Джалил Мамедкулизаде – Seçilmiş əsərləri (страница 5)
– Necə gərək qala?
– Gərək gizlin qala, heç kəs gərək bu işdən xəbərdar olmaya. O adamlar ki, sən bura gətirəcəksən, gərək sənin elə rəfiqlərin olsun ki, bu sirri özgəsinə verməsinlər. Ondan ötrü ki, söz yox, burada bir xilafi-şər, əməl yoxdu, amma çünki bu cür işlər az ittifaq düşür, hər eşidən güman edəcək ki, burda bir xilaf əməl var. Pəs bu səbəbə bu iş əlbəttə, əlif əlbəttə, gərək sənin, mənim və şahıdlarının arasında qala. Vəssəlam. İndi gedə bilərsən.
– Baş üstə, qazı ağa, baş üstə. Əlbəttə belədi.
Bu sözləri deyib, Xudayar bəy qazının evindən çıxıb, üz qoydu getməkliyə.
III
Xudayar bəy sevincək tez bazar məscidinin yanına yetişib, yendi bazar çayına, dəstəmaz alıb girdi məscidə və namaz qılıb, üz qoydu bazara. Çarşı ilə gedib və qazı nişan verdiyi ermənini soruşub, getdi girdi bir böyük dükana. Qəfəsənin dalında bir qarnı yoğun erməni oturub yazıya məşğul idi. Xudayar bəy dükanın o səmtinə baxıb, bu səmtinə baxıb, çıxardı çubuğunu və başladı doldurmağı. Karapet ağa qələmi qoydu yerə və təəccüb ilə baxdı Xudayar bəyin üzünə. Xudayar bəy çubuğu doldurub yeridi Karapet ağanın yanına və əlini qoltuq cibinə uzadıb və bir çimdik qov çıxardıb, tutdu Karapet ağanın qabağına.
– Zəhmət olmasa bir ispiçkə çək, bu qovu yandırım.
Karapet ağa qeyznən cavab verdi:
– Sən məgər görmürsən ki, bura qəhvə dükanı deyil! İtil cəhənnəmə burdan, supa oğlu supa! İtil!
Bu sözləri deyə-deyə Karapet ağa ayaq üstə durub deyəsən ki, istəyirdi qəfəsənin dalısından sıçrayıb, Xudayar bəyi alıb atsın.
Xudayar bəy bir az sinib çəkildi kənara. Çox təəccüb elədi Xudayar bəy erməninin bu tövr rəftarına. O haradan güman eləyərdi ki, Karapet ağa od verməyəcək, o, çubuğunu yandırsın. Danabaş kəndində o bir adamdan bu cür tərk-ədəblik görməmişdi. Kimin ixtiyarı var Xudayar bəy çubuğu cibindən çıxardan kimi qov yandırıb onun qabağına tutmasın? Amma nə eləmək? Danabaş kəndi qalıb Danabaş kəndində. Burada ki şəhərdi. Şəhər gəlib Danabaş kəndi əvəzi olmaz.
Xudayar bəy üzünü bir az turşudub və qaş-qabağını töküb, bu cür Karapet ağanın cavabını verdi:
– Xozeyin, sən nahaq yerə çığırırsan. Mən gəlməmişəm ki, sənin dükanını çapıb talıyam. Mən gəlmişəm səninlə sövdə eləyim. Dəxi sənin mənim üstümə çığırmağın lap artıqdı. Mən gəlmişəm səndən qənd alam.
– Bəli, sən məndən yarım girvənkə qənd alacaqsan. Mən duraram sənin əllərindən öpərəm.
Xudayar bəy çubuğun tənbəkisini doldurdu kisəsinə və çubuğunu taxdı belinə və cavab verdi:
– Xozeyin, əvvəl sən tanı gör mən kiməm, sonra mənim üstümə çığır. Mən sən deyən adamlardan deyiləm ki, gəlib yarım girvənkə qənddən ötrü sənə baş ağrısı verim. Mən Danabaş kəndinin katdası Xudayar bəyəm. Mən gəlmişəm nəinki yarım girvənkə qənd alam, mən səndən bir kəllə qənd alacağam, yekə kəllələrdən.
Karapet ağa bir az yavaşıdı:
– Mənim gözüm üstə. Mən nə deyirəm ki! Mən demirəm ki, sən niyə məndən bir kəllə qənd almırsan. Mən onu deyirəm ki, sən yaxşı eləmədin mən yazı yazan vaxtda qovu uzatdın mənim qabağıma. Mən indi yazıda qələt düşdüm. Mənim indi zəhmətim lap çox oldu. Gərək sən gedəndən sonra bu yazdığımı bir də yazam.
– Qərəz, ta indi keçib. Hər nə olub, olubdu. Qəndi indi neçəyə verəcəksən mənə?
Karapet ağa qəfəsənin taxtasını qovzayıb çıxdı kənara və gəldi qalanmış qəndin yanına və əlini kəllələrin birinin üstünə qoyub başladı:
– Bax, qardaşım bəy, bu qənd lap elə yaxşı qənddi. Bu qəndi sənə verəcəyəm yeddi manat iki şahıya. Bu lap yaxşı qənddi.
–A kişi, zarafat eləyirsən? Qəndi indi yeddiyə hər yanda verirlər da. Gözün məni gördü?
– Harda yeddiyə verirlər? Heç belə şey olmaz, məzhəb haqqı. Yeddi iki şahıdan bir qəpik əskiyə verməzlər.
Xudayar bəy bir az dinməyib, genə həmin çubuğu çıxardıb başladı doldurmağı. Karapet ağa cibindən bir spiçka çıxardıb yandırdı. Xudayar bəy çubuğu alışdırdı və dedi:
– Yaxşı-yaxşı! Mən çoxdan bilirdim ki, sən bahacılsan. Heç sənnən bacarmaq olmaz. Yaxşı-yaxşı! Götür bir kəllə çək, görək nə qədər gələr.
Karapet ağa yekə kəllələrin birini qucaqlayıb qoydu tərəziyə.
– Bu on, bu da on – iyirmi. Bu beş, bu üç, bu iki, bu da yarım. Bəli, düz otuz girvənkə yarım. Otuz girvənkəsi otuz abbası, bu altı manat, çıxaq doqquz şahısını, qalar beş manat on bir şahısı.
Karapet ağa qəndi tərəzidən götürüb qoydu yerə.
– Karapet ağa, indi Allaha şükür, məni tanıdın ki?
– Necə yəni tanıdım?
– İndi bildin mən kiməm da?
– Sən kimsən?
– Mən Danabaş kəndinin katdası Xudayar bəyəm.
– Mən də ikinci gild kupets Karapet ağayam.
– Ay atana Allah rəhmət eləsin. Bu sözləri mən ondan ötrü ərz edirəm, indi dünyada qəlp adam çoxalıbdır. Birisi gəlib nisyə sövdə elər, and içər Allaha, peyğəmbərə ki, üç gündən sonra pulunu gətirərəm. Üç gün olur ay, bəlkə üç il. Amma Allah mənə bir ölüm göndərsin, bu cür qəlp işlər tutmuyum. Sözün doğrusu, bu gün iş belə gətirdi, yanımca şəhərə pul götürməmişəm. İndi mən qəndi aparıram, inşallah sübh tezdən sənin beş manat on bir şahını burda hazır elərəm.
Karapet ağa bu sözləri eşitcək cəld qəndi aparıb qoydu yerinə və qayıdıb sağ əlini qoydu Xudayar bəyin çiyninə, sol əli ilə qapını görsətdi.
– Di get, çıx get! Tez ol get burdan! Elə bu saat çıx get.
Xudayar bəy dinməz-söyləməz dükandan çıxıb üz qoydu getməyə. Axşam azanına ancaq yarım saat qalırdı ki, Xudayar bəy gəldi çıxdı haman karvansaraya ki, eşşəyi qatmışdı.
Xudayar bəy karvansaranın qapısına yetişcək içəridən bir alçaq qədək arxalıqlı, boz papaq, ağ tuman kişi çıxıb qaşqabaq ilə üz tutdu Xudayar bəyə:
– A kişi, Allah atana rəhmət eləsin, gəl bu xatanı bizim başımızdan sovud! A kişi, bu bəlanı gətirib qatmısan tövləyə, biz təngə doyduq ki! Sən Allah, gedim ulağı çıxardım, götür apar.
Bu sözləri deyib güdək kişi, – ki karvansaranın odabaşısı olsun, – istədi qayıda karvansaranın həyətinə. Xudayar bəy onu çağırıb saxladı:
– Yavaş görüm, hara gedirsən? Necə bəlanı gətirib qatmışam tövləyə? Yəqin ki, ulağ mallarnan yola getmir. Axı mənim ulağım sakit ulağdı. Sən niyə bu sözü deyirsən?
Odabaşı əlini ölçə-ölçə qayım səslə başladı:
– A kişi, sən Allah zarafat eləmə. Mənim kefimin o vaxtı deyil. Eşşəyini çıxardım, götür apar.
Xudayar bəy qayım səslə cavab verdi:
– Rəhmətliyin oğlu, bir sözünü mənə de görüm ki, axı nə olubdu?
– Nə olacaq, yekə kişi! Xalqın eşşəyini oğurlayıb gətirmisən qatmısan mənim karvansarama. Niyə? Görək mənnən qəsd-qərəzin var?
– Ə, dəli olmamısan ki! Ya keflisən? Mən niyə xalqın eşşəyini oğurluyuram? Vallah heç artıq-əskik danışma ki, peşman olarsan.
– Yaxşı, rəhmətliyin oğlu, özgə eşşək tapa bilmirdin, getdin Məhəmmədhəsən əminin eşşəyini gətdin, bizi qoydun qalmaqala?
– Necə qalmaqala qoymuşam mən səni?
– Necə qalmaqal olacaq? Sən elə eşşəyi tövləyə qatıb oyza14 cummuşdun, Məhəmmədhəsən əminin xırda oğlu ox kimi özünü soxdu karvansaraya ki, eşşəyi aparacağam. Mən də nə tövr verəydim? Dəxi nə deyim, başına dönüm! Bu oğlan özünü çırpır yerdən yerə ki, ya özümü gərək öldürüm, ya da bu saat gərək eşşəyi aparam. Axırı lap naəlac qalıb, getdim bir qaradavoy çağırdım, oğlanı döyə-döyə çıxartdı eşiyə.
– Heyf, heyf, heyf ki, mən burda olmamışam! Vallahi ki, ölüsünü qoyardım oğlanın burda! Onu mən sağ ötürərdim kəndə? Sən pəs niyə məni gəlib çağırmadın?.. Qərəz, keçib. İndi hava qaranlıqlayır, mən dəxi kəndə qayıda bilmərəm. Mən özüm də gərək qalam, eşşək də gərək qala. Bu gecə sənə qonağam, Kərbəlayı Cəfər əmi.
– Qonaqsan, gözüm üstə yerin var. Əlbəttə, indi da getmək olmaz. Hava lap qaranlıqlayır. Di burda niyə durubsan? Buyur gedək mənzilə.
Kərbəlayı Cəfər əmi qabaqca və Xudayar onun dalınca gedib girdilər bir xırda qaranlıq hücrəyə. Kərbəlayı Cəfər əmi girən kimi bir spiçka çəkib, sol tərəfdə divara vurulmuş xırda lampanı yandırdı və qonağa yer göstərdi. Hücrənin fərşi ibarətdi bir palazdan. Yuxarı başda qoyulmuşdu bir bükülü yorğan-döşək, bucaqda var idi bir sənək, bir lüleyin və süpürgə. Çirkli divarların nə tağları var idi, nə taxçası. Xudayar bəy palaz üstə oturub dalını dayadı yükə və çubuğunu cibindən çıxardıb başladı doldurmağı. Sonra üzünü Kərbəlayı Cəfər əmiyə tutub dedi:
– Gəl otur görək, Kərbəlayı Cəfər əmi. Gəl mənə bir od da zəhmət çək ver. Gəl, gəl otur söhbət edək bir az.
Kərbəlayı Cəfər əmi də həmçinin başmaqlarını çıxardıb, keçdi oturdu bir tərəfdən və bir spiçka çəkib tutdu Xudayar bəyin çubuğuna. Xudayar bəy çubuğu alışdırdı.
– Kərbəlayı Cəfər əmi, sən gərək bu əhvalatı mənə deməyəydin. Sən mənim ürəyimə bir ox vurdun. Allah görüm Məhəmmədhəsən əminin atasına lənət eləsin! O məni xalq içində rüsvay elədi. Mən bu yaşa gəlmişdim, indiyə kimi bu cür bədnam olmamışdım.
Xudayar bəy sözünü deyib və dikəlib çubuğu uzatdı verdi Kərbəlayı Cəfər əmiyə. O da “ya Allah” – deyib çubuğu aldı və bir sümürüb dedi:
– Yaxşı buyurursan, Xudayar bəy. Axır Məhəmmədhəsən əmi neyləsin? Onun nə günahı var? Sən eşşəyi gətirəndə ona xəbər versəydin, heç belə olmazdı. Onda bilərdilər ki, eşşəyi sən gətirmisən, da oğlunu göndərməzdi.
– A kişi, adına and olsun, eşşəyi mənə Məhəmmədhəsən əmi özü verib. Eşşəyi mənə o dəyyus özü veribdi, o qurumsaq özü veribdi, o Ömər özü veribdi. A kişi, niyə inanmırsan?
– Niyə də inanmıram? Xeyr, inanıram.
– Qurani-münzəl haqqı özü veribdi. Niyə, mən üç yüz evin katdası ola-ola, bir ulağ da tapa bilmirəm, gedirəm oğurluqca özgələrin eşşəyini gətirirəm?