Эрнст Д`Эрвильи – İbtidai oğlanın macəraları (страница 2)
Amma oğlanın uzanmış əlini qoca sakitcə kənar edib dedi:
– Bu sizin payınızdır! Əgər qızardılmış ət yoxdursa, mən ağac kökü yeyəcəyəm. Buna adət etmişəm, atalarım da belə edərdilər. Mənim dişlərimə baxsanız, görəcəksiniz ki, tez-tez çiy ət, müxtəlif meyvə, kök yeməli olmuşam. Cavanlığımda hamımızın hörmətini saxlamalı olduğumuz gözəl dostumuz od dəfələrlə bizim düşərgəni tərk eləmişdi. Bəzən aylarla, hətta illərlə odumuz olmurdu, çiy qida yeyə-yeyə çənəmizi işə salmalı olurduq. Yeməyə başlayın, uşaqlar. Vaxtdır!
Uşaqlar da acgözlüklə qocanın onları qonaq etdiyi bu yoxsul azuqəyə girişdilər.
Səyyahların aclığını azacıq söndürən bu miskin səhər yeməyindən sonra qoca uşaqlara tapşırdı ki, dincəlsinlər.
Onlar qızınmaq üçün bərk-bərk bir-birinə sığındılar, dərhal da ağır yuxuya getdilər.
Bircə Krek bir dəqiqəliyə də olsun gözünü yummadı. Tezliklə onunla böyümüş əsl cavan oğlan kimi davranacaqlar. Bu fikir onu yatmağa qoymurdu. O uzanıb qımıldanmadan qocaya oğrun-oğrun, dərin məhəbbətlə, hətta bir az qorxuyla göz qoyurdu. Axı Ağsaqqal həyatı boyu nələr görməmişdi; o qədər sirli, möcüzəli şeylər bilirdi ki.
Qoca ağac kökünü çeynəyə-çeynəyə bir-birinin ardınca yanına düzülmüş çaxmaqdaşı parçalarına ayıq, təcrübəli gözləriylə nəzarət edirdi. Nəhayət, xiyara oxşayan dəyirmi və uzun bir daş seçdi, daşı ayaqlarıyla tutub dik qoydu.
Krek qocanın hər hərəkətini yadda saxlamağa çalışırdı.
Daş bu təbii məngənədə sıxılan kimi qoca hər iki əli ilə başqa, ondan da ağır daş götürdü, onu bir neçə dəfə ehtiyatla çaxmaqdaşının dəyirmi başına vurdu. Daşda yüngül, güclə seziləcək çatlar əmələ gəldi.
Sonra Ağsaqqal kobud çəkici səliqəylə döyülmüş ucluğa qoydu və bütün ağırlığını onun üstünə elə saldı ki, alnında damarları göründü. Bu zaman yuxarıdakı daşı yüngülcə çevirdi. Daşın kənarlarından uzunsov ayparaya oxşar uzun-uzun qırıntılar çıxdı. Bir yandan çıxan qırıntılar qalın və kələ-kötür, o biri tərəfdən çıxanlar isə nazik və itiydi. Onlar böyük, solmuş çiçəyin ləçəkləri kimi tökülüb quma səpələndi.
Yabanı bal rəngli bu şəffaf qırıntılar bizim indiki polad bıçaqlardan heç də pis kəsmirdi. Amma onlar möhkəm deyildi, tez sınırdı.
Qoca bir az nəfəsini dərdi, sonra ən iri qırıntılardan birini seçib onu yüngül, sürətli zərbələrlə döyə-döyə nizə ucluğu formasına salmağa başladı.
Krek həyəcan və təəccübdən qeyri-ixtiyari qışqırdı. İlk dəfəydi ki, bıçaq və nizə-ox ucluqlarının necə hazırlandığını gözləriylə görürdü.
Ağsaqqal Krekin səsinə məhəl qoymadı. O, iti ucluqları yığmağa girişmişdi.
Amma birdən diqqətini toplayaraq dönüb çaya tərəf baxdı. Həmişəki sakit və məğrur sifətində əvvəlcə təəccüb, sonra sözlə deyilə bilməyən dəhşət oxundu.
Şimaldan qəribə, anlaşılmaz səs-küy gəlirdi; səs hələ uzaqda idi, arabir dəhşətli nərilti eşidilirdi. Krek qoçaq idi, amma yenə də qorxdu. O, sakit görünməyə çalışdı, toppuzdan yapışıb qoca kimi ayıq-sayıq oldu.
Səs-küy uşaqları oyatdı. Yerlərindən sıçrayıb qorxudan əsə-əsə qocanın yanına qaçdılar. Qoca onlara əmr verdi ki, ləngimədən dik qayanın başına çıxsınlar. Uşaqlar dərhal yuxarı dırmaşmağa başladılar. Əlləriylə hər daş çıxıntısından yapışır, ayaqlarını qoymaq üçün qayadakı hər yarıqdan istifadə edirdilər. Zirvəyə yaxın iri bir çıxıntıda qarnı üstə uzanıb qanamış barmaqlarını yalamağa başladılar.
Ooca onların arxasınca gələ bilmədi. O, qayanın altında qaldı, Krek də inadla onu tərk eləmək istəmədi.
– Ağsaqqal! – deyə qışqırdı. – Dediyin kimi, bizi naməlum təhlükə gözləyir. Sən məni sevirsən, mən də səni tərk etməyəcəm: ya birlikdə öləcəyik, ya da birlikdə qalib gələcəyik. Sən yenilməz və güclüsən, döyüşəcəksən, mən isə… əgər oradan pis adamlar, yaxud vəhşi heyvanlar çıxsa, mən onların ciyərini çıxaracam.
Krek əl-qolunu ölçə-ölçə bu döyüşkən nitqi söylədiyi müddətdə qorxulu səs dəqiqəbədəqiqə qocayla uşağın gizləndiyi yerə yaxınlaşırdı.
– Krek, sən cavansan, gözlərin yaxşı görür, çaya bax, nə görürsən?
– Böyük quş dəstəsi göyün üzünü tutub. Suyun üstündə dövrə vurur. Yəqin, bizi qorxudan onların qəzəbli çığırtılarıdır.
– Bəs suda bir şey görmürsən? Bir də bax. Quşlar çayın üstündə dövrə vurur? Deməli, onlar suda üzən bir ova göz qoyurlar ki, fürsət düşən kimi hücum eləsinlər. Bəs belə dəhşətlə nərildəyib bağıran nədir? Gəl, səni qaldırım, bir də bax.
Amma Ağsaqqalın əllərində də Krek əbəs yerə uzaqlara baxırdı.
– Yuxarıdan nə görünür? – qoca başı üzərindəki qayada, təhlükəsiz yerdə uzanmış uşaqlara qışqırdı. – Sən de, Ryuq.
– Uzaqda, çayın ortasında, ağ qayanın üstündə böyük, qara bir şey görünür, – oğlan cavab verdi. – Amma nə olduğunu seçə bilmirəm. Qara bir şey tərpənir.
– Yaxşı, Ryuq. Bu, qara, iribuynuzlu öküz deyil ki?
– Yox, bu, nəhəng iribuynuzlu öküzdən böyükdür, – Ryuq qışqırdı.
– Qulaq as, Ağsaqqal, – Gel qışqırdı. – İndi ağ qayanın üstündə bir yox, iki ləkə görünür, ikisi də tərpənir. Yanlarındakı qaya da qırmızıya boyanıb.
– Mən onları görürəm! Mən onları görürəm! – rəngi ağarmış, tir-tir əsən Krek təsdiq etdi. – Orada iki heyvan var, ikisi də nəhəngdir. Onlar buz parçasının üstündədirlər, buz parçasısa bizim mağaradan böyükdür. Onlar tərpənmirlər. İndi üzüb yanımızdan keçəcəklər. Bir bax! Biz məhv olduq!
Ağsaqqal Kreki yerə qoyub çaya tərəf döndü.
Gördüyü mənzərədən qoca ovçunun rəngi qaçdı. Kreklə uşaqlar ağlayır, qorxudan tir-tir əsirdilər. Saysız-hesabsız yırtıcı quşların qışqırtısı köpüklü, bulanıq dalğaların səsinə qarışmışdı; bu dalğalarla fırlana-fırlana, yırğalana-yırğalana nəhəng bir buz parçası üzürdü.
Buz parçasının üstündə ağlasığmaz dərəcədə nəhəng, qalıntüklü bir mamont-fil görünürdü. Heyvanın arxa ayaqları buzun yarığında itmiş, sanki tələyə düşmüşdü. Heyvan qabaq ayaqlarıyla yarığın kənarına çətinliklə söykənərək dayanmışdı. Əyri dişləri yuxarı qalxmışdı, gəmi doru kimi göyə qalxmış xortumundan dayanmadan qan fəvvarə vururdu. Heyvanın bütün bədəni deşilmiş qarnından fışqıran qana boyanmışdı. O, ölümqabağı çırpıntılarla nərildəyir, bağırırdı. Yanında mamontun qarnını buynuzuyla deşən böyük bir kərgədan uzanmışdı; o öz qüdrətli düşməni tərəfindən boğulub öldürüldüyü üçün hərəkətsiz qalmışdı.
Nəhənglər qanlı buz parçasının üstündə Ağsaqqalın yanından üzüb keçəndə azman fil qorxunc səslə nərildəyib məğlub etdiyi düşməninin leşinə cumdu.
Bu ölümqabağı qışqırtıdan yer lərzəyə gəldi. Əks-sədası uzun müddət eşidildi, yırtıcı quşlar isə havada bir anlıq donub-qaldılar. Sonra yeni bir qəzəblə buz salına hücum çəkdilər, burada artıq iki leş vardı. Çalağanlar, qartallar, axır ki, ovun üstünə atıla bilmişdilər.
Buz parçası qorxunc heyvanların leşlərini özüylə aparıb gözdən itdi. Qoca küləkdən codlaşmış üzünün tərini silib kiçik yoldaşlarını çağırdı. Yazıqlar dişləri şaqqıldaya-şaqqıldaya, ayaqları əsə-əsə qocanın yanına düşdülər. Krek onun əlini hələ də həyəcanla sıxıb durmuşdu.
Məgər indi işə başlamaq olardı? Çaxmaqdaşından silah düzəltmək dərsi təxirə salındı, hamısı dinməzcə, ətrafa ehtiyatla baxa-baxa mağaraya tərəf yollandı.
Uşaqlar tez-tez çevrilib arxaya baxırdılar. Uçan quşların səsini hələ də eşidirdilər. Onlara elə gəlirdi ki, yəqin, o müdhiş buz parçasını güdən acgöz heyvanlardan biri indi də dallarınca gəlir.
Amma yavaş-yavaş sakitləşdilər, Krek gülümsəyib Ryuqun qulağına dedi:
– Biz gələndə Ojo bizə həsəd aparırdı. Amma indi sevinəcək ki, oda keşik çəkmək üçün mağarada qalıb, bizim kimi qorxmayıb.
Amma Ryuq başını bulayıb etiraz etdi:
– Ojo cəsurdur, bu nəhəngləri görmədiyi üçün, yəqin ki, heyifsilənəcək.
III fəsil
Əbədi düşmən
Uşaqlar gecə düşənə kimi sağ-salamat evə qayıtdılar.
Qorxulu macəra haqqında hekayət anaları tir-tir əsməyə, balaca bacıları ağlamağa məcbur etdi. Bundan sonra miskin, tüstülü doğma mağara uşaqlara rahat ev kimi göründü.
Burada qorxmalı heç nə yox idi. Hər yanda möhkəm daş divarlar ucalır, parlaq od bu divarları nəvazişlə isidirdi.
Od insanın ən yaxşı dostudur, o, soyuğa üstün gəlir, vəhşi heyvanları qorxudur. Ancaq elə bir düşmən var ki, hətta od da onun qarşısında acizdir.
Onunla mübarizəni dayandıran kimi bu əbədi düşmən insanı daim təqib edir, məhvə aparır. Çünki o, həmişə, hər zaman həyata zidd olub. Bu amansız, acgöz düşmən elə indi də öz dağıdıcı hücumlarını davam etdirir, minlərlə insanı məhv edir. Onun adı aclıqdır.
Uşaqların mağaraya qayıtmasından düz dörd gün keçirdi, ovçular, yəni babalar və atalar hələ də gəlib çıxmamışdılar.
Təcrübəli olduqlarına baxmayaraq meşədəmi azmışdılar? Yoxsa ovlarımı uğursuz olmuşdu? Bəlkə, hələ də əbəs yerə meşədə vurnuxurdular? Bilən yox idi.
Ancaq Ağsaqqal da, analar da, uşaqlar da ataların günlərlə mağarada olmamalarına adət etmişdilər. Bilirdilər ki, ovçular zirək, güclü, diribaşdılar, onlar sarıdan qətiyyən narahat olmurdular. Evdə qalanlar başqa qayğılarla məşğuluydular: mağaranın bütün qida ehtiyatı tükənmək üzrəydi.
Keçən ovdan qalan iylənmiş maral ətinin kiçik bir parçasını ilk günlərdəcə yedilər.
Mağarada bir parça da ət qalmamışdı. Paltar üçün kənara qoyulmuş təzə dərilərə girişmək lazım gəldi.
Qadınlar yunu iti kənarları ustalıqla yonulmuş kiçik, yastı çaxmaqdaşlarıyla təmizləyib damarları ağır dəridən ayırdılar. Sonra dəriləri kiçik parçalar şəklində doğradılar. Qan ləkələriylə örtülmüş bu parçaları suda isladıb o qədər bişirdilər ki, qatı, yapışqan kütlə əmələ gəldi.