Энид Блайтон – Qaraçı köçünün sirri (страница 2)
Bu ortaboylu, arıq, dərisinin rəngi günəşdən yanıb-qaralmış oğlan kapitanla sağollaşıb oradan uzaqlaşdı. Ala-bula at isə sakitcə öz yerində dayanmışdı.
– Atı kiçik tövləyə aparın, – kapitan Conson üzünü Ennlə Corca tutub dedi. – İndi gəlib baxaram, görüm ona nə olub.
Qızlar atı tövləyə apardılar.
– Sirli Xam Torpaqlar! – yolda Corc dedi. – Qəribə addır. Yəqin, ora bizim oğlanları maraqlandırardı. Hətta dərhal Xam Torpaqlara yola düşmək istəyərdilər, düzdür, Enn?
– Hə, düz deyirsən, – Enn razılaşdı. – Bircə gəlib çıxsaydılar! Lakin, məncə, onların düşərgədə kefləri kökdür, çətin bura gəlmək istəsinlər.
Qızlar xəstə atı tövləyə salıb qapını arxadan bağladılar. Geri qayıdanda isə bir qədər əvvəl atını gətirmiş oğlanın gəlişini xəbər verən uşaqla rastlaşdılar.
– Corc! Enn! Sizə daha bir məktub gəlib! – uşaq hələ yaxınlaşmadan qışqırdı. – Mən onu evə qoymuşam.
Qızlar bunu eşidib evə tərəf qaçmağa başladılar.
– Ümid eləyirəm ki, atamın vəziyyəti yaxşılaşıb, artıq evə qayıda bilərik, – Corc qaça-qaça deyirdi. – Oğlanları da elə Kirrin-kottecdə qarşılayarıq.
Corc evə çatan kimi zərfi götürüb açdı. Gözlərini tələm-tələsik kağızda yazılan sətirlərin üstündə gəzdirəndən sonra qəfildən elə qışqırdı ki, Enn diksindi:
– Gəlirlər!
Enn dərhal məktubu qızın əlindən alıb oxumağa başladı.
«Sabah sizin yanınıza gəlirik. Əgər evdə qalmağa yer olmasa, çadır qurarıq. Ümid eləyirik ki, vaxtımızı çox maraqlı keçirəcəyik.
Hörmətlə: Culian və Dik».
– Gəlirlər! Gəlirlər! – Enn də qışqırmağa başladı. – Çox maraqlı olacaq!
– Heyif ki, burada onları maraqlı heç nə gözləmir, – Corc mızıldandı. – Lakin, kim bilir, bəlkə də, belə deyil…
Culian, Dik və Henri
Əmisi oğlanlarının ertəsi gün fermaya gələcəyini öyrənəndən sonra Corc çox dəyişmişdi. İndi hətta Henri ilə də nəzakətli davranırdı.
Kapitan Conson əlavə iki uşağın da gələcəyini öyrənəndə boynunun ardını qaşıyıb dedi:
– Onlara evdə yer verə bilməyəcəyik, boş otağımız qalmayıb. Ya tövlədə yatarlar, ya da çadırda, mənim üçün heç bir fərqi yoxdur. Lakin yeməyi bizimlə birlikdə yeyə bilərlər.
– Yeni gələn oğlanlarla birlikdə on nəfər olacaqsınız, – kapitan Consonun arvadı dedi, – Enn, Corc, Henri, Con, Süzanna, Alisa, Rita, Vilyam, Culian, Dik. Bəlkə, Henri də çadırda yatmalı oldu.
– Lakin bizimlə yox, – Corc dərhal dilləndi.
– Mənə elə gəlir ki, sən Henri ilə yaxşı rəftar etmirsən, – missis Conson qıza məzəmmətlə baxıb dedi. – Halbuki siz onunla bir-birinizə çox bənzəyirsiniz. İkiniz də belə hesab eləyirsiniz ki, bu dünyaya oğlan kimi göz açmalı idiniz.
– Mən Henriettaya oxşayıb eləmirəm! – Corc əsəbi halda dilləndi. – Missis Conson, qoy əmim oğlanları gəlib çıxsın, onlar da bizim bir-birimizə oxşamadığımızı təsdiqləyəcəklər. Məncə, onlar Henriettanın üzünə belə baxmaq istəməyəcəklər!
– Corc, bilirsən nə var, əgər burada qalmaq istəyirsinizsə, bir-biriniz ilə yaxşı yola getməlisiniz, – missis Conson dedi. – Gedim görüm oğlanlar üçün yorğan-döşək tapa bilirəm. Enn, sən də mənimlə gəl.
Enn, Corc və Henri yerdə qalan beş uşaqdan yaşca bir az böyük idilər. Bütün uşaqlar Diklə Culianın gəlişinə çox sevinirdilər. Çünki Corcla Enn bundan əvvəlki yay tətillərində Kirrin adasında başlarına gələn bütün sərgüzəştləri uşaqlara danışmışdılar. Balacaların hamısı onları əsl qəhrəman hesab eləyirdi.
Həmin gün Henrietta səhər yeməyindən sonra harasa yoxa çıxdı, uşaqlar onu axtarsalar da, tapa bilmədilər.
– Əzizim, hara yoxa çıxmışdın? – qız, nəhayət, gəlib çıxanda missis Conson soruşdu.
– Öz otağımda idim, – Henrietta cavab verdi. – Ayaqqabılarımı, qalife3 şalvarımı, gödəkçəmi təmizləyirdim.
– Aha! Qəhrəmanlarla görüşə hazırlaşır, – kapitan Conson gülə-gülə dedi.
Bunu eşidən Henri eynilə Corc kimi üz-gözünü turşutdu.
– Elə şey yoxdur! Bu işləri çoxdan görmək istəyirdim. Bir də ki, əgər Corcinanın əmisi oğlanları da ona oxşayırlarsa, mənim onlarla heç bir işim olmaz!
– Niyə belə deyirsən? – Enn söhbətə qarışdı. – Bəlkə, qardaşlarım sənin xoşuna gəldilər? Əgər əksinə olarsa, deməli, problem elə sənin özündədir.
Corc daha bu söhbətə qulaq asmaq istəmirdi, odur ki Timmini də yanına alıb oradan uzaqlaşdı.
– Eşitdin, Timmi, sabah Culianla Dik bura gəlirlər, – yolda qız üzünü itinə tutub dedi. – Biz beşimiz yenə bir yerdə olacağıq! Bu sənin xoşuna gəlir, düzdür, Timmi?
– Hav! – it bir ağız hürüb onun sözlərini təsdiqlədi. Sonra qabağa düşüb quyruğunu bulamağa başladı. Timmi çox ağıllı heyvan idi, hər şeyi başa düşürdü.
Ertəsi gün səhər tezdən Corcla Enn tövlələrdən iki mil uzaqlıqda yerləşən stansiyada qatarların hərəkət cədvəlini gözdən keçirirdilər.
– Bax, bu qatarla gələcəklər, – Corc barmağını cədvəlin üstünə qoyub dedi. – Oradan səhər saatlarında çıxan yeganə qatar budur. Günorta saat 1-in yarısında bura gəlib çatır. Biz isə 12-yə 10 dəqiqə qalmış evdən çıxsaq, yetişərik. Oğlanların yükünə kömək eləyərik. Lakin, məncə, onlar özləri ilə bir o qədər də çox şey gətirməzlər.
Qızlar evə qayıdanda kapitan Conson uzaqdan onları görüb qışqırdı:
– Atları yemişanlığa tərəf aparın, otlasınlar. Dördünü birdən apara bilərsiniz?
– Əlbəttə! – Enn sevinclə dilləndi. Qızın yemişan kollarının arasında gəzməkdən çox xoşu gəlirdi. Orada ensiz cığır boyunca dəmrovotu, bənövşə, primula və üstü ağ çiçəklərlə dolu yemişan kolları uzanırdı.
– Corc, tələs! – Enn qışqırdı. – Atları götürüb gedək! Bu səhər hava elə gözəldir ki!
Qızlar dörd cavan, sağlam atı qabaqlarına qatıb yola düzəldilər. Timmi bir addım belə qızlardan geri qalmırdı.
Onlar yenicə yola çıxmışdılar ki, kapitan Consongilin evində telefon zəng çaldı. Dəstəyin o başından Enni soruşurdular.
– Təəssüf ki, o, indi evdə deyil, – missis Conson cavab verdi. – Bəs danışan kimdir? Culian, sənsən! Enn gələndə nə deyim?
– Zəhmət olmasa, deyin ki, biz saat 12-nin yarısında Millinq Qrin avtobus dayanacağında olacağıq. Bir də, sizin arabanız yoxdur ki? Əgər varsa, Corcla Enn gələndə onu da gətirə bilərlər? Biz özümüzlə çadır və bəzi başqa əşyalar da gətiririk, arabasız daşımaq çətin olacaq.
– Sizə araba göndərərik, – missis Conson dedi. – Corcla Enn sizi qarşılamağa gedərlər, onlar araba sürməyi bacarırlar. Sizin gəlişinizə çox şadıq!
Culian missis Consona təşəkkür edəndən sonra qadın dəstəyi asdı. Birdən onun gözü pəncərənin qarşısından keçən Henriettaya sataşdı. Qızın üst-başı həmişəkindən daha təmiz və səliqəli idi.
– Henri! – missis Conson pəncərədən ona səsləndi. – Corcla Enn haradadırlar? Culianla Dik saat 12-nin yarısında avtobus dayanacağında olacaqlar. Onlara xəbər verə bilərsən? Deyərsən ki, Vinkini arabaya qoşub dayanacağa yollansınlar.
– Yaxşı, – Henri cavab verdi. Birdən qızın yadına düşdü ki, Corcla Enn atları otarmağa aparıblar. – İndi xatırladım, onlar atları yemişanlığa aparıblar, həmin vaxta kimi gəlib çata bilməzlər. Bəlkə, elə mən özüm arabanı götürüb gedim?
– Yaxşı, onda sən get, – missis Conson razılaşdı. – Çox sağ ol, Henri. Lakin bir az tələs, vaxta az qalıb. Bəs Vinki haradadır? Tarlada?
– Buralardadır, – Henri bunu deyib atın dalınca yollandı.
Çox keçmədən atı arabaya qoşdular, Henri qozlada oturdu. Yola düşəndə o, Corcla Ennin oğlanları qarşılaya bilmədiklərinə görə necə qəzəblənəcəklərini təsəvvürünə gətirib məmnunluqla gülümsədi.
Culianla Dik avtobus dayanacağında oturub qızların gəlişini gözləyirdilər. Oğlanlar uzaqdan görünən arabaya gözlərini dikib Ennlə Corcun onun içində olduqlarına ümid edirdilər.
– Yox, bu onlar deyil, – Dik dedi. – Başqa adamdır, yəqin, kəndə gedir. Bəlkə, bizim dediklərimizi qızlara çatdırmayıblar? Eybi yoxdur, bir az da gözləyək.
Elə yenicə skamyada oturmuşdular ki, araba gəlib düz onların qarşısında dayandı.
– Ennin qardaşları sizsiniz? – Henri arabadan onlara tərəf səsləndi. – Telefonda dediklərinizi onlara çatdıra bilmədik, ona görə də arxanızca mən gəldim. Arabaya minin, gedək!
– Biz buna görə sənə minnətdarıq! – Culian bunu deyib yükləri arabaya daşımağa başladı. – Mənim adım Culiandır, bu isə qardaşım Dikdir. Bəs sənin adın nədir?
– Henri, – yükləri arabaya yerləşdirməkdə Culiana kömək edən qız dilləndi. Sonra ata təpindi ki, dinc dayansın.
– Yaxşı ki, gəldiniz, – qız sözünə davam elədi: – Yoxsa buradakıların çoxu balaca uşaqlardır, atlara baxa bilmirlər. Yəqin ki, hamıdan çox sizin gəlişinizə Timmi sevinəcək, düzdür?
– Ennin qardaşları sizsiniz? – Henri arabadan onlara tərəf səsləndi. – Telefonda dediklərinizi onlara çatdıra bilmədik, ona görə də arxanızca mən gəldim. Arabaya minin, gedək!
– Ah, bizim sevimli Timmimiz! – Dik ucadan dedi.
Henri oğlanlara bütün əşyaları arabaya yerləşdirməkdə kömək elədi. O, qız uşaqları kimi nərmənazik deyildi, kök olmasa da, əzələləri möhkəm idi.
– Yəqin ki, artıq yola düşə bilərik. Bəlkə, siz nəsə almaq istəyirsiniz? Dondurma, ya da başqa bir şey? Nahar yeməyi saat 1-dən tez olmayacaq.
– Yox, dərhal yola düzəlsək, yaxşıdır, – Culian dedi.