Erik Siqal – Bir sevgi tarixçəsi (страница 2)
Araya sükut çökdü. Nəfəsimi qısıb cavab gözləyirdim. Mənə elə gəlirdi ki, yerə düşən qarın da səsini eşidirəm.
– Hansı komandada? – nəhayət, Cenni dilləndi.
2
Əlbəttə, Cenni artıq mənim haqqımda bu məlumatları proqramdan oxuyub. Vik Kleman, bizim menecer onun pulsuz paylanan proqramlardan birini götürdüyünü öz gözləri ilə görüb. Üç dəfə soruşmuşam.
Biz oyundan qabaq əzələlərimizi açmaq üçün buz üstünə çıxanda mən nəinki Cenniyə əl etmədim, heç o oturan tərəfə də baxmadım (gör necə pis oğlanam!). Bununla belə, əmin idim ki, Cenni gözaltı onu izlədiyimi düşünür. Birləşmiş Ştatların himni səslənəndə eynəyini bayrağa sonsuz məhəbbət əlaməti olaraq çıxarmamışdı ki?!.
İkinci hissənin ortalarına kimi hesab açılmasa da, artıq biz Dartmutu üstələyirdik. Devi Constonla mənim rəqib qapısının torunu deşməyimizə az qalırdı. Bunu hiss edən «Yaşıl əclaflar» kobud oynamağa başladılar. Yəqin, biz hesabı açmamış onlar bir-ikimizin qabırğasını sındırmaq istəyirdilər. Artıq qan iyi hiss edən tamaşaçılar vəcdə gəlmişdilər, bar-bar bağırırdılar. Hokkey oyununda «qan» deyəndə, həqiqətən, buz üstündə qan, yaxud, heç olmasa, qol nəzərdə tutulur. Azarkeşlərin tələbinə həmişə hörmətlə yanaşan bir oyunçu kimi mən həmişə çalışmışam ki, onların nə qan, nə qol arzularını gözlərində qoyum.
Dartmutun mərkəz hücumçusu Ol Reddinq bizim göy müdafiə xəttimizə yaxınlaşanda mən onun qarşısına çıxdım. Biz az qala əlbəyaxa olduq, mən güclü çıxıb şaybanı aldım və əks-hücuma keçdim. Azarkeşlər boğazlarını cırırdılar. Sol tərəfimdə Devi Constonu görürdüm, amma işi özüm axıra çatdırmaq istəyirdim. Rəqibin yastı-yapalaq, bir az da qorxaq qapıçısının gözünün odunu hələ o, Deerfild komandasında oynayanda almışdım. Amma məni haqlamış iki dartmutlu müdafiəçini caşdırmaq, zərbə anında şaybanı itirməmək üçün qapının arxasına keçib dövrə vurmalı oldum. Onlar fəndimi anladılar və üçümüz də qapı arxasında bir-birimizə qarışdıq. Adətən, belə vəziyyətdə mən rəqib formasında kimi görsəm, vururam. Şayba ayaqlarımızın arasında ilişib qalmışdı, bizsə oyunu yaddan çıxarıb var qüvvəmizlə bir-birimizə yumruq atırdıq.
Qəfildən hakimin fiti eşidildi.
– Sən! İki dəqiqə cərimə!
Başımı qaldıranda hakimin mənə tuşlanmış barmağını gördüm. Mən niyə? Hansı qaydanı pozdum ki?
– Bəsdir, hakim, mən axı nə elədim?
Amma hakim dialoqun davamına azacıq da olsa həvəs göstərmədi. Üzünü oyuna nəzarət edən rəsmi nümayəndələrin əyləşdiyi masaya tərəf çevirib: «Yeddi nömrəli oyunçu, iki dəqiqə», – deyə qərarını təsdiqlədi.
Mən etiraz etdim, hərçənd bu heç nəyi dəyişmirdi. Azarkeşlər istəyirlər ki, sevdikləri oyunçular ən kobud qayda pozuntusuna yol verdikləri hallarda belə cəza qərarına öz etirazlarını bildirsinlər, mən də onlar xoşladıqları kimi etdim. Hakim əlini yellədi və mən birtəhər hirsimi boğub könülsüz-könülsüz cərimə skamyasına tərəf getdim. Qapını açmadan bortun üstündən aşdım. Konkilərimin ülgücləri taxta döşəməni xırçıldatdı, ardınca diktorun əsəblərimi bir az da cırmaqlayan səsi eşidildi:
– Cərimə. Harvad komandasından Barrett. İki dəqiqə.
Tribunalar hakimi fitə basdı. Harvard tələbələrindən bəziləri onun görmə qabiliyyəti, şərəf və ləyaqəti ilə bağlı dərin şübhələrini qışqırıqla ifadə etdilər. Mənsə oturub nəfəsimi dərməyə, nə yuxarıya, nə aşağıya – bu dəqiqələrdə dartmutluların sayca bizdən üstün olduqları buz meydançasına baxmamağa çalışırdım.
– Dostların orda, meydançada çarpışırlar, bəs sən niyə burda oturmusan?
Cenninin səsi idi.
Ona cavab verməkdənsə, komanda yoldaşlarımı ruhlandırmağa üstünlük verdim.
– İrəli, Harvard, şaybanı onlara verməyin!
– Sən nə pis iş gördün?
Bu dəfə Cenniyə tərəf döndüm – əvvəl-axır onu bura özüm dəvət etmişdim.
– Barıtını artıq elədim.
Təzədən üzümü buz meydançasına çevirdim. Orada yoldaşlarım Ol Reddinqin hesabı açmaq cəhdlərinə sinə gərməyə çalışırdılar.
– Bu nədir, böyük günah sayılır?
– Cenni, xahiş edirəm, mən diqqətimi cəmləmək istəyirəm.
– Diqqətini nəyin üzərində cəmləmək istəyirsən?
– Bu yaramaz Ol Reddinqin ağzını necə cıracağımı düşünürəm.
Mən gözümü meydançadan çəkmir, heç olmasa, yoldaşlarıma mənəvi dəstək verməyə çalışırdım.
– Sən «çirkli» oyunçusan?
«Yaşıl əclaflar» qapıçımızın üstünə tökülüşmüşdülər, oyunu gözdən qoymur, buzun üstünə çıxmağıma qalan saniyələri sayırdım. Cenni isə inadından əl çəkmirdi:
– Nə vaxtsa mənim də ağzımı cıra bilərsən?
Geri baxmadan hirslə cavab verdim:
– Səsini kəsməsən, elə bu dəqiqə bilərsən.
– Mən gedirəm. Sağ ol.
Mən geri dönəndə o artıq yoxa çıxmışdı. Dalınca baxmaq üçün yenicə ayağa qalxmışdım ki, cərimə vaxtının bitdiyi barədə elan verildi və mən bortun üstündən aşıb meydançaya atıldım.
Kütlə qayıdışımı alqışlayırdı. Barrett yenə komandadadırsa, deməli, hər şey yaxşı olacaq! Cenni harada gizlənirsə-gizlənsin, mənim buza çıxmağımın tribunalarda yaratdığı canlanmanı görməyə bilməzdi.
Yeri gəlmişkən, görəsən, o hara yox oldu?
Ol Reddinq çox güclü bir zərbə vurdu, amma qapıçımız şaybanı qaytardı. Şayba Gin Kennaveyin əlinə keçdi. Gin onu mənə tərəf göndərdi. Mən şaybanın dalınca qaça-qaça bir anlığa gözlərimi qaldırıb Cennini görmək üçün tribunalara baxdım. Gördüm! O, burada idi!
Növbəti saniyədə arxası üstə yıxıldım. İki «Yaşıl əclaf» bircə anlığa diqqətimin yayınmasından istifadə etmiş, dərhal üstümə atılmışdı. Aman Tanrım, nə böyük rüsvayçılıq! Barretti yerə sərmişdilər! Dalım yerdə sürüşməyimi görən azarkeşlərimizin içindən inilti qopdu. Qanıma susamış Dartmut azarkeşləri isə məni fitə basır, ələ salıb hoydu-hoyduya qoyurdular:
– Birini də yapışdırın! Birini də yapışdırın!
Görəsən, Cenni indi nə fikirləşir?
Şayba dartmutlularda idi, onlar yenə qapımızın ağzına yığışmışdılar. Qapıçımız bu dəfə də rəqibin zərbəsini dəf etdi. Şayba Kennaveyə keçdi. Kennavey onu Constona, Conston isə mənə ötürdü (mən artıq ayağa qalxmışdım). Azarkeşlərimiz dəli kimi bağırırdılar, qol tələb edirdilər. Mən şaybanı alan kimi dartmutluların göy müdafiə xəttini keçdim. Qarşımda yalnız iki müdafiəçi qalmışdı.
– İrəli, Oliver, irəli! Onların başlarını bədənlərindən ayır!
Bu hay-küyün içərisində mən Cenninin qulaqbatırıcı çığırtısını eşitdim. Onun səsində qəribə, hətta deyərdim ki, incə bir qəzəb duyulurdu. Mən müdafiəçilərdən birini aldatdım, ikincisinə isə elə zərblə çırpıldım ki, «Yaşıl əclaf»ın nəfəsi kəsildi və o, buzun üstünə çökdü. Sonra isə zərbə vurmaq əvəzinə şaybanı sağdan özünü yetirmiş Devi Constona ötürdüm. Devi onu birbaşa tora göndərdi. Harvard hesabı açdı.
Biz bir-birimizin üstünə atıldıq, qucaqlaşıb öpüşməyə başladıq. Mən, Devid və digər komanda yoldaşlarımız. Qucaqlaşır, öpüşür, bir-birimizin kürəyini döyəcləyir, atılıb-düşürdük (təsəvvür edin, ayağımızda konki!). Tribunalar dağılırdı. Bayaq mən çırpıldığım dartmutlu hokkeyçi isə hələ də yerindən qalxa bilmirdi. Azarkeşlər proqramları başımıza yağdırırdılar. Biz, həqiqətən, dartmutluların boyunlarını qırmışdıq. (Əlbəttə, bu, metaforadır: yerdə qalmış oyunçu, axır ki, nəfəsini dərib özünə gəldi və yavaş-yavaş dikəldi.) Biz rəqibi darmadağın etdik: 7–0.
Əgər mən Harvardın şəklini otağımın divarından asacaq dərəcədə sentimental bir gənc olsaydım, bu, heç şübhəsiz, nə «Uinstrop Haus» yataqxanasının, nə Mem kilsəsinin deyil, «Dillon Fild Haus»un şəkli olardı. «Dillon» stadionunun. Mənə Harvardda, necə deyərlər, «ruh evi» seçmək imkanı versəydilər də, məhz bu evi seçərdim. Qoy Nat Pusey13 buna görə lap mənim diplomumu ləğv etsin, yenə deyəcəyəm ki, «Dillon» mənim üçün «Uaydener» kitabxanasından qat-qat əzizdir. Kollec həyatımda hər axşam mən ora gedərdim, bir-iki yağlı söyüş işlədib dostlarımla salamlaşardım, «sivilizasiya donu»nu əynimdən çıxardıb kobud idmançıya çevrilərdim. Hər axşam altdan «zireh»lərini taxmaq, üstdən «7» nömrəli köhnə köynəyini əyninə keçirmək (çox istəyirdim ki, məndən sonra bu köynəyi daha heç kimə verməsinlər, heyif, olmadı), konkilərini çiyninə atmaq və «Dillon»un binasından çıxıb komanda yoldaşlarınla zarafatlaşa-zarafatlaşa «Uatson» buz meydançasına yönəlmək necə də həyəcanlı, necə də gözəl idi.
Bundan da gözəli oyundan sonra «Dillon»a qayıtmaq idi. Tərli formanı yerə atırsan, anadangəlmə lüt, yorğun-arğın dəsmal götürüb yuyunmağa gedirsən.
Sonra isə şırıldayan suyun altında durub ötən şənbə gecə kimin kiminlə yatdığı və nə oyunlardan çıxdığı haqda çərənləmələrə qulaq asırsan. «Maunt-İda kollecindən olan o totuq-motuq qızlarla yaxşıca kef etdik, bilirsən…» Mənim komanda yoldaşlarımdan bir üstünlüyüm var idi. Bu səs-küydən aralı öz düşüncələrimə dalmaq imkanım olurdu. Məsələ burasındadır ki, Tanrı məni yaradanda axmaq bir diz əta eləyib. (Niyə «əta eləyib» dediyimi başa düşmək üçün orduya çağırış vərəqəmdəki qeydə baxmaq kifayətdir.) Buna görə də hər oyundan sonra hidromasaj vannasında dizimi yumşaltmalıydım. Beləliklə, suyun dizimin ətrafında cızdığı dövrələrə baxa-baxa bədənimdəki qançırları və əzikləri saya (onlarla həmişə fəxr etmişəm!), eyni zamanda heç nə və hər şey haqqında düşünə bilirdim.