Энтони де Мелло – Bir dəqiqə müdriklik (страница 4)
Bir şagird Ustada etiraf etdi ki, onun dedi-qodunu başqalarının yanında təkrarlamaq kimi pis bir vərdişi var. Müəllim istehza ilə cavab verdi:
– Təkrar etmək elə də böyük bir günah deyil; əsas odur ki, özündən heç nə əlavə etməyəsən.
HƏRƏKƏT
Şagirdlər inadla Ustaddan onlara müdrikliyi öyrətməyi xahiş edirdilər. Bir dəfə Ustad onlara dedi:
– Müdrikliyi sözlərlə ifadə etmək olmaz. O, əməllərdə özünü göstərir.
Şagirdlər fikirləşmədən hərə bir işlə məşğul olmağa başladılar. Bunu görən Ustad ucadan gülüb dedi:
– Bu, əməl deyil. Bu, hərəkətdir.
ZİNDAN
– Sən öz intellektinlə çox fəxr edirsən, – Ustad şagirdə dedi. – Bununla sən mənə öz kamerasının genişliyi ilə fəxr edən məhbusu xatırladırsan.
BİRLƏŞMƏ
– Allahla hansı yolla birləşmək olar?
– Nə qədər çox səylə buna çalışırsan, o qədər də çox Ondan uzaqlaşırsan.
– Bəs bu məsafəni necə adlamaq olar?
– Heç bir məsafənin olmadığını dərk etməklə.
– Bu, Allahla mənim bir vahid olduğumuz anlamına gəlir?
– Yox, vahid deyilsiniz, amma iki də deyilsiniz.
– Bu necə ola bilər?
– Günəş və onun işığı, okean və dalğalar, müğənni və mahnı – bir deyillər. Amma iki də deyillər.
FƏRQLƏNDİRMƏ
Bir nəfər Ustada sevgilisinin xəyanətindən şikayət edir:
– Mən elə yandım ki, daha bir də heç kəsi sevməyəcəyəm.
– Sən bir dəfə təsadüfən qaynar plitə üzərində oturduqdan sonra bir daha heç nəyin üstündə oturmayacağına and içən adama oxşayırsan, – Ustad gülümsəyərək cavab verir.
QEYRİ-İRADİLİK
Bir dəfə Ustad şagirdlərindən müdrikliyin, yoxsa əməlin daha vacib olduğunu soruşdu.
Şagirdlər həmrəy idilər:
– Əlbəttə, əməl. Əməldə özünü göstərməyən müdrikliyin nə faydası?
– Bəs aydınlanmamış ürəkdən gələn əməlin nə faydası var? – öz növbəsində, Ustad soruşdu.
PƏRƏSTİŞ
Ustad ona pərəstiş edən şagirdə dedi:
– İşıq divarda əks olunub qayıdır. Divarın önündə diz çökmək nəyə gərək? Bütün diqqətini işığın mənbəyinə yönəlt.
MƏXFİLİK
Bir turist məbəddə keçmişdəki Ustadların şəkillərinə baxırdı.
– Yer üzərində, heç olmasa, bir böyük Ustad qalıb?
– Biri var, – bələdçi cavab verdi.
Ziyarətçi yalvardı ki, onları görüşdürsün. Ustadla görüşən ziyarətçi soruşdu:
– Böyük Ustadlar bu gün haradadırlar?
– Qərib! – Ustad səslədi.
– Ustad! – turist ehtiramla cavab verdi.
– SƏN haradasan?
TALE
Bir qadın Ustada öz taleyindən şikayət edirdi.
– Sən özün ona görə cavabdehsən, – Ustad dedi.
– Məgər mən qadın kimi dünyaya gəlməyimə cavabdehəm?
– Qadın olmaq – bu, tale deyil. Bu sənin qismətindir. Sənin taleyin isə ondan necə istifadə edəcəyindən asılıdır.
DİRÇƏLMƏ
– Keçmişini tamamilə unut və sən aydınlanmış olacaqsan, – Ustad dedi.
– Mən belə də edirəm, sadəcə, tədricən.
– Tədricən yalnız böyümək olar. Aydınlanma isə anidir.
Bir qədər sonra Ustad izah etdi:
– Sənə tullanmaq lazımdır! Kiçicik addımlarla uçurumu aşa bilməzsən.
YUXU
– Mən nə vaxt aydınlanmaya çatacağam?
– Görəndə, – Ustad cavab verdi.
– Nəyi görəndə?
– Gülləri, ağacları, ulduzları, ayı.
– Mən onsuz da onları elə hər gün görürəm.
– Xeyr. Sənin gördüklərin yalnız ağacın, gülün, ayın və ulduzların obrazlarıdır. Sən reallıqda yaşamırsan, sən sözlər və fikirlər dünyasında yaşayırsan.
Təsəlli üçün Ustad mülayim şəkildə əlavə etdi:
– Sənin həyatın kağızdandır, elə ölümün də kağızdan olacaq.
DƏYİŞMƏ
Həmişə başqalarını tənqid edən bir şagirdə Ustad dedi:
– Əgər mükəmməllik axtarırsansa, özünü dəyişməyə çalış, başqalarını yox. Özünün səndəl geyinməyin hər yeri xalça ilə örtməkdən daha asandır.
MEYDANOXUMA, YA PƏRƏSTİŞ?
Bir dəfə Ustaddan soruşdular ki, özünə şagirdləri hansı meyarlarla seçir. O cavab verdi:
– Mən özümü sadə və başıaşağı aparıram. Mənim sadəliyimə cavab olaraq özünü lovğa tutub meydan oxuyanları o saat rədd edirəm. Mənim sadəliyimə pərəstiş edənləri rədd edərkən isə heç də az qətiyyət göstərmirəm.