реклама
Бургер менюБургер меню

Эрнест Сетон-Томпсон – Loqo (страница 3)

18

Bütün günü axşama qədər mustanqları suya yaxın buraxmadılar. Sonra isə Ceyran bulağa sarı yönəldib doyunca su içməyə imkan verdilər. İndi təcrübəli kovboylar dincəlmiş, yaxşıca yemiş, gümrah atların belində kəməndləri işə sala bilərdilər – xeyli su içib ağırlaşmış atları kəməndə salıb tutmaq çətin olmur.

Bir məsələ olmasaydı, bütün işlər lap əla gedərdi. Bütün bu ov qara ayğırı ələ keçirmək üçün təşkil olunmuşdu, amma o, elə bil dəmirdən idi. Müntəzəm yorğa yerişi qəti dəyişməmiş, ovun birinci günü necəydisə, yenə də elə qalmışdı. Yenə əvvəlki kimi yorulmadan ilxını ardınca aparır, kişnərtisi ilə coşdurur və iti qaçmaqda onlara nümunə göstərirdi. Atlar gücdən düşmüşdü. Qaranlıqda ovçulara ilxını tapmağa kömək edən qoca ağ madyan yarımcan halda artıq neçə saat idi ki, digər atlardan geri qalırdı. O biri madyanlar da, görünür, daha onları izləyən atlılardan qorxmurdu və aydın idi ki, bir azdan Conun əlinə keçəcəkdilər.

Bütün bu zəhmətin əsas məqsədi ayğıra isə əvvəlki kimi yaxın düşmək olmurdu.

Conun tünd xasiyyətinə yaxşı bələd olan yoldaşları onun qəfil hirslənib bu məğlubedilməz qara ayğırı güllə ilə vurmaq istəməsinə heç də təəccüblənməzdilər. Amma Co bu fikirdən çox uzaq idi.

Bütün həftə qara ayğırı izləyən Co bir dəfə də görməmişdi ki, at dördayaq qaçsın. Hər yaxşı minici kimi Co da belə gözəl ata məftun olmuşdu və heyranlığı getdikcə artırdı. Bu gözəl heyvandansa, ən yaxşı atını güllələməyə razı olardı.

Görəsən, atı tutmaq üçün vəd edilmış mükafatı almağa dəyərdimi? Co tərəddüd etməyə başlamışdı. Məbləğ az deyildi, amma elə ayğır da bütöv bir kapital idi, çünki ondan gözəl nəsil almaq olardı.

Hər şeydən əvvəl onu tutmaq məsələsi vardı. Ovu başa çatdırmaq lazım idi.

Co ən yaxşı atını yəhərlədi. Bu, şərqdən gətirilmiş cins madyan idi, amma preriyada böyümüşdü. Bu atın bir nöqsanı olmasaydı, Co heç vaxt belə gözəl at ala bilməzdi. Bu yerlərdə loko adlanan zəhərli ot bitir. Mal-qara, adətən, bu otu yeməz, amma təsadüfən bir heyvan bundan yesə, sonra hər yerdə onu axtarmağa başlar. Təsiri bir az morfininkinə bənzəyir. Buna öyrəşən at xeyli özünü normal aparsa da, axırda mütləq quduzluqdan tələf olur. Belə atlara yerli əhali “loko düşkünü” deyir. Conun da ən yaxşı atının gözlərində hərdən vəhşi parıltı əmələ gəlirdi. Bilicilər bunu həmin xəstəliyin əlaməti sayırdılar. Amma güclü, yeyinayaq madyan idi, buna görə də son ov üçün Co həmin atı seçdi.

Co irəli çapıb ilxıya sarı yönəldi. Kəməndi yerə atıb ardınca sürüyürdü ki, hamarlansın. Sonra səliqəli halqalar halında sol əlinə yığıb, ov müddətində ilk dəfə atı məhmizləyib düz ayğırın üstünə çapdı.

Dəlicəsinə çapaçap başlandı. Qorxuya düşmüş madyanlar pərən-pərən olub onlara yol verdi.

Təzə at düzənlikdə dördayağa çapır, irəlidə isə əvvəlki kimi məşhur yorğa yerişini əsla pozmadan ayğır qaçırdı.

Bu, tamamilə inanılmazdı. Co atını çağıra-çağıra, mahmızlaya-mahmızlaya qızışdırırdı. At quş kimi uçsa da, ayğırla arasındakı məsafə heç bircə düym də azalmırdı.

Qara mustanq düzənliyi keçdi. Kol basmış yaylaqdan da ötdü, təhlükəli qumlu dərəyə endi və çəmənlik zolağına gəlib çıxdı. Burada onu baybaklar1 hürə-hürə qarşıladı. Onun ardınca çapan Co gözlərinə inana bilmirdi. Ayğır ilə arasındakı məsafə nəinki azalır, hətta, deyəsən, artırdı. Co söyə-söyə atını mahmızladı, hayladı, axırda yazıq atı lap coşdurdu. Heyvanın gözləri hərlənir, başı o tərəfə-bu tərəfə yırğalanırdı. At daha yerə, ayağının altına baxıb yol seçmirdi. Birdən ayağı porsuq yuvasına düşdü. At yıxıldı, onunla bərabər minici də yerə yumalandı. Co yaman əzilmişdi, amma yenə ayağa qalxıb özünü itirmiş atını qaldırmağa çalışdı. Amma madyanın işi bitmişdi: qabaq ayağı sınmışdı. Co heyvanı əziyyətdən qurtarmaq üçün tapança ilə vurub öldürdü. Yəhəri də götürüb düşərgəyə qayıtdı. Hələ də qaçmaqda olan yorğa mustanq isə, nəhayət, gözdən itdi.

Bu halı hələ də məğlubiyyət saymaq olmazdı, çünki madyanlar əllərinə keçmişdi. Co və Çarli onları qova-qova aparıb əvvəlki sahiblərinin fermasına çatdırdılar və əvəzində yaxşı mükafat istədilər.

Co bununla kifayətlənən deyildi. Ayğırı ələ keçirmək xəyalından əl çəkməmişdi. İndi atın bütün üstünlükləri ona yaxşı məlum olduğundan ayğırı ələ keçirmək üçün təzə plan qurmağa çalışırdı.

IV

Bu səfərdə aşpaz Bets idi. O özünü poçt şöbəsində mister Tomas Bets adlandırırdı. Tez-tez ora məktub və pul baratı üçün gələr, amma ona heç vaxt heç kəs heç nə göndərməzdi. Kovboylar onu “hinduşka ləpiri Tom” adlandırırdılar, çünki dediyinə görə, guya Denverdə özü üçün məhz belə damğa qeyd etdiribmiş. Bu damğa hinduşka ləpiri şəklində imiş. Bets deyirdi ki, guya heç kəsə məlum olmayan şimal düzənliklərində otlayan saysız-hesabsız inək sürüləri və atların böyründə bu damğa varmış.

Betsə həmin bu ekspedisiyada şərik olmağı təklif edəndə istehza ilə demişdi ki, indi atların bir düjinini on iki dollara satırlar. Doğrudan da, həmin il at çox ucuz idi, buna görə də o, azacıq da olsa, maaş almağı üstün tuturdu.

Amma yorğa ayğırı bircə dəfə də görən heç kəs ona qarşı laqeyd qala bilməzdi. Hinduşka İzi də belə oldu. İndi o da həmin mustanqı ələ keçirmək xəyalına düşmüşdü, amma bilmirdi, buna necə nail olsun. Bir dəfə Bill Smit adlı bir nəfərə rast gəlmişdi. O, Nal Bill ləqəbi ilə daha çox məşhur idi, çünki damğası nal şəklində idi. Nal Bill ətlə çörəyi yeyib üstündən də dadsız-tamsız qəhvə içəndən sonra dedi:

– Bu gün həmin yorğa mustanqı gördüm, özü də o qədər yaxından gördüm ki, istəsəydim, lap quyruğunu hörə bilərdim.

– Bəs atıb vurmadın?

– Azca qalmışdı atım.

– Yox ha! Ona güllə atmaqdan özünü saxla, – deyə stolun o biri başında oturmuş “qoşa H” damğalı kovboy dilləndi, – Təzə ay doğmamış o ayğırın böyründə mənim damğam olacaq!

– Onda ləngimə, yoxsa ona damğa vurmaq istəyəndə böyründə “nöqtəli üçbucaq” damğası görərsən.

– Ona harda rast gəlmisən?

– Əhvalat belə oldu. At belində Ceyran bulağı yanından keçirdim. Bir də gördüm, qamışların arasında, qurumuş lilin üstündə nəsə uzanıb. Elə bildim, bizim sürüdən ayrılmış inəkdir. Yaxınlaşanda gördüm ki, bir at yanı üstə yerə sərilib. Külək ondan mənə sarı əsirdi, buna görə də lap yaxınlaşa bildim. Bir də nə gördüm? Bu həmin mustanqdır ki, kötük kimi ölüb qalıb! Amma ölü heyvan leşi kimi hələ şişməmişdi. Bir yarası olduğunu da görmədim. Özü də heç leş qoxusu vermirdi. Heç özüm də bilmirdim nə edim. Bir də gördüm ki, milçək qonmuş quyruğunu tərpətdi. Onda başa düşdüm ki, at yatıbmış. Tez kəməndimi çıxarıb həlqələdim, amma gördüm ki, kəndir bir neçə yerdən lap üzülüb. Tapqırım da bircə dənə idi. Fikirləşdim ki, atımın çəkisi min iki yüz girvənkədir. Buna görə də öz-özümə dedim: “Yox, sınmaq lazım deyil! Nahaq yerə tapqırım qırılar, yıxılıbkəllə-mayallaq olaram”. Qamçının sapını yəhərin qaşına vurdum, gərək görəydiniz mustanq neylədi! Yerindən sıçrayıb düz altı fut göyə hoppandı, sonra paravoz kimi fınxıra-fınxıra var gücü ilə çapıb düz Kaliforniyaya qaçdı. Yerişinə haram qatmayıbsa, yəqin, indiyə orda olar. Özü də yorğa yerişini bircə dəfə də dəyişmədi, yalan deyirəmsə, lap elə burdaca yerə girim!

Bu əhvalatı Bill heç də bu sayaq sadə danışmamışdı, çünki o danışanda tez-tez qəliz söyüşlər söyür, həm də dalbadal çeynəyir və udurdu, çünki yaman iştahı vardı, özü də ağzı yeməklə dolu olanda danışmaqdan heç utanmazdı. Hamı ona inandı, çünki Bill doğruçu adam şöhrəti qazanmışdı. Orada olanlardan bircə Hinduşka İzi heç nə demədi. Amma deyəsən, hamıdan artıq diqqətlə dinləyirdi, çünki bu söhbət ona yeni plan hazırlamaqda kömək edirdi.

Yeməkdən sonra qəlyanını sümürə-sümürə bu plan barəsində ağıllı-başlı düşündü. Qərara gəldi ki, tək bacara bilməyəcək. Sirrini açıb Nal Billə söylədi. Beləliklə, yorğa mustanqı tutmaq, başqa sözlə desək, rəvayətə görə, həmin at üçün vəd edilən beş min dolları almaq üçün yeni komanda quruldu.

Ceyran bulağı mustanqın sevimli su içdiyi yer olaraq qalmışdı. Suyun səviyyəsi bir qədər düşmüş, qamışlarla suyun arasında enli zolaq əmələ gəlmişdi. Bu zolağın iki yerindən su içməyə gələn heyvanlar cığır açmışdı. Atlar və vəhşi heyvanlar bu cığırlarla gəlməyi xoşlayırdı, mal-qara isə elə birbaşa qamışlar içindən keçib gəlirdi.

Şəriklər ən çox gözəçarpan cığırın qabağında on beş fut uzunluqda, altı fut enində və yeddi fut dərinlikdə çala qazdılar. İyirmi saat dincəlmədən işləməli oldular, çünki mustanqın iki dəfə su içməsi arasındakı vaxtda bu işi qurtarmalı idilər. İş çox ağır idi. Çalanı qazandan sonra üstünü nazik budaqlarla və torpaqla elə ört-basdır elədilər ki, heç seçilmədi. Şəriklər işlərini bitirib bir qədər aralıda özləri üçün hazırladıqları çuxurlarda gizləndilər.

Yorğa mustanq günortaya yaxın su içməyə gəldi. Tək idi, çünki ilxısını tutmuşdular. İzlərə baxanda məlum olurdu ki, atlar ikinci cığırdan az istifadə edirlər, amma Tom ehtiyat üçün onun üstünü qamışla örtüb basdırdı ki, yorğa mustanq həmin bu çala qazılmış cığır ilə gəlsin.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.