18+
реклама
18+
Бургер менюБургер меню

Эндрю Найдерман – İblisin vəkili (страница 8)

18

‒ Əlbəttə, belə daha yaxşı olardı, ‒ Kevin başını tərpətdi. ‒ Ancaq mən bunu etməli idim. Bir də yadından çıxarma ki, Barbara Stenli özü də rəfiqələrinə hədə-qorxu gəlməklə onları müəlliməyə şər atmağa vadar etmişdi.

‒ Sən onun üstünə atılanda qıza lap yazığım gəldi…

Kevinin rəngi ağardı.

‒ Unutma, Lois Uilsona qarşı belə ağır ittihamı irəli sürən mən deyildim, ‒ o dedi. ‒ Bunu Martin Balm etmişdi. Barbara Stenlini məhkəməyə çağırıb çarpaz dindirməyə məruz qoyan da odur. Mən öz müştərimi, onun hüquqlarını və gələcəyini müdafiə edirdim. İlk növbədə məhz bu barədə düşünməli idim.

‒ Kevin, bəlkə, qız təkcə özü ifadə verməkdən qorxduğu üçün rəfiqələrini bu işə təhrik edib?

‒ İttiham tərəfi gərək başqa cür hərəkət edəydi, ya da etiraz irəli sürəydi… Bunun mənə dəxli yoxdur. Miriam, unutma, mən vəkiləm və müştərimi istənilən üsullarla müdafiə etməliyəm. Əks halda öz vəzifəmi yerinə yetirməmiş olaram. Bunu ki, anlayırsan?

Miriam başını tərpətdi. O, könülsüz də olsa, əri ilə razılaşmışdı. Kevin də haqlı idi.

‒ Yəni mənim işi necə apardığımla heç fəxr etmirsən? ‒ Kevin arvadının çiynini qucaqlayıb yenidən soruşdu.

‒ Sən dahi aktyor ola bilərdin. Ora-bura elə hərəkət edir, andlılara elə baxır, sualları elə bacarıqla verirdin ki… ‒ Miriam ürəkdən güldü. ‒ «Oskar»a namizədliyini irəli sürmək lazımdır!

‒ Bu, əsl tamaşa idi, elə deyil, Miriam? Ümumiyyətlə, məhkəmə zalına daxil olanda məndə nəsə qeyri-adi dəyişiklik baş verir. Bunun səbəbini izah edə bilmirəm. Sanki pərdə qalxır və mən öz rolumu oynamağa başlayıram. Müştərinin kimliyi, işin mahiyyəti mənasını itirir. Sadəcə, mən səhnəyə çıxıram və nə lazımdırsa, onu da edirəm…

‒ Necə yəni müştərinin kimliyi və işin mahiyyəti mənasını itirir? Sən, həqiqətən, kimi gəldi müdafiə etməyə hazırsan?

Kevin dillənmədi. Miriam bir daha soruşdu:

‒ Kimi gəldi?

Kevin bu dəfə çiyinlərini çəkib dedi:

‒ Düşünürəm, bu, qonorardan asılıdır.

Miriamın gözləri qıyıldı.

‒ Kevin, mənə düzünü de!

Gənc vəkil sağ əlini qaldırıb arvadına baxdı.

‒ Düzünü və yalnız düzünü deyəcəyimə and içirəm…

‒ Mən ciddi soruşuram, ‒ Miriam onun əllərini aşağı saldı.

‒ Yaxşı, de görüm, nəyi bilmək istəyirsən?

Kevin barın piştaxtasına söykəndi.

‒ Hüquq jarqonunu bir kənara qoy. Mənə ittiham tərəfinin, yaxud vəkilin rolundan, ümumiyyətlə, buna bənzər şeylərdən danışma… Sən üç qızın yalan danışdığını, bunu kənar təsir altında etdiklərini sübuta yetirdin, ya da ən azından belə bir görüntü yarada bildin. Barbara Stenlinin yaxşı iş tutmadığını inkar etmirəm. Bəs əgər, həqiqətən də, Lois Uilson ona qarşı əxlaqsız hərəkətə yol veribsə, onda necə olsun? Bəlkə, bu, doğrudan belədir? Axı sən onunla ünsiyyətdə olmusan, xeyli söhbət etmisən…

‒ Ola bilər, ‒ Kevin cavab verdi. ‒ Axı mən sənə deyirəm: mənim vəzifəm ittiham tərəfinin mövqeyindəki zəif yerləri tapmaq və zərbəni məhz ora endirməkdir.

‒ Bəs müəllimə, həqiqətən, günahkardırsa…

‒ Kimin günahkar, kiminsə günahsız olduğunu bilən varmı? Əgər biz yalnız günahsızlığına adımız kimi əmin olduğumuz adamları müdafiə etsəydik, çoxdan acından ölərdik.

Kevin kiməsə əli ilə işarə elədi və yeni kokteyl sifariş verdi.

Kevinin dediklərində özü üçün qeyri-adi və qondarma heç nə yox idi; halbuki bu, Miriamdan ötrü günəşin qarşısını kəsən buluda çevrilmişdi. O, ərinin son sözlərindən tutuldu, qamətini düzəldib ətrafa boylandı. Elə həmin andaca baxışları küncdəki masanın arxasında oturan qəşəng geyimli, qarasaç kişinin üzərində dayandı. Miriam bu naməlum kişinin onlara baxdığına əmin idi.

Kişi gözlənilmədən gülümsədi. Miriam da cavab olaraq gülümsündü və dərhal nəzərlərini ondan yayındırdı. Bir qədər sonra isə qadın yenidən həmin tərəfə baxanda kişinin gözlərini hələ də onlardan çəkmədiyini gördü.

‒ Kevin, sən küncdə oturan kişini tanıyırsan? O, bayaqdan bəri gözünü düz bizə zilləyib…

‒ Kişini? ‒ Kevin çevrildi. ‒ Hə. Daha doğrusu, yox, ancaq bu gün onu məhkəmədə görmüşəm.

Kişi yenidən güldü və başı ilə salam verdi. Kevin də cavab olaraq başını tərpətdi. Kişi bunu dəvət kimi qəbul etdi, yerindən durub onlara doğru addımladı. Bu, ucaboy və qədd-qamətli bir adam idi.

‒ Axşamınız xeyir, ‒ o, əlini Kevinə uzatdı. Naməlum adamın uzun barmaqları və qüsursuz manikürü var idi, çeçələ barmağına üzərində «P» monoqramı olan qızıl üzük taxmışdı. ‒ İcazə verin, təbriklərə qoşulum və sizin pərəstişkarlarınızın siyahısına düşüm. Pol Skolfild.

‒ Təşəkkür edirəm, Pol. Bu mənim həyat yoldaşım Miriamdır.

‒ Missis Teylor, ‒ Skolfild təntənə ilə baş əydi. ‒ Sizin fəxr etməyə tamamilə haqqınız çatır.

‒ Təşəkkür edirəm, ‒ Miriam qızardı.

‒ Sizə mane olmaq istəməzdim, ‒ yeni tanış sözünə davam etdi, ‒ ancaq mən də bugünkü məhkəmədə idim və sizi iş başında görmək imkanım oldu.

‒ Anlayıram, ‒ Kevin həmsöhbətinin gözünün içinə baxdı. ‒ Mən də sizi gördüm, amma əvvəllər görüşdüyümüzü düşünmürəm.

‒ Əlbəttə, yox. Mən burada yaşamıram. Vəkiləm, firmamız Nyu-Yorkda yerləşir. Qısa müddətə sizə qoşula bilərəm? ‒ o, Kevinin yanındakı boş stula işarə etdi.

‒ Əlbəttə.

‒ Təşəkkür edirəm. Görürəm, indicə içki sifariş etmisiniz, amma icazə versəydiniz, mən də sizi qonaq edərdim, ‒ o, barmenə işarə etdi. ‒ Zəhmət olmasa, şampan şərabı ilə kokteyl.

‒ Hüququn hansı sahəsi ilə məşğul olursunuz, mister Skolfild? ‒ Kevin soruşdu.

‒ Məni Pol deyə çağırın, rica edirəm. Bizim firmamız yalnız cinayət işləri ilə məşğul olur, Kevin. Bəlkə, siz bizim haqqımızda eşitmisiniz – «Con Milton və ortaqları».

Kevin fikirləşdi, sonra başını yırğaladı:

‒ Üzr istəyirəm, eşitməmişəm.

‒ Eybi yoxdur, ‒ Skolfild gülümsədi. ‒ Onsuz da bir problem yaranmayana qədər bizim firmamızı heç kim tanımır. İxtisaslaşdığımız sahə dar çərçivəni əhatə edir. Biz başqalarının imtina etdikləri işləri götürürük.

‒ Maraqlı… səslənir, ‒ Kevin ehtiyatla dilləndi. Bu adamı masaya dəvət etdiyinə artıq peşman olmağa başlamışdı. Söhbəti davam etdirmək həvəsi yox idi. ‒ Düşünürəm, öncədən sifariş elədiyimiz masa barədə düşünmək vaxtıdır, hə, Miriam? Nəsə yaman acmışam…

Miriam ərinin nəyə eyham vurduğunu anlayıb baş ofisianta işarə etdi.

Skolfild də məsələni başa düşdü.

‒ Zəhlətökənlik etmək istəmədiyimi artıq demişdim, ‒ o, cibindən vizitkartını çıxardı. ‒ Mən bu gün məhkəmə zalına təsadüfən gəlməmişdim. Biz sizin haqqınızda eşitmişik, Kevin.

‒ Doğrudan? ‒ gənc vəkil təəccübləndi.

‒ Bəli. Biz cinayət işləri ilə məşğul olan cavan və istedadlı vəkillərlə maraqlanırıq. Yeri gəlmişkən, hazırda firmamızda vakansiya var.

‒ Hə?

‒ Məhkəmə salonunda sizə göz qoyub anladım ki, bizim şərtlərimizə artıqlaması ilə uyğun gəlirsiniz. Vizitkartımı götürün və bu təklif üzərində düşünün.

‒ Bilirsiniz, məsələ burasındadır ki…

‒ Əlbəttə, Kevin, mən başa düşürəm, bu prosesdən sonra sizə çalışdığınız şirkətdə daha yaxşı şərtlər, çox güman, hətta ortaqlıq təklif edəcəklər. Qorxuram müştəbeh görünəm, amma deməliyəm ki, buradakı işdən siz nə zövq, nə də bizim verə biləcəyimiz maaşın yarısını ala biləcəksiniz.

‒ Maaşın yarısını?

Baş ofisiant onlara yaxınlaşdı.

‒ Masanız hazırdır, ser.

‒ Çox sağ olun, ‒ Kevin üzünü yenidən Skolfildə tərəf çevirdi. ‒ Siz maaşın yarısını dediniz?

‒ Bəli, ‒ Skolfild başını tərpətdi. ‒ Mən sizin indi işlədiyiniz firmada ortaqlardan biri olandan sonra nə qədər qazanacağınızı bilirəm. Mister Milton dərhal bu məbləğin ikiqatını verməyə hazırdır. Bundan başqa, siz tez bir zamanda yaxşı maddi mükafat da alacaqsınız. Buna tam əminəm, ‒ Skolfild ayağa qalxdı. ‒ Vaxtınızı bundan artıq almaq istəmirəm. İkiniz də baş-başa qalmaq haqqını qazanmısınız, ‒ o, Miriama göz vurdu.

Qadın qızardığını hiss etdi.

Skolfild piştaxtanın üstünə qoyduğu vizitkartını Kevinə yaxın itələdi.

‒ Sadəcə, bizə zəng edin. Peşman olmazsınız, ‒ Skolfild badəsini qaldırıb yenidən dedi: ‒ Sizi bir daha parlaq qələbə münasibətilə təbrik etmək istəyirəm. Missis Teylor.

O, şərabı başına çəkdi və uzaqlaşdı.