реклама
Бургер менюБургер меню

Энид Блайтон – Billikok təpəsinin sirri (страница 2)

18

– Sən tanıdığım qadınların ən yaxşısısan, Coanna, – Dik dedi. – Ən əsası, bütün həftəni canını bizdən qurtarmış olursan. Məgər bu sənin üçün əsl bayram deyilmi?!

– Di tərpənin! – Culian göstəriş verdi. – Bu da velosipedlər! Gördüyünüz kimi, hələlik heç birində problem yoxdur.

Bir neçə dəqiqə ərzində hər şey torbalara yığılıb velosipedlərin yük yerinə daşındı. Timmi bütün torbaları qoxulayıb öz yeməyinin yerini tapmayınca sakitləşmədi. Yalnız tapandan sonra o, quyruğunu yırğaladı və sümük paketinin yanındaca yerini rahatladı: belədə özünü daha yaxşı hiss edirdi.

Səfərə çıxmaq üçün hər şey hazır idi. Beşlik yenidən bir araya gəlmişdi. Kim bilir, bu dəfə onları hansı macəralar gözləyirdi!

– Görüşənədək, əzizlərim, – uşaqları doqqaza qədər yola salan Fanni xala söylədi. – Culian, qızlardan muğayat ol. Timmi, sən də onları gözdən buraxma!

Qəfildən Kventin əmi də pəncərədən göründü.

– Yenə bu nə səs-küydür belə? – o, əsəbi halda soruşdu. – Az qala bir gündür ki… Həə, axır ki, yığışa bildiniz? Artıq bizim də baş-qulağımız dinc olar, biz də dincələrik… Yaxşı yol, uğur olsun. Özünüzü yaxşı aparın!

– Böyüklər həmişə eyni şeyləri deyirlər, – Enn köksünü ötürdü.

Beşlik evdən ayrılarkən ətrafı velosiped zənglərinin səsi bürüdü. Onlar, nəhayət ki, həsrətində olduqları sərbəstliyə qovuşdular:

– Ura! Biz yenə azadıq! Elə sən də, Timmi… Bu necə də gözəldir!

Billikok təpəsinə doğru

Beşlik Kirrin körfəzi boyunca uzanan torpaq yolla irəlilədiyi zaman günəş artıq öz şəfəqlərini hər yana səpmişdi. Timmi velosiped karvanının arxasınca qaçırdı, it ləhləyirdi, az qalırdı dili torpağa dəysin. Bununla belə, o, dostlarından geri qalmamağa çalışırdı. Enn deyirdi ki, ömrü boyu bundan uzun dili olan köpək görməyib!

Bir az aralıda, Kirrin körfəzinin ortasında eyniadlı ada, adanın dənizə yaxın yerində isə Corcun ailəsinə məxsus qəsr görünürdü.

– Gözəl qəsrdir, elə deyil? – Dik soruşdu. – Mən orada bir neçə gün keçirməkdən imtina eləməzdim. Adaya elə sahildən üzərək getmək pis olmazdı. Sən nə düşünürsən, Culian?

– Bunu yay tətilinə saxlayaq, – Culian dedi. – Oraları yaxşı tanıyırıq, indi gəlin tanımadığımız yerləri araşdıraq. Tobi mənə Billikokdakı mağaralar barədə çox şey danışıb, amma sizə hələlik heç nə deməyəcəyəm – özünüz görəcəksiniz.

– Sənin dostun Tobi necə oğlandır? – Corc soruşdu. – Haqqında o qədər eşitmişik ki… Amma mən də, Enn də onun üzünü görməmişik.

– İtoynadanın yekəsidir, – Dik söylədi. – Hər şeydən çox kəpənək tırtıllarını tutub adamların üstünə tullamağı sevir… Hə, onun belə kələkləri çoxdur. Odur ki ehtiyatlı olun, yaxasındakı gözəl qızılgülə aldanmayın, yəqin ki, Tobi sizə həmin gülü iyləməyi təklif edəcək.

– Nə üçün axı? – Enn soruşdu.

– Siz gülə tərəf əyiləndə oradan su düz sizin gözünüzə sıçrayacaq. Bu qızılgül elə kələkbazdır ki…

– Fuu! – Corc üz-gözünü turşutdu. – Nə mənasız zarafatdır! Məncə, sənin dostun bizim o qədər də xoşumuza gəlməyəcək. Daha ağıllı bir şey uydura bilmir? Mənimlə belə hoqqa çıxarsa, onun başını əzəcəyəm!

– Bunun heç bir faydası olmayacaq, – Dik onu inandırmağa çalışdı. – Əlbəttə, o sənə eyni cür cavab verməyəcək, lakin əvəzində iyirmi dəfə pis bir şey fikirləşib tapacaq!.. Yaxşı, Corc, qorxma, əslində, o, pis oğlan deyil, sadəcə, bir az şuluqdur… Böyük şey olmayacaq ki – üstünə su püskürdəcək də. Əvəzində biz düz bir həftə məktəbdən uzaqda dincələcəyik!..

Kirrin körfəzinin qumlu sahili artıq geridə qalmışdı. Onlar indi kəndlərin arasındakı yolla gedirdilər. Yolun kənarlarını yemişan kolları bürümüşdü. İyunun lap əvvəlləri idi, budaqlarda çəhrayı çiçəklər görünməyə başlamışdı. Uşaqlar üzüyuxarı – dağa tərəf qalxırdılar və dənizdən əsən yüngül meh onlara ləzzət verirdi.

– Nə bilmək olar, zirvəyə çatanda, bəlkə, qar da gördük, – Culian ehtimal etdi. – Şaxta da ola bilər.

– Ancaq mən indi dondurma yeyərdim, – Enn dedi. – İlahi, bu yoxuşa bax!.. Necə sərt yamacdır! Niyə özümüzə belə əziyyət veririk ki?! Yaxşısı budur, velosipedlərdən düşüb onları özümüzlə yuxarıya doğru sürüyək.

Bu zaman Timmi çoxdan irəli atılıb təpənin başına qalxmış, orada yerini rahatlamışdı. O, indi hədsiz uzun dilini çölə çıxarıb sərin küləyin ixtiyarına vermişdi. Zirvəyə ikinci çıxan Culian oldu. Oğlan çatan kimi aşağı, digər təpənin yamacına nəzər salmağa başladı.

– Budur, o lap aşağıdan görünən həmin qəsəbədir! – Culian qışqırdı. – İndi xəritə ilə tutuşduracağam… Hə, dəqiq, Tennik qəsəbəsidir! Orada düşərgə salıb öyrənərik, görək yaxınlıqda dondurma satırlarmı. Deyəsən, axı kimsə dondurma istəyirdi…

Qəsəbədə dondurma vardı. Özü də çiyələkli və vanilli dondurma! Uşaqların dördü də elə dükanın yaxınlığında, ağaclardan birinin altındakı skamyada oturdu. Taxta qaşıqları dondurma stəkanlarına da eyni vaxtda saldılar. Dostlarının yanında özünə yer eləyən Timmi ümid dolu baxışlarını uşaqların üzünə zilləmişdi, fikirləşirdi ki, onu da bu ləzzətdən məhrum etməzlər, heç olmasa, axırda stəkanları yalamasına imkan verərlər.

– Əzizim, biz sənin üçün dondurma götürmədik, çünki kifayət qədər kökəlmisən… – Corc dedi. – Belə yalvarışla baxma, xahiş edirəm… Yaxşı, məni yola gətirdin. Onsuz da səyahətimizin sonuna qədər gəzib-dolaşmaqdan arıqlayacaqsan. Odur ki indi sənə də dondurma alaram…

– Hav, – Timmi sevinclə cavab verdi. O, dükanın qapısından içəri cumub arxa ayaqları üstə qalxdı, qabaq ayaqlarını piştaxtaya qoydu. Heyvanın bu hərəkəti dükan sahibini çox təəccübləndirdi.

– Dondurmanın hamısını ona nahaq verirsən, – Enn dükandan çıxarkən Corca dedi. – Bir dəfəyə yeyəcək, heç dadını da hiss eləməyəcək. Üstəlik, bir də gördün, o, dondurmanı kağızı ilə birgə uddu.

On dəqiqə dincələndən sonra bizim beşlik yoluna davam etdi. Sərin külək hərəkət etməkdən tərləmiş uşaqlara ləzzət verirdi. Yaz olduğundan hər yer çiçəkləmişdi. Ətrafda hər şey qayğısız uşaqların qəlbindəki sevinc hissini gücləndirirdi: ağaclar və otlar zərif yaşıl rəngə boyanmışdı, çöllər göz oxşayırdı, minlərlə qızılı qaymaqçiçəyi onlara baş əyirdi – bütün bunlara necə sevinməyəsən axı?!

Uşaqların velosipedlə şütüdükləri qəsəbə bomboş idi, yolda kimsə gözə dəymirdi. Nadir hallarda uşaqlar fermer arabaları ilə qarşılaşırdılar, avtomobilə isə tək-tük rast gəlirdilər. Bizim səyyahlar elə bu cür yarıkimsəsiz yollara üstünlük verirdilər – onlar bu mənzərəni xətkeş kimi düz, səs-küylü şoselərdən daha çox sevirdilər…

– Saat 4-dən tez çatmayacağıq, – Dik fikrində nəyisə hesablayaraq dedi. – Həmin vaxtadək Billikok fermasında olmalıyıq. Bəs nə vaxt doyunca yemək yeyəcəyik? Sən nə düşünürsən, Culian? Harada dayanaq?

– Saat 1-də dayanarıq, – Culian qətiyyətlə cavab verdi. – Düz saat 1-də. Bir dəqiqə də gec olmasın. Lakin həmin vaxta qədər yemək barədə bir kəlmə də danışmayaq, yaxşı? – o, saata baxdı. – Hazırda 1-ə 3 dəqiqə işləyib.

– Mən daha çox su istəyirəm, nəinki yemək, – Enn dilləndi. – Əminəm ki, yazıq Timmi də susuzluqdan ölür. Gəlin elə qarşılaşacağımız ilk bulaqdaca dayanaq.

– Bu da bulaq! – Dik tezliklə çığırdı. – Bax o taladadır. Ey, Timmi, tez ol! Tez ol, qaç!

Timmiyə bu sözü deməyə ehtiyac da yox idi. O, var gücü ilə bulağa tərəf atıldı və az qala bütün qəsəbənin eşidəcəyi qədər hündürdən hürməyə başladı. Uşaqlar köpəyin sudan içib doymasını gözlədilər. Həmin vaxt Enn budaqdan bir çiçək qoparıb onu gödəkçəsinin yaxasına taxdı.

– Bütün yolu bu çiçəyi qoxulayacağam, – qız dedi. – Nə gözəl ətri var!

– Ey, Timmi! – Dik çağırdı. – Bulağı qurutdun ki! Corc, onu dayandır, yoxsa qarnı şar kimi şişəcək!

Corc bu sözlərə etirazını bildirsə də, Timmini yanına çağırdı:

– Bəsindir! Bura gəl! Gedirik!

Timmi sonuncu qurtumu alıb sahibəsinə tərəf qaçdı. Suyun dadı onun xoşuna gəlmişdi, köpək məmnun-məmnun hürürdü.

Onlar yenə uzun yola davam etdilər. Dostlarımız sərt yoxuşlarda inildəyir, sızıldayır, yol üzü enişə düşəndə sevincdən çığırıb elə sürətlə şütüyürdülər ki, külək qulaqlarında uğuldayırdı.

Nəhayət, Culian nahar üçün yer seçdi – onlar növbəti, ən hündür təpənin düz zirvəsində dayandılar. Uşaqlar buradan bir neçə mil uzaqlıqda yerləşən mənzərəni seyr edə bilirdilər. Burada təmiz, ancaq sərt külək əsirdi.

– Ayaq saxlayırıq! – Culianın bu elanını hamı razılıqla qarşıladı. – Dincəlmək üçün düz bir saat vaxtımız var.

– Nəhayət ki, – Enn donquldandı. – Səhər ayaqlarımızı hiss etməyəcəyik!

– Buradan düz beş qraflığı görmək olar, – Culian başını dörd tərəfə çevirib dedi. – Amma adlarını soruşmayın, unutmuşam… Gəlin yeməkdən əvvəl otların üzərində bir az uzanaq. Etiraz yoxdur ki?

Timmidən başqa heç kəs etiraz etmədi və hamı xalçanı xatırladan yumşaq süpürgə kollarının üstündə özünə yer düzəltdi.

Timmi isə inadkarlıqla nəsə istəyirdi. Nə istəyəcəkdi?! Əlbəttə ki, sümük! Sahibəsinin velosipedinin yük yerindən onun qoxusunu hiss edirdi. O tərəfə baxan yox idi – hamı dincəlirdi. Bunu görən Timmi yemək torbasına doğru hərəkət etməyə başladı.

Enn köpəyə daha yaxın məsafədə idi və o, şübhəli xışıltını eşidib yerindən durdu. Qız nə baş verdiyini bilmək istəyirdi.

– Timmi! – o qışqırdı. – Sən bizim buterbrodları yemək istəyirsən?

Corc da yerindən qalxdı. Timmi sakitcə kənara çəkildi, günahkarcasına quyruğunu tərpətdi, sanki demək istəyirdi: «Bağışlayın, amma mənim üçün götürdüyünüz sümüklər də buradadır axı!»