Джонатан Свифт – Qulliverin səyahətləri (страница 2)
Hadisə belə baş verir: araba yolda xarab olduğundan təmir üçün dayanır. Həmin vaxt iki-üç nəfər gənc liliput məni aydın görmək üçün üzümə yaxınlaşır. Onlardan biri nizənin ucunu burnumun sol deşiyinə soxur. Bu, saman çöpu kimi burnumu qıcıqlandırır. Mən asqırıb yuxudan oyanıram. Qoçaqlar yavaşca əkilirlər.
Bütün günü yolda keçirdik. Gecə dayanıb dincəldik, səhər tezdən isə yola düşdük. Günortaya yaxın şəhər qapılarına yaxınlaşdıq. İmperator saray əyanları ilə birlikdə bizim qabağımıza çıxdı. Araba bütün krallıqda ən böyük bina sayılan qədim məbədin qarşısında durdu. Məni bu məbəddə yerləşdirməyi qərara almışdılar.
Məbədin şimala açılan qapısı hündür idi. Odur ki mən buradan sürünə-sürünə asanlıqla keçə bilərdim. Saray dəmirçiləri sol ayağıma bağlamaq üçün zəncir düzəldirdilər. Onlar öz işlərini bitirdikdən sonra məni sarıdıqları ipləri kəsdilər. Mən ömrümdə duymadığım böyük bir kədərlə ayağa qalxdım. İmperator mənə yaxşı tamaşa etmək üçün məbədin qarşısındakı bürcə çıxdı. Yüz mindən çox şəhərli məni görmək üçün məbədin dövrəsinə yığışmışdı. Onlardan, ən azı, on min nəfəri nərdivanla mənim üstümə çıxmışdı. Amma tezliklə məlum oldu ki, mənim üzərimə çıxmaq qadağan edilib. Bu qadağanı pozanlara ölüm cəzası veriləcəkdi.
İkinci fəsil
Qulliverin Liliputiyada ilk günləri. Liliputlar kralının təsviri. Qulliverin təftiş edilməsi.
Etiraf etməliyəm ki, heç vaxt bu qədər maraqlı bir mənzərə görməmişdim. Ətraf başdan-başa bağ idi. Sol tərəfdə səhnə dekorasiyasına oxşayan şəhər yerləşirdi.
Mən ətrafı seyr etdiyim zaman imperator bürcdən endi. At üstündə mənə sarı gəldi. Mənə diqqətlə tamaşa etməyə başladı. O, zənciri qıracağımdan qorxurdu. Odur ki siyrilmiş qılıncını əlində hazır tutmuşdu. Qılıncın qızıldan olan dəstəsi və qını brilyant ilə bəzənmişdi. Əlahəzrətin səsi təmiz və anlaşıqlı idi. Ona görə də onun danışığını yaxşı eşidə bilirdim.
İndi mən əlahəzrətin zahiri görünüşünü təsvir etməyə çalışacağam. O öz saray adamlarından mənim dırnağım qədər hündür idi. Üz cizgiləri ciddi idi. Qaməti düz, hərəkətləri zərif idi. Əzəmətli boy-buxunu vardı.
İmperator yeddi il idi uğurla padşahlıq edirdi. Mən ona yaxşı baxa bilmək üçün böyrü üstə üzandım. Belə vəziyyətdə biz üz-üzə dayandıq.
Əlahəzrət imperator mənə tez-tez suallar verirdi. Ancaq biz bir-birimizə dediyimiz sözlərdən bircə kəlmə də başa düşmürdük. Onda imperator əyanların sırasında olan ruhanilərə və hüquqşünaslara (onları geyimlərindən tanıdım) əmr etdi ki, mənimlə danışsınlar. Mən də bildiyim bütün dillərdə danışmağa başladım. Amma bu təşəbbüslərim heç bir nəticə vermədi.
Gecə düşdü. Bir qədər çətinliklə də olsa, öz evimə girdim. Quru yerdə uzanıb yatdım.
İki həftə gecələrimi bu cür keçirtdim. Sonra imperatorun əmri ilə mənə döşək və başqa yataq ləvazimatları hazırlandı. Altı yüz ədəd adi ölçüdə döşək gətirdilər. Yüz əlli döşəyi bir-birinə tikməklə dörd böyük döşək düzəltdilər və onları üst-üstə qoydular. Bundan başqa, yorğan, döşəkağı və örtük də hazırlanmışdı. Xeyli vaxtdır sıxıntılara öyrəşmiş bir adam üçün onlar göydəndüşmə idi.
İmperator mənim yanımdan getdikdən sonra şura çağırdı. Orada mənimlə necə rəftar etmək məsələsini müzakirəyə qoydu. Ancaq axırda heç bir qərara gələ bilmədilər. Çünki bir tərəfdən mənim azadlığa çıxacağımdan qorxur, digər tərəfdən məni saxlamağın çox baha başa gələcəyindən ehtiyat edirdilər. Şura üzvləri təkidlə öldürülməyimi istəyirlərmiş. Amma belə olan halda da onları başqa bəla gözləyə bilərdi: bu yekəlikdə meyit çürüyüb qoxusa, paytaxtı və bütün ölkəni taun xəstəliyi bürüyərdi. Odur ki bu təklifi rədd etdilər.
İmperator bütün kəndlərdən mənim üçün hər səhər ərzaq gətirilməsinə göstəriş verir. Bunların hamısının xərci əlahəzrətin şəxsi xəzinəsindən ödənilirdi.
Padşah, əsasən, öz mülklərindən gələn gəlirlərlə dolanırdı. Yalnız tək-tük hallarda öz təbəələrindən maddi yardım alırdı.
Mənim yanımda altı yüz nəfərdən ibarət qulluqçu heyəti düzəldilmişdi. Onların xərci üçün imperator ayrıca vəsait ayırmışdı. Bundan başqa, üç yüz dərziyə mənə yerli biçimdə paltar tikmək tapşırıldı. Üstəlik, altı alimə yerli dili öyrətmələri haqqında əmr verildi.
Əmrlərin hamısı dəqiqliklə yerinə yetirilirdi. Mən üç həftədən sonra liliput dilini xeyli öyrənə bilmişdim. Bu müddət ərzində imperator tez-tez mənə baş çəkirdi. Artıq biz bir-birimizə öz fikrimizi başa sala bilirdik. İlk öyrəndiyim sözlər azad edilməyim haqqında idi. Mən hər gün imperatorun hüzurunda diz çöküb bu sözləri təkrarlayırdım. İmperator xahişimə bir qədər qeyri-müəyyən cavab verirdi. O deyirdi ki, azad edilməyimin öz vaxtı var. Bunun üçün onun və təbəələrinin qarşısında yaxşı ad qazanmalıyam.
Bir dəfə imperator məndən xahiş etdi ki, üstümdə axtarış aparılmasına icazə verim. Guya mən üstümdə çox təhlükəli silah gəzdirirəm.
Mən təftişə razı olduğumu bildirdim. Bunu ona qismən sözlə, qismən də işarələrlə başa saldım. İmperator cavab verdi ki, qaydalara görə, axtarışı onun iki məmuru aparmalıdır.
O dedi: "Axtarış üçün sizin razılığınız olmalıdır. Axtarış zamanı nə tapılsa, əlinizdən alacağıq. Bir şərtlə ki, bu ölkəni tərk edərkən onların hamısı sizə qaytarılsın”.
Hər iki məmuru əlimə götürüb kamzolumun cibinə qoydum. Mən gizli cibimdən başqa bütün ciblərimi onlara göstərmişdim. Hansı ki həmin ciblərimdə özümdən başqa heç kəsə lazım olmayan xırım-xırda şeylər var idi. Məmurlar cibimdən tapdıqları şeyləri siyahıya aldılar. Sonra isə xahiş etdilər ki, onları yerə düşürüm.
Siyahını imperatora təqdim etdilər. İmperator təklif elədi ki, siyahıdakıların bəzilərini dövlətə verim. O hər şeydən əvvəl qılıncıma işarə etdi. Mən dərhal qılıncı belimdən açdım. Bu vaxt imperator qoşuna məni mühasirəyə alıb oxlarını hazır tutmağı əmr etdi. O anadək gözlərim daim əlahəzrətə zilləndiyindən mən bu qoşunu heç görməmişdim.
İmperator qılıncı siyirməyi istədi. Mən qılıncı siyirib bir neçə dəfə başımın üstündə oynatdım. Əsgərlər heyrət və dəhşətə gəldilər. Qorxudan özlərini saxlaya bilməyib çığırışdılar. Qılınc dəniz suyundan azacıq paslanmışdı. Amma yenə də çox parıldayırdı. Günəşin işığı onun üzərinə düşdükcə ətrafdakıların gözlərini qamaşdırırdı. Padşah gözlədiyimdən az qorxmuşdu. O əmr etdi ki, qılıncı qınına qoyum. Sonra da onu mümkün qədər ehtiyatla, özü də uzağa tullayım. Mən belə də etdim.
Sonra o, içiboş dəmir sütunlardan birini göstərməyimi istədi. Cib tapançalarımı onlar belə adlandırırdılar. Mən tapançanın birini çıxartdım. İmperato- run xahişi ilə onu işlətmək qaydasını izah etdim. Barıt qabının ağzı möhkəm bağlandığı üçün ora su keçməmişdi. Beləliklə, barıt da tamamilə quru qalmışdı.
Mən tapançanı barıtla doldurdum. Sonra imperatoru xəbərdar etdim ki, diksinməsin. Ardınca havaya bir atəş açdım. Açdığım bu atəş qılıncdan daha böyük təsir bağışladı. Yüzlərcə adam ölü kimi yerə sərildi. Hətta imperator bir müddət özünə gələ bilmədi.
Sonra hər iki tapançanı və sursat heybəsini təhvil verdim. Bunları verərkən əlahəzrətdən xahiş etdim ki, barıtı oddan uzaq saxlasın. Çünki o, azacıq qığılcımdan od alıb partlayar və imperatorun sarayını darmadağın edə bilərdi.
Mən cib saatımı da verdim. İmperator ona böyük maraqla tamaşa etdi. Qvardiyaçılar saatı möhkəm bir şüvülə keçirdilər. Sonra çiyinlərinə qaldırdılar və apardılar. İmperatoru daha çox saat mexanizminin səsi və əqrəbin hərəkəti heyran etmişdi.
Liliputların gözləri bizdən daha itidir. Odur ki əlahəzrət saat əqrəbinin dayanmadan hərəkət etdiyini yaxşı görürdü. O, alimlərə bu maşının nəyə gərək olduğunu müəyyənləşdirməyi tapşırdı. Lakin alimlər bu barədə yekdil rəyə gələ bilmədilər. Onların fərziyyələrinin hamısı həqiqətdən çox uzaq idi.
Sonra mən pul kisəsini, bıçağı, ülgücü, darağı, burun dəsmalını və cib dəftərçəsini təhvil verdim. Silahlarım əlahəzrətin silah anbarına göndərildi. Qalan şey- ləri imperatorun əmri ilə mənə qaytardılar.
Yuxarıda da dedim ki, mən məmurlara gizli cibimi göstərməmişdim. Həmin cibimdə gözlüyüm, cib durbinim və bir neçə xırda şey vardı. Bunları əllərindən salıb sındıra bilərdilər. Odur ki onları imperator məmurlarından gizlətməyimdə pis bir şey görmürəm.
Üçüncü fəsil
Qulliverin saray adamlarını əyləndirməsi. Onun liliputları heyrət və qorxuya salan şlyapasının tapılması. Qulliverin müəyyən şərtlər altında azadlığa buraxılması.
Mənim mülayim davranışım hamının mənə qarşı meylini artırdığından yaxın gələcəkdə azad olacağıma ümid bəsləyə bilərdim. Mən haqqımda olan yaxşı rəyi hər vasitə ilə möhkəmlətməyə səy edirdim. Bəzən liliputların əlimin içərisində rəqs etməsinə yol verirdim. Axır zamanlarda uşaqlar da saçımın içində gizlənpaç oynamağa cürət edirdilər. Mən onların dilində danışmağı xeyli öyrənmişdim.
Bir dəfə imperator məni akrobatik tamaşalarla əyləndirmək fikrinə düşdü. Belə tamaşaların təşkilində liliputlar başqa tanıdığım xalqlardan üstündürlər. Məni hər şeydən artıq kəndirbazlar heyran etdi. Bunlar yerdən xeyli hündürlükdəki nazik ağ sap üzərində məharətlə oynayırdılar. Sap üstündə yalnız böyük mənsəblərə namizəd olanlar oynaya bilərdilər. Onlar mühüm bir vəzifə boşaldıqda sap üstündə oynamaq üçün imperatordan icazə istəyirdilər. Sap üstündə ən hündürə tullanıb yıxılmayan şəxs həmin vəzifəyə təyin olunurdu.