Джон Стюарт Милль – Azadlıq Haqqında (страница 3)
Bu mülahizəyə ümumiyyətlə, etiraz edilməsə də, praktikada kollektiv düşüncəyə qarşı sərhədi hara qoyacağımız və fərdi azadlıq ilə ictimai nəzarət arasındakı nizamlamanı necə edəcəyimiz məsələsi hələ həll edilməmiş bir problem kimi varlığını davam etdirməkdədir. Hər hansı bir insanın həyatını qiymətli etmək digər insanların hərəkətlərinə qoyulan məhdudlaşdırmalarla bağlıdır. Bu baxımdan ilk növbədə qanun yoluyla, onun əlverişli olmadığı vəziyyətlərdə də cəmiyyətin ümumi düşüncəsini əsas götürmək yoluyla bəzi zəruri davranış qaydaları qoyula bilər. Bu qaydaların nələrdən ibarət olması əsas məsələdir və aşkar olan bəzilərini istisna etsək, həllində ən az irəliləmə qeyd edilən problemin də bu olduğunu deyə bilərik. Bunu eyni şəkildə qərara bağlamış olan heç bir iki ölkə ya da iki dövr yoxdur. Əslində bir dövrün ya da bir ölkənin bu məsələdə aldığı qərara bağlı qalan başqa bir dövr və ya ölkə də yoxdur. Buna baxmayaraq müəyyən bir dövrün ya da ölkənin insanları bu məsələyə üzərində həmişə uzlaşma təmin edilmiş bir məsələ kimi yaxınlaşmaqda çətinlik çəkməmişlər. Öz aralarında tətbiq etdikləri qaydalar onlara son dərəcə açıq və etibarlı görünür. Bu universal illüziya atalar sözündə «ikinci təbiət» kimi göstərilən, halbuki səhvən «birinci təbiət»in yerinə keçən və bu şəkildə davam edən ənənələrin sehrli təsirinin nümunələrindən birini meydana gətirməkdədir. İnsanların bir-birlərinə təlqin etdikləri davranış qaydalarına gətirib çıxaran narahatlıqları önləməkdə ənənələrin açıq təsiri vardır. Çünki ənənələrdə məsələ bir insanın digərlərinə ya da digərlərinin ona məqbul səbəblər göstərməsinə ehtiyac buraxmayacaq qədər sadə olaraq qəbul edilir. Xalq ənənələr yoluyla ya da filosof xarakterli şəxslər tərəfindən bu cür mövzularla əlaqədar olaraq öz duyğularının ağlauyğun səbəblərdən daha əhəmiyyətli olduğuna, hətta səbəblərin mənasız olduğuna inandırılmışdır. Xalqa insan davranışlarını tənzimləmə məsələsində bələdçilik edən praktik prinsip onunla eyni hissdə olanlar necə istəyirlərsə hər kəsdən o yolda hərəkət etmələrini istəmək lazım olduğuna dair mövcud olan duyğudur.
Həqiqətən, heç kim öz mühakimə ölçüsünün təkcə özünün bəyəndiyi bir şey olduğunu bildirmir. Halbuki, bir hərəkət tezisinə dair irəli sürülmüş bir düşüncə ağlabatan səbəblərlə də təsdiq edilməmişdirsə, bir adamın seçimi sayıla bilər. Məntiqli səbəb göstərildiyi zaman da əgər bu səbəblər başqa şəxslərin buna bənzər seçimlərindən ibarətdirsə, bu da bir adamın yerinə sadəcə bir çox adamın seçimi olar. Bununla birlikdə, adi bir insan üçün öz seçimi sadəcə mükəmməl bir şəkildə qaneedici bir səbəb deyil, eyni zamanda onun dini kitabında açıq bir şəkildə ifadə edilməmiş mövzularda öz əxlaq, zövq və ədəb anlayışının də tək dayağı olur. Hətta öz seçimi dini kitabın belə şərhində özünün başlıca rəhbəri olur. Buna görə insanların təriflənəcək və ya tənqid ediləcək şeylər haqqındakı düşüncələri başqalarının davranış forması haqqındakı seçimlərinə təsir edən müxtəlif faktorların hamısının təsirinə tabe olub, insanların digər hər hansı bir mövsudakı arzularını təyin edən faktorlar qədər çoxsaylıdır. Bu faktor bəzən onların məntiqi, bəzən də birbaşa hökmləri və ya batil inancları olur: çox vaxt ictimai meyilləri, bəzən də antisosial meyilləri, qısqanclıq və ya gözügötürməməzlikləri, təkəbbürləri və ya yuxarıdan aşağı baxmaları. Lakin daha çox rast gəlinən bəslədikləri arzular və ya qorxular ilə qanuni və ya qeyri-qanuni mənfəətləridir. Üstün sinfin olduğu hər yerdə ölkənin əxlaqi dəyərlərinin böyük bir qismi sinif mənfəətlərindən və sinif üstünlüyü duyğularından irəli gəlir. Spartalılar ilə helotlar, müstəmləkəçilərlə zəncilər, şahzadələrlə təbəələr, zadəganlarla avamlar və kişilərlə qadınlar arasındakı əxlaq böyük ölçüdə bu sinif mənfəət və duyğularının məhsuludur. Bunların öz aralarında doğan duyğular da yuxarı sinfin əxlaqi dəyərləri üzərində qurulur. Digər tərəfdən, harada əvvəlcə üstün olan bir sinif üstünlüyünü itiribsə, yaxud harada o üstünlüyün xalqın gözündə nüfuzu yox olubsa, oralarda hakim olan əxlaqi duyğular dəfələrlə üstünlüyə qarşı səbri tükənmiş bir xoşlan-mamanın damğasını daşıyır.3
Hər hansı bir hərəkəti edib-etməmək məsələlərində qanunlar ya da ictimaiyyətin fikriylə müəyyənləşmiş davranış qaydalarını təyin edən digər bir prinsip də insanların öz ruhani sahiblərinin və ya tanrılarının fərz edilən razılıqlarına ya da narazılıqlarına gözübağlı şəkildə qulluq etmələri olmuşdur. Öz-özlüyündə eqoist olmaqla birlikdə bu qulluq ikiüzlülük deyil. İnsanlara sehrbazları və azğınları yandırdacaq qədər ürəkdən gələn nifrət hisslərinə səbəb ola bilmişdir. Əxlaqi duyğuların istiqamətləndirilməsində bu qədər adi təsirlər arasında, şübhəsiz ki, cəmiyyətin ümumi və aşkar mənfəətlərinin də payı, hətta böyük bir payı olmuşdur. Ancaq bir qiymətləndirmə vasitəsi və sadəcə bu mənfəətləri qorumaq üçün olmaqdan çox, bunlardan doğan simpatiya və antipatiyaların nəticəsi kimi özünü göstərir. Necə ki, cəmiyyətin mənfəətləri ilə az əlaqəli olan və ya heç əlaqəsi olmayan bəzi simpatiya və ya antipatiyalar əxlaq qaydalarının yaradılmasında özlərini az qala eyni dərəcədə və böyük bir güclə hiss etdirmişdir.
Cəmiyyətin ya da onun qüdrətli bir hissəsinin bəyəndiyi və ya bəyənmədiyi şeylər qanun ya da ictimai fikrin diktəsi altında, cəmiyyətin əsas hissəsi tərəfindən riayət olunmaqla qoyulan prinsipləri praktik həyatda təyin edən başlıca faktorlardır. Ümumiyyətlə, duyğu və düşüncədə cəmiyyətdən irəlidə olanlar təfərrüatlarda qarşı çıxmış olsalar da, əsasən bu vəziyyətə qarşı mübarizəyə girişməmişlər. Onlar cəmiyyətin bəyəndiyi və ya bəyənmədiyi şeylərin fərdlər üçün bir qanun olmasının lazım olub-olmadığını araşdırmaqdan çox, cəmiyyətin hansı şeyləri bəyənib-bəyənməməsinin lazım olduğunu araşdırmaqla məşğul olmuşlar. Bu cür insanlar ümumi axına uyğun gəlməyənlərlə birlikdə hərəkət edərək azadlığı müdafiədə işbirliyi etməkdən çox, şəxsən özlərinin hər kəsdən ayrıldıqları müəyyən mövzularda insanların duyğularını dəyişdirməklə məşğul olmağı üstün tutmuşlar. Xırda-para istisnalar nəzərə alınmasa, hər kəs tərəfindən yüksək bir prinsip kimi qəbul edilən və sabit bir şəkildə qorunan yeganə nümunə dini inanc məsələsidir. Bu nümunə əxlaqi duyğu deyilən şeydə yanılmağın mümkün ola biləcəyinin ən nəzərə çarpan nümunəsini meydana gətirməsi baxımından olduqca öyrədicidir. Çünki səmimi bir fanatikin gözündə
Dini azadlığın əldə edilməsinə görə dünyanın borclu olduğu böyük yazarlar ən çox vicdan azadlığının insanın ləğvedilməz haqqı olduğunu iddia etmişlər. İnsanın öz dini inancına görə başqalarına hesab verməyə məcbur olmasını mütləq surətdə rədd etmişlər. Bununla yanaşı, həqiqətən əhəmiyyət verdikləri hər hansı bir şeydə insan üçün dözümsüzlük o qədər təbiidir ki, öz səssizliyinin teoloji döyüşlərlə pozulmasından xoşlanmayan dini laqeydliyin ağırlığını hiss etdirdiyi yerlər istisna olmaqla dini azadlıq az qala heç bir yerdə həqiqətən təsdiqlənməmişdir. Demək olar ki, bütün dindar insanların zehinlərində, hətta ən tolerant ölkələrdə belə, tolerantlıq qəti olaraq ancaq bir sıra çəkingənliklərlə qəbul edilir. Bəziləri kilsə hökuməti məsələsində fərqli düşünməyə dözür, lakin doqma məsələsinə dözümsüzlük göstərir; bəziləri katoliklərlə unitarlar xaricində hər kəsə qarşı dözümlü davrana bilər; bəziləri vəhyə əsaslanan dinə inanan hər fərdə dözümlü davrana bilər; bəziləri də bir az artıq lütfkar ola bilər, lakin bunu Tanrı və axirət inancında dayandıra bilər. Qısa desək, əksəriyyətin duyğusunun qarışıqsız və sıx şəkildə olduğu hər yerdə onun itaət edilmək iddiasından çox az imtina etdiyi görünür.
Siyasi tariximizin xüsusi hal və şəraitinə görə İngiltərədə ictimai fikrin boyunduruğu ehtimalla daha ağırdırsa da, qanunun boyunduruğu Avropanın digər ölkələrinin çoxunda olduğundan daha yüngüldür. Qanunverici və ya icraedici orqan tərəfindən fərdin davranışlarına birbaşa müdaxilə edilməsinə qarşı böyük bir həssaslıq vardır. Bunun belə olması fərdin müstəqilliyinə qarşı göstərilən hörmətdən daha çox hələ də mövcud olan bir vərdişdən, yəni hökumətə cəmiyyətin mənfəətinə zidd bir mənfəəti təmsil edən gözüylə baxma vərdişindən irəli gəlir. Əksəriyyət hökumətin iqtidarını öz iqtidarı, fikirlərini öz fikirləri olaraq hiss etməyi hələ öyrənə bilməyib. Bunu öyrəndiyi gün fərdi azadlıq ehtimal ki, hökumətin istilasına bugünkü ictimaiyyətin istilasından daha çox məruz qalacaq. Lakin yenə də fərdlərin qanun tərəfindən nəzarət edilməsinə öyrəşmədikləri məsələlərdə qanunun hər hansı bir nəzarət etmə cəhdinə qarşı hərəkətə keçməyə hazır olan yığılıb qalmış hisslər yığını vardır. Həm də məsələnin qanuni nəzarətin qanun sahəsinə girib-girmədiyinə çox da baxılmır. O qədər ki, bütövlüklə son dərəcə möhkəm olan bu hiss xüsusi hallarda tətbiq edilməyə başlayarkən ehtimal ki, çox vaxt yerində istifadə edilmiş olmur. Təcrübədə hökumət müdaxilələrinin uyğun olub-olmadığını hər vaxt məqsədəuyğun şəkildə ölçmək üçün qəbul edilmiş bir qanun yoxdur. Hər kəs bu məsələdə öz fərdi seçimlərinə görə qərar verir. Bəziləri ediləcək hər hansı bir yaxşılıq və ya çarəsi tapılacaq bir pisliklə qarşılaşdıqları zaman hökumətin işi öz üzərinə götürməsini böyük həvəslə təşviq etmək istəyirlər. Digərləri isə bəşəri mənfəətlərinin hökumət nəzarəti altına salınan qisminə yenisini əlavə etməkdənsə, hər cür sosial mənfiliyə dözməyi üstün tuturlar. İnsanlar hər hansı bir məsələdə öz hisslərinin bu ümumi istiqamətinə görə tərəflərdən birinin cərgəsində yerlərini tuturlar. Öz hisslərinin ümumi istiqamətindən əlavə, insanlar hökumətin etməsi təklif olunan müəyyən şeylərə olan maraqlarının dərəcəsinə görə, yaxud hökumətin onu özlərinin bəyəndikləri tərzdə edəcəyi və ya etməyəcəyi barəsində bəslədikləri inama görə tərəf saxlayırlar. İnsanların «bir hökumət tərəfindən görülməsi uyğun olan işlər nələrdir» barəsində olan yeknəsəq düşüncələrinə görə bir mövzunun lehinə və ya əleyhinə münasibət bildirdikləri çox nadir hallarda rast gəlinir. Mənə elə gəlir ki, bu qayda ya da prinsip yoxluğunun bir nəticəsi olaraq hələ də tərəflərdən biri digəri qədər tez-tez yanıla bilir. Hökumət müdaxiləsi, az qala bərabər bir şəkildə bəzən yerində olmadan edilir, bəzən də yerində olmayaraq mühakimə edilir.