hobbsdan ayrılacağı narahat eləyirdi. Odur ki səhər yeməyindən dərhal sonra baqqalın dükanına yollandı. İçəri girəndə cənab Hobbs həmişəki kimi qəzet oxuyurdu.
– Hə, bu sənsən! – baqqal Sedriki görüb dedi. – Sabahın xeyir.
– Sabahınız xeyir! – Sedrik dilləndi. Ancaq bu dəfə nədənsə hündür kətilinə dırmaşmadı. Dükandakı ərzaq qutularından birinin üstündə oturub, adəti üzrə, dizlərini qucaqladı. Bir müddət dinib-danışmadı. Sonra qəfildən sözə başladı:
– Cənab Hobbs, dünənki söhbətimiz yadınızdadır?
– Yadımdadır, necə bəyəm? – baqqal boynunun ardını qaşıyıb dedi.
– Qraflar barədə dedikləriniz də? – uşaq çəkinə-çəkinə bir də xəbər aldı.
– Bəs necə! – Hobbs təsdiqlədi. – Dünən onları yaxşıca «yağladıq»!
Bu sözləri eşidən Sedrik qıpqırmızı qızardı. Axı heç vaxt belə çətin vəziyyətə düşməmişdi.
– Siz demişdiniz ki, o qraflardan, markizlərdən heç birinin ayağı dükanınıza dəyə bilməz, elədir? – Sedrik bir də dilləndi.
– Düzdür, belə demişdim.
– Cənab Hobbs, onlardan biri sizin dükanınızda oturub.
– Necə? – qəzəbli baqqal yerindən elə sıçradı ki, az qala kürsüdən yıxılacaqdı.
– Bəli! – Sedrik ciddi şəkildə dedi. – Sizə yalan söyləmək istəmirəm, mən qrafam, daha doğrusu, qraf olacağam.
Baqqal bərk narahat oldu, elə bildi, uşağı gün vurub, ona görə də nə danışdığını bilmir. İri əlini Sedrikin alnına qoyub təşvişlə soruşdu:
– De görüm, özünü necə hiss eləyirsən? Başın ağrıyır?
– Mən xəstə deyiləm, cənab Hobbs, – Sedrik dedi. – Başım da ağrımır. Təəssüf ki, bu, həqiqətdir. Meri dünən buna görə məni evə aparmağa gəlmişdi.
Cənab Hobbs özünü kürsüyə yıxıb əlindəki dəsmalla alnının tərini sildi.
– Deyəsən, səni yox, məni gün vurub… – o, güclə dilləndi.
– Yox, cənab Hobbs, heç birimizi gün vurmayıb. Babam vəkil Hevişemi İngiltərədən göndərib ki, bunu bizə xəbər versin.
Qoca baqqal çaşqınlıqla uşağın üzünə baxıb soruşdu:
– Sənin baban kimdir ki?
Sedrik əlini cibinə salıb səliqə ilə dörd qatlanmış bir kağız çıxardı. Kağızda iri hərflərlə nəsə yazılmışdı.
– Babamın adı çox uzundur, yadda saxlamaq çətindir, ona görə kağıza yazmışam, – uşaq izahat verdi.
Sonra uca səslə yazılanları oxumağa başladı:
– «Dorinkort qrafı Con Artur Molino Errol» – babamın adı belədir, – Sedrik dedi. – O, İngiltərədə bir qəsrdə yaşayır. Daha doğrusu, iki qəsrdə… Bəlkə də, üç… Mən dəqiq bilmirəm. Atam onun ən kiçik oğludur. Əgər o, sağ olsaydı, mən nə lord, nə də qraf olacaqdım. Əslində, əmilərim yaşasaydı, heç atam da qraf ola bilməyəcəkdi. Ancaq onların hamısı ölüb, odur ki qraflıq növbəsi mənə çatıb. Ona görə də babam adam göndərib ki, məni İngiltərəyə aparsın. İndi mənim adım – lord Sedrik Errol Fauntleroydur.
Qoca baqqal nə deyəcəyini bilmirdi. O, təəccüblə oğlana baxırdı.
– Cənab Hobbs, İngiltərə buradan çox uzaqdır? – Sedrik soruşdu.
– Hə, gərək Atlantik okeanının o tayına keçəsən, – qoca mızıldandı.
– Sizdən ayrılacağıma görə çox pis olmuşam…
– Nə etmək olar, dostlar nə vaxtsa bir-birindən ayrılmalı olurlar…
– Heç vaxt ağlıma gəlməzdi ki, haçansa qraf olmaq məcburiyyətində qalaram…
– Bəs sən bundan imtina edə bilməzsən? – cənab Hobbs soruşdu.
– Təəssüf ki, bu, mümkün deyil. Anamın dediyinə görə, atam da belə olmasını istəyərdi… Əgər bundan qaçmaq mümkün deyilsə, mən də ən azından yaxşı qraf olmağa çalışacağam, qəddarlıq eləməyəcəyəm. İngiltərə ilə Amerika arasında yenidən müharibə başlasa, onu dayandırmağa cəhd göstərəcəyəm.
Bundan sonra qoca baqqalla balaca lord uzun-uzadı söhbət elədilər.
Vəkil Hevişemi Amerikada gördüyü hər şey heyrətə salırdı. Bütün həyatı boyunca İngiltərədə yaşamış bu adam artıq qırx ildən çox idi ki, Dorinkort qrafına vəkillik eləyirdi. O, qrafın öz kiçik oğlunun evlənmə xəbərini necə qəzəblə qarşıladığını görmüşdü. Qraf bu fikirdə idi ki, missis Errol onun oğlu ilə var-dövlətinə görə ailə qurub. Bu səbəbdən də gəlininə nifrət eləyirdi. Cənab Hevişem də missis Errolu görənə kimi onun haqqında bu cür düşünürdü. Lakin təcrübəli vəkil qara libaslı, məsum çöhrəli bu gənc qadını görəndə qrafın yanıldığını anladı. Cənab Hevişem insan sərrafı idi, o dəqiqə başa düşdü ki, bu qadının var-dövlətə tamah salması mümkün deyil və qrafın oğlu ilə yalnız ona aşiq olduğu üçün evlənə bilərdi.
Vəkil gəlişinin məqsədini missis Errola deyəndə qadının rəngi ağappaq ağarmışdı.
– Necə?! Oğlumu məndən alacaqlar? – o, həyəcanla soruşmuşdu. – Axı mənim bu həyatda Seddidən başqa heç kimim yoxdur!
– Sizə bildirməyə borcluyam ki, cənab qraf nəvəsinin öz himayəsi altında tərbiyə olunub boya-başa çatmasını istəyir. Qrafın Londondan zəhləsi gedir, vaxtının çox hissəsini səs-küydən uzaq Dorinkort qəsrində keçirir. Yəqin ki, balaca lord da həmin qəsrdə yaşayacaq. Sizə isə qəsrin yaxınlığındakı Kort-Loc malikanəsində yaşamaq təklif olunur. Qraf eyni zamanda sizə müəyyən qədər vəsait ayıracaq. Yalnız bir şərtlə: heç vaxt oğlunuzu görməyə gəlməyəcəksiniz. Balaca lord özü istədiyi vaxt sizə baş çəkəcək.
Missis Errol dillənmədi, pəncərəyə tərəf gedib bir neçə dəqiqə orada dayandı. Vəkil başa düşdü ki, qadın özünü ələ almağa çalışır.
– Kapitan Errol Dorinkortu çox sevirdi, – qadın, nəhayət, sözə başladı. – O bütün İngiltərəni sevirdi. Mən bilirəm… əminəm ki, o, oğlunun İngiltərəni görməsini istəyərdi… Bu, Seddi üçün də çox yaxşı olar. Ümid eləyirəm ki, qraf oğlumu məndən uzaqlaşdırmağa çalışmayacaq, onun bu qədər qəddar adam olmadığına inanmaq istəyirəm. Lakin o, istəsə belə, buna gücü çatmaz! Çünki oğlum xasiyyətcə eynən atasına oxşayır. Atası kimi sədaqətli və xeyirxahdır. Biz heç görüşməsək də, o məni unutmaz!
– Xanım, – vəkil dedi, – mən sizi əmin edirəm ki, balaca lord ən yaxşı şəraitdə böyüyəcək. Cənab qraf onun xoşbəxt olması üçün nə lazımdırsa, edəcək.
– Ümidvaram ki, o, həqiqətən də, Seddini nəvəsi kimi sevəcək… – qadın titrək səslə dedi.
Vəkil Hevişem uşağı birinci dəfə qonaq otağında görəndə çox təəccüblənmişdi. Sedrik böyük adamlar kimi onun əlini sıxıb bütün suallarına səlis cavab vermişdi. Nə utanıb-çəkinmiş, nə də şıltaqlıq eləmişdi.