18+
реклама
18+
Бургер менюБургер меню

Джанни Родари – Çippolinonun macəraları (страница 2)

18

Beləcə, illər keçib-getmişdi.

Günlərin bir günü Kudu lələ gördü ki, artıq işləməyə taqəti qalmayıb. O, çox qocalmışdı. Yenə pinəçi Üzümü yanına çağırıb demişdi:

– Zəhmət olmasa, kərpiclərimi bir də say.

Pinəçi bu dəfə də uzun-uzadı haqq-hesab aparandan sonra dillənmişdi:

– Kudu lələ, sənin cəmi yüz on səkkiz dənə kərpicin var!

– Ev tikməyə çatar?

– Məncə, yox.

– Bəs nə edim?

– Toyuq hini tik.

– Axı mənim toyuğum yoxdur.

– Sən də hində pişik saxlayarsan.

– Mənim heç pişiyim də yoxdur.

– Mən nə eləyə bilərəm axı?! – pinəçi özündən çıxmışdı. – Yüz dəfə hesablasam da, kərpiclərin sayı artmayacaq.

– Hə, yəqin, elədir. Axı sən hesabı yaxşı bilirsən.

Kudu lələ bir-iki dəfə dərindən ah çəkəndən sonra bu qərara gəlmişdi ki, özünə lap balaca bir koma tiksin.

– Saray boyda ev nəyimə lazımdır?! Axı mən özüm də çox böyük deyiləm.

Kudu lələ asta işləyirdi, kərpiclərin tez qurtaracağından qorxurdu. Onları bir-birinin üstünə elə ehtiyatla qoyurdu ki, deyərdin, kərpiclər şüşədən düzəldilib. Hər kərpici necə əziyyətlə aldığını unutmamışdı…

– Bax bunu, – əlindəki kərpici pişik kimi sığallayaraq deyirdi, – on il bundan qabaq, Milad bayramından bir gün sonra almışdım. Bayram süfrəsi üçün toyuğun pulundan qənaət eləmişdim. Əsas odur, evi tikib qurtarım, toyuq ətini sonra yesəm də olar.

Kudu lələ nə qədər asta işləsə də, tezliklə kərpiclər qurtarmışdı. Ev isə elə balaca alınmışdı ki, lap quş damına oxşayırdı.

– Kaş göyərçin olaydım, – zavallı Kudu lələ ah çəkib demişdi, – onda bu evdə rahatca yaşayardım…

Kudu lələ içəri girmək istəyəndə dizləri tavana elə möhkəm dəymişdi ki, az qalmışdı, ev başına uçsun.

– Necə də yöndəmsizəm! Bir az ehtiyatlı olmalıyam.

O, qapının ağzında dizləri üstə çöküb bu dəfə evə iməkləyərək girmişdi. Lakin indi də ayaqları çöldə qalmışdı. Kudu lələ birtəhər ayaqlarını qarnına çəkib oturmuşdu. O başa düşmüşdü ki, bu evdə yalnız oturaraq yaşaya bilər.

– Qonşu, təzə evində özünü necə hiss eləyirsən? – pinəçi Üzüm küçədən ona səslənmişdi.

– Pis deyil… – Kudu lələ mızıldanmışdı.

– Darısqaldır?

– Yox, yox. Bu evi öz ölçümə uyğun tikmişəm.

Pinəçi həmişəki kimi bizlə boynunun ardını qaşıyandan sonra çiyinlərini çəkmişdi.

Hamı Kudu lələnin təzə evinə baxmağa yığışmışdı. Elə bu vaxt dəcəl uşaqlardan biri evin damına çıxıb oxumağa başlamışdı:

Bizim Kudu lələnin Mətbəxdədir sağ qolu. Bəs sol qolu haradadır? Baxın, çarpayıdadır! Ayaqları dəhlizdə, Burnu da bayırdadır!

– Yavaş olun, uşaqlar! – Kudu lələ içəridən qışqırmışdı. – Evi başıma uçuracaqsınız! Axı kərpiclər hələ tam qurumayıb.

Sonra o, cibindən tapdığı rəngli şüşə konfetləri uşaqlara paylamışdı ki, dəcəllik eləməsinlər. Həmin gündən əlinə düşən pulu yalnız konfetlərə verən Kudu lələ uşaqlarla möhkəm dostlaşmışdı. Bəzən özü bayıra çıxıb balacaların növbə ilə daxmaya girib baxmalarına icazə verirdi.

Kudu lələ bütün bunları Çipollinoya nəql eləyən vaxt kəndin kənarında qatı toz dumanı göründü. Hamı buna bəndmiş kimi cəld evinə girib qapı-pəncərəsini möhkəm-möhkəm bağladı. Hətta toyuqlar, itlər, pişiklər də özlərinə sığınacaq axtarmağa başladılar. Çipollino nə baş verdiyini anlamağa macal tapmamış toz dumanı gurultuyla yaxınlaşıb Kudu lələnin evinin qarşısında dayandı. Dumanın ortasında dörd at qoşulmuş bir karet[4] göründü. Daha doğrusu, karetə at əvəzinə xiyar qoşmuşdular. Axı bu ölkədə adamları da, heyvanları da meyvə-tərəvəzlər əvəz eləyirdi.

Başdan-ayağa yaşıl libas geyinmiş gonbul tövşüyə-tövşüyə karetdən düşdü. Onun toppuş yanaqları yetişmiş pomidor kimi qıpqırmızı qızarmışdı. Bu, Albalı qrafinyaların evində eşikağası[5] işləyən kavaler Pomidor idi.

Çipollino adamların gonbulu görüncə dağılışmasından başa düşdü ki, bu cənabdan yaxşı heç nə gözləmək olmaz. Ancaq kavaler Pomidor əvvəl heç kimə dəyib-toxunmadı. O, başını bulaya-bulaya bir müddət Kudu lələni süzdü. Zavallı Kudu lələ həyəcanla ona baxırdı, qorxusundan nəfəs almağa da cəsarət eləmirdi.

Birdən Pomidor irəli cumdu, onun evinin damından yapışaraq sağa-sola silkələməyə başladı. Kudu lələ gözlərini yumdu. Damın səliqə ilə düzülmüş kirəmitləri uçub ətrafa səpələndi.

– Quldur! Oğru! Qiyamçı! – kavaler Pomidor var səsiylə qışqırmağa başladı. – Sən bu sarayı Albalı qrafinyalara məxsus ərazidə tikmisən! Utanmırsan, yaşlı, dul xanımların haqqını yeyirsən?

– Senyor[6], sizi əmin eləyirəm ki, mənim bu evi tikməyə icazəm vardı. Onu mənə qraf[7] Albalı şəxsən özü vermişdi.

– Qraf Albalı otuz il bundan qabaq vəfat eləyib, – kavaler Pomidor qəzəblə çığırdı. – İndi bu torpaqlar iki mötəbər qrafinyaya məxsusdur, odur ki dərhal buradan rədd ol! Qalan məsələləri sənə vəkil izah eləyər. Senyor Noxud, haradasınız?

Kəndin vəkili Noxud dərhal peyda oldu.

– Qulluğunuzda hazıram, senyor!

– Bu avara Kudunu başa salın ki, krallıq qanunlarına əsasən o, dərhal buradan rədd olub getməlidir! Sakinlərə də elan eləyin ki, Albalı qrafinyalar bu it damına kəndin ən quduz köpəyini bağlayacaqlar!

– Baş üstə, senyor! Buyurduğunuz kimi eləyərəm!

Kavaler Pomidor bu dəfə üzünü Kudu lələyə tutub soruşdu:

– Vəkilin dediklərini eşitdin?

– Axı o heç nə demədi, – kimsə kənardan dilləndi.

– Necə? Sən mənimlə mübahisə eləyirsən?

– Mən ağzımı da açmadım, senyor, – Kudu lələ yazıq-yazıq dedi.

– Burada səndən başqa kim var ki? – kavaler Pomidor ətrafa göz gəzdirdi.

– Fırıldaqçı! Kələkbaz! – yenə həmin səs eşidildi.

– Bu kimdir belə? Yəqin, qoca qiyamçı Üzümdür! – kavaler Pomidor qışqırdı.

O, pinəçi dükanına yaxınlaşıb əlindəki dəyənəklə qapını döyəcləməyə başladı.

– Ey Üzüm! Elə bilirsən, sənin burada nə işlərlə məşğul olduğundan xəbərim yoxdur? Albalı qrafinyalar haqqında hər yerdə ağzına gələni danışırsan! Dayan! Növbə sənə də çatacaq!

– Bu dəfə növbə sənindir, senyor Pomidor! Tezliklə şişib partlayacaqsan! Çox az qalıb!

Bu sözləri deyən Çipollino idi. O, əllərini cibinə salıb qətiyyətlə kavaler Pomidora yaxınlaşdı. Pomidorun ağlına da gəlmədi ki, bayaqdan bəri bütün təhqiramiz sözləri ona söyləyən bu balaca oğlan ola bilər.

– Sən haradan çıxdın belə? De görüm, niyə işdə deyilsən? – o, Çipollinodan soruşdu.

– Mən işləmirəm, hələ öyrənirəm, – Çipollino dedi.

– Nə öyrənirsən? Bəs kitabların hanı?

– Fırıldaqçıları öyrənirəm, senyor Pomidor. Bax elə bu dəqiqə onlardan biri qarşımda dayanıb. Mən onu yaxşıca öyrənib başa çatmamış heç yerə buraxan deyiləm.

– Deməli, sən fırıldaqçıları öyrənirsən, – kavaler Pomidor onun atmacasını başa düşməmişdi. – Yaxşı-yaxşı öyrən. Bu kənddə elə hamı fırıldaqçıdır. Yeni fırıldaqçıya rast gəlsən, onu mütləq mənə də göstərərsən.