реклама
Бургер менюБургер меню

Эдит Несбит – Beş uşaq və O (страница 4)

18

– Buralarda idik.

– Elə isə niyə evə belə gec gəldiniz?

– Hamısı onların ucbatından oldu, – Anteya fikirləşmədən dilləndi.

– Kimin?

– O qəşəng qızlarla yaraşıqlı oğlanların. Onlar gün batmamış bizi evə buraxmaq istəmirdilər. Bilirsən necə zəhlətökən uşaqlar idilər! Yaxşısı budur, bizə yemək ver. Özü də, bir az tez ol, lap acından ölürük.

– Bu barədə hələ fikirləşməliyəm, – Marta deyinməyə başladı. – Bütün gün, kim bilir, haralarda veyillənmisiniz. Qoy bu sizə dərs olsun ki, bir də belə iş tutmayasınız, tanımadığınız uşaqlara qoşulmayasınız. Əgər bir də həmin uşaqlara rast gəlsəniz, kəlmə də kəsməyin! Bildiniz! Dərhal onların yanından uzaqlaşın! Özü də gəlib mənə xəbər verin!

– Yaxşı, – Anteya hamının adından söz verdi. – Bir də onları görsək, mütləq sənə deyərik!

Gözünü masanın üstündəki yeməklərə zilləmiş Robert hövsələsiz halda dedi:

– Biz var gücümüzlə çalışarıq ki, bir də onlarla qarşılaşmayaq.

Həqiqətən də, onlar bir daha rastlaşmadılar…

II fəsil. Qızıl pullar

Həmin gecə Anteya çox aydın şəkildə qəribə bir yuxu gördü. Yuxusunda leysan yağışın altında zooparkda gəzirdi və nədənsə çətiri də yox idi. Yağışdan xoşları gəlməyən heyvanlar narazı halda deyinirdilər… Bu yerdə Anteya gözlərini açdı. Nə qədər qəribə də olsa, yağış və səs hələ də davam eləyirdi. Məlum oldu ki, bir gün əvvəl soyuqlayan Ceynin burnu tutulub, odur ki yuxuda xoruldayır. Anteyanın yuxuda ikən qulağına gələn səs də elə bu imiş. Ceynin başının üstündə dayanmış Robert isə əlindəki yaş dəsmalın ucunu sıxaraq suyu qızın üzünə damcıladırdı ki, yuxudan oyatsın.

– Eləmə! – Anteya qardaşının üstünə qışqırdı. – Görmürsən, yatıb?

– Yaxşı, yaxşı, – Robert dərhal dəsmalı bir kənara tulladı.

– Bilirsən necə qəribə yuxu gördüm! – Anteya dedi.

– Mən də! – səsə yuxudan oyanan Ceyn dilləndi. – Yuxuda gördüm ki, biz qəribə bir məxluqu qumun altından qazıb çıxarırıq. O bizə deyir ki, qum pərisidir. Adı da Sammieddir. Hə, üstəlik, biz ondan hər gün bir arzumuzu yerinə yetirməsini xahiş edə bilərik!

– Bir dəqiqə, dayan görüm. Axı mən də bu yuxunu görmüşəm, – Robert onun sözünü kəsdi. – Otağınıza da elə ona görə gəlmişdim ki, yuxumu sizə danışım. Hə, biz arzumuzu ona dedik. Niyəsini bilmirəm, lakin siz ondan çox səfeh bir şey istədiniz: dediniz ki, qoy Sammied bizi çox qəşəng və yaraşıqlı uşaqlara çevirsin. Belə də oldu, lakin bunun bizə ziyandan başqa heç bir xeyri dəymədi.

– Bir neçə nəfər eyni yuxunu görə bilməz axı! – Anteya qışqırdı. – Düzdür, mən yuxuda heyvanat bağında gəzirdim, üstəlik, güclü yağış da yağırdı. İntəhası bundan əvvəl sizin gördüyünüz yuxunu mən də görmüşdüm. Hətta davamını da danışa bilərəm: Quzu bizi tanımayıb ağlamağa başladı. Dayə isə evə girməyimizə icazə vermədi…

Bu vaxt o biri otaqdan Sirilin səsi gəldi:

– Bir az tələs, Robert! Əgər bu dəqiqə əl-üzünü yuyub saçını daramasan, yenə səhər yeməyinə gecikəcəksən!

– Yaxşısı budur, sən özün bura gələsən, – Robert qardaşını qızların otağına çağırdı.

Siril yarıgeyinmiş vəziyyətdə qapının ağzında göründü.

– Qulaq as, – Anteya dedi, – biz hamımız bu gecə yuxuda qum pərisi görmüşük.

– Nə yuxu! – Siril istehza ilə dilləndi. – Uşaq ki uşaq! Siz axı nə vaxt böyüyəcəksiniz? Bu, yuxu-zad deyil. Bütün bunlar, həqiqətən, olub, bildiniz? Elə ona görə də bu gün yuxudan tez durmuşam. Səhər yeməyindən dərhal sonra Onun yanına yollanıb növbəti arzumuzu deyəcəyik. Lakin gərək nə arzulayacağımızı əvvəlcədən yaxşıca götür-qoy eləyək ki, başımıza dünənki kimi iş açmayaq.

Anteya hələ də qardaşının dediklərinə inana bilmirdi, ancaq bir qədər sonra səhər yeməyi üçün mətbəxə gedəndə Martanın hələ də dünənki uşaqların qarasınca deyindiyini gördü və başa düşdü ki, bütün bunlar, həqiqətən də, baş verib. Marta da onlarla eyni yuxunu görə bilməzdi axı!

– Çünki Marta həmişə «Yuxuyozma kitabı»nda izahı olan yuxular görür, – Anteya fikrini əsaslandırmağa çalışdı. – Səhər də duran kimi həmin kitaba baxır. Məsələn, əgər toy görsən, deməli, dəfn mərasiminə gedəcəksən, ilan görsən, kimsə sənə xəyanət edəcək. İlbiz isə körpə uşaq deməkdir.

– Uşaq demişkən, – Siril onun sözünü kəsdi, – bəs Quzu hanı?

– Marta bu gün Roçesterdəki qohumlarıgilə baş çəkmək istəyir, Quzunu da özü ilə aparacaq, – Ceyn dedi. – Anam icazə verib. İndi uşağı geyindirir.

– Roçesterə qədər Quzunu çiynində necə aparacaq? – Siril təəccüblə soruşdu.

– Marta karet tutub.

– Gəlin onları yola salaq, – Siril təklif elədi. – Birincisi, tərbiyəli adamların hamısı belə hərəkət eləyir, ikincisi də, əmin olarıq ki, bütün gün onlardan canımız qurtaracaq.

Marta yaxşıca geyinib-kecinmişdi, əynində çəhrayı rəngli bayram libası, başında isə üstündə göy rəngli çiçəkləri olan mavi şlyapa vardı. Quzuya da qəşəng gödəkçə geyindirmiş, başına papaq qoymuşdu.

Uşaqlar onları yolayrıcına kimi ötürüb karetə mindirdilər.

– Hə, indi qaçdıq Sammiedin yanına, – karet gözdən itən kimi Siril qışqırdı.

Onlar yolboyu qum pərisindən hansı arzularını yerinə yetirməsini istəyəcəklərini uzun-uzadı müzakirə elədilər. Lakin ağıllarına heç nə gəlmədi.

Uşaqlar dünən Sammiedin qum altında gizləndiyi yeri xırda daşlarla işarələmişdilər, odur ki tapmaq çətin olmadı.

– Bəlkə, bu, doğrudan da, yuxu idi, onda necə? – uşaqlar qumun altından bellərini tapıb çıxaran vaxt Robert dedi.

– Bəlkə, sən bir az ağıllı olasan, – Siril onu sancdı.

– Bəlkə, sən bir az nəzakətli olasan, – Robert də söz altında qalmadı.

– Bəlkə, bu dəfə biz qızlar arzumuzu deyək, sizin dalaşıb qurtarmağınızı gözləməyək, hə? – Ceyn gülərək dedi.

– Bəlkə, sən burnunu hara gəldi soxmayasan, – Robert qızın sözünü kobudluqla kəsdi.

– Yaxşı, dalaşmayın, – Anteya aranı sakitləşdirmək üçün dilləndi. – Arzumuzu isə birlikdə fikirləşib qərar verərik. Bunun üçün hələ vaxtımız var.

Onlar bir qədər düşünüb-daşındıqdan sonra işə başladılar…

– Qumu ehtiyatla qazın, – Robert dedi, sonra nə düşündüsə, əlavə elədi: – Hətta, yaxşısı budur, əlimizlə qazaq.

Onlar belə də elədilər və çox keçmədən qəribə gözlü tüklü məxluq yenidən uşaqların qarşısında peyda oldu.

Hamı dərindən nəfəs aldı: deməli, dünən baş verənlər heç də yuxu deyilmiş!

Sammied qumun üstündə oturub silkindi.

– Bu gün bizim arzumuzu yerinə yetirməyə hazırsınız? – Siril soruşdu. – Lakin bizim bir yox, iki arzumuz var. Doğrusu, biri o qədər də əhəmiyyətli deyil.

– Bilirsiniz nə var, – Sammied sözə başladı, – siz gəlib çıxana kimi elə bilirdim, bütün bunları yuxuda görmüşəm. Çünki bəzən çox qəribə yuxular görürəm.

– Doğrudan? – Ceyn təəccüblə soruşdu. – Necə maraqlıdır! Çox istərdim ki, bizə öz yuxularınız barədə danışasınız.

– Sizin bugünkü arzunuz budur? – Sammied təəccüblə xəbər aldı.

Bunu eşidən Siril dodağının altında donquldanmağa başladı: «Bu qızlarla nə edəsən axı!»

O biri uşaqlar isə susurdular. Nə deyəydilər? Əgər «hə» desələr, bayaqdan bəri güclə fikirləşib tapdıqları arzularından əl çəkməli idilər. «Yox» desələr, nəzakətsizlik olardı. Lakin Sammied onları bu vəziyyətdən xilas elədi.

– Əgər yuxularımı sizə danışmağa başlasam, ən xırda arzunuzu belə yerinə yetirməyə gücüm qalmaz. Ona görə də ən yaxşısı budur, deyin görüm, arzunuz nədir?

– İstəyirik ki, evimizdəki qulluqçu qadın sizin elədiklərinizin fərqinə varmasın, – Robert dedi.

Sammied yenə ovurdlarını şişirib gözlərini bərəltdi, sonra ağzındakı havanı bir anda çölə buraxdı.

– Vəssalam, alındı, – o dedi. – Bu bir o qədər də çətin arzu deyildi. Bəs əsas arzunuz nədir?

– İstəyirik ki, həddən artıq varlı olaq! – Robert alçaq səslə dilləndi.

– Tamahkarlığa bir bax! Yaxşı, siz deyən olsun, – Sammied dedi. – Lakin bu sizə sevinc bəxş etməyəcək.

Bundan sonra qum pərisi dodağının altında nəsə mızıldandı, ardınca isə əlavə elədi:

– Deyin görüm, nə qədər var-dövlət istəyirsiniz? Bir də kağız pulla, yoxsa qızıl?

– Qızıl, qızıl! – uşaqlar qışqırışdılar. – Özü də lap çox!

– Əgər bu karxananı qızıl pulla doldursam, sizə bəs eləyər?

– Hə! Hə!

– Yaxşı, onda karxanadan çıxın, yoxsa qızılın içində batıb qalarsınız, – Sammied onlara xəbərdarlıq elədi. Sonra qollarını irəli uzadıb elə möhkəm fırlatmağa başladı ki, uşaqlar qorxudan dərhal karxanadan sıçrayıb çıxdılar və qum daşıyan arabaların keçdiyi yola tərəf götürüldülər. Burada ayaq saxlayıb arxaya boylandılar və dərhal da gözlərini qıymalı oldular: dərənin içi qızıl pullarla dolmuşdu, özü də qızıllar elə parıldayırdı ki, adamın gözü qamaşırdı! Sanki yay günü günorta vaxtı günəşə baxırsan.