Джеймс Фенимор Купер – Ləpirçi (страница 2)
– Boynuma alıram ki, bu ocaq mənim bütün dənizçilik biliklərimi alt-üst etdi. Arouhed sizin ocaqdan qalxan tüstünü görən kimi dedi ki, bu ocağı ağüzlü adam qalamışdır, – Kap dedi.
Ləpirçi xısın-xısın gülərək cavab verdi:
– Arouhedin belə gözləri olmasaydı, o, pis hindu olardı. İndi müharibə gedir, ona görə də hər bir hindu öz hisslərini itiləməmiş səfərə çıxmaz.
– Kral donanmasında az xidmət etmişəm, bu, doğrudur. Amma düşmən gəmilərinə basqın edib onları bütün var-yoxu ilə birlikdə ələ keçirməyə gəldikdə isə bu işdə çox mahirəm. Ancaq ümidvaram ki, fransızların müttəfiqləri olan vəhşilərə gölün bu tayında rast gəlməyəcəyik. Ontario çox böyükdür, eləmi? – Kap soruşdu.
– Doğrudur, Ontario bizə böyük görünür. Lakin gölün o tayından bu tayına düşmən üzə-üzə keçməyə cürət etməyəndə asanlıqla onun yanından dolanıb keçə bilir, – deyə Ləpirçi təbəssümlə cavab verdi.
– Hə-ə! Sizin bu lənətə gəlmiş şirin sulu gölməçələriniz belə imiş? Hələ heç kəs eşitməyib ki, Atlantik okeanının yanından ötüb-keçmək mümkün olsun.
– Bəlkə, okeanın sonu yoxdur?
– Okeanın nə sonu var, nə kənarı, nə də dibi. Onun sahilindəki ölkələrdə adamlar gecələr rahat yatır. Bilirlər ki, heç kəs okeanın o tayından üzüb bu tayına gələ bilməz.
– Amma bu sərhəd çox qorxuludur. İndi Ontarionun həm bu, həm o tayında irokezlər7 çoxdur. Bax buna görə də serjant xahiş etdi ki, sizi qarşılayaq və ötürək.
– Necə? Olmaya onlar əlahəzrətin qalasının topları qurulan yerə yaxınlaşmağa cürət edirlər?
– Ovçu yaxında olsa da, qarğalar maral cəmdəyinin yanına toplaşmırmı? İrokezlərin buralara gəlib çıxması da təəccüblü deyil. Serjant öz qızından, onu necə sevdiyindən Casperə ağlaya-ağlaya danışdı. Ona görə də Casper minqlərin üstünə əliyalın cummağa hazır idi. Odur ki bizə qoşulmaya bilməzdi!
Kap ona razılıq etdi. Ləpirçi Casperin həyatının oraların itiaxan, təhlükəli pusqular qurulmuş çaylarında çoxlu təhlükələrdən keçdiyini dedi və əlavə etdi:
– Amma siz bizə bel bağlayın, biz sizi sağ-salamat apararıq, ya da hindular skalplarımızı8 soyub aparar.
Kap bu sözləri Ləpirçidən eşidəndə əlini ixtiyarsız olaraq daz başına çəkdi. Sanki başının dərisinin soyulmadığını yoxlamaq istəyirdi. Kap qorxaq adam deyildi. Lakin ölümü Ləpirçinin təsvir etdiyi şəkildə görməmişdi.
– Cənab Ləpirçi, ümid edirəm körpüyə sağ-salamat yan alarıq. Qalaya çatmağa hələ çox var? – o soruşdu.
– On beş mildən9 bir az çox. Minqlər mane olmasalar, tez keçib-gedərik. Çayın axarı ilə qayıqda gedəcəksiniz.
– Biz çayda üzəndə minqlərin bizi atəşə tutmasına nə mane ola bilər?
– Mister Kap, Böyük İlanın başına baxın. Sol qulağının yanında bıçaq çapığını görürsünüzmü? Bir dəfə minqlərdən biri onu yerə yıxıb skalpını soymaq istəyəndə özümü ona yetirdim. Uzun tüfəngimdən atılan güllə onu xilas etdi. Bir an geciksəydim, onun işi bitərdi.
– Bəsdir, bəsdir, Ləpirçi! Bu barədə danışmaqdansa, təpədən-dırnağa soyulmaq yaxşıdır. Axşama az qalır. Maqni, yola çıxmağa hazırsanmı?
Maqni getmək üçün hazırlaşmağa başladı. Bir qucaq şax gətirən Ləpirçi onu ocağa atdı və gənc matrosa dedi ki, tüstü zərər yerinə xeyir verər. Qoy minqlər uzaqdan bu tüstünü görüb bura yaxınlaşsınlar.
– Biz çaya qədər enli bir cığır salarıq. Minqlər ardımızca çaya ensələr, bizim qayığın çayyuxarı, yoxsa çayaşağı getdiyini bilməyəcəklər. Elə biləcəklər ki, qaladan bir neçə adam bura gəlibmiş.
– Əlbəttə, çətin ağlım kəsir ki, minqlər serjantın qızından xəbər tutmuş olsunlar. Çünki onun gəlişi çox gizlin saxlanmışdı, – deyə Casper Ləpirçi ilə razılaşdı.
Üçüncü fəsil
Ontarionun cənubuna tökülən çaylar lal axır və dərin olur. Çayların bəzi yerlərində aşırımlar var. Osveqo çayı da belədir. Kap və onun yol yoldaşları Mohauk çayı sahilindəki Stanuiks qalasından buraya qayıqla üzüb gəlmişdilər. Qayığı sahildə qoymuşdular.
Dəstə sahilə enəndə Ləpirçidən başqa hamı qayığa mindi. O, qayığı itələyib suya salmaq üçün sahildə qaldı.
– Casper, sükanı döndər! O lənətə gəlmiş minqlər izi tutub buraya gəlsələr, sahildə bizim izləri görüb elə biləcəklər yuxarı üzüb getmişik!
Əmr yerinə yetirildi. Sonra Ləpirçi cəld sıçrayıb qayığın burun tərəfinə mindi. Casper çayın ortasında qayığı döndərdi və səssizcə çayaşağı üzdülər.
Hinduların istifadə etdiyi bu qayıqlar yüngül görünsə də, çoxlu yük götürür və ağırlığa tab gətirirdi. Meybl və dayısı yerlərində sakitcə əyləşmişdilər. Böyük İlan onun yanında çöməlmişdi. Arouhed öz arvadı ilə ön tərəfdə oturmuşdu.
Bu hadisələr 175… ildə baş vermişdi. Bu zamanlar Nyu-York koloniyası ilə Kanada sərhədi arasında əlaqə saxlamaq- dan ötrü Şamplen və Corc göllərindən, bir də Mohauk, Vudkrik və Oneida çaylarından istifadə olunurdu. Bu yollar boyunca hərbi postlar yaradılmışdı. Mohaukun mənbəyindəki sonuncu qaladan Osveqo çayının töküldüyü yerədək yüz mil məsafədə belə postlar yox idi. Kap və Meybl bu məsafəni Arouhedin müşayiəti ilə keçib gəlmişdilər.
Ləpirçi deyirdi:
– Bəzən arzu edirəm ki, yenə dinclik olsun, insanlar bu meşələrdə sərbəst gəzə bilsinlər. Nə yaxşı vaxtlar idi! Böyük İlanla bu yerlərdə ov edər, xoş günlər keçirərdik.
Birdən onların qulaqlarına uğultu səsi gəldi. Ləpirçi Kapın diqqət kəsildiyini görüb dedi:
– Bu səs buradan yarım mil uzaqda çayın qayalardan aşıb keçməsindən əmələ gəlir.
– Deməli, bu çayda şəlalə var, eləmi? – deyə Meybl soruşdu. Uğultu səsi qızı qorxutmuşdu.
– Olmaya siz, doğrudan da, bu qoz qabığı ilə şəlaləni keçmək fikrindəsiniz? – Kap təəccüblə soruşdu.
– Sizə niyə qəribə gəlir? Yolumuz şəlalədən keçir, – Ləpirçi dönüb Casperə göz vurdu. – Amma biz sizin köməyinizə bel bağlayırdıq, dənizçi dostum. Siz ki dənizlərə alışmışsınız.
Kap çətinə düşmüşdü. Qayığı şəlalədən keçirmək üçün sərnişinlərdən dördü sahilə düşməli idi. Kap yoldaşlarının əsla qorxmadıqlarını gördü və qayığı tərk etməyə mənliyi yol vermədi.
– Bəs Maqnini nə edək? – deyə soruşdu. – Birdən hindular yaxınlıqda olsalar?
Ləpirçi izah etdi ki, sahil açıqlıqdır, hindular belə yerdə olmurlar. Onlar qalın meşələrdə hiylə işlədib qəfildən hücum etməyi xoşlayırlar. Bu vaxt Casper lazımi yerə çatdıqlarını görüb qayığı sahilə yaxınlaşdırdı. İki hindu, İyun Şehi və Meybl sahilə düşdülər. Qayıqda Ləpirçi ilə iki dənizçi qaldı. Sahildəkilər bu üç adamın qayığı şəlalədən necə məharətlə keçirdiklərinə maraqla baxırdılar.
Qayıq şəlalədən ustalıqla keçirilib axmaza çıxdıqda Kap keyiyib qalmışdı. Ləpirçinin səsi eşidildi:
– Qayığa on dörd qaşıq su dolmuşdur, Şirin Su!
– Mister Kap özünü çayın axarına qarşı elə qüvvətlə əyirdi ki, qayığı çətinliklə idarə edə bilirdim.
– Bunu mən də gördüm. Çünki sən əvvəllər qayığa ən çox onca qaşıq su doldururdun…
Bu vaxt Kap bərkdən öskürdü, dönüb geriyə baxdı. Onun qorxuya düşməsi əbəs deyilmiş. Çayın, demək olar, bütün eni ilə su on – iyirmi fut10 yüksəklikdən tökülürdü. Qayıq bu təhlükəli enişdən, qayaların arasından suyun ovduğu yerlərdən sivişib keçmişdi. Qayığı sürənlərin ağlagəlməz cürətinə heyran qalsa da, Kap özünü o yerə qoymur, bunu adi bir iş hesab etdiyini deyirdi. Onlar Casperin öz qayığını kolların arasında gizlətdiyi yerə gəlib çatdılar. Kap, Casper və Meybl üçü bir qayığa, Ləpirçi, Arouhed və onun arvadı o biri qayığa mindilər. Mogikan isə çayın kənarı ilə gedir, əsl hindu kimi çox ehtiyatla ətrafa göz gəzdirir, bu yerlərdə düşməndən bir əlamət olub-olmadığına fikir verirdi.
Meybl gənc matrosun qayığı məharətlə idarə etməsinə valeh olmuşdu. Onlar Stanuiks qalasından çıxandan bəri o, ilk dəfə məhz bu kiçik qayıqda əmin-amanlıq tapmışdı.
O biri qayıq Meyblin mindiyi qayıqla yanaşı gedirdi. Yol uzunu yalnız Ləpirçi arabir söhbət edirdi. Casper az danışırdı. Ləpirçi üzünü Kapa tutub deyirdi:
– Serjantın qızını şəlalədən keçirmək fikrində deyildik. Lakin bunu qorxusuz bir şey hesab edən qadınlara bu diyarda çox rast gəlmişəm, – deyə Ləpirçi gülümsəyib Meyblə baxdı. – Xanım qız, bizim qayıq cıdırı haqqında öz fikrinizi demədiniz.
– Təhlükəli idi, özlüyündə misilsiz bir qoçaqlıq idi. Arzu edərdim ki, belə fədakarlığa bir daha qol qoymayasınız. Bunu edənlərin hünərinə heyran qaldığımı söyləyə bilərəm, – Meybl dilləndi.
– Bu təhlükəli keçid ancaq xeyrimizədir. Əgər qayığı çiynimizə alıb aparsaydıq, vaxt itirərdik. Minqlərdən yaxa qurtarmaq lazım gəlir…
– Amma indi qorxumuz yoxdur. Qayıq sürətlə gedir. Özünüz deyirdiniz ki, iki saatdan sonra qalada olacağıq.
– İrokezin cürəti çatmaz ki, başınızın bircə tükünə belə toxunsun. Serjanta söz vermişik ki, sizi hər cür təhlükədən qoruyacağıq… Casper, o nədir? Çayın döngəsində, kolluğun dibində?..
– Böyük İlandır, Ləpirçi! İşarə ilə bizə nə isə demək istəyir, amma mən onu başa düşə bilmirəm.
– Doğrudan da, İlandır. İstəyir ki, biz sahilə yan alaq. Görünür, bir əngəl var. İlan kimi ağıllı adam boş yerə hay-küy qaldırmaz…
Dördüncü fəsil
Onlar mogikana yaxınlaşdıqda hindu işarə etdi ki, qayıqları saxlasınlar. Hindu Ləpirçi ilə delavar dilində danışıb məsləhətləşməyə başladı.
– Minqlər meşədədir, – mogikan məlumat verdi.
– Başçının sübutu varmı?
Mogikan daşdan düzəldilmiş tənbəki çubuğunu göstərib onu qarnizona gedən cığırda hələ yanarkən tapdığını dedi. O vaxtlar sərhəd istehkamlarını “qarnizon” adlandırırdılar.
– Yaman yerdə axşamladıq, başçı… Cığır hanı?