18+
реклама
18+
Бургер менюБургер меню

Эрнест Сетон-Томпсон – Hekayələr (страница 2)

18

Hərdən şərait imkan verirsə, ilxını bəndə salırlar. Əlində yaxşı atlar olsa, bəzən ilxıya çatmaq da mümkündür, amma ən sadə üsul, ilk baxışdan nə qədər qəribə görünsə də, mustanqı əldən salmaqdır, yəni yorulanadək qovmaq.

Yorğa qaçışını bircə dəfə də dördnala yürüşə dəyişməmiş məşhur mustanqın şöhrəti getdikcə genişlənirdi. Onun özü, sürəti, addımını atması və inkişaf etmiş duyuqluğundan ən ağlasığmaz əhvalatlar danışırdılar. Üçbucaq rançosundan olan qoca Montqomeri Uelsin Uleytondakı yeməkxanasına gələrək şahidlərin yanında deyəndə ki qıfıllı furqona salınmış bu mustanqa görə min dollar verməyə hazırdır, on nəfərədək cavan çoban iş müqavilələrinin vaxtı bitən təki bəxtlərini sınamaq arzusu ilə alışıb-yandı.

Vəhşi Co onların hamısını qabaqlamaq qərarına gəldi. Daha vaxt itirmək olmazdı. Hərçənd ki hələ xidmət müddəti başa çatmamışdı, o, bütün gecəni ova hazırlıqda keçirdi.

Dostlarından bir qədər borc götürüb iyirmi yaxşı minik atından, mətbəx furqonundan və üç nəfər – özü, yoldaşı Çarli və aşpaz – üçün ikihəftəlik ərzaq ehtiyatı da daxil olmaqla ekspedisiya təşkil etdi.

Hazırlığı başa çatdırıb Kleytonu bu yorğa, ecazkar mustanqı əldən salmaq əzmi ilə tərk etdi. Artıq səfərinin üçüncü günü Antilop bulağına çatdı və günortaya yaxın olduğundan qara mustanqın bütün dəstəsi ilə bir yerdə su içməyə enməsi onu təəccübləndirmədi.

Co gizləndi və atların hamısı sudan içib doyana kimi özünü büruzə vermədi, çünki susuzluq hiss edən heyvanın içdiyi sudan ağırlaşmış heyvana nisbətən daha yaxşı qaçdığını gözəl bilirdi.

Bundan sonra Co pusqudan çıxaraq sakitcə irəlilədi. Mustanq həyəcan siqnalını onun ilxıya çatmasına təxminən yarım mil qalmış verdi və o dəqiqə də dəstəsini cənub-şərq tərəfdəki meşəliyə apardı. Co da atını ilxının dalınca çapdı və onları yenidən görən kimi geri qayıdıb həm də arabaçılıq edən aşpaza tapşırdı ki, cənuba, Alamozo Arroyo çayına tərəf yollansın. Özü isə yenə də cənub-şərqə, mustanqın dalınca getdi.

İki mil gedəndən sonra yenidən yorğanı gördü. Atını addım-addım sürüb ilxıya o qədər yaxınlaşdı ki, atlar qorxub cənuba tərəf qaçdılar. Lakin Co kəsə yolla getdi və bir saatdan sonra təzədən ilxını gördü. Ehtiyatla atlara yaxınlaşdı və hər şey yenidən təkrar olundu: yenidən həyəcan və qaçış. Bütün gün belə keçdi.

Mustanqlar dövrə vura-vura cənuba tərəf hərəkət edirdilər və artıq günəş üfüqə enəndə ilxı yenə də Alamozo Arroyo çayının yaxınlığında idi, elə Co da buna ümid bəsləyirdi. Mustanqlar yenə də əlinin altında idi və Co onları bir də qorxudub furqonun yanına döndü. Həmin vaxta kimi yaxşıca dincələn yoldaşı təqibi başqa atla davam etdirdi.

Şam yeməyindən sonra furqon, əvvəlcədən qərarlaşdırdıqları kimi, Alamozonun üst keçidinə tərəf hərəkət etdi və Co orada gecələməyə qaldı.

Həmin vaxt isə Çarli ilxının dalınca gedirdi. Artıq vəhşi atlar təqib başlayanda olan kimi sürətlə qaçmırdılar, çünki onların dalınca düşmüş atlı hücuma keçmək istədiyini heç büruzə vermirdi və heyvanlar yavaş-yavaş onun yaxınlıqda olmasına öyrəşməyə başladılar. İlxını alaqaranlıqda tapmaq daha asan idi, çünki dəstədəki madyanların birinin rəngi başqalarından xeyli açıq idi, aydın seçilirdi. Təzə çıxmış ay da ilxını təqib etməkdə bir kömək idi və Çarli öz atının duyğusuna əminliklə cilovu buraxdı və heyvan açıqrəngli madyanın bir kabus kimi seçildiyi ilxının dalınca çaparaq getdi. Nəhayət ki, ətrafdakı hər şey gecənin zülmətində qərq oldu. Onda Çarli də atdan endi, yəhərini çıxarıb onu otlamağa buraxdı, özü isə yorğanına bürünərək tezliklə yuxuya getdi.

Dan yeri söküləndə Çarli də artıq ayaqda idi və həmin açıqrəngli madyanın köməyi ilə ilxını tez tapdı; aralarında heç yarım mil də məsafə yoxuydu. Onu görən kimi yorğa ucadan kişnədi və ilxı qaçmağa başladı.

Lakin elə ilk təpədə atlar ayaq saxladılar ki, onları belə israrla təqib edənin kimliyinə baxsınlar. Bir dəqiqədən sonra mustanq artıq özünə lazım olan hər şeyi öyrəndiyini düşünərək yalını yelə verdi və özünün yorulmaz, nizamlı yorğası ilə qara meteor kimi irəli cumub bütün ilxını dalınca apardı.

Atlar qərbə tərəf çöndülər və həmin oyunun – qaçış, təqib, görüş və yenə də qaçış – bir neçə təkrarından sonra günortaya yaxın qədim hindu qülləsinə çatdılar. Co ilxını orada gözləyirdi. Çarli yüksəklərə qalxan nazik tüstüdən bildi ki, yolunu gözləyən var və elə həmin dəqiqə günəş şüalarını əks edən cib aynası ilə cavab siqnalı verdi. Co at belinə qalxıb təqibə başladı, Çarli isə yemək, dincəlmək üçün oturdu.

Bütün ertəsi gün Co mustanqları tən ortasında furqon hərəkət edən böyük bir çevrə ətrafında saxlamağa çalışaraq qovurdu. Gün batana yaxın o artıq Çarlinin təzə at və yeməklə gözlədiyi keçidə yaxınlaşdı. Co təqibi bütün axşam, hətta gecənin bir qismi də davam etdirdi. Vəhşi ilxı, görünür ki, tanımadığı, amma onlara ziyansız gələn adamlara alışırdı. Bundan başqa, yorğunluq da özünü göstərirdi. İlxı artıq yaxşı, sulu otlu çöllərdə deyildi, təqibçilərin atları isə yulaf yeyirdi. Daimi əsəb gərginliyi də özünü büruzə verirdi. Bu gərginlik vəhşi atların iştahasını küsdürür, yanğısını isə artırırdı. Təqibçilər atların tez-tez, uzun-uzadı su içməsinə imkan verirdilər. Bolluca su içmiş at isə çətin qaçır: onun ayaqları sanki ağaca dönür, nəfəsi təngiyir. Elə buna görə də Co öz atına, demək olar ki, su vermirdi. Nəhayət ki, gecələmək üçün dayananda nə özü, nə də atı yorulmuşdu.

Dan yeri söküləndə Co mustanqları asanlıqla tapdı. Onlar əvvəlcə çaparaq, sonra isə addım-addım getdilər. Artıq bu qarşıdurmada qələbə, demək olar ki, lap yaxın idi, çünki belə təqibdə ən çətin iş ilk iki-üç gün ərzində, mustanqlar hələ yorulmamış onları gözdən itirməmək idi.

Bütün səhəri Co ilxını gözdən qaçırmır, demək olar ki, daim atların yaxınlığında olurdu. Saat ona yaxın isə Çarli onu Xoze dağının ətəyində əvəz etdi. Həmin gün mustanqlarla aralarındakı məsafə cəmi dörddəbir mil idi və atlar artıq əvvəlki kimi yüngül getmirdilər.

Axşam Çarli yenə atını dəyişib təqibi davam etdirdi.

Ertəsi gün mustanqlar artıq başlarını aşağı dikib gedirdilər və qara yorğanın bütün səylərinə baxmayaraq, təqibçilərlə aralarındakı məsafə bəzən yüz addımdan artıq olmurdu.

Dördüncü və beşinci gün də eyni qayda ilə keçdi. İlxı artıq yenə Antilop bulağına çatırdı. O zamana kimi hər şey elə nəzərdə tutulduğu qayda ilə davam edirdi: təqib böyük çevrə ətrafında davam edir, furqon isə çevrənin daxilində çox qısa yol gedirdi. Vəhşi ilxı bulağa yaxınlaşanda tamam əldən düşmüşdü, ovçular isə dincəlmişdilər, atları təzə idi.

Bütün gün ərzində, düz axşama kimi mustanqları suya yaxın buraxmadılar, heyvanlar Antilop bulağına çatanda isə doyunca içmək imkanı verdilər. Burada atları yulaf yeyən və güc yığan təcrübəli ovçular üçün belə uzun təqibin gözlənilən kulminasiyası gəlirdi. Çoxlu su içmiş atı tutmaq da, onu cidarlamaq da asandır.

O vaxta kimi hər şey gözəl gedirdi. Lakin qara ayğır sanki poladdan döyülmüşdü. Onun müntəzəm, incə addımları dəyişməmişdi və ovun ilk günündə olduğu kimi idi. O, daim ilxının böyrü ilə irəli-geri çapır, kişnərtisi ilə, öz nümunəsiylə atları qaçmağa həvəsləndirirdi. Lakin qüvvələr artıq tükənirdi. Ovçulara ilxını qaranlıqda tapmağa kömək olan açıqrəngli madyanı dəstə artıq bir neçə saat qabaq tərk etmişdi, onun artıq son nəfəsi idi. Qalan madyanlar, görünür, artıq süvarilərdən heç qorxmurdular da və aydın idi ki, onlar çox tezliklə Conun qənimətinə çevriləcəkdilər.

Bütün bu əziyyətlərin mənası saydıqları ayğır isə elə əvvəlki kimi əlçatmaz olaraq qalırdı.

Conun yoldaşları onun tez qızışan adam olduğunu yaxşı bilirdilər və əgər günlərin birində o, qəflətən qəzəblənib məğlubedilməz qara ayğırı güllə ilə vurmağa cəhd etsəydi, təəccüblənməzdilər. Lakin Co bu fikirdən tamam uzaq idi.

Bir həftə ərzində onu təqib edərkən bir dəfə də görməmişdi ki, qara ayğır dördnala çapsın. Conun içində heyranlıq vardı – yaxşı at sürən adamın belə qeyri-adi heyvan qarşısındakı heyranlığı və bu hiss durmadan artmaqda idi; o, indi ona güllə atmaqdansa, özünün ən yaxşı atını vurmağa hazır idi.

Yorğanın tutulması üçün təyin olunmuş mükafatı almağa heç dəyərdi? Co artıq tərəddüd keçirirdi. Məbləğ az deyildi, lakin bu atın özü də bütöv bir sərvət idi, çünki təzə, yorğa cinsin yaradıcısı ola bilərdi.

Amma başına mükafat təyin olunmuş at hələ də azad idi. Ovu sona çatdırmaq lazım idi.

Co özünün ən yaxşı atını yəhərlədi. Bu, damarlarında Şərq qanı axan, preriyada1 böyümüş bir madyan idi. Əlbəttə, əgər bu atın çox qəribə bir qeyri-adiliyi olmasaydı, Co heç vaxt belə gözəl heyvana sahiblənə bilməzdi. Buralarda loko adlı zəhərli bir ot bitirdi. Mal-qara həmin otu heç vaxt yemirdi, amma hər hansı bir heyvan təsadüfən onun dadına baxsa, mütləq hər yanda onu axtaracaqdı. Bu otun təsiri bir az morfinin təsirinə bənzəyirdi və onu yeməyə dadanmış at da iki ildən sonra quduzluqdan ölməliydi. Belə heyvana yerli əhali loko düşkünü deyirdi. Conun da ən yaxşı atı gözlərindəki vəhşi parıltı ilə fərqlənirdi və həmin bu parıltı məsələnin nə yerdə olduğunu anlamaq üçün bütün bilicilərə ipucu verirdi. Lakin bu at güclü, zirək heyvan idi və Co da ovun son mərhələsi üçün məhz onu seçmişdi.

Co atını irəli, ilxıya sarı çapdı. Kəməndini yerə atıb bir xeyli sürüdü ki, kəndir düzəlsin, sonra da onu sol əlinin ətrafına səliqə ilə halqa-halqa yığdı və bu günlər ərzində ilk dəfə atını mahmızlayıb birbaş ayğırın üstünə sürdü.