реклама
Бургер менюБургер меню

Эрик Найт – Lessi (страница 5)

18

Amma günortanın keçməsinə baxmayaraq sakitlik idi.

Axşam düşmək üzrə idi və Lessi canlandı. Daxildən nəsə onu hərəkətə gətirir, xəbərdar edirdi. Birdən Lessi başını qaldırdı və burnunu əsən küləyə tərəf tutdu. Amma bu ona bir cavab vermədi.

O ayağa qalxdı, tələsmədən öz damına yaxınlaşdı və orada, kölgədə uzandı. Sonra durub o biri tərəfə keçdi. Daxili bir həyəcan onu inadla hərəkətə gətirmək istəyirdi. Gəzişməyə başladı. Çəpərin bir küncündə dayanıb pəncəsi ilə məftildən yapışdı.

Birdən nə istədiyini anladı. Vaxtdır! Oğlanı qarşılamaq vaxtıdır!

Lessi bərk-bərk tordan yapışdı, amma tor davam gətirdi. Yaddaşı ona xəbər verirdi ki, əvvəllər o məhz bu yolla qaçırdı. Caynaqları ilə çəpəri tərpədəcək, sonra torpağı eşəcək, toru qaldıracaq və sivişib çıxacaq. Ancaq Haynz azadlığa aparan bu yolu bağlamışdı. O, çəpəri daha qalın məftillə möhkəmlətmişdi. Lessi nə qədər əlləşsə də, bir şey çıxmırdı. Haynz hər yeri möhkəmlətmişdi.

Lessi başını qaldırıb hürdü, sonra arxa pəncələri üstə durdu, qabaq pəncələrini məftil çəpərə qoyub o biri tərəfə baxdı. Çəpərin altından keçmək olarsa, deməli, üstündən də olar!

Beləliklə, itin ağlına yeni fikir gəldi. Lessi hoppandı, amma yerə yıxıldı. Belə hündürə tullanmağa onun gücü çatmazdı. Nə qədər hoppansa da, çəpərin yuxarısına çata bilmirdi.

Nəhayət, Lessi iki çəpərin birləşdiyi küncdə yuxarı tullandı. Göydə olarkən arxa ayaqları çəpərin hər iki divarında istinad tapdı. Güc verib qalxdı, qabaq pəncələri ilə çəpərin yuxarısından yapışdı. Bir az da güc verdi və çəpəri aşdı. O azadlıqdadır!

Sinə-sinə hasara yaxınlaşdı. Daş hasarın altında, hələ neçə gün əvvəl aşkar etdiyi oyuq var idi. Oradan sivişib keçdi.

Co Kerraklaf bir daha Lessini görəcəyinə ümid etmirdi. Özü itə bir daha evə qayıtmamasını əmr etdikdən sonra bunun belə olacağına inanmışdı.

Amma qəlbinin dərinliklərində arzusunun baş tutacağına inanmasa da, bir ümidi var idi. Həmin gün məktəbdən çıxıb Lessinin onu gözlədiyini görəndə buna inanmamışdı. O, itə baxa-baxa təəccübündən yerində quruyub qalmışdı. Lessi isə pis iş görmüş kimi başını aşağı salıb quyruğunu bulayır, sanki bağışlanmasını istəyirdi.

Co Kerraklaf əlini onun tüklərinin arasına saldı:

– Düz eləmisən, Lessi.

Oğlan itə baxmırdı, düşünürdü. İti iki dəfə evlərinə gətirdiyini xatırladı. Onun bütün yalvarışlarına rəğmən iti geri apardılar. Bu dəfə o, sevinə-sevinə evə tələsməyəcək…

Haynz yumruğu ilə evin qapısına vurub dəvət gözləmədən özünü içəri saldı:

– Deyin görüm, o hardadır?

Mister və missis Kerraklaflar əvvəlcə ona, sonra bir-birinə baxdılar. Qadının gözlərindən həyəcan oxunurdu, Haynza heç fikir də vermirdi.

– Conun indiyədək evə gəlib çıxmamasının səbəbi məlum oldu, – qadın dedi.

– Həə… – əri təsdiq etdi.

– Aydın oldu: ikisi – Lessi və o – bir yerdə yoxa çıxıb. İt yenə qaçıb və Co evə gəlməyə qorxur. Bilir ki, biz iti geri aparacağıq. Biz bunu edə bilməyək deyə itlə birlikdə qaçıb. Ay Allah, mənim evimdə görən əmin-amanlıq nə vaxt olacaq? Bir dəqiqə sakitlik yoxdur!

Əri yerindən ağır-ağır qalxdı. Qapıya tərəf yönəldi. Asılqandan papağını götürdü və arvadına sarı döndü:

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.