реклама
Бургер менюБургер меню

Джон Эрнст Стейнбек – Mirvari (страница 4)

18

Amma Xuana baxışlarını Kinodan çəkmirdi. Daha gözləyə bilmədi. Əlini Koyotitonun şalla örtülmüş başına qoydu. Güclə eşidiləcək səslə:

– Aç, – dedi.

Kino cəld hərəkətlə bıçağı balıqqulağının layları arasına soxdu. Molyuskun əzələlərinin necə gərildiyini hiss etdi. Bıçağın sapını dəstək kimi aşağı dartdı; hər iki qatı birləşdirən əzələ partladı və yuxarı lay qopub düşdü. Dodağa bənzəyən molyusk büzüşdü və yumşaldı. Kino dəri qırışını qaldırdı – parlaqlıqda ayın özündən belə geri qalmayan mirvari orada idi. O, işığı özündə toplayır, sanki təmizləyir və gümüşü şüalar şəklində geri verirdi. Təxminən dəniz qağayısının yumurtası boyda olardı. Bu, dünyanın ən böyük mirvarisiydi.

Xuananın nəfəsi kəsildi, az qaldı ki, inildəsin. Kinonun qulaqlarında təmiz, gözəl, şirin, zəfərlə dolu Mirvari nəğməsi səslənirdi. Bu böyük mirvarinin içində onun arzuları, xəyalları yatırdı. O, mirvarini ölən molyuskdan aralayıb ovcuna qoydu və ovcunun içində diyirləməyə başladı. Gördü ki, onun forması da mükəmməldir. Xuana gözlərini Kinonun əlindəki mirvaridən çəkmədən ona tərəf gəldi. Bu həmin əl idi ki, həkimin evinə məxsus hasarın doqqazını sındırmışdı və sümüklərinin çapılmış dərisi duzlu dəniz suyundan boz rəngə çalırdı.

Xuana qeyri-şüuri olaraq atasının adyalında yatan Koyotitoya tərəf əyildi. Yosunlardan hazırlanan təpitməni çıxarıb oğlunun çiyninə baxdı. Qulaqbatırıcı səslə:

– Kino! – deyə qışqırdı.

Kino gözlərini mirvaridən çəkib gördü ki, uşağın şişi çəkilir, bədəni zəhərə üstün gəlməyə başlayır. Mirvarini əlində sıxdı və özünü saxlaya bilməyərək başını dala atıb qalibanə səslə uzun-uzadı bağırdı. Gözləri bərəlmiş, boğazına güc vermiş, bədəni qıc olmuşdu.

O biri qayıqlardakı adamlar qorxu içində onlara baxdılar, dərhal da avar çəkə-çəkə bir-birinin ardınca Xuana və Kinonun qayığına tərəf yönəldilər.

III fəsil

Hər şəhər bir canlı orqanizmə bənzəyir. Hər orqanizmin öz əsəb sistemi, başı, çiyinləri, ayaqları var. Şəhərlərin hamısı bir-birindən fərqlənir, iki eyni şəhər yoxdur. Bu şəhərlər hiss-həyəcanla doludur. Hər hansı xəbərin şəhərə yayılması isə həlli çətin olan tapmacadır. Xəbərlər hətta oğlan uşaqlarının qaçıb onları aləmə car çəkməsindən, qadınların hasarlardan bir-birinə ötürməsindən də tez yayılır.

Hələ Kino və Xuana başqa mirvari ovçularıyla qamış daxmalara çatmamış alınan heyrətamiz xəbərdən şəhərin əsəbləri gərilmiş və titrəməyə başlamışdı: Kino dünyanın ən böyük mirvarisini tutub. Uşaqlar güclə nəfəslərini dərib xəbəri çatdırmağa macal tapmamış analar hər şeydən xəbərdar olmuşdular. Heyrətamiz xəbər qamışlı daxmaları ötüb coşqun dalğa kimi daşlı-kərpicli evləri olan şəhərə çatmışdı. Öz bağında gəzməyə çıxan keşiş bunu eşidən kimi fikrə getdi və kilsənin təmirə ehtiyacı olduğu yadına düşdü. Fikirləşdi ki, belə bir mirvarinin dəyəri nə qədər ola bilər və yadına salmağa çalışdı ki, balaca Kinonu xaç suyuna salıbmı, Kino ilə arvadının kəbinini kəsibmi? Xəbər dükan sahiblərinin də qulağına çatanda onlar rəflərdə qalmış kişi paltarlarını gözdən keçirdilər.

Həkim xəbəri eşidəndə xəstəlikdən yox, qocalıqdan əziyyət çəkən bir qadını qəbul etməkdəydi, hərçənd bunu nə onun özü, də həkim etiraf etmək istəyirdi. Kinonun kim olduğu məlum olan kimi həkim ciddi, lakin ağıllı görkəm aldı.

– Bu uşaq mənim xəstəmdir, – dedi. – Mən onu əqrəb sancmasından müalicə edirəm.

Və piylənmiş gözlərini axıdıb Parisi yadına saldı. Parisdə kirayələdiyi otaq ona dəbdəbəli, girdəsifət məşuqəsi gözəl, xeyirxah qız kimi göründü, lakin bu keyfiyyətlərin heç biri o qadında yox idi. Həkim baxışlarını yaşlı xəstəsindən kənara, boşluğa zillədi və özünü Paris restoranında gördü: ofisiant onun üçün araq butulkası açırdı.

Xəbər ən birinci kilsə səkisindəki dilənçilərin qulağına çatmışdı, bunu eşidib məmnuniyyətlə hırıldamışdılar. Çünki bilirdilər ki, gözlənilmədən xoşbəxtliyə qovuşmuş yoxsuldan səxavətli sədəqə verən yoxdur.

Bəli, Kino dünyanın ən böyük mirvarisini tapmışdı. Şəhərin kiçik kontorlarında mirvari alan agentlər oturmuşdu. Hər biri öz kontorunda əyləşib mirvari gətirənləri gözləyirdi, satıcılar gəlib çıxanda isə dil boğaza qoymadan ticarət etməyə, qışqırmağa və hədələməyə başlayırdılar. Bu o vaxtacan davam edirdi ki, mirvari ovçusu bundan aşağı qiymətə razılaşmırdı. Aşağı qiymətin də öz həddi vardı, mirvari alanlar bu həddi keçməyə cürət eləmirdilər, çünki elə hallar da olurdu ki, ümidsizliyə qapılmış insan çıxıb gedir və öz mirvarilərini kilsəyə verirdi. Sövdələşmə baş tutanda isə mirvari alanlar kontorda tək qalır, mirvariləri əsəbi şəkildə barmaqları arasında oynadır, bu qiymətli əşyaların onlara məxsus olmadığına təəssüf edirdilər. Çünki mirvari alan əslində yalnız bir nəfər idi: o, rəqabət görüntüsü yaratmaq üçün öz agentlərini müxtəlif kontorlarda oturtmuşdu. Heyrətamiz xəbər alıcı kontoruna çatan kimi mirvari alıcılarının gözləri axdı, barmaqlarının ucu sızıldadı, hər biri düşündü ki, sahibləri əbədi yaşaya bilməz, əvvəl-axır kimsə onun yerini tutmalıdır. Fikirləşirdilər ki, o, müəyyən qədər kapital əldə edən kimi öz yeni işinə başlayacaq.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.