18+
реклама
18+
Бургер менюБургер меню

Джеймс Фенимор Купер – Sonuncu mogikan (страница 2)

18

Bu an bir gəncin səsi eşidildi:

‒ Unkas burdadır.

Ağ ovçu qeyri-ixtiyari əlini tüfənginə atdı. Çinqaçkuk isə təəccübləndiyini hiss etdirmədi. O, üzünü oğluna çevirdi:

‒ Meşədə nə gördün?

‒ Makuaslar öz mokasinlərinin6 izlərini bu meşələrdə buraxmağa cürət etmişlər. Mən onların ləpirləri ilə gəlirdim. Onların sayı mənim iki əlimin barmaq sayı qədərdir. Onlar qorxaqdır və kolların dalında gizlənirlər.

Böyük hindu batmaqda olan günəşə baxaraq:

‒ Biz onları meşədən qovub çıxararıq, ‒ dedi.

Şahingöz dedi:

‒ Razıyam, amma indi qarnımızı bərkitmək üçün bir şey tapmalıyıq. Budur! Heyvan öz ayağı ilə gəlib çıxmışdır! Bir bax, mən hələ bu yekəlikdə maral görməmişəm.

Şahingöz nişan aldı, lakin yaşlı hindu atəş açmağa qoymadı.

‒ Dayan, səs salmaq olmaz. Makuasların diqqətini cəlb etmək hələ tezdir!

Ağ ovçu razılaşaraq tüfəngini aşağı saldı:

‒ Onda, Unkas, bu maralı oxla öldürmək sənin boynunda qalır.

Çinqaçkuk ovçunun təklifini bəyəndi və oğluna baxıb əlini mənalı bir tərzdə marala uzatdı. Unkas oxunu çıxarıb kirişə qoydu və başını əyib maralı nişan aldı. Kamanın kirişi vıyıldadı. Yaralanmış maral sıçrayıb kolluqdan çıxdı. Gənc oğlan marala sarı hoppanıb cəld bıçağını onun boğazına soxdu.

Şahingöz səssizcə gülərək:

‒ Bax hinduların bu zirəkliyinə varam! ‒ dedi.

Sonra bir qədər dinşəyib əlavə etdi:

‒ And olsun Tanrıya, deyəsən, buraya bir sürü maral gəlir. Çinqaçkuk, sən də eşidirsən?

Hindu aşağı əyilib qulaqlarını yerə toxundurdu.

‒ Yox, ağların atları yaxınlaşmaqdadır, ‒ deyə Çinqaçkuk qalxıb qəddini düzəltdi. ‒ Şahingöz, onlar sizin adamlardır. Onlarla sən danış.

Ağ ovçu:

‒ Yaxşı, mən onlara ingilis dilində elə bir nitqlə müraciət edərəm ki, ingilis kralının özü də cavab verməyə məcbur olsun… Aha! Sınan budaqların çatırtısını eşidirəm. Düzdür, ayaq səsləri gəlir!

IV fəsil

O, sözünü qurtaran kimi kiçik dəstədən birinci atlı göründü. Şahingöz bir neçə addım irəli gedib onları qarşıladı:

‒ Siz kimsiniz?

Onun əli tüfənginin tətiyində idi, lakin tüfəngini elə tutmuşdu ki, gələnləri qorxutmasın.

‒ Biz qanun və kral dostlarıyıq, ‒ deyə qabaqda gələn atlı cavab verdi. ‒ Bilmirsiniz, Uilyam-Henri fortu buradan çoxmu uzaqdır?

‒ Oho! ‒ deyə ovçu təəccübləndi və qəhqəhə çəkib güldü. ‒ Uilyam-Henri!.. İlahi!.. Əgər, doğrudan da, kralın dostlarısınızsa, onda yaxşısı budur, Eduard fortuna gedin və sizə nə lazımdırsa, Vebbə deyin.

Mayor Heyvord səfər yoldaşlarından aralanıb Şahingözə yaxın gəldi.

‒ Eduard fortundan bu səhər çıxmışıq. Biz bələdçi hinduya bel bağlamışdıq, vəd etmişdi ki, bizi meşədən qısa yolla keçirsin, amma görünür, yolu azmışdır.

Ağ ovçu təəccübləndi:

‒ Hindu meşədə azıb? Qəribədir, çox qəribədir ki, hindu Qorikan gölü ilə çay arasında azmışdır. Sizin bu hindu makuas qəbiləsindən deyil?

‒ Yanılmıramsa, bizim hindu quronlar qəbiləsindəndir.

‒ Quron? ‒ deyə Şahingöz soruşdu. ‒ Quronların hamısı xain, oğru tayfadır.

‒ O, indi bizim ordumuza xidmət edir, bizim dostumuz olmuşdur.

‒ Mən isə sizə deyirəm: bir kəs ki anadan quron doğulub, ölən günədək quronluğunda qalacaq.

Heyvord səbirsizliklə:

‒ Gəlin bu barədə daha danışmayaq! Hərgah siz Uilyam-Henri fortunun hansı tərəfdə olduğunu bizə desəniz, mükafat alarsınız. Əgər bizi ora aparsanız, zəhmətiniz daha yüksək qiymətləndirilər.

‒ Mən ingilis ordusunun kəşfiyyatçısıyam. Ancaq sizi öz istehkamlarımıza apara bilmərəm. Nə bilim, bəlkə, siz düşmənsiniz? Monkalmın casuslarısınız?

‒ Hərgah siz kəşfiyyatçısınızsa, onda, yəqin ki, altmışıncı kral alayını tanıyırsınız?

‒ Altmışıncı? Əlbəttə.

‒ Deməli, siz həmin alayın mayorunun adını bilirsiniz?

‒ Mən mayor Effingemi çox gözəl tanıyıram.

‒ Effingem alaydakı mayorların böyüyüdür. Mən Uilyam-Henri qarnizonundan olan mayoru deyirəm.

‒ Hə, eşitmişəm. Bu vəzifəyə cənub əyalətlərindən bir gənc zabiti – dövlətli centlmeni təyin etmişlər. Deyirlər ki, bu adam öz işini biləndir və çox igid oğlandır.

‒ Onun haqqında nə deyirlər, qoy desinlər. İndi həmin adam sizin qarşınızda durmuşdur.

Şahingöz təəccüblə Heyvorda baxdı və:

‒ Eşitmişəm, bu səhər fortdan kiçik bir dəstə çıxıb gölə doğru yola düşmüşdür.

‒ Sizə doğru demişlər. Amma mən ən yaxın yolu seçdim və hindunun təcrübəsinə bel bağladım.

‒ Mən həmin hinduya baxmaq istərdim! Hərgah o, əsl qurondursa, mən onu hiyləgər baxışından və üzünün boyasından tanıyaram.

Şahingöz dəstənin arxa tərəfinə hərləndi. Bələdçiyə nəzər saldı, sonra xanımların yanında ayaq saxladı, onlara təzim etdi. Bayaqkı yerinə qayıdıb yavaşdan dedi:

‒ Mən qaş qaralandan sonra sizin bələdçi ilə bir mil belə yol getməzdim. Bu cəngəllikdə ingilislərin düşməni olan makuaslar gizlənir. Sizin quron isə onlarla çox gözəl dil tapır.

Heyvord irəli əyilib yavaşdan:

‒ Etiraf edim ki, bir qədər əvvəl məndə də onun sadiqliyinə şübhə yaranmışdı. Lakin özümü o yerə qoymadım.

Heyvord atını saymazyana dəstənin arxasına sürdü. Dostcasına sözə başladı:

‒ Maqua, gecə düşür, amma Uilyam-Henri fortuna hələ çox var. Sən yolu azmısan. Xoşbəxtlikdən biz bax o ovçuya rast gəldik. O bizi səhər açılanadək sağ-salamat ora aparacaqdır.

Hindu parıldayan gözlərini Heyvorda zilləmişdi:

‒ İndi ki belə oldu, Bic Tülkü çıxıb gedir, ‒ deyə o cavab verdi. – Qoy ağbəniz adama öz qəbiləsindən olanlar bələdçilik etsin.

‒ Sən Bic Tülkü kimə deyirsən, Maqua?

‒ Bu adı Maquaya onun qəbiləsi vermişdir, ‒ deyə bələdçi cavab verdi. Üzündən aydın görünürdü ki, özünün bu ləqəbi ilə fəxr edir.

‒ Uilyam-Henri fortunun rəisi öz qızlarını Bic Tülküdən soruşsa, onda Tülkü bu qocaya nə cavab verər?

‒ Meşənin dərinliyində Bic Tülkü onun çığır-bağırını eşitməz.

Heyvord onun ürəyini ələ almağa çalışdı:

‒ Bəsdir, Maqua, bəsdir. Gəl höcətləşməyək. Qızlar dincələndən sonra yolumuza davam edərik.

Hindu bir qədər donquldandıqdan sonra “Yaxşı” dedi və ehtiyatla yerə oturdu. Heybəsini açıb azuqəsini çıxardı.