Джалил Мамедкулизаде – Seçilmiş əsərləri (страница 9)
İndi pəs Zeynəb başına nə kül ələsin? İndi pəs Zeynəb başına haranın daşını salsın? Yazıq övrət gecəni səhərə kimi ağlamaqlıq ilə keçiribdi.
Səhər Səkinə xala xəbər verdi ki, Xudayar katda getdi şəhərə nəçərnikə də alacağından yana şikayət eləsin. Bu əhvalat haman gün olub ki, Xudayar bəy sübh tezdən gəlib, Məhəmmədhəsən əminin eşşəyini alıb apardı şəhərə.
V
İndi, söz yox, kənardan baxan Xudayar bəyi məzəmmət eləyir. Amma xeyr, burada əsla və qəti məzəmmət yeri yoxdu. Əgər duraq insafnan danışaq, haqqı itirməyək, gərək heç Xudayar bəyi günahkar tutmayaq.
Doğrudur, bu qiylü-qalın hamısına bais Xudayar bəydi; amma Xudayar bəyin qəsdi o deyil ki, xalqın evinə mərəkə salsın. Xudayar bəyin tək bircə qəsdi var. Onun qəsdi məhz Zeynəbi almaqdı; yoxsa bu kişi nə Zibanın və Fizzənin ağlamağına razıdır, nə də Zeynəbin ürəyinin sıxılmağını istəyir. Xudayar bəy Məhəmmədhəsən əminin eşşəyini qəsdnən satmadı ki, Məhəmmədhəsən əmi Kərbəla ziyarətindən qalsın. Xeyr, Allah eləməsin. Xudayar bəyin Məhəmmədhəsən əmiynən düşmənçiliyi yoxdur ki! Xeyr, belə deyil. Xudayar bəy eşşəyi o səbəbə satdı ki, ona beş-altı manat pul lazım idi. Pul da ondan ötrü lazım idi ki, bir kəllə qənd və bir girvənkə çay alacaq idi. Qəndi və çayı da ondan ötəri alırdı ki, qazıya verəcək idi.
Pəs bunların hamısından belə məlum olur ki, Xudayar bəyin məhz bircə qəsdi var. Onun qəsdi ancaq evlənməkdir; yəni Zeynəbi almaqdır. Belə olan surətdə Xudayar bəyin bu tövr hərəkətinə heç vədə pis demək olmaz; çünki burada bir xilaf əməl yoxdu. Şəriət evlənməkliyə heç vaxt mane olmuyubdu.
Xudayar bəyə də evlənməklik çox vacibdir. Əvvəla ondan ötrü vacibdir ki, evlənməklik səvab işlərin birisidir. İkinci ondan ötrü vacibdir ki, Xudayar bəyin övrəti belə çirkindir ki, heç kəs rəğbət eləməz onun əlindən su alıb içsin. Xudayar bəyin övrəti Zeynəbin əlinə su tökməyə yaramaz. Üçüncü Xudayar bəyə ondan ötrü evlənmək və məhz Zeynəbi almaq vacibdir ki, Xudayar bəy özü çox kasıbdır, nə qədər desən kasıbdır. Amma Zeynəbi alsa, daraşıb yetim-yesirin malını yeyib çıxacaq başa. Pəs bu cür mənfəətli sövdədən hansı axmaq qaçar?
Bəli, belədi.
Hələ siz Xudayar bəyi yaxşı tanımırsınız. Xudayar bəy çox ağıllı adamdı.
Xudayar bəy Zeynəbi almaqdan ötrü çox təlaş edir. Bu fikrə düşəndən, bir dəqiqə aramı yoxdu. Bir fənd qalmayıb ki, bu barədə eləməsin. Amma indiyə kimi hər nə eləyib, nə qədər çalışıbsa, heç bir nəticə bağışlamayıbdı. Axırıncı fəndi o oldu ki, Vəliqulunu gizlədib, Zeynəbə sifariş elədi ki, qlava Vəliqulunu qatıb dama; bəlkə yazıq övrətin balasına ürəyi yana və razılıq xəbərini göndərə.
Haman axşam ki, Vəliqulu anası ilə sözə gəldi, çıxıb üz qoydu düz qayınatası Xudayar bəygilə.
Vəliqulu girdi içəri və salam verib durdu kənarda və dalını dayadı evin divarına. Vəliqulu oturmadı ondan ötrü ki, o həmişə bu evə gələndə əlüstü ona ya qayınatası, ya qayınanası yer görsədib, xoş dil deyərdilər, amma indi bunların heç birisi olmadı.
Xudayar bəy namaz üstə idi. Xudayar bəyin iki oğlu – Heydərqulu altı yaşında və Muradqulu doqquz yaşında, – hər ikisi quru yerdə üzü üstə uzanıb və iki əllərini bir-biri üstə qoyub, qıçlarını göyə qalxızıb, bir-birini qıçlarından vururdular. Gülsüm, yəni Vəliqulunun nişanlısı, Vəliqulunu görcək çadirşəbə bürünüb, pambıq boğçası kimi çəkilib oturdu qaranlıq bucaqda. Xudayar bəyin övrəti uşaqların sol səmtində oturub, üzünü qoymuşdu sağ dizinin üstə.
Vəliqulu içəri girən kimi övrət haman halətdə qalıb, üzünü dizinin üstündən götürmədi. Söz yox, bu kəmiltifatlığın əvvəlinci nişanəsi. Ancaq Muradqulu başını qaldırıb gülə-gülə dedi: “Buy, əmoğlum gəldi”.
Hərçənd Xudayar bəy namaz üstə idi, amma hər kəs onun sifətinə diqqətlə baxsaydı, əlüstü duyardı ki, Xudayar bəy bu dəqiqə fikir dəryasına, bəlkə qəm dəryasına qərqdir. Namazı qurtarıb, üzünü tutdu Vəliquluya, amma surətinə təğyir18 vermədi:
– Vəliqulu, bala, ayaq üstə niyə durursan? Gəlib otursana.
Vəliqulu kənardan çömbəlib, başladı çarıqları çıxarmağı.
Xudayar bəy canamazdan təsbehi götürüb, başladı çövürməyi və üzünü uşaqlarına çöndərib, onları məzəmmət elədi ki, biədəb olmasınlar; yəni durub otursunlar. Amma uşaqlara Xudayar bəyin məzəmməti tük qədər də kar eləmədi və bir də Xudayar bəy bikar deyil idi, təsbeh çövürürdü. Bu özü elə bir işdi; ələlxüsus mömin müsəlmanlardan ötrü. Xudayar bəy də bişəkkü şübhə mömin müsəlmandır.
Xudayar bəy bu dəqiqə bu halətdə oturmuşdu diz üstə sağ əlinin dirsəyi sol əlinin kəfəsində, sağ əlində təsbeh, başını salmışdı dala; güya ki, ağzına su alıb, qarqara eləyir, gözünü evin səqfinə dirəyib, deyəsən pərdi sayırdı. Amma, söz yox, pərdi saymırdı, “qülhüvəllah” deyirdi.
Xudayar bəy təsbehin hər dənəsinə bir dəfə “qülhüvəllah” zikr eləyirdi. Beş dəqiqəyədək təsbehi çövürüb və alçaq səs ilə tez-tez bir-birinin dalınca “qülhüvəllah, qülhüvəllah, qülhüvəllah” – deyib axırı təsbehi qoydu yerə və üzünü tutdu Vəliquluya:
– Vəliqulu, bu gün bir az bikefə oxşayırsan?
Vəliqulu bir cavab vermədi. Xudayar bəy genə başladı:
– Neylək, ürəyini sıxma. Dünya işidi, elə də olar, belə də olar. Mən bilirəm niyə bikefsən. Amma neyləmək, Allah ananın atasına nəhlət eləsin! O bizim hamımızı dilxor eləyibdi. Ax, ax, Vəliqulu! Allah Kərbəlayı Heydərə rəhmət eləsin! Vəliqulu, atanın qədrin hələ bundan sonra bilərsən. Deyirsən ana gəlib ata əvəzi olacaq? Xeyr, heç vədə olmaz. Anan arvaddı, amma atan kişi idi. Arvadın pirinə nəhlət! Arvadın dini, imanı, məzhəbi olmaz. Arvad nə bilir məzhəb nədir? Qardaş oğlu, mənim çalışmağım hamısı bundan ötrüdü ki, sizi və yetim bacılarını ananızın əlindən bir tövr qurtaram. Belə bilirsən, Vəliqulu, mən doğrudan yaxşılıq itirən adam deyiləm, namərd deyiləm. Kərbəlayı Heydərnən mən qardaş idim. Onun mənim boynumda çox haqqı var… Çox, çox. Niyə, sən özün də gərək biləsən ki, bu yalan deyil. İndi pəs necə ola bilər ki, mən bu yaxşılıqları itirim? Allah mənə qəzəb elər. Yox-yox, Allah görsətməsin, Allah eləməsin! Mən bir para namərdlərdən deyiləm, yaxamı çəkim kənara, deyim nə olacaq olsun. Xeyr, belə olmaz. İndi, əzizim, Vəliqulu, qardaş oğlu, sən özün də görürsən ki, sizin məndən savayı bir özgə böyüyünüz, baş çəkəniniz yoxdu. Pəs belə olan surətdə mən necə durum kənarda baxım ki, anan getsin Xalıqverdi bəyə və gözəl atanın, rəhmətlik atanın o iki gözümün işığı atanın…
Bu sözləri Xudayar bəy bir halda deyirdi ki, deyəsən pəs ürəyi yanırdı. Sol əlilə geyməsinin ətəyini qalxızıb güya ki, gözünün yaşını silir. Amma bir xırdaca huşyar adam olsaydı, əlüstü duyardı ki, Xudayar bəyin gözünə bir tikə yaş gəlməyibdi.
– O rəhmətliyin mal-dövlətini aparıb lotular ilə yesin, çıxsın başa, bə yetimlər necə olsun? Bə sən necə olasan? Ax, Allah, Allah, sən yet fəryada! Aman günüdü, Allah!
Vəliqulu əllərini cibinə qoyub, başı aşağı Xudayarın sözlərinə qulaq verirdi. Xudayar bəy sözlərini qurtarıb, çubuğunu doldurmağa məşğul oldu. Vəliqulu bir öskürüb başladı:
– Vallah, əmi, and olsun bizi yaradan məxluqa, mən gün olmaz ki, anamnan savaşmıyım. Elə indi bu saat bir yekə dava salıb buraya gəlmişəm.
Xudayar bəy çubuğu alışdırıb və tüstünü püflüyüb dedi:
– Yox, Vəliqulu, mən dəxi sənin sözünə inanmıram! Mən hələ elə güman eliyirəm ki, anannan dilbirsən. Sən sən olsan, heç vədə ona ana deməzsən. Sən sən olsan, nə onun yanına gedərsən, nə onnan bir evdə qalarsan. Niyə, Allaha şükür, sənin yerin yoxdu? Bax, bura elə sənin öz evindir. Nə qədər qalacaqsan, qal, ye, iç; ölən günə kimi qal mənim evimdə. Yox, bunlar hamısı sözdü. Vəliqulu, mən sözü əlüstü seçərəm. Sən istəsən, anan əlüstü rəyə gələr. Nə sözdü?
– Axı, əmi, başına dolanım, mən dəxi neyləyim? Elə sən nə deyirsən, mən də eliyim. Dəxi mənim əlimdən nə gələr ki?
– Yəni indi sən sözümə baxırsan da? Çox yaxşı, qal burada, getmə ananın yanına.
– Baş üstə. Getmə deyirsən, getmərəm. Mən nə deyirəm ki?
– Əlbəttə, getmə da! Nə səbəbə gedəsən? O ki, səni oğul yerində qoymur, sən ona ana deyib, qabağında durursan? Getmə, qal burda və xəbər ver ki, mən dəxi o evə üz çöndərmiyəcəyəm. Qurtardı getdi.
– Baş üstə, əmi. Mənim sözüm nədi ki? Mən elə bu saat acıq eliyib, çıxıb gəlmişəm. Gedəcəyəm əgər, dəxi niyə gəlirdim?
Xudayar bəy üzünü tutub Muradquluya dedi:
– Muradqulu, dur bu saat get Məşədi Əhməd dayına deynən dədəm deyir bir tez Qasıməlini göndərsin bura, vacib iş var.
Muradqulu ayağa durub, getdi qapını açdı çıxsın eşiyə, amma cəld qapını örtüb qayıtdı gəldi öz yerinə və üzünü tutdu dədəsinə:
– Dədə, vallah, mən gedə bilmərəm. Eşik elə qaranlıqdı ki, göz-gözü görmür.
Xudayar bəy bu sözləri eşitcək cəld çubuğu atdı və Muradqulunun yanına sıçrayıb, yapışdı onun iki qulağından və öz boyunca qaldırdı. Bu heyndə bir qəribə iş oldu. Xudayar bəyin övrəti onun üstə tullanıb, iki əli ilə başladı onun saqqalını yolmağa. Muradqulu dədəsinin əlindən qurtulub, qaçdı bacısı oturan küncdə soxuldu Gülsümün dalına. Ər və övrət əlbəyaxa oldular. Muradqulu və Heydərqulunun nərələri, analarının çığırtı səsi, Xudayar bəyin anqırtısı evə bir elə vəlvələ saldılar ki, guya bu saat dünya və aləm dağılacaq.
Gülsüm öz yerində belə möhkəm oturmüşdu ki, deyəsən cansız bir şeydir. Vəliqulu da ancaq bir ayağa durub, heç bilmədi nə eləsin və kimə kömək çıxsın.