Эрик Найт – Lessi (страница 2)
– Bilirsənmi, Co, o çox qiymətli itə çevrilmişdi, bizim isə onu saxlamağa daha imkanımız çatmırdı. Amma biz necəsə özümüzə başqa bir it taparıq. Bir az döz. Vəziyyət düzələr və biz evə bir küçük götürərik. İstəyərdin?
Co Kerraklaf başını buladı:
– Mənə başqa it lazım deyil. Heç vaxt! Mənə yalnız… yalnız Lessi lazımdır!
III FƏSİL
Qəzəbli qoca
Hersoq Radlinq çəpərin yanında dayanıb ətrafa boylanırdı. Yenidən səsini ucaltdı.
– Haynz! – bağırdı. – Haynz! Bu hara yoxa çıxıb!
Hersoqu Yorkşir qraflığının ən qəzəbli qocası hesab edirdilər. Bu dəqiqə pörtmüş, ağ saçları dağınıq şəkildə dayanan hersoq eynilə belə görünürdü.
O, davranışı və danışıq tərzi ilə bu adı özü qazanmışdı.
Buna hersoqun ağır eşitməsi və hamı ilə sanki qoşun hissəsinə əmr verirmiş kimi danışması da səbəb ola bilərdi. Nə vaxtsa o, həqiqətən də, hərbçi olmuşdu. Bir də onun əlində çəliklə yox, düyünlü taxta ilə gəzmək və danışanda onu yelləmək vərdişi var idi. Bundan başqa, o hər şeyə dözümsüzlük göstərirdi. Hersoq qəti əmin idi ki, “dünya batır”, heç nə onun gəncliyindəki kimi deyil: cavanlar o vaxtlar olduğu kimi cəsur, qadınlar isə qəşəng deyil. Heç güllər də o cür ətir saçmır. İtlər isə… əgər bir-iki babat it qalıbsa, buna səbəb də bu itlərin məhz ona məxsus olmasıdır.
Hersoq tam əmin idi ki, indiki adamlar ingilis dilində də düz-əməlli danışa bilmirlər. Onun pis eşitməsinə də səbəb qulağının tutulması deyil, adamların sözləri tələffüz edə bilməməsi, pəltək danışmasıdır.
Gənc nəslə gəldikdə isə hersoq saatlarla iyirminci əsrdə doğulmuş adamların yararsız olduqları barədə danışa bilərdi.
Hersoq qohumlarından yalnız bircə nəfərə qarşı dözümlü idi. Nə qədər qəribə olsa da, bu onun ailəsinin ən kiçik üzvü, on iki yaşlı nəvəsi Pristsilla idi.
Hersoq çəpərin yanında dayanıb hirsli-hirsli əlindəki ağacı yelləyən zaman onun köməyinə gələn də məhz nəvəsi oldu.
O, babasının yanına gəlib əynindəki gödəkçənin cibini dartdı. Hersoq pırtlaşıq bığlarını qıza tərəf çevirdi.
– Hə, bu sənsən! Nəhayət, kimsə gəldi. Bu dünyanın axırı hara gedir? Qulluqçular yarıtmazdılar! Heç kim eşitmir, kar olublar! İngiltərə batır!
– Boş sözdür, – Pristsilla dedi.
Bu, özünəinamlı, fikirlərində kifayət qədər müstəqil gənc ledi idi. Daim babasının yanında olduğundan özünü onunla bərabərhüquqlu hesab edirdi.
– Nə dedin? – hersoq qıza yuxarıdan aşağı baxıb bağırdı. – Düz-əməlli danış görüm, nə fısıldayırsan?
– Dedim ki, boş sözdür.
– Boş söz?
Hersoq nəvəsinə baxıb bərkdən güldü. O əmin idi ki, əgər Pristsillanın onunla höcətləşməyə hünəri çatırsa, bu hünər ona məhz babasından keçib. Onun kefi açıldı:
– Yaxşı ki, sən gəldin! Yeni itimizi sənə göstərmək istəyirəm. Gözəl itdir! Aləmdir! Həyatımda ondan yaxşı kolli görməmişəm.
– Amma keçmiş zamanlarda olanlardan yaxşı ki deyil?
– Yenə nə fısıldayırsan? Heç nə eşitmədim.
Əslində hər şeyi eşitmişdi, amma özünü o yerə qoymadı:
– Bilirdim ki, əvvəl-axır o mənim olacaq. Üç il idi düşmüşdüm dalınca.
– Üç il?
– Hə, üç il. Elə fikirləşirdi ki, onu inadından döndərə bilməyəcəm. Amma mən deyən oldu. Üç il əvvəl mən ona itə görə on funt təklif etmişdim. Satmamışdı. Növbəti il qiyməti on ikiyə qaldırdım. Satmadı. Keçən il on beş təklif etdim və dedim ki, bundan çox verən deyiləm. İnanmadı, yarım il gözlədi. Keçən həftə xəbər göndərdi ki, razıdır.
– İti “dəyişmədiyini” hardan bilirsən?
Sual əbəs yerə verilməmişdi. Yorkşirlilər belə işlərdə usta idilər.
Ancaq Pristsillanın sualını eşitcək hersoq daha da bərkdən bağırdı:
– Hardan bilirəm? Çünki mən özüm də yorkşirliyəm, onların bütün hoqqabazlıqlarını, hətta ondan da artığını bilirəm. İt həmin itdir. Özü də ki onu… nədi onun adı… Kerraklafdan almışam. Onu tanıyıram. Belə iş görən deyil, özü də mənə qarşı. Heç vaxt!
O, nəvəsi ilə birlikdə itlər saxlanan qəfəslərə yaxınlaşdı. Yeni itin saxlandığı yerin qabağında dayandılar. Pristsilla yerdə uzanan iri qara-ağ-qızılı kollini gördü. İt başını qabaq pəncələrinin üstünə qoyub uzanmışdı.
Hersoq dili ilə səs çıxarıb onu səslədi. İt cavab vermədi. Bircə qulağının tərpənməsindən səsi eşitdiyini anlamaq olardı. Onu diqqətlə süzən adamlara fikir vermədən uzanmışdı.
Pristsilla əyildi, əllərini şappıldatdı və iti çağırdı:
– Kolli, bura gəl! Bura gəl! Bir mənə baxsana. Gəl yanıma.
Kolli iri, qonur və qəmli gözləri ilə bircə anlığına qıza çəpinə baxdı. Sonra yenidən boşluğa daldı.
Pristsilla dikəldi:
– Baba, it elə bil xəstədir!
– Boş şeydir! – hersoq bağırdı. – Sapsağlamdır. Haynz, Haynz! Bu sarsaq hara yoxa çıxıb?
– Gəlirəm, ser, gəlirəm! Məni çağırırdız? – hersoqun xidmətçisi peyda oldu.
– Təbii ki, çağırırdım! Karsız? Haynz, itə nə olub? Tükü rəngini itirib.
– Bilirsiniz, ser, o az yeyir. O bir az ərköyün böyüyüb. İtləri evdə, otaqda saxlayanda nazları ilə çox oynayırlar. Əlləri ilə yedizdirirlər. Amma mənim yanımda bu vərdişləri tərgidəcək. Bir neçə gündən sonra əsl it kimi yeməyə başlayacaq.
– Hə, Haynz, gör nə edirsən. Gözün üstündə olsun. Bu kolliyə yaxşı bax!
– Baş üstə, ser, əlimdən gələni edəcəm.
– Gəl bir etmə!
Hersoq bunu deyib burnunun ucunda nəsə deyinərək getdi. O bir az məyus idi. Pristsillaya yeni aldığı gözəl iti göstərmək istəyirdi. Qız isə əvəzində adi bir köpək gördü. Nəvəsinin səsini eşitdi:
– Nə deyirsən?
– Deyirəm ki, o adam itini sizə niyə satdı?
Hersoq dayandı, qulağını qaşıdı:
– Düşünürəm ki, o mənim, həqiqətən də, itə görə bundan artıq pul verməyəcəyimi anladı. Vəssalam.
Baba ilə nəvə köhnə, böyük evə tərəf yollananda Haynz üzünü qəfəsdəki itə tutdu:
– Hünərin var yemə! Elə yeyəcəksən ki! Lazım gəlsə, yeməyi öz əlimlə ağzına dolduracam.
İtin heç tükü də tərpənmədi. Təkcə gözlərini qıymaqla kifayətləndi. Sanki adama “səni tanımaq belə istəmirəm” deyirdi.
Adam çoxdan çıxıb getmişdi, it isə günəşin altında hərəkətsiz uzanmışdı. Kölgələr uzananda o, könülsüz ayağa qalxdı, başını qaldırıb burnunu küləyə əks istiqamətə tutdu, qoxunu aldı. İstədiyini duymadığından yavaşca zingildədi. Sonra qəfəsboyu qabağa-dala gəzişməyə başladı, sanki qarovul çəkirdi.
O, it idi və bizim kimi düşünmürdü. Onun beyni və bədənində əvvəlcə qeyri-müəyyən istək baş qaldırdı. Getdikcə bu istək daha aydın oldu. Zaman duyğusu onun beyni və əzələlərinə təkan verdi.
Birdən nə istədiyi Lessiyə aydın oldu. İndi o bilirdi.
IV FƏSİL
Lessi evə qayıdır
Co Kerraklaf məktəb binasından çıxıb darvazadan bayıra ayağını basanda gözlərinə inanmadı. Oğlan yerində donub-qaldı, sonra bərkdən qışqırdı:
– Lessi! Lessi!
O özünü itə tərəf atdı, qabağında dizi üstə oturdu, barmaqlarını onun qalın tükləri arasına saldı, sığalladı.
Sonra ayağa qalxdı, sevincindən lap atılıb-düşməyə hazır idi. Oğlanla itin özlərini aparmaqları arasında qəribə bir təzad var idi. Oğlan xoşbəxtlikdən özünü itirmişdi, it isə sakitcə oturmuşdu. Təkcə quyruğunu oynatması onun da oğlanı görməkdən şad olduğunu göstərirdi. O sanki deyirdi:
“Belə həyəcanlanmağa nə gərək var? Mən bura gəlməliyəm və gəlmişəm. Burda nə var ki?”
– Lessi, getdik, – oğlan dedi.
O, küçə ilə qaçmağa başladı. İlk anlarda itin burada necə peyda olduğu barədə düşünmədi. Ancaq bunun qəribə olduğu, nəhayət, ona çatanda bu fikri özündən uzaqlaşdırdı.