реклама
Бургер менюБургер меню

Элинор Ходжман Портер – Polyanna (страница 2)

18

Tom əsəbi tonda dedi:

– Sabah günəşin qərbdən doğacağını söyləsən, bəlkə də, sənə inanardım.

– Siz nə danışırsınız, cənab Tom?! Bəyəm mən zarafat eləyirəm. Mənə xanım özü söylədi. Bacısı qızının adı Polyanna imiş. On bir yaşı varmış.

Qoca bağbanın heyrətdən gözləri böyüdü, ağzı açıq qaldı. Bir qədər fikrə getdi. Sonra nə isə xatırlayıbmış kimi diksindi və dedi:

– Hə, deyəsən, söhbətin nədən getdiyini başa düşdüm. Yəqin ki, haqqında danışdığın xanım Cenninin qızıdır. Onsuz da ondan başqa bu ailədə heç kim ailə qurmayıb. Şübhəm yoxdur ki, gələn məhz Cenninin qızıdır. Əgər Polli Harrinqton onu himayəsinə götürməyə razılıq veribsə, deməli, artıq dünyanın sonu gəlib!

– Xanım Cenni kimdir, cənab Tom? – xidmətçi qız təəccüblə soruşdu.

Bu sualı eşidən qoca bağbanın gözlərinə dərin kədər çökdü. Tom bir müddət nəzərlərini uzaq nöqtəyə dikib susdu. Sonra ahəstə səslə dilləndi:

– Xanım Cenni mələk kimi bir qız idi. Anasının və atasının etirazlarına baxmayaraq, sevdiyi gənc bir oğlanla ailə qurub bu malikanədən ayrılanda vur-tut iyirmi yaşı vardı. Bir neçə övladının dünyaya gəldikdən az sonra öldüyünü eşitmişdim. Sonra sonuncu qızının doğulduğu barədə xəbər gəldi. Əgər yanılmıramsa, indi haqqında danışdığın Polyanna məhz odur.

Nensi çevrilib malikanəyə baxaraq dedi:

– Qızcığaz çardaqdakı kiçik otaqda qalacaq. Sanki bu boyda evdə ona otaq qəhət idi. Belə də xala olar? Heç utanmır!

Qoca bağbanın əvvəlcə qaşları çatıldı. Sonra gülümsəyərək dedi:

– Maraqlıdır, xanım Polli Harrinqton bu malikanədə on bir yaşlı qız uşağı ilə necə yaşayacaq?

– Əslində, uşağın xanım Polli ilə necə yaşayacağı çox maraqlıdır.

– Deyəsən, Polli Harrinqtonu əsla sevmirsən, eləmi?

– Məgər onu sevən, heç olmasa, bircə nəfər tapmaq mümkündür?

Bu vaxt Tom yenə qəribə bir tərzdə gülümsədi. Sonra isə yavaş səslə soruşdu:

– Deyəsən, sən xanım Pollinin eşq hekayəsini hələ eşitməmisən.

– Siz nə danışırsınız, cənab Tom?! Kimsə xanım Pollini sevib? İnanmıram. Bu ola bilməz!

– Hələ çox gənc olduğun üçün sən bu haqda eşitməmisən. Halbuki həmin eşq hekayəsindən xəbəri olmayan adam çətin tapılar.

– Cənab Tom, söyləyin, xanım Pollini sevən kim idi?

– Bunu sənə deməyə haqqım yoxdur. Hər halda, Polli Harrinqtonu mənim qədər tanısaydın, belə təəccüblənməzdin. O, vaxtilə çox gözəl idi. Hətta istəsə, bir vaxtlar olduğu kimi, indi də gözəl görünə bilər!

– Xanım Polli gözəldir? Siz nə danışırsınız, cənab Tom?!

– Bəli, qızım, o çox gözəldir. Sadəcə, geyim-keciminə əvvəlki kimi diqqət yetirmir. Üstəlik, o heç sənin zənn etdiyin qədər yaşlı da deyil.

Xidmətçi qız təəccüblə soruşdu:

– Elə isə niyə əvvəllər olduğu kimi, gözəl görünmək istəmir?

– Hər şey nişanlısı ilə arası dəydikdən sonra başladı. Xanım Polli çox dəyişdi, sanki tamam başqa bir adam oldu. Yalnız geyim-keciminə qarşı laqeydləşmədi. Həm də acıdilli, qəzəbli bir insana çevrildi…

Tom sözünü bitirməmişdi ki, evdən acıqlı bir səs yüksəldi:

– Nensi!

– Gəlirəm, xanım! – deyə xidmətçi qız təlaşla malikanəyə qaçdı.

Polyannanın gəlişi

Aradan bir neçə gün keçdi. Polli Harrinqton növbəti teleqram aldı. Teleqramda Polyannanın yola düşdüyü yazılırdı.

Qızcığaz – sabah, iyunun 25-də çatacaqdı.

Teleqramı oxuyub qurtardıqdan sonra Polli Harrinqtonun qaşları çatıldı. Çardağa qalxıb Polyannaya ayrılan kiçik otağı gözdən keçirdi.

Otaqda kiçik çarpayı, iki stul, güzgüsüz əlüzyuyan, bir də balaca masa vardı. Divarlar boş, pəncərə isə pərdəsiz idi. Günəşin isti şüaları bütün günü damı qızdırdığından içəri təndir kimi idi.

Polli Harrinqton aşağı enib Nensini çağırdı:

– Bacım qızı sabah saat 4-də gəlir. Onu stansiyada sən qarşılamalısan. Sən Timoti ilə gedəcəksən. Teleqramda yazıldığına görə, saçları sarıdır, əynində isə qırmızı zolaqlı don və həsir papaq olacaq. Məncə, sənin onu tanımağın üçün bu qədər əlamət kifayətdir.

– Arxayın olun, xanım. Amma siz…

Xanım Polli xidmətçi qızın nə demək istədiyini havada tutdu. Sərt bir səslə onun sözünü kəsdi:

– Mən getməyəcəyəm, Nensi. Buna ehtiyac yoxdur.

Ertəsi gün saat dördə iyirmi dəqiqə qalmış Nensi və qoca Tomun oğlu Timoti qızcığazı qarşılamaq üçün üstüaçıq araba ilə stansiyaya gəldilər.

Bu vaxt uzaqdan qatarın fit səsi eşidildi. Bir qədər sonra qatar stansiyada dayandı. Nensi qatardan düşənlər arasında Polyannanı dərhal tanıdı. Qırmızı donlu qızcığaz hədsiz zərif idi. Sarı saçları hörülmüş və iki tərəfdən çiyinlərinə atılmışdı. Çilli üzündə təbəssüm vardı. Polyanna kimisə axtarırmış kimi, həyəcanla sağa-sola baxırdı.

Nensi qıza yaxınlaşıb çəkingən bir tərzdə soruşdu:

– Bağışlayın, siz… siz xanım Polyanna deyilsinizmi?

Bunu eşitcək qızcığaz Nensinin boynuna sarılaraq dedi:

– Sizi gördüyümə çox şadam! Bəli, mən Polyannayam. Məni qarşılamaq üçün stansiyaya qədər gəldiyinizə görə çox məmnunam. Gələcəyinizi bilirdim. Hə, bilirdim gələcəksiniz, axı başqa cür ola da bilməzdi.

Nensi heyrətlə soruşdu:

– Sizi qarşılamağa gələcəyimi bilirdiniz?

– Əlbəttə, bilirdim. Hətta yolboyu üzünüzü xəyalımda canlandırmışdım da. İnanın ki, necə düşünürdümsə, elə də varsınız!

Nensi nə deyəcəyini bilmədi. Bu vaxt Timoti onlara yaxınlaşdı. Xidmətçi qız onu Polyanna ilə tanış etdi:

– Bu Timotidir. Əgər yükünüz varsa, arabayadək daşıya bilər.

Polyanna Nensinin sözünü kəsib dedi:

– Hə, bir çamadanım var. Onu mənə Xeyriyyə Cəmiyyəti hədiyyə edib…

Beləcə, Polyanna dayanmadan bir neçə dəqiqə danışdı. Nensi, qızcığazın nəhayət ki, susduğunu görüb dərindən nəfəs aldı. Onun çənədən bu qədər möhkəm olması xidmətçi qızı əməlli-başlı yormuşdu.

Çox keçmədi, Polyannanın balaca çamadanı arabanın arxasına yerləşdirildi.

Nəhayət, araba yola düşdü. Beləcə, Polyannanın uzun-uzadı danışmağa başlaması üçün yeni bir fürsət yarandı.

– Araba ilə gəzməyi çox sevirəm! – deyə qızcığaz sözə başladı. – Araba ilə harasa getmək mənim üçün əsl əyləncədir. Burada nə gözəl küçələr var! Şəhəriniz düşündüyüm qədər gözəl imiş. Əslində, belə olacağını bilirdim. Çünki bura haqqında atamdan çox şey eşitmişdim.

Qızcığaz birdən-birə köks ötürüb susdu. Nensi qıza baxdıqda onun çənəsinin titrədiyini gördü. Gözləri dolmuşdu. Amma bir qədər sonra Polyanna yenidən şən görünməyə çalışaraq dedi:

– Hə, atam da bu şəhər haqqında çox şey danışmışdı mənə. Aradan illər keçsə də, vaxtilə yaşadığı şəhəri çox gözəl xatırlayırdı. Yeri gəlmişkən, niyə qara yox, qırmızı don geyindiyimi sizə izah edim. Çünki matəm libası geymədiyimə görə məni qınaya bilərsiniz.

Nensi maraq və təəccüb içində qıza baxırdı. Polyanna sözlərinə davam etdi:

– Qara paltar geyinməməyimin səbəbi budur: yəqin ki, bilirsiniz, Xeyriyyə Cəmiyyətinə bağışlanan əşyalar qutularda gəlir. Gələn son qutudan qara rəngdə heç bir libas çıxmadı.

Polyanna nəfəs dərmək üçün yenidən susdu. Bunu fürsət bilən Nensi sözə başladı:

– Eybi yoxdur. Əmin ola bilərsən ki, tezliklə hər şey qaydasına düşəcəkdir.

– Belə düşündüyünüzə görə çox sevindim. Əslində, mən də sizin kimi düşünürəm. Amma bir yandan matəm libası geyinib, o biri yandan sevinmək heç də asan deyil.

– Necə yəni sevinmək? Bu nə deməkdir? Bəyəm atanızın ölümündə sevinməli nəsə var? – Nensi heyrətlə soruşdu.

– Əlbəttə, var. Axı atam anamla görüşmək üçün cənnətə gedib. Bir dəfə atam mənə demişdi: “Əgər mən nə vaxtsa ölsəm, əsla kədərlənmə. Əksinə – sevin, çünki mən ananla görüşəcəm”.