Энид Блайтон – Dəfinələr adasının sirri (страница 2)
– Odur, ordadır!
– Çox qəşəngdir, elə deyil?
– Nə çimərdim!
– Kirrin körfəzinə çatmaq üçün cəmi iyirmi dəqiqəlik yolumuz qalıb, – ata dedi. – Tezliklə körfəzi görəcəksiniz, böyükdür, girişində də balaca bir ada var.
Onlar sahil boyunca irəlilədikcə uşaqların gözü həmin körfəzi axtarırdı. Birdən Culian qışqırdı:
– Kirrin körfəzi! Ora bax, Dik! Necə də böyük və mavidir!
– Bəs körfəzin ağzındakı balaca adanı görürsən? – Dik soruşdu. – Yəqin, biz heç vaxt ora gedib çıxa bilmərik!
– Niyə getmirsiniz ki?! – ana dilləndi. – Lakin gəlin öncə Fanni xalanın evini axtarıb-tapaq. Onun evini «Kirrin-kottec»4 adlandırırlar.
Çox keçmədən onlar evə yaxınlaşdılar. Ev qayanın üstündə idi, fasadı5 körfəzə baxırdı. Bu, ağ daşdan tikilmiş çox qədim ev idi. Evin fasadını qızılgüllər bürümüşdü, bağçada isə çoxlu al-əlvan çiçəklər açmışdı.
– Bu da Kirrin-kottec! – ata təmtəraqla elan elədi.
Sonra maşını düz evin qarşısında saxladı.
– Bu evin ən azı üç yüz yaşı olar, – o dedi. – Baxın, Fanni orda dayanıb. Yaxşı, bəs Kventin haradadır?
Qəribə əmiqızı
Fanni xala bayaqdan onların yolunu gözləyirdi. O, evin qarşısında maşının dayandığını görən kimi köhnə taxta qapıdan çıxıb qonaqlara tərəf yüyürməyə başladı.
– Kirrinə xoş gəlmisiniz! – Fanni xala ucadan dedi. – Sizi burada görmək çox xoşdur! Lap böyük uşaqlar olmusunuz ki!
Bu ortayaşlı, gülərüz qadın elə ilk baxışdanca uşaqların xoşuna gəlmişdi.
Fanni xala uşaqları öpəndən sonra onlar birlikdə evə keçdilər. Uşaqlar evi də bəyəndilər. Çox qədim və sirli evə bənzəyirdi. Evdəki mebel də qədim və gözəl idi.
– Bəs Corcina haradadır? – Enn ətrafa nəzər salaraq soruşdu.
– Yaramaz qız! – Fanni xala qızının qarasınca deyindi. – Tapşırmışdım ki, bağda gözləsin, o isə harasa yoxa çıxıb! Uşaqlar, sizə deməliyəm ki, Corcla yola getmək sizin üçün bir az çətin ola bilər. O bütün vaxtını təkbaşına keçirir və yəqin ki, sizin gəlişiniz onu elə də sevindirməyəcək. Amma siz Corca fikir verməyin, tezliklə hər şey yoluna düşəcək. Mən sizin gəlişinizə bir az da ona görə sevinirəm. Çünki Corc başqa uşaqlarla da vaxt keçirməyi, ünsiyyət qurmağı öyrənməlidir.
– Siz onu Corc deyə çağırırsınız? – Enn təəccüblə soruşdu. – Mən elə bilirdim ki, adı Corcinadır…
Fanni xala bayaqdan onların yolunu gözləyirdi. O, evin qarşısında maşının dayandığını görən kimi köhnə taxta qa pıdan çıxıb qonaqlara tərəf yüyürməyə başladı.
– Düz bilirsən, – Fanni xala dedi. – Ancaq məsələ burasındadır ki, qız olmaq onun xoşuna gəlmir, buna görə də «Corc» deyə çağırmalı oluruq. Yaramaz qız ona Corcina deyə səslənəndə cavab vermir.
Uşaqlar fikirləşdilər ki, əslində, «Corc» da pis ad deyil. Onlar qızı görməyə tələsirdilər, lakin o, hələ də ortalıqda görünmürdü. Qızın əvəzinə Kventin əmi gəlib çıxdı. O çox qaşqabaqlı idi.
– Xoş gördük, Kventin! – ata onu salamladı. – Nə vaxtdır görüşmürük. Ümid eləyirəm ki, bizim uşaqlar sənin işləməyinə mane olmayacaqlar.
– Kventin çox çətin bir kitab üzərində çalışır, – Fanni xala izahat verdi. – Ancaq mən ona evin o biri tərəfində ayrıca otaq hazırlamışam. Yəqin, orada onu narahat eləyən olmaz.
Əmi bir-bir uşaqlara nəzər salıb başını tərpətdi, üzündəki ifadə qətiyyən dəyişməmişdi. Əvvəl də dediyimiz kimi, uşaqlar əmilərindən bir az çəkinirdilər, odur ki Kventinin evin o biri başındakı otaqda işləyəcəyini eşidəndə sevindilər.
– Bəs Corc haradadır? – Kventin soruşdu.
– Yenə harasa yoxa çıxıb, – Fanni xala narazılıqla dilləndi. – Hələ tapşırmışdım ki, heç yerə getməsin, burada dayanıb əmisi uşaqlarını gözləsin.
– Onu yaxşıca kötəkləmək lazımdır, – Kventin əmi dilləndi.
Uşaqlar anlaya bilmədilər ki, o zarafat eləyir, yoxsa ciddi deyir.
– Yaxşı, uşaqlar, ümid eləyirəm ki, siz burada vaxtınızı maraqlı keçirəcəksiniz, – Kventin əmi dedi. – Bəlkə, Corc da sizə baxıb ağıllanar.
Kirrin-kottecdə ana ilə ataya gecələmək üçün yer yox idi. Odur ki şam yeməyindən sonra onlar qonşu qəsəbədəki mehmanxanaya yollanmalı oldular. Ertəsi gün səhər isə mehmanxanadan birbaşa Londona yola düşəcəkləri üçün uşaqlarla vidalaşdılar. Di gəl həmin vaxt Corcina hələ də gəlib çıxmamışdı.
– Təəssüf ki, Corcinanı görə bilmədik, – ana dedi. – Ona bizdən çoxlu salam deyərsiniz. Ümid eləyirik ki, əvvəl-axır Dik, Culian və Ennlə oynamaq onun xoşuna gələcək.
Ana ilə ata maşına minərək çıxıb getdilər. Elə ki maşın döngəni burulub gözdən itdi, uşaqlar özlərini bir qədər yalnız hiss etdilər. Lakin Fanni xala dərhal onları yuxarı mərtəbəyə apararaq yataq otaqlarını göstərdi. Çox keçmədən uşaqların əhvalı düzəldi. Oğlanlara maili tavanlı otağı ayırmışdılar, buradan körfəzə möhtəşəm mənzərə açılırdı. Otaq Culianla Dikin çox xoşuna gəldi. Enn isə Corcina ilə birlikdə iri pəncərəsi çəmənliyə açılan balaca otaqda yatmalı idi. Ancaq həmin otağın da yan pəncərəsindən dəniz görünürdü. Enn buna çox sevindi. Otaq qəşəng idi, pəncərədən uzun saplaqlı qızılgüllər boylanırdı.
– Elə istəyirəm ki, Corcina tez gəlib çıxsın! – Enn dedi. – Maraqlıdır, onun görünüşü necədir?
– O, balaca, məzəli qızdır, – xala dilləndi. – Bəzən çox kobud və qaraqabaq olur, lakin xeyirxah, ürəyiyumşaqdır. Özü də dürüst qızdır. Dostluqda da çox sadiqdir. Əgər səninlə dostlaşsa, bu yoldaşlığa heç vaxt xəyanət etməz. Təəssüf ki, yaşıdları ilə çox gec dil tapır.
Enn birdən əsnəməyə başladı. Uşaqlar ona hirsləndilər, çünki bunun nə ilə nəticələnəcəyini yaxşı bilirdilər. Belə də oldu.
– Zavallı uşaq! Yol onu əldən salıb, – Fanni xala dedi. – Gərək hamınız yubanmadan yatıb dincinizi alasınız. Onda sabah səhər çox gümrah oyanarsınız.
– Sən çox səfehsən, Enn! – Fanni xala otaqdan çıxan kimi Dik əsəbi halda bacısına dedi. – Yaxşı bilirsən ki, uşaqlar əsnəməyə başlayan kimi böyüklər onları yatmağa məcbur eləyirlər. Mən yatmamışdan qabaq çimərliyə baş çəkmək istəyirdim.
– Haqlısan, – Enn yazıq-yazıq dilləndi, – özümü saxlaya bilmədim. Bir də ki, sən özün də bu dəqiqə əsnəməyə başlayacaqsan. Elə Culian da…
Doğrudan da, çox keçmədi ki, oğlanlar da əsnəməyə başladılar. İndi onlar məmnuniyyətlə yatağa uzanıb gözlərini yumar və dərin yuxuya qərq olardılar.
– Görəsən, Corcina haradadır? – Enn dilləndi. – Qəribə qızdır, elə deyil? Bizi qarşılamağa gəlmədi, şam yeməyində də yox idi. Artıq yatmaq vaxtı çatıb, hələ də gəlib çıxmayıb. Axı o, əvvəl-axır mənimlə bir otaqda yatmalıdır. Kim bilir, nə vaxt gələcək?!
Corcina peyda olanda isə uşaqların üçü də artıq şirin yuxuda idilər. Odur ki onun qapını necə açdığından, dişlərini fırçalayıb yatağına necə uzandığından xəbər tutmadılar. Enn hətta qız yatağa uzanarkən onun çarpayısının cırıldadığını da eşitmədi. Uşaqlar yol yorğunu olduqlarından daş kimi yatmışdılar. Bir də səhər günəşin şəfəqləri otağa dolanda yuxudan oyandılar. Enn gözlərini açanda əvvəl harada olduğunu kəsdirə bilmədi. Balaca bir çarpayıda uzanmışdı, otağın açıq pəncərəsindən qırmızı qızılgüllər boylanırdı. Birdən qız dünən baş verənlərin hamısını xatırladı.
«Mən Kirrin körfəzindəyəm, axı yay tətilimiz başlayıb!» – o, sevinclə öz-özünə dedi və digər böyrü üstə çevrildi. Elə bu vaxt gözü yan çarpayıda yatan qıza sataşdı. Qız adyala bürünüb yuxuya getmişdi. Enn bircə onun adyalın altından çıxmış qısa saçlarını gördü. Vəssalam! Sonra qız yerində qımıldanmağa başladı. Enn dərhal üzünü ona tutub soruşdu:
– Bura bax, sən Corcinasan?
Qız durub çarpayıda oturdu və Ennə baxmağa başladı. Onun saçları oğlansayağı vurulmuşdu. Üzünün dərisi günəşdən yanıb tünd-qəhvəyi rəng almışdı, bu, parlaq mavi gözlərini daha çox nəzərə çarpdırırdı. Dodaqlarını hirslə bir-birinə sıxmışdı, eynilə atası kimi qaşqabaqlı idi.
– Yox, – o dedi. – Mən Corcina deyiləm!
– Hə? – Enn təəccüblə dilləndi. O, əmisi qızının niyə özünü belə qəribə apardığını başa düşmürdü. – Yaxşı, bəs onda kimsən?
– Mən Corcam, – qız cavab verdi. – Məni Corc deyə çağırmasan, sənin heç bir sualına cavab verməyəcəyəm! Qız olduğuma görə özümdən zəhləm gedir. Qızların məşğul olduqları işlər məni maraqlandırmır. Mən oğlanların gördüyü işlərlə maraqlanıram. Qayanın təpəsinə bütün oğlanlardan daha cəld dırmana bilirəm. Özü də onlardan daha sürətlə üzürəm. Bu sahildəki bütün oğlanlardan daha yaxşı qayıq sürməyi bacarıram. Əgər səninlə söhbət etməyimi istəyirsənsə, məni Corc deyə çağırmalısan. Yoxsa səninlə danışmaram.
– Hə?! – Enn əmisi qızının nə qədər qəribə uşaq olduğunu fikirləşərək təəccüblə səsləndi. – Yaxşı, mənim üçün bunun heç bir fərqi yoxdur, necə istəyirsən, elə də çağıraram. Məncə, Corc yaxşı addır, Corcina adı çox da xoşuma gəlmir. Bir də ki, onsuz da sən elə oğlana oxşayırsan.
– Doğrudan? – Corcina çox sevindi. İndi qızın eyni açılmışdı. – Saçlarımı qısa kəsdirdiyim vaxt anam mənə çox hirslənmişdi. Əvvəl saçlarım çiyinlərimə düşürdü, bu, dəhşət idi!
Sonra qızların ikisi də bir-birini diqqətlə süzməyə başladılar.
– Bəs sən qız olmaqdan bezmirsən? – Corcina soruşdu.
– Əlbəttə ki, yox, – Enn dilləndi. – Bilirsən, mən qəşəng donları, gəlincikləri çox sevirəm.
– Necə?! Qəşəng donlar, gəlinciklər?! – Corcina istehza ilə dilləndi. – Yəqin, sən hələ də böyüməmisən.
Enn bu sözlərdən bərk incidi.
– Sən heç nəzakətli deyilsən, – qız dedi. – Əgər özünü belə aparsan, qardaşlarıma deyəcəyəm ki, səninlə oynamasınlar. Onlar əsl oğlanlardır, bildin? Sənin kimi özünü oğlan kimi göstərənlərdən deyillər.